Özünü tanı

 

 

 

Sualı olmayanın özü də olmaz.

                            Xudu Məmmədov

 

 

 

 

 

Özünə suallar verməyən bir kəs

Dünyanı, həyatı dərk edə bilməz.

Mənə elə gəlir, suallar elə

Udulan havadır, alınan nəfəs.

 

 

Dünyaya, həyata bir də özünə,

Sualı olmayan yaşamır demək.

Təpər ver dizimə, nur ver gözümə,

Məni yarı yolda qoyma sən, ürək!

 

 

Sualsız bir ömür - putlamış ağac,

Həyat qovğasına davam gətirməz!

Qovağın başına qoyulsa da tac,

Heç vaxt çiçəkləyib, bəhər yetirməz.

 

 

Sualsız bir ömür - yelkənsiz qayıq, -

Uzaq mənzillərə o çata bilməz.

Sualı olmayan müqəvva, oyuq,

Gecəni gündüzə o qata bilməz!

 

 

Yorulma, sən axtar sir dolu sual,

Sonra da məntiqlə tap cavabını.

Bəlkə də taleyin vermədi macal,

Nə qədər gec deyil, özünü tanı.

 

 

 

 

 

Həyatın sirləri sualdan keçir,

 

 

Sualın olmasa, cahil olarsan.

 

 

Beyninə məntiqli suallar içir,

 

 

Yoxsa düşüncədən yetim qalarsan.

 

 

 

 

 

Yetmişdə olsa da, ayıl, ay İlqar,

 

 

Özünə suallar verməyi bacar.

 

 

Günahı, savabı özündə axtar,

 

 

Hər sirli düyünü suallar açar...

 

 

14 mart, 2013

 

 

 

 

 

Kəndimə apar

 

 

Anamı yuxuda gördüm. Dedi ki, yerim çox soyuqdu, qarşıdan da qarlı-boranlı qış gəlir. Gör gəlib qəbrimin uçurulub-dağıdılan yerlərini örtə bilərsənmi? Dəmir yol vağzalına getdim. Qatara bilet istədim. Satıcı qadın təəccüblə dedi: - Məyər bilmirsənmi, Bakı-Ağdam qatarı 20 ildir ki, işləmir”. Oradan avtovağzala yollandım və eyni cavabı aldım. - Kəndinizə avtobus marşrutu yoxdur. Əlacsız qalıb taksi sürücüsünə yalvarmalı oldum:

 

 

 

 

 

Taksi sürücüsü, qadanı alım,

 

 

Nə olar, kəndimə sən apar məni!

 

 

Təksi sürücüsü, qurbanın olum,

 

 

Nə olar, kəndimə sən apar məni!

 

 

 

 

 

Avtobus işləmir, qatar getməyir,

 

 

Əllərim çatmayır, ünüm yetməyir.

 

 

İllərin həsrəti sona yetməyir,

 

 

Nə olar, kəndimə sən apar məni!

 

 

 

 

 

Elimin-obamın həsrətindəyəm,

 

 

Qurduğum yuvamın möhnətindəyəm.

 

 

Nisgilim gözümnən oxunmur bəyəm?

 

 

Nə olar, kəndimə sən apar məni.

 

 

 

 

 

Sahibsiz qalıbdır evim-eşiyim,

 

 

Sahibsiz qalıbdır doğma beşiyim.

 

 

Özün ki, görürsən daha nə deyim?

 

 

Nə olar, kəndimə sən apar məni.

 

 

Üç-dörd saatlığa bir məsafə var,

 

 

Bu yaşda nə qədər çəkim intizar?

 

 

Əgər aparmasan, bağrım çatlayar,

 

 

Nə olar, kəndimə sən apar məni.

 

 

 

 

 

Düyünə düşübdür işlərim yaman,

 

 

Beyin, qan təzyiqi verməyir aman.

 

 

Ağrıma-acıma tapılmır dərman,

 

 

Nə olar, kəndimə sən apar məni.

 

 

 

 

 

Bu gün aparmasan, gec olar sabah,

 

 

Nə gədər pul desən verərəm, vallah!

 

 

Əgər aparmasan, edərsən günah,

 

 

Nə olar, kəndimə sən apar məni.

 

 

 

 

 

Taksi sürücüsü, gadanı alım,

 

 

Taksi sürücüsü, qurbanın olum.

 

 

Özün də görürsən pisləşib halım,

 

 

Nə olar, sən məni kəndimə apar,

 

 

Nə olar, sən məni əzabdan qurtar,

 

 

Nə olar, sən məni özümə qaytar!

 

 

Sentyabr 2013-ci

 

 

 

 

 

Getdin

 

 

 

 

 

Uşaqlıq və cavanlıq dostum Vəliyəddinin əziz xatirəsinə

 

 

 

 

 

Ömür gün yoldaşı ona “Yuxu”- deyərdi

 

 

 

 

 

Sanki bir yuxuydu-gəlib də, getdin,

 

 

Özün-öz yuxuna gülüb də, getdin.

 

 

Axı bu həyatda de, kim qalıb ki?!

 

 

Dünya faniliyin bilib də, getdin...

 

 

 

 

 

Siz də dərk eləyin bu həqiqəti;

 

 

Dünyanın kimsəyə yox sədaqəti!

 

 

Bu gün üzünüzə gülsə də, fəqət,

 

 

Sabah görərsiniz başqa sifəti.

 

 

 

 

 

Nə vaxtsa bizi də haqlayacaqdı,

 

 

Körpə uşaq kimi tovlayacaqdı;

 

 

İlahi bir mələk cildinə girib,

 

 

Zalıb ovçu kimi ovlayacaqdı!

 

 

 

 

 

Çox da inanmayın qılıqlarına

 

 

“Fani”-deyilibdir əzəldən ona.

 

 

Heç vaxt sayıqlığı siz itirməyin,-

 

 

Bir anın içində girər min dona.

 

 

 

 

 

Bu dünya boşalıb-dolan dünyadı,

 

 

Hamını toruna salan dünyadı!

 

 

Dəyirman daşı tək bizi üyüdüb,

 

 

Özü həmişəlik qalan dünyadı...

 

 

İyun 2014

 

 

 

 

 

Xatirələr limanı

 

 

 

 

 

Fikrin də sahili, öz limanı var,

 

 

Düşüncə ləpələr, xəyal dalğalar.

 

 

Hərdən sakitləşər, hərdən çağlayar,

 

 

Mürgülü duyğunu qəfil oyadar,-

 

 

Olub - keçənləri o yada salar...

 

 

Təzədən damarda coşdurar qanı -

 

 

Xatirələr limanı.

 

 

 

 

 

Alıb öz qoynuna düşüncələri

 

 

Hərdən ləpələr tək qayıdar geri.

 

 

Xəyal ümmanında salar lövbəri,-

 

 

Bir-bir xatırladar ötən günləri...

 

 

Gələr göz önünə ömrün hər anı,-

 

 

Xatirələr limanı.

 

 

 

 

 

Fikrin də yollar tək dolayı vardır,

 

 

Hər cür gözlənilməz olayı vardır.

 

 

Enişi, yoxuşu, hamarı vardır...

 

 

Xatirə keçmişdən gələn qatardır,-

 

 

Sevinclə qarşılar gələn mehmanı,

 

 

Xatirələr limanı.

 

 

 

 

 

Ömrün bəzəyidir gənclik illəri,

 

 

Cavanlıq illəri - ömrün cövhəri,

 

 

Nə ilə ölçülər onun dəyəri?!

 

 

Qəşəm İlqar, qocalığın dəirmanı-

 

 

Xatirələr limanı.

 

 

Oktyabr 2013-ci il.

 

 

 

 

 

Sədəqə

 

 

 

 

 

Zərif, titrək əllərinlə,

 

 

Ürək döyüntülərinlə,

 

 

Həbsdə olduğum 48 günə

 

 

48 səhifəlik dəftərdə

 

 

Yazdığım gündəliyi

 

 

Oxuyub dönə-dönə.

 

 

Qayıdıram mən sənə,

 

 

Qaydırsan sən mənə...

 

 

 

 

 

Hər 10 səhifədən bir

 

 

Vərələqlər arasında

 

 

Solmuş bir qızıl gül ləçəyi-

 

 

Gözəllərin göyçəyi...

 

 

 

 

 

Kövrək, həzin sətirlərdən,

 

 

Soluxmuş ləçəklərdən

 

 

Əllərinin ətri gəlir.

 

 

Çiçəklərə baxdıqca,

 

 

Sətirləri oxuduqca

 

 

Könlümün gözü gülür.

 

 

Vərəqin hər səhifəsi

 

 

Ləçəklərin rayihəsi

 

 

Sevən qəlbinin səsi...

 

 

Yazdığın xatirə-

 

 

Hər ləçək, hər vərəqə

 

 

Səndən sonra

 

 

Mənə qalan sədəqə...

 

 

Sentyabr 2013-ci il.

 

 

 

 

 

Həsrətim vüsal bitirmir

 

 

Xalq şairi Söhrab Tahirə

 

 

 

 

 

Sinəmdə ağrılar hey düzüm-düzüm,

 

 

O toya baxmaqdan doymayır gözüm.

 

 

Bu qədər acıya mən necə dözüm?!

 

 

Deyirlər, şairdir, xoşbəxtdir yəqin...

 

 

 

 

 

Bilən yox, mən nələr çəkdiklərimi,

 

 

Acımı qəlbimə tökdüklərimi.

 

 

Ağrımı qəlbimə əkdiklərimi,

 

 

Deyirlər, şairdir, xoşbəxtdir yəqin...

 

 

 

 

 

Qarabağ boydadır acı-ağrılar,

 

 

Sinəmdə filçəkməz nisgillərim var.

 

 

Çətinə düşənlər məni çağırar,

 

 

Deyirlər, şairdir, xoşbəxtdir yəqin...

 

 

 

 

 

Taleyim murada məni yetirmir,

 

 

Çəkdiyim qayğını çiyin götürmür.

 

 

Neyləyim, həsrətim vüsal bitirmir, -

 

 

Deyirlər, şairdir, xoşbəxtdir yəqin...

 

 

 

 

 

Sinəmdə şırım var Arazım boyda,

 

 

Canlı müqəvvayam mən özüm boyda.

 

 

Mən ki, dərd dağıyam, kimlər nə hayda,-

 

 

Deyirlər, şairdir, xoşbəxtdir yəqin...

 

 

 

 

 

Müdhiş yanvar qanımı içib,

 

 

Xocalı qırğını ömrümü biçib,

 

 

Təbrizin nisgili gözümə köçüb,

 

 

Deyirlər, şairdir, xoşbəxtdir yəqin...

 

 

22 fevral, 2013

 

 

 

 

 

Göz yaşı

 

 

 

 

 

Ata ölür - səpələnir göz yaşı,

 

 

Ana ölür - ləpələnir göz yaşı,

 

 

Yanaqlarda təpələnir göz yaşı...

 

 

Göz yaşını dadmaq olmaz - günahdı,

 

 

Göz yaşını udmaq olmaz - günahdı.

 

 

 

 

 

Deyirlər ki, duzlu olur göz yaşı,

 

 

Deyirlər ki, duru olur göz yaşı.

 

 

Bəzən hətta quru olur göz yaşı,

 

 

Göz yaşını dadmaq olmaz - günahdı,

 

 

Göz yaşını udmaq olmaz - günahdı.

 

 

 

 

 

Doğma ölür - boğuluruq qəhərdən,

 

 

Qonşu ölür - sarsılırıq kədərdən.

 

 

Övlad ölür - acı olur zəhərdən...

 

 

Hər bir dərdə dərman olur göz yaşı,

 

 

Amma yaman, yaman olur göz yaşı.

 

 

 

 

 

Qardaş ölür, bacı ölür - yanırıq,

 

 

İnsanların tacı ölür - yanırıq.

 

 

Biz az qala özümüzü danırıq.

 

 

Göz yaşını dadmaq olmaz - günahdı,

 

 

Göz yaşını udmaq olmaz - günahdı.

 

 

 

 

 

Biz gəlirik, biz gedirik - iz qalır,

 

 

Arxamızca neçə ağlar göz qalır.

 

 

Ağızlarda “yaxşı”, “yaman” söz qalır...

 

 

Bu dünyadı, bu həyatdı neyləyək?!

 

 

Dözməliyik, dözməliyik, ay ürək.

 

 

20 mart 2013

 

 

Əsgər andı

 

 

 

 

 

Yerə, göyə, Yaradana and içirəm,

 

 

Bağladığım əhd-peymana and içirəm.

 

 

Xocalıda axan qana and içirəm,

 

 

Qatillərin mən qənimi olacağam,

 

 

Yağıları Qarabağdan qovacağam,

 

 

Xocalının intiqamın alacağam!

 

 

 

 

 

Babəklərin qüdrətinə and içirəm,

 

 

Xətailər fitrətinə and içirəm,

 

 

Mübarizlər qeyrətinə and içirəm,

 

 

Düşmənlərin canına od salacağam,

 

 

Yağıları Qarabağdan qovacağam,

 

 

Şəhidlərin intiqamın alacağam!

 

 

 

 

 

Sazımdakı ülviyyətə and içirəm.

 

 

Gözümdəki qüdsiyyətə and içirəm,

 

 

O bir olan həqiqətə and içirəm,

 

 

Qatillərin mən qənimi olacağam,

 

 

Yağıları Qarabağdan qovacağam,

 

 

Şəhidlərin intiqamın alacağam!

 

 

 

 

 

Anaların laylasına and içirəm,

 

 

Ataların röyasına and içirəm.

 

 

Körpələrin dünyasına and içirəm,

 

 

Döyüşlərdə məğrur, mətin olacağam,

 

 

Yağıları Qarabağdan qovacağam,

 

 

Şəhidlərin intiqamın alacağam!

 

 

 

 

 

Qaladığım ocağıma and içirəm!

 

 

Yandırdığım çırağıma and içirəm!

 

 

Ay-ulduzlu bayrağıma and içirəm!

 

 

Döyüşlərdə zəfər himnin çalacağam,

 

 

Yağıları Qarabağdan qovacağam,

 

 

Şəhidlərin intiqamın alacağam!

 

 

 

 

 

Baha başa gəldi səhvlərim mənə

 

 

 

 

 

Akademiya bağındakı fəvvarənin ətrafındakı oturacaqlardan birində əyləşib dostumu gözləyirdim. Bu vaxt çoxdan görmədiyim tanışlardan birinin mənə tərəf gəldiyini gördüm. Yaxınlaşanda salamlaşmaq üçün ayağa qalxdım. O isə yanımdan düz ötüb-keçdi. Yəqin etdim ki, məni görmədi. Odur ki, onu səslədim. Eşidib tez geri çöndü, üzrxahlıq etdi. Fikirli olduğunun səbəbini soruşdum. Dedi: “Baha başa gəldi səhvlərim mənə...”

 

 

 

 

 

Məni sevənləri sevmədim nədən?

 

 

Baha başa gəldi səhvlərim mənə.

 

 

Ailə həyatı qurdum sevmədən,

 

 

Baha başa gəldi səhvlərim mənə.

 

 

 

 

 

Dedim ki, sonradan hər şey dəyişər,

 

 

Fikir-düşüncələr üst-üstə düşər.

 

 

Mən necə biləydim ürəyim bişər?!

 

 

Baha başa gəldi səhvlərim mənə.

 

 

 

 

 

Haradan biləydim yanılmışam mən?

 

 

Sevgimdə odlara qalanmışam mən.

 

 

Hissimdə, duyğumda talanmışam mən,

 

 

Baha başa gəldi səhvlərim mənə.

 

 

 

 

 

Qəlbən gülməmişəm o vaxtdan bəri,

 

 

Çöküb gözlərimə dünya kədəri.

 

 

Çəkirəm zülmümü səhvim qədəri, -

 

 

Baha başa gəldi səhvlərim mənə.

 

 

 

 

 

Bəzən bəxtəvərlik verirlər bizə,

 

 

Bilmirlər, biz yadıq bir-birimizə.

 

 

Qənim kəsilmişik biz özümüzə,

 

 

Baha başa gəldi səhvlərim mənə.

 

 

 

 

 

Üzümdə təbəssüm, ürəyimdə qəm,

 

 

Bilmirlər daxildə nələr çəkirəm.

 

 

Ağrımı-acımı qəlbə tökürəm, -

 

 

Baha başa gəldi səhvlərim mənə.

 

 

 

 

 

Aqili heç zaman cahil anlamaz,

 

 

Quyuda su yoxsa - tökməklə dolmaz.

 

 

Qaynayıb-qarışmaz mis ilə almaz,

 

 

Baha başa gəldi səhvlərim mənə.

 

 

Aprel, 2013

 

 

 

 

 

Mənim qu nəğməm

 

 

 

 

 

Hər kəsin ömründə qu nəğməsi var,

 

 

Vaxtı yetişəndə oxuyacaqdır.

 

 

Zili var, bəmi var, zümzüməsi var,

 

 

Ömür butasını toxuyacaqdır.

 

 

 

 

 

Kiminin taleyi ötüb ağrılı,

 

 

Kiminin həyatı firavan keçib.

 

 

Kimi yurd-yuvadan düşüb aralı,

 

 

Kimi xoş günlərin şərbətin içib.

 

 

 

 

 

İndidən oxuyum öz qu nəğməmi,

 

 

Vaxtında oxuya bilmədim bəlkə.

 

 

Sabaha qoymayım mən bu nəğməmi,

 

 

Çətin, bu həsrəti ürəyim çəkə...

 

 

 

 

 

İndidən oxuyum qu nəğməmi mən,

 

 

Onu oxumasam qanad çalmaram.

 

 

İndidən oxuyum bu nəğməmi mən,

 

 

Onu oxumasam, rahat olmaram.

 

 

 

 

 

Bəs nədən başlayım, oxuyum necə?

 

 

Qəlbləri göynətsin mənim qu nəğməm.

 

 

Gündüzmü oxuyum, yoxsa ya gecə?

 

 

Düşsün dildən-dilə mənim bu nəğməm,

 

 

Yatsın ürəklərə mənim qu nəğməm...

 

 

Mart, 2013

 

 

 

 

 

Ürək pıçıltıları

 

 

 

 

 

Ayrılıqdan o yanda sən, -

 

 

Gözlərimdən itmisən.

 

 

Ayrılıqdan bu yanda mən, -

 

 

Ürəyimdə bitmisən.

 

 

 

 

 

Sanki solan bir çiçəyəm,

 

 

Ayrılıq nə yamanmış.

 

 

Həsrət çəkən bir ürəyəm,

 

 

Könlüm evi talanmış.

 

 

 

 

 

Dərd duyanım, həmdəmim yox,

 

 

Bəs qəlbimi kimə açım?

 

 

Ağ yelkənli bir gəmim yox,

 

 

Baş götürüb hara qaçım?

 

 

 

 

 

Ayrılıqdan o yanda sən, -

 

 

Əlim çatmır, ünüm yetmir.

 

 

Ayrılıqdan bu yanda mən, -

 

 

Həsrətli günlərim bitmir.

 

 

 

 

 

Görəsən bu dünyada,

 

 

Günahımız axı nə?

 

 

Məhəbbətin oduna

 

 

Yanırıq dönə-dönə...

 

 

 

 

 

Axı görəsən nədən,

 

 

Özümüz də bilmədən

 

 

Ayrılıqdan o yanda sən,

 

 

Ayrılıqdan bu yanda mən.

 

 

Mart 2013

 

 

 

 

 

Gözləyir

 

 

 

 

 

Qızılgülün ləçəyi, -

 

 

Sevgimizin çiçəyi,

 

 

Gözəllərin göyçəyi

 

 

Axı gözləyir bizi -

 

 

Pozmayaq əhdimizi.

 

 

 

 

 

Gecənin ay çırağı,

 

 

Səhərin al yanağı,

 

 

Lalənin qan dodağı,

 

 

Axı gözləyir bizi -

 

 

Pozmayaq əhdimizi.

 

 

 

 

 

Gəzdiyimiz o liman,

 

 

Nisgillidir nə yaman,

 

 

O nigaran, nigaran,

 

 

Axı gözləyir bizi -

 

 

Pozmayaq əhdimizi.

 

 

 

 

 

Gəzdiyimiz o sahil

 

 

Həminki tək şən deyil,

 

 

Bizdən küsüb elə bil,

 

 

Axı gözləyir bizi -

 

 

Pozmayaq əhdimizi.

 

 

 

 

 

Pozmayaq əhd-peymanı,

 

 

Güldürməyək hicranı.

 

 

Küsdürməyək inamı,

 

 

Axı gözləyir bizi -

 

 

Pozmayaq əhdimizi.

 

 

 

 

 

İncikliyi unudaq,

 

 

Duyğuları oyadaq,

 

 

O yerlərə qayıdaq, -

 

 

Bizim sevgi vadimiz

 

 

Axı gözləyir bizi -

 

 

 

Pozmayaq əhdimizi.

 

 

 

 

 

Qəşəm İLQAR

Təzadlar.- 2014.- 21 iyun.- S.15.