Məmməd Arazlı günlərin kitabəsi: “Ömürdən yarpaqlar”

 

 

  Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...

 

(Əvvəli ötən saylarda)

 

 1998-ci il

2 yanvar - Gülşən Əkbərova veriliş aparırdı. Məmməddin xatirəsi: -Məmməd  Əkbər həmişə məni görəndə əlimi sıxar eyni sualı verərdi: - “ Dəryaya daş atmaqla dərya daşmaz” - misrası kimindir?  Qəsdən sayardım, Nizami, Nəsimi, Füzuli... Deyərdi,  bilmədin, Əbülqasım Nəbatinindir. Hər  məni görəndə bu sözlər təkrar olunardı.

 

 

3 yanvar - Heydər Əliyev İlin Adamı elan olunmuşdu. Məmməd ona teleqram vurdu.

“Respublika prezidenti Heydər Əlirza oğluna!

Əziz Heydər müəllim.

Siz İlin Adamı - əslində əsrin - əsrlərin birinci adamlarındansınız. Bu yüksək ad üçün Sizi və xalqımızı ürəkdən təbrik edirəm. Ucalığa gedən yollar yorulmaz.

 

 

2. 1. 98. Məmməd Araz”

 

Teleqramda işlədilən aşağıdakı ifadələr xoşuma gəldi. Məsələn, əsrin - əsrlərin birinci adamı, ucalığa gedən yollar yorulmaz; əvvəlki teleqramda isə sağlığınıza işıq badəsi qaldırıram kimi ifadələr.

6 yanvar - 47-53-cü illər azərbaycanlıların deportasiyası haqqında danışıqlara Məmməd öz fikrini belə bildirdi:

- Bu kökləri daha dərindən araşdırıb üzə çıxarmaq lazımdır, eyni zamanda 18-20-ci illərlə bağlı materialları... Bu illərin hadisələrini Əli Vəliyev, Süleyman  Rəhimov, Əyyub Abbasov daha dəqiq işıqlandırıblar. Əyyub Abbasovun “Zəngəzur” əsərində məlumatlar çoxdur. Bu əsər əvvəl rusca çap olundu, sonra azərbaycanca. Erməni dilindən başqa, çox dillərdə çap edildi. Bu əsərə görə o yazığın başına bizimkilər nələr gətirmədilər. Hər halda yazılı abidədir, qalır. Bizim nənələrimiz bizə öyrədiblər ki, adam öldürməyin, ermənilər isə öyrədiblər ki, türkləri qırın. Mənim Zöhrə nənəm neçə əsir düşmüş ermənini buraxdırıb ki, mənim ocağımda adam öldürməyin.

 

 

- Nə qazandıq ki?

- Bilmirəm. Misal var: “Namusu itə atdılar, it də yemədi”. “Namusunu yeyənlərin qeyrətindən” demişəm.

İki qardaş adından “Arazı ayırdılar” harayını da yaratdılar. Qardaşların taleyini böyük dövlətlər iki imza aktına qurban verdi. Bu qardaşlar gərək qəflət yuxusuna getməyəydilər. Millətin vəzifəsi təkcə yer şumlamaq, toxum səpmək, ot biçmək deyil.

Zamandan qorxmaq lazımdır. Yazdığım kimi: “Zaman üzü dönüklərə  zəmanət verir”. Zamandan qorxub onun qəfil imtahanlarına ayıq, ağıllı, təmkinli cavablarımızı “həmişə hazır” saxlamalıyıq. Bunun üçün tariximiz  aydın samballı ədəbiyyatı, ədəbiyyatımız da tarixi yeri gələndə “farağat” və ya “irəli” vəziyyətinə salmağı bacarmalıdır. 

Millət özünü idarə “yüyənini” gərək özgəsinə verməsin. Bütün məqamlarda, bütün vəziyyətlərdə xalq ayıq olmalıdır.

Necə ki ermənilər mürgülü xalq deyil, amma “Zəngəzur” əsərinə görə böyüklərimiz yazıçıya nə qədər əngəl törətdilər.

Erməni şairəsi isə açıqca özlərinə dövlət yaratdıqlarına görə “ağ ayılara” əsərlərində minnətdarlıq edir.

11 yanvar - Telefonu götürdüm: - Alo

- Vay sənin gözüvü yeyim, ağsaqqallar şurasındandır, Məmməd müəllim lazımdır.

Ay aman, təzə telefon nömrəmizi hardan bilir, biz özümüz hələ yaxşı bilmirik.

Cavab verdim:

- Məmməd  yatır...

- Oyat, mənə lazımdır, - amiranə səsləndi, - vacibdir.

Çarəsiz telefonu Məmmədə verdim. Danışanın səsini eşidirdim, sözlərindən bunu seçdim ki, o evə nahaq köçmüsünüz, gərək bizdən icazə alaydınız, amma nə edək, eybi yox, xalqımızın fəxrisən, sənə halaldı.

 

 

Qəribə zəng və qəribə danışıq idi.

- Kişi, səncə, bu nə deməkdir?

 

 

- Mənə elə gəlir ki, təşkil olunmuş zəng idi, nömrəni yığıb dəlinin əlinə veriblər, danışan adam ağlı başında olana oxşamırdı.

12-20-21 yanvar - Deyəsən işləyirsən axı?

- Hə, fikirləşdiyim şeirin məzmunu belədi: - Gözümüzün qarşısında torpağımız tapdanır, insanlar qırılır, hamı bir-birinə düşmən kəsilir...  Bunların hamısı şairin,  mənim gözlərim önündə baş verir. Və əlimdən heç nə gəlmir, özümü günahkar hesab edirəm.

Bunları “görməyənlərə” daş ürəkli deyərlər.

Belə ürək üçün “ölçü-biçi”, “sənin-mənim” yoxdur. Onun, eyni zamanda, dost-düşmən anlayışı yoxdur. Əsil insan torpaq itkisini, dost badalağını özündə əridə bilmir, bunları özünə dərd edir, çaşır, yıxılır, özünü itirir, çox vaxt özü-öz qolundan tutub qalxır. Amma nə fayda, olan olub qurtarıb. Nə etsən də dünyadan qaçmaq olmur.

...Ancaq təmkinli olmağı təbiətdən öyrənməliyik.  Meşəsini doğrayır, bulağını lillədir, çayını quruduruq - dözür, amma məqamı gələndə elə intiqam alır ki...

Torpağa rəncbər əli, sənətə istedad gərəkdir... 

20 yanvar hadisələrinə baxır, əsəbiləşirdi:

- Hələ deyirlər ki, Etibar, Nemət və başqaları onları küçəyə çağırmasaydılar, ölməzdilər. Bəs necə olmalı idi, düşmənin qabağına əliyalın da, silahlı da çıxmaq lazımdır. Ölməsən öldürərlər.

Otağından çıxıb mənə əlindəki kağızı göstərdi:

- Köçürmək lazımdır.

Şeiri bir dəfə oxumalı oldum ki, sərbəst yaza biləm, “Yadımdan çıxmaz gecə”.

- Axırıncı misralar uzlaşmır, ona necə baxırsan?

- Bu şeiri keçən gecə fikirləşdim. İndən belə qərara gəlmişəm ki, fikirləşdiyim kimi də yazım, daha fəlsəfi fikirlər axtarmayım, necə ki, elə bu şeiri. Sərbəst şeirdir.

-Yox kişi, həmişə dediyin kimi yazmaq olmaz, amma hərdənbir olar.

- Düz deyirsən, onda oxuculara xəyanət etmiş olaram. Səhər şeiri çapa verəcəyəm.

22 yanvar - Şeiri “Yeni Azərbaycan” qəzetinə verdim.

Birdən yataq otağından geri qayıtdı:

- Tez ol, bu misraları bir yerə qeyd et.

Ağaclar adamdı,

Adamlar ağac.

Ağaclar danışırAğıllı-başlı.

Yarpaqla yarpağın,

Qonşuluğu var.

Bilmirəm, bu misralar bitgin şeirə çevriləcəkmi.

25 yanvar - Neçə gündür gündəlikdən soyumuşam. Əlimə 23 yanvar “Təzadlar” qəzeti düşdü. Yazırdılar:

“...Şairlik yolunda geriyə dönmək yoxdur. Bu yol vətən, millət və insanlıq dərdlərini içinə yığıb Allah eşqinə dör-dör döyüşmək yoludur. Bu yolun Sabiri, Cavidi, Cavadı, Müşfiqi, Hadisi, Əli Kərimi, Şəhriyarı, Xəlili, Bəxtiyarı, Məmməd Arazı olmaq gərək. Bu bəşəri yol sürünə-sürünə gedilməz. Çünki bu yol məddahların gedəcəyi yol deyil. Və...

 

 

Bu yol uzaqdır

Mənzili çoxdur,

Keçidi yoxdur

 

 

Dərin sular var... (Yunis İmrə)”

Həmin abzası və bir bənd şeiri Məmmədə oxudum: - Çox yaxşı fikirlərdir, - dedi.

“Müxalifət” qəzetində də məqalənin müəllifi Elçin Məmmədli Məmmədin şeirindən misal gətirərək yazır:

 

 

...Ağlım, bu eyhamı sənsiz kim anlar?

Sən çaşqın qafamda bir qafa da qur.

Niyə bu yıxanlar, bu yıxılanlar

Gələndə mələkdir, gedəndə quldur.

 

 

Məqalədə bəzi adamları qarşılaşdırıb Məmmədin şeiri ilə bağlayıblar.

27 yanvar - İşdən qayıdanda əlində kitab gördüm. Kitabı mənə verdi:

- Bu kitabın müəllifini mən kəşf etmişəm. Bir neçə il bundan əvvəl Saleh bəy mənim yanıma bir yazı gətirdi, varaqladım, gördüm ki, tarixi bir əsərdir. “Armyanstvo” . Çap etdirməyi məsləhət gördüm. Nəşriyyatlar əlindən qapdılar, çap olundu. Onun “Dünyanın taleyi” kitabına da öz fikrimi söyləmişəm. Çox savadlı alimdir, bir neçə dil bilir, çox əla material toplayıb.

28-31 yanvar - “525” qəzetində Mürşüd Məmmədovun “Xəlil Rza Ulutürk fenomeni” məqaləsində belə bir abzas vardı...

“... Əsrin doğum çağında “millət” sözünü siyasi lirikaya, ümumiyyətlə, ədəbi-bədii leksikona gətirən Sabir oldu. Sabir korazehin, ələbaxım rəiyyəti millət mərtəbəsinə qaldırmaq istəyirdi. Ona görə də poeziyasının bütün atəş gücünü kölə zehniyyətinə tuşlamışdı. O, bilirdi ki, kölə həyatına yalnız kütlə dözür. Millət isə dözümsüzlüyü ilə seçilir. Əsrin ikinci çağlarında eyni sosial-ədəbi funksiyasını B. Vahabzadə, Məmməd Araz ilə birlikdə X. Rza yetirməyə başladı...”

 

 

- Kişi, zarafat-zarafat təzə ilin ilk ayı qurtardı.

- Sən ömrün sürətlə keçməsinə fikir vermə, şeirləri köçür.

- Yanımda otur ki, oxuya bilmədiyim sözləri səndən soruşum.

 

 

Şeirləri köçürməyə başladım. “Hasar içində evlər”, “Aramızda Xəlil vardı”, “Bələdçi xəyanət”, “Kimdi deyən, kimdi yeyən yalanları”, “İlahi, əfv elə günahlarımı”, “ İndi”, “Yadımdan çıxmaz gecə”. Həmişə məndən rəy gözlədiyi üçün dərin fikirli şeirlər olduğunu söylədim.

1-3-4 fevral - Televerilişlərdə müxtəlif adamlara qarşı ağlagəlməz ittihamlar söyləndikcə Məmməd təəssüflə başını bulayır, çıxışlara mat-mat baxır, deyinirdi:

- Bu kütləni niyə belə öyrədirlər, televiziya nəyə xidmət edir? Bu adamlar beləcə öyrənib, sabah da onların özlərinə böhtan atacaqlar, vallah mat qalmışam.

 

 

Sonra da acığını məndən çıxdı.

Televizorda nə boğuşmadı elə?

- Söyüşmələr davam edir, görürsən də.

 

 

- Özü müstəqil düşünə bilməyən xalq həmişə belə olur, kimsə onların yerinə söz danışır, kütlə də onu yerinə yetirir. Nə etməli taleyimizə bu yazılıb. Həyat bütün insanlara yer verməyə borcludur və borcunu yerinə yetirir, ancaq maddəsinin sonunda çıxış işarəsi də qoyur - yəni istədiyi vaxt istədiyi adamdan istədiyi “yeri” geri almaq hüququnu özündə saxlayır.

İçərisində yaşadığımız cəmiyyət kainatda öz orbiti, öz cazibəsi olan bir planetdir.

Bayatıda “Gündə bir kərpic düşür, Ömrümün sarayından” - deyilir. Bu saray insandır. Ömür zəlzələsi bu sarayı uçuranda boşluq qalıbsa, deməli, insan yaşamayıb.

Bir-birinə böhtan atıb pisləməkdənsə, hərəsi vicdanla işinin qulpundan yapışsa daha yaxşı olardı.  Bu gün qırmızı-qırmızı, ağzı köpüklənə-köpüklənə böhtan atan sabah vətənə xəyanət də edə bilər.  Deyərdim: qonşu qardaş, bu çəpəri ulu baban da çəkmişdi. Hünərin varsa mərdiməzarlığa, şeytançılığa, dartmalara, didişmələrə çəpər çək...

Torpaqlarımızı itirdiyimiz bir vaxtda birləşib dövlətə kömək etmək lazımdır.

- Eşitdin, ermənilər Petrosyanı da belə devirdilər, getdi.

- Öz aralarında qəsdən edirlər ki, Qarabağ və o biri rayonların məsələsini uzatsınlar. Onlar ermənidirlər, özləri də min illərlə marıqda yatıb torpaq istəyənlər. Onlardan hər şey gözləmək olar. Mən erməniləri tanıdığıma görə bilirəm ki, torpaqları sözlə qaytarmayacaqlar, - deyindi Məmməd.

15 fevral - Aqillə Məmmədin mübahisəsini eşitdim:

- Əmi, bu sözləri sən yazmısan.

- Axı, mən belə söz yazmamışam.

Aqil məni çağırdı:

- Xala, əminin məqalələr kitabını gətir, mərc edirəm ki, əmi, bu sözləri sən demisən, sən yazmısan.

Kitabı gətirdim, “Fransa və üçüncü Fransa” məqaləsində həmin yeri tapdılar, mübahisə bu sözlər üstündə idi: “... Mühacirlərdən biri cibindən dəsmala bükülmüş torpaq çıxartdı, Azərbaycan torpağı. Onunla gözünün yaşını sildi. Dedi: - Bu bayatı yəqin ki, yadınızdadır:

Burda bir qərib ölmüş,

 Göy kişnər, bulud ağlar.

Qəribin göyü də kişnəməz, buludu da ağlamaz, qəribi yerdən götürsə, yenə bir qərib götürər.”

- Görürsən, əmi, necə demisən! Özün də yadından çıxarmısan ki, nələr demisən, necə demisən, ilahi demisən.

19 fevral - Məqalələrini yazdıqca gör sənin necə ifadələrinlə rastlaşıram.

- Nə yazmışam, oxu görək.

- Məsələn, Tvardovskinin ölümünə aid: “Sovet şeiri ağır bir titrəyişə məruz qaldı”. Başqalarının publisist məqalələrində mən belə sözlərə rast gəlməmişəm. “Titrəyiş” sözü publisistikada yenidir.

Keçmiş illərin “Ədəbiyyat” qəzetindən Musa Yaqubun bir şeirini Məmmədə oxudum:

 

 

                                                 Görəsən...

 

 

O hansı şeirimdir -

 bilmirəm ancaq.

O şeir üstündəsoyuyur təbim.

Deyirəm görəsən,

hansı olacaq,

Mənim son qələmim,

son mürəkkəbim

 

 

(Ardı var)

 

Təzadlar.- 2014.- 1 mart.- S.10.