Məmməd Arazlı günlərin kitabəsi:
“Ömürdən yarpaqlar”
Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...
(Əvvəli ötən saylarda)
20 fevral - Məqalələri toplayıb maşinkada çap etdikcə qəribə deyim və fikirlərlə rastlaşırdım. Məs:
“...Vətənin cazibəsində yaşayan, Vətəni cazibəsində yaşadan poeziya da var, sənət də var! Vətən sənətin - poeziya sənətinin əbədi beşiyi, əbədi ağsaqqal obrazı, əbədi qəhrəmanı, əbədi ağ yolu - kəhkəşanıdır. Vətən sərhəddinin əbədi keşikçisi - ayıq-sayıq əsgərlərin biri də poeziyadır.
Vətənin hansı parçasının daha əziz olduğunu demək çətindir.
... Mənim Vətənimsən, Nizami müdrikliyi, Füzuli yanğısı, Sabir fırtınası, Vurğun əqidəsi!
Mənim Vətənimsən, yurdumun üfüqlərindən torpağımıza işıq kimi səpələnən poeziya! Mənim xalqımın qəhrəmanlıq tarixini, mübarizə əzmini, yaradıcılıq eşqini təmsil edə bilən, onları sənət dilində tarixləşdirən poeziya!.
Elə poeziya özü də Vətəndir!...”
- Bunları sən yazmısan, özü də 1972-də.
- Məndən hər gün gündəliyin üçün mövzu istəyirsən, elə bunlar sənin üçün mövzu deyilmi?
23 fevral - Poeziya haqqında fikirlərini davam etdirirəm: “... Əsil sənət janrından, formasından asılı olmayaraq bəşər mədəniyyəti tərəfindən oxunan və duyulan nəğmədir. Yağış nəğməsi, külək nəğməsi, dəniz nəğməsi nə qədər təbiidir. Bunların tufanı da, daşqını da olur. Bunlar da təbiidir. Bir dağın bir-birinə bənzəməyən güney və quzey yamaclarının “eyni müəllifin” əli ilə yazılan müxtəlif qanunları kimi...
... Sənətin quruculuq işlərinə nabələdlər bilmir, bəlkə də bilmək istəmirlər ki, şöhrət zirvəsini hördürmək Dəlidağ çayının üstünə çürük tirdən körpü atmaq kimi bir şeydir...
...
Şimşəyini təbiətin boynuna dolayan buludların
hay-harayı...”.
-
Görürsən, nələri gündəliyimə
köçürürəm, bəlkə mənim gündəliyimi
sənin məqalələrindən çox oxudular, qorxma,
zarafat edirəm.
24-25 fevral - “Sınma” şeirimə bir bənd əlavə
etmişəm, köçürərsən. Bu gün
şeirlərimi “Panorama” qəzetinə vermişəm.
Redaktor dedi ki, Məmməd əmi, biz fəxr edirik ki,
şeirləriniz bizim qəzetdə çap olunsun, ədəbi
işçisini göndərmişdi ona verdim.
Axşam
təzə şeirini köçürməyə verdi. Köçürdüm,
amma şeir barədə öz fikrimi demədim, sual dolu
baxışlarını görməməzliyə vurdum.
“Nahaq haqla yanaşı”. Əla
şeirdir.
28 fevral - Yeni ilin ikinci ayı da qurtardı. “Səhər
görüşləri”nin qonağı
Qara Qarayevin oğlu Fərəc Qarayev idi. Məmməd
keçmişdən bir xatirə danışdı:
- Biz gənc
yazarlar hərdən çay stolunun arxasında milli məsələlər
və böyük sənətkarlar haqqında danışar,
mübahisələr edərdik, o cümlədən Qara Qarayev
haqqında. Mən Qaranı böyük sənətkar
kimi qəbul edirəm, amma səhvləri də vardı.
O, başqa millətlərin əhatəsində idi, öz
xalqına bir o qədər də yovuşmurdu. Bir iş də
var, nə qədər ki, sənətkar sağdır, ayrı
xalqlar onun ətrafında fırlanırlar, elə ki,
öldü, ona sahib duran ancaq öz xalqı olur. Heykəl qoyan da, çap edən də, muzey yaradan
da. Gözümüzün
qarşısında neçə sənətkarın taleyini
elə gördüm.
Moskvada Azərbaycan yazıçılarının təmsilçisi
Miryəhyayev vardı, 61-ci ildə. Vəfat edəndə
basdırmağına 14 nəfər gəlmişdi. Arvadı rus idi, meyidi evinə qoymadı. Morqdan birbaşa basdırmağa götürdülər
(Hadisələr hamısı Moskvada olub). Nərimanın
çıxışı yadımdadır, o, dedi ki, Miryəhyayev
yetim yaşadı, yetim də öldü (Vətəndən kənarda).
İbrahim Kəbirli də orada idi. Nəriman
üzünü ona tutub dedi:
- Bunun
taleyi sizə də dərs olsun ki, rusla, erməni ilə evlənməyin
nə olduğunu bilin...
1 mart - Qərib bir musiqi çalınırdı. Yadına Əli Kərim
düşdü:
- Bir
Əli var qarşımda, başı aşağı,
düşüncəli, üzündə-gözündə
uşaq təmizliyi. Çoxumuzdan yaxşı yazan, az tərif uman, heç ummayan.
Əli Kərim kimi nadir bir insanın, nadir şairin
ölümünə heç cür inana bilmirəm. O, qeyri-adi poetik dildə
danışmaq üçün doğulmuşdu. Onu aparan qəzanı,
ona belə az ömür verən taleyi
qarğayıram...
İnsanlığın qəribə taleyi var. Bəzən
öz istedadının ən yüksək zirvəsində belə
dayanan cavan diqqət cəlb eləmir. Cavanlığın
“nizamnamə”sindən gələn belə məhdudiyyət
etikası çox vaxt müəyyən imkanların
qarşısını alır. Sonrakı
təəssüf ölən qızın saçı
üçün ağlamaq kimi bir şey olur. Onun varlığı yoxluğundan sonra daha tez
gözə çarpır, təəssüflər
çoxalır. Əli bu hallara qarşı öz
şeirində eyham da vurmuşdu:
Sən mənim
qədrimi biləsən deyə,
Bu cavan yaşımda ölümmü indi.
Aramızdan vaxtsız getmiş, parlaq istedadı ilə
fikrimizə, poeziya yaddaşımıza həkk olunan bu
şair nə qədər də qayğı və məhəbbətə,
həqiqi qələm təhlilinə möhtac idi. Onun şerləri,
poemaları hamar qəlibdən, ötəri həvəs və
çap olunmaq hərisliyindən doğmamışdı.
O, çətin yazırdı, az
yazırdı, yaxşı yazırdı. Əli Kərim ilk
addımlarından heyrət doğuran poetik ixtiralarla mətbuata
çıxır, az-az görünür, az
danışır, tərifdən qaçırdı.
Əli Kərim vəsiyyət etmişdi ki, məni musiqi
ilə götürün. Mən və Azad
Talışoğlu filormoniyaya getdik. Musiqiçilərdən
heç kim gəlmədi. Ancaq Nifton
Qriqoryan gəldi, dedi ki, mən ölü üstündə
heç çalmamışam, ancaq Azad Talışoğlunun
xatirinə gəldim.
4 mart - Nəriman Məmməddən “Promotey”
adlı jurnala çap üçün təzə şeirlər
və şəkil istəmişdi. Nərimanın
xahişini yerinə yetirdim. Məmməd də öz
növbəsində mənə Nərimanla bağlı xatirələrindən
danışdı:
- Nəriman
bizi bir neçə dəfə Saranın atasıgilə qonaq
aparıb. Seyid dayı evində nə varsa,
qabağımıza qoyardı. Çox yaxşı kişi idi. İnstitutu qurtarandan
sonra Sərdarla Lenin (indiki Azadlıq) prospektində kirayədə
qalırdıq. Nəriman onda əsgərlikdə
idi. İstirahət günlərində bizə
“əsgərliyin əzablarından” danışardı, biz də
onun “əzablarına şərik olardıq”. Bizə belə bir məzəli əhvalat da
danışmışdı, qismət olsa Nəriman
özü də sənə danışar. O
danışırdı ki, əsgər vaxtı həmişə
boynundan məzə üçün fotoaparat asarmış. Bir gün polkovnik əsgərləri yoxlayanda
fotoaparatlı Nərimanı görür, tez onu yanına
çağırır ki, məni əsgərlərlə
birlikdə çək. Belə-belə Nəriman
“məşhurlaşır”, işləri çətinə
düşür. Şəkil çəkə
bilmədiyi üçün əsgərlikdən
qaçır. Mən qısa
danışdım, özü çox məzəli
danışardı. Nərimanla
bağlı çoxlu xatirələrim var, yada
düşdükcə danışaram.
Əlavə
etdi.- Gülxanım, bilmirəm bu müsra
haradan beynimə girib - “gələcəksiz gələcək,
dartar gələcəklərə”.
- Təzədir?
- Yox, bu
misra hansı şeirimdəsə var, yadıma sala bilmirəm.
7 mart - “8 Mart” qadınlar günü münasibətilə
verilişdə Tofiq Bayramın “Qadın ürəyi” şeiri
oxundu:
-
Neçə dəfə qadın haqqında yazmaq istəmişəm,
Tofiqin şeiri qarşısında təslim olmuşam, yaza
bilməmişəm.
- Sən
öz fikrini deyirsən, Tofiqi təkrar etmirsən ki.
- Nə
bilim... Çox qəribədir, mən heç
Şəhriyarı tam oxumamışam. Amma “Kimdi deyən,
kimdi yeyən yalanları” şeirini elə bil ondan
köçürmüşəm, hətta bəzi misralar da
uyğun gəlir...
8 mart - Ağayar müəllim məni 8 Mart
münasibətilə təbrik etdi:
-
Gülxanim müəllimə, səni təbrik edirəm. Allah Məmmədlə səni bir-birinizdən
ayırmasın, sən ki, ona elə baxırsan, həmişə
sənin canına dua edirik. Dünən təsadüfən
“Azadlıq” radiostansiyasını tutdum. Zərxanım
Əhmədova adlı jurnalistin Məmməd haqqında
verilişinə qulaq asdım. Çox
yaxşı danışırdı. Ümumiyyətlə,
bəzən şairləri siyasətə
qarışdırırlar, amma Zərxanım Məmmədi
heç bir siyasətə qarışdırmadan haqqında
çox gözəl məlumat verdi və
üç təzə şeirini oxudu. Adlarını
yadımda saxlamamışam. Birində, deyəsən,
“Qoca millət” sözü vardı.
- Hə,
Ağayar müəllim, “Vətən - desin” şeiridir.
-
Çox gözəl şeirlərdir, həmişəki kimi
millətə lazım şeirlər. Bir də sağ ol, Məmmədə
salam de.
20 mart - ... Yad yığılar, sərin baxar
ağlamaz...
Vidadinin bu şeiri elə bil mənim həyatıma
aiddir. Pərtliyimi
görən Məmməd məni söhbətə tutdu:
- Biz
Yasamalda yaşayanda mən Nərimanov heykəlinə qədər
piyada gələr, sonra avtobusa minərdim. Bir dəfə
avtobusda Firidun Köçərli ilə rastlaşdım.
Nərimanovun yubileyinə hazırlıq gedirdi,
ona görə də söhbət ondan düşdü.
Firidun müəllim dedi:
- Məmməd,
elə bu saat Heydər Əliyevin yanından,
yığıncaqdan gəlirəm. Nərimanovun
tədqiqatçılarını yanına
yığmışdı. Nərimanovu elə
təhlil etdi ki, biz heyran qaldıq. Biz alimlər
Heydər Əliyevdən çox şey öyrənməliyik.
Məmməd
söhbətinə davam etdi:
- Heydər
Əliyev ədəbiyyatın inkişafına çox iş görüb. Heydər Əliyevə qədər heç bir katib - Vəli
Axundov, Kamran Bağırov, İman Mustafayev Nərimanovun heykəlini
qaldıra bilmədi, heykəl emalatxanada qaldı, amma Heydər
Əliyev onu reallaşdırdı. Bu,
faktdır.
30 mart - Sənin məqalələrini nəşrə
topladıqca çox maraqlı fikir və kiçik həcmli
şeirlərlə rastlaşıram. Məs: “Nur
xonçası” məqaləsindəki şeir kimi. Onlar sənindir?
- Əgər şeirin müəllifi qeyd olunmayıbsa, mənimdir,
şeirləri məqalələr üçün
yazmışam.
Bu gün nəşriyyatda Nazim İbrahimovu
görmüşəm. Dedi ki, sənin kitabını Türkiyəyə sərgiyə
aparmışdım, orda istəyənlər çoxdur.
Axşam
Sevda İbrahimova mahnının hazır olduğunu söylədi:
- Adını “Azərbaycan” qoymuşuq, bir müğənni
oxuyub, dillənilib, istəyirəm ki, ikinci müğənni
də oxusun, sonra sizə kaset göndərim.
31 mart - 31 Mart azərbaycanlıların
soyqırımı günü adlandırıldı və bu
məsələ Milli Məclis tərəfindən müzakirə
olundu. Məmmədin xatirəsi:
- Atam
danışırdı ki, Andranikin qoşunu sakitcə
Naxçıvandan keçib Zəngəzura gedirdi. Kazaklar müsəlmanlara pul verib deyirdi ki, ermənilərə
- yəni Andranikə güllə atın, biz də
atırdıq. Onda Andranikin adamları bizi
qırırdı. Bunları biz tarix dərsliyində də
oxumuşuq...
İnstitut illərində və sonralar gənclərə
aid dərnəklər vardı. “Natəvan” klubunda belə
dərnəkləri hörmətli yazıçılar
aparırdı. Bir dəfə Məmməd Rahimin
apardığı dərnəkdə Məşkur Əkbər
adlı bir nəfər “26 - lar”a aid
şeir oxudu. Şeirdə “26-lar
babalarımız” ifadəsini işlətmişdi. Məmməd
Rahim onun sözünü kəsdi və dedi:
- Dayan
görək, saxla, “26-lar” niyə bizim
babalarımız olur? Öz babalarımız
yoxdur bəyəm?
- Rahim
müəllim, Səməd Vurğun da bu ifadəni işlədib
- “mənim babam olub 26-lar” - dedi Məşkur.
- Səməd
deyib öz işidir, mən deməzdim
Məmməd
Rahim ömründə böyük bir söz işlətdi ki,
“26-lar” niyə babamız olmalıdır! Ermənilərin
iç üzünü Əli Vəliyevdən yaxşı
açan olmamışdır.
3 aprel -Aşıq Ələsgər haqqında məqaləsini
istədi.
- Neynirsən?
-
Çap etdirəcəyəm.
- Təzəsini
yaz, o çap olunub axı.
- Təzədən
o sözləri deyə bilməyəcəm. Elə
sözləri o vaxt demişdim. Ümumiyyətlə,
vaxtilə yazdığım məqalələrdə işlətdiyim
fikirləri bu yaşımda işlədə bilmərəm.
Yaradıcılıq işi çox çətin
işdir. Bu, ən ağır fəhləlikdir.
Təzə söz demək, təzəyə bənzər
söz demək, təzəliyi görə bilən söz demək
ancaq istedadlara nəsib olur, bu da həmişə, hər məqamda,
hər əhvali-ruhiyyədə olmur.
4-5-6 aprel - Tuncayın əməliyyat olunması hər
ikimizə pis təsir edib. Ağrılarını
almaq mümkün olsa idi alardım.
- Nənə,
dedi, elə pis oldum ki, mən əməliyyat otağına
keçəndə orada bir-birinə dedilər, bu, Məmməd
Arazın nəvəsidir, biri cavab verdi ki,
gözüm aydın Məmməd Arazın nəvəsidir,
özü qalxsın stola!
- Mənim
balam, elə sözlərlə, hərəkətlərlə
çox qarşılacaqsan, fikir vermə, həyata hazır
ol. Yəqin kövrəlməyəsən deyə
deyiblər.
8 aprel - Məmməd, məqaləndə gör nə
deyirsən “Təbiətimiz uçurum qarşısında
dayanıb, iqtisadiyyatımız tənəzzüldə, mənəvi
dünyamız qasırğa yedəyindədir”. Yaman deyibsən.
- Elə
indi də elədir, yenə də mənəvi dünyamız
qasırğa yedəyindədir. Sabaha nə
üzlə, nə aparırıq? Qəbirlərimizi
gələcək nəslə tapşırmağa
haqqımız varmı? Uçurub
dağıtdığımız dünyanı əməlli-başlı
“təmir eləyib” onlara verib getməyə gücümüz
qalırmı?
Bəstəkar
Sevda İbrahimova telefonla bildirdi:
-
Gülxanım bacı, şeir məni elə tutdu ki, o biri
işlərimi kənara qoyub o şeirə musiqi bəstələdim.
Məmməd müəllim icazə versə,
adını dəyişib “Necə unudum səni” yox,
“Ayrılmazıq biz” qoyardım. Həm də
“Dağlara çıxıram, şimşəklər sənsən”
bəndini nəqərat götürəcəyəm.
Məmməd Sevda xanıma uğur dilədi.
Kitabında məni tutan misraları oxudum.
Dahi var,
kölgəsi bir xalqa sığnaq,
Fateh var,
kölgəsi bir nəmli zindan...
Özü
də həvəslənib şeirindən misal gətirdi:
Haqq
qapısın açmır, atam, haqq açarı...
Bunu ancaq
Məmməd Araz deyib, başqa heç kim.
Sonra
zarafatla əlavə etdi:
- Bir
yandan sən, bir yandan mən, tərifləyək məni.
Söhbət yenə də Sevda xanımdan düşdü. Məmməd Mirzə müəllimi yada saldı:
- Evlərinə üç dəfə getmişəm, Mirzə müəllim özü çağırmışdı. Bir zarafatyana şikayətləndi də, Məmməd, mən çay içdiyim stəkanı yaxalayıb yerinə qoyuram ki, Sara xanımın işi çoxalmasın, amma uşaqlar yediyini-içdiyini stolun üstünə qoyub gedirlər. Sara xanım onların da işini görməli olur...
- Deyəsən, bəşəriyyətə xidmət edənlərin axırı yoxmuş, - təəssüfləndi Məmməd.
(Ardı
var)
Təzadlar.- 2014.- 4 mart.- S.10.