Məmməd Arazlı günlərin kitabəsi:
“Ömürdən yarpaqlar”
Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...
(Əvvəli ötən saylarda)
11-12 aprel - Bir neçə gün bundan əvvəl belə bir söhbət danışmışdı:
- 77-ci, yoxsa, ili yadımdan çıxıb, təzə konstitusiyanın qəbul olunduğu vaxtlar idi. Dil məsələsi qaldırılmışdı. Heydər Əliyev məcbur olub idarə, müəssisə başçılarına demişdi ki, niyə teleqram vurub Azərbaycan dilinin dövlət dili kimi konstitusiyada təmsil olunmasını tələb etmirsiniz? Dövlət başçısı bundan artıq nə etməli idi ki, xalq yatmışdısa? İmran Qasımov məni çağırıb məsələni dedi. Mən və başqa yazıçılar MK-a teleqram vurduq. İndi Əliyevi tənqid edirlər, yenə də deyirəm, onun Azərbaycana xidmətləri çox olmuşdur.
Yaman darıxdırıcı gündür. “Başınızı dik tutun” məqaləsini yazmağa başladım. Məqalədə bir neçə misradan ibarət şeir vardı:
Yolçu qardaş ayaq saxla,
Nakamlara baş əyib dur!
Nə qəhərlən, nə də ağla,
İndi onlar xalq oğludur.
Burda zaman nəfəs almır,
Burda əsrin səsi donur.
Əbədiyyət
aram-aram
Şəhidlərə heykəl yonur.
- Məmməd,
mən şəhərin meri olsaydım bu şeri iri hərflərlə
Şəhidlər xiyabanının girəcəyində bir
neçə yerdən
şüar kimi asardım...
O, sənin
fikrindir, - dedi Məmməd.
Şeir tamamlansa şəhidlər haqqında əla
şeir olar.
18 aprel - Səlim Heydər Əliyevə həsr etdiyi
kitabına düzəlişlər etmək üçün Məmmədin
yanına gətirmişdi. Bir çox misralarda
düzəliş edildi. Səlim gedəndən sonra
söylədi:
- Şeiri qurtardım, baxarsan, axırı da olduğu
kimi qalır, dəyişmədim.
- Məncə,
- Əbədiyyət aram-aram, Şəhidlərə heykəl
yonur - bundan yaxşı misranı heç kim
deyə bilməz.
- Şişirtmə, zaman yenə də elə bir Məmməd
Araz yetirər ki, ondan da yaxşı deyər.
“Ayaq saxla” adı ilə yaxşı bir şeir
alınmışdı.
22 aprel - Saat 6-ya yaxın Bəxtiyar müəllim bizə
gəlmək istədiyini bildirdi. Bəxtiyar Vahabzadə, Lütfi Məmmədbəyli
birlikdə idilər. Azərbaycanın indiki
durumundan, kitabların çapının necə çətin
olduğundan danışdılar. Lütfi
otaqlara baxmaq istədiyini bildirdi. Bəxtiyar
müəllimlə bütün otaqlara baxdılar.
- Bəxtiyar
müəllim, niyə köçmürsünüz -
soruşdum.
-
Birincisi, müxalifət qəzetləri gərəksiz
hay-küyə başlayıblar ki, Bəxtiyar nə
üçün Vaqifin evinə köçməlidir. İkincisi, Vaqifin qohumları da mənə zəng
edirlər. Ona görə də məsələ
belə açıq qalıb.
- Bəxtiyar
müəllim, siz köçməsəniz də ev Vaqifə qaytarılmayacaq. Yəni Bəxtiyar,
Məmməd bu xalqa onlar qədər də xidmət etməyiblər?
Siz bu xalqdan ötrü boynunuza həmişə
kəfən dolamısınız.
Qonaqlarım getdikdən sonra Mahnı Teatrına
İbrahim Bozyelin görüşünə getdik. Görüş
başlanmışdı. Məmməd zala daxil olanda Sabir
Rüstəmxanlı sözünü kəsib Məmmədi
alqışladı, tanışlar bir-bir gəlib Məmmədlə
görüşdülər, Sabir sözünə davam etdi:
- Türk
dünyası okeana bənzəyir, çəkiləndə
xırda, cılız adalar qalır. Cılız
adalarda isə iri nərə, köpək balıqları yox,
kilkələr yetişir. Türk
dünyasını bilə-bilə ayırıblar,
parçalayıb xırda adalara döndəriblər. Cənubda 30 milyon soydaşımız yaşayır.
Əgər onlarda milli qeyrət olsa idi, 30 milyon qarğa göy
üzünü tutardı, heç bir təyyarə ordan
uça bilməzdi, 30 milyon hörümçək kimi elə
tor hörərdi ki, heç bir silahı oradan keçirə
bilməzdilər, 30 milyon qoyuna dönər, millətimizə
ölüm səpən maşınları ermənilərə
verməyə qoymazdılar. Əksinə, bizim
şəhərləri, kəndləri viran edib talayanlardan evlərimizin
dəmirini satın alırlar, baba-baba deyə-deyə özlərini
axmaq vəziyyətinə salıblar, nə dilləri var, nə
də məktəbləri. Bu da bizim cənub
qardaşlarımız...
Sabirin dərdi açılmışdı,
danışır, danışırdı.
Məmmədi
də xəyal aparmışdı və yaxşı oldu gəldik,
çox gözəl gecə idi, - dedi.
28 aprel -
Məmməd, - “Sən xüsusi, mən kolxoz
Bizimki
tutmaz oğlan...”
Bu
“gözəl” misraların sahibi kim idi?
- 30-cu illərin
mətbuatında çıxıb, müəllifi yadımda
deyil.
- Xəlil
haqqında məqaləndə oxucuya müraciətlə
yazırsan:
“...Əziz oxucu, bir anlığa sən onun
yaradıcılıq aləminin bütün məhsullarını
göz qabağında açıqlandığını təsəvvür
elə; onda görəcəksən istedad deyilən ilahi
qüvvə nədir? Onda görəcəksən dahilik deyilən
böyük əməl ən adi işlər görəndən
başlayır...”
- Elə
bu sözləri özünə də şamil etmisən?
- Düz
tapmısan - zarafatla cavab verdi.
4 may -
Yazıçılar Birliyindən qayıdanda soruşdum:
-
Xeyirdimi?
- Bəli,
Heydər Əliyevi Yazıçılar Birliyinə fəxri
üzv qəbul etdik. Fikrət Qoca dedi ki, mənimlə Məmmədin
həyatında Heydər Əliyevin xüsusi xidməti var.
Heydər Əliyevin köməyi olmasaydı mən həyatda
yox idim. Mən də elə bir çıxış etdim ki, nə
danışdığımı özümdən başqa
heç kim başa düşmədi.
- Bir məqaləndə
yazırsan ki, “Sibirdə pambıq, limon yetişdirəcəyəm”
misrasının müəllifi mənəm. Yəni
sən belə bir şeir yazmışdın?
Hə, cavanlığın bezdarnı şerlərindən
biri idi. Sonralar onu oxuyanda özüm-özümə
gülürdüm. Yadımdadı, ilk dəfə
ədəbiyyat müəllimim Fərman Tağıyevin rəhbərliyi
ilə çıxan məktəb divar qəzetində bahar fəslinə
aid - adı yadımda deyil - şerim çıxdı. Bundan sonra gecə-gündüz
yazdım... sonralar birinə də sahib çıxa bilmədim...
9 may -
Bir-iki gün bundan əvvəl nəşriyyatın
qabağında Şamil Qurbanovla rastlaşdıq. Hal-əhvaldan
sonra dedi ki, Məmməd müəllim, tələbələr
sübut edirlər ki, bu əsrin ən böyük şairi Məmməd
Arazdır. Bunu müxtəlif misallarla sübut
edirlər, səbəbləri göstərirlər. Ancaq sübut və səbəbləri mənə
söyləmədi.
- Bəs
çıxışında nə üçün deyir ki,
bizdə axır illər ədəbiyyat yoxdur. Rəsul Rza, Səməd
Vurğun kimi şairlər yetişməyib, biz o yaxşı ədəbiyyata
alışmışıq.
-
Müasir şairlərdən kimin adını tutsa, o birisi
çomağını götürüb düşəcək
onun üstünə, ona görə də məcburdur belə
deməyə.
11 may - Gəzintiyə
çıxanda Məmməd həvəslə
danışdığına görə ona ədəbiyyat və
müxtəlif yazıçılarla bağlı suallar verərdim.
Özünün şeirlərindən söhbət saldıq,
dilləndi:
- “Ulu
şahım, qılıncına söykənim” məndən
başqa hələ ki, bunu heç kim deməyib.
Gözəl deyimdi, elə deyilmi?
- Şeir
çox gözəl şeirdi, söz ola
bilməz. Şerin bir bəndini əzbər dedim:
İçimizdə
şeytan səsi,
Yalan səsi,
böhtan səsi
Didir bizi, yeyir bizi.
Ulu
şahım,
Qibləmizə
çevir bizi!
- Yox, mən
şeiri demirəm, ancaq “qılıncına söykənim” təzə
deyimdir, tənqidçilər nəsə susurlar.
Sonra Hüseyn Arifin təbiət şeirlərindən
danışdıq. Məmməd gülə-gülə belə bir əhvalat
söylədi:
- Bu
olmuş əhvalatdır. Əli Kərim Moskvada
oxuyanda Hüseyn Arif onu yoluxmağa gedir, gecə də
yanında qalır. Əli ondan xahiş
edir ki, səhər tezdən onu yuxudan oyatsın. Yer az olduğu üçün Hüseyn
yastığını şkafın içinə qoyubmuş,
təbii ki, ora da qaranlıqdır. Səhər Əli durur,
getməyə hazırlaşanda Hüseyn deyir: - Əli,
yat-yat, hələ səhər açılmayıb,
görmürsən qaranlıqdır.
14 may -
Danışığı çox pisləşdiyi
üçün çox vaxt onu söhbətə tutmuram. Gecə çox gözəl bir gecə idi. Məmmədə
zarafatla dedim:
- Eyvana
çıx, gör necə gözəl gecədir. Ay dənizə
işıq salıb. Süleyman Rüstəmin dili ilə desək
“nasiranə gecədir”. Uşaqlığımızı
xatırlayaq, gur yağışlarda gəzdiyimiz dərələrdə
çimib, düzənlərimizdə qurunaq. Yarpaqların xışıltısına,
quşların nəğməsinə qarışaq, bilinməz
bir dünyaya uçub gedən cavanlığımızla
qucaqlaşaq, sonra da əbədi ayrılaq. Kim bilir səhər necə açılacaq.
- Yenə də nə olub, kövrəlmisən?
-
Güzgüyə baxanda oradan qocalmış, kifir bir sifət
sənə baxır, elə bir sifət ki, gənclikdə onu
təsəvvürə belə gətirə bilməzsən...
25 may - Səhər
tezdən Məmmədi telefonla axtardılar.
- Prezident Aparatından Arif müəllimdir. Sabah
“İstiqlal” ordenlərinin təqdimatı olacaq. Saat 1-də üçüncü girişin
qarşısında olarsınız. Xahiş
olunur prezidentin qəbuluna Məmməd müəllimi
yaxşı geyindirin.
- Arif
müəllim, bəs mən? Axı Məmmədi
tək qoya bilmərəm.
- Sizin də
adınızı yazıram.
Məmməd işdən iki jurnal gətirmişdi.
- Gülxanım, bir Əhəd
Muxtar var idi ha, yadına gəlirmi?
- Əlbəttə, neçə dəfə evlərinə
getmişik.
- “Ulduz” jurnalının məsul katibi idi, pillələrlə
aşağı düşüb elə oradaca keçinib
deyirlər.
- Nə
etmək olar, Allahın qoyduğu qanundan kənara
çıxmaq olmaz, qisməti ora qədər imiş...
-
Aşıq Şəmşirə aid məqaləndə iki
misra var, bu sənindir?
Aşıq Şəmşir, nə
qədər ki, biz varıq
Sənətkarı
qocalmağa qoymarıq...
- Mənimdir,
şeirləşməyib, elə ikicə misradır.
26 may -
Saat 1-də üçüncü girişin
qarşısında olduq. Girişdəki polis işçisi
dedi ki, ordenlərin təqdimatı öz iqamətgahında
olacaq. Amma camaat hamısı bura
yığışırdı. Firəngizlə
görüşdük. Məmməd
ayaqüstə dura bilmədiyinə görə maşında
oturmalı oldu, polis baxmayaraq ki, cavan idi, öz stolunu təklif
etmədi.
Rəssam
Mikayıl Abdullayev içəri keçib salam
verdi:
- Vallah,
xanımlar çay və oturmağa yer olsa elə axşama qədər
oturub dərdlərimizi bir - birimizə danışa bilərdik,
- dedi.
Mikayıl Abdullayev oturmağa yer axtardı, daş səki
soyuq idi, Firəngiz özündə olan qəzetin birini yerə
sərdi, Mikayıl müəllim oturdu. Mən
Mikayıl müəllimlə söhbətə
başladım.
-
Mikayıl müəllim, uzun müddət maddı imkanım
olmadığına görə Məmmədin çəkdiyiniz
portretini sizdən ala bilmədim. İndi nə
vaxt portreti sizdən ala bilərəm?
- Gecikmisən,
mənim qızım, Məmmədin portreti artıq Türkiyədədir,
İhsan Doğramacı alıb aparıb, məndə
qalmayıb.
Yaman pərt
oldum, təəssüflənsəm də olan olmuşdu. Çağırılanlar
yoxlanıldıqdan sonra içəri buraxıldılar.
Orada da xeyli gözlədik. Firəngizlə
söhbətimizə Mirvari xanım da qoşuldu:
- Hələ Məmmədi o qədər də
yaxından tanımırdım, yəni bir şair kimi
tanıyırdım, yoldaş kimi yox. Biz bir dəfə
Naxçıvandan qayıdırdıq. Xalidə
Hasilova və mən bir kupedə idik. Məmməd
də bizim kupeyə qonaq gəldi. Şeir
məclisi başladı. Mənim şeirlərimdən
sonra Məmməd öz şeirlərini oxudu.
Sonra
Mirvari xanım üzünü Məmmədə çevirib
söhbətə davam etdi, - Yadındamı, Məmməd, sən
öz şeirlərini bizə elə həvəslə oxudun
ki... Mən o vaxtdan sənə valeh olmuşam, sevindim ki,
xalqımın gözəl bir şairi yetişir.
Yenə də
Mikayıl müəllimin səsi eşidildi:
- Elə
bir stəkan çay olsa, belə sərin, yaşıl yerdə
axşama qədər gözlərəm
Nəhayət, saat 4-də prezident gəldi. İlk təqdimat
Xəlilin oldu, ordeni Firəngizə təqdim etdilər. Sonra Məmmədin adı çəkildi, Heydər
Əliyev özü Məmmədə tərəf gəlib, Məmmədi
addım atmağa qoymadı. Ordeni Məmmədin
boynundan asdı. Qutunu mənə
uzatdı, Məmmədin “Yol ayrıcında söhbət”
kitabını və “Azərbaycan təbiəti”
jurnalını prezidentə verib təşəkkürümüzü
bildirdim. Təqdimat davam edirdi. Fikrət
Qoca mənə tərəf çevrilib dedi:
-
Gülxanım bacı, səni tanımadım, dövlətli
olacaqsan.
Məmməd
və mən Fikrəti Xalq şairi fəxri adına
görə təbrik etdik.
Mikayıl
Abdullayev belə bir çıxış etdi:
-
Böyük İbn Sina bir tədbir həyata keçirir və
deyir ki, bu tədbirdən camaat çox faydalanacaq. Tədbir
beləydi, İki
inəyə eyni dərəcədə qulluq etməklə
saxlayır. İnəklərdən biri kökəlir,
o birisi isə arıqlayır. İbn Sina
bunun səbəbini açıqlayır. İnəklərdən
arıqlayanın pəncərəsinə qurd
bağlanmışdı, yeyib doyduqdan sonra başını
qaldırıb qurdu görür və yediyi heç olub
gedirdi, arıqlayırdı. İndi
arıq inək totalitar rejimdir, siz onu əlinizlə
boğmusunuz.
Mənə elə gəldi ki, yerinə düşməyən
bir misaldır.
Məmmədin əsməsi başlandığı
üçün icazə alıb evə qayıtdıq. İradə xəbər verdi ki, İbrahim Bozyel qəzaya
düşüb ölüb. İki
gündür, Sabir Rüstəmxanlıya zəng edib bildiriblər.
- Bizi
Türkiyəyə tanıtdıran, Türkiyə ilə
calaşdıran körpü idi İbrahim, hayıf ondan - kövrəldi Məmməd.
27 iyun -
Bir dəstə adam televizorda “yarışa
girmişdilər”. Çıxış edənlərdən
biri Azadlıq hərəkatında Xəlilin, İ.
Şıxlının və Xudu Məmmədovun adını
tutdu.
- Məmməd,
sənin adını tutmadılar. Sənin xidmətini dana bilməzlər axı.
- Mən
fiziki cəhətdən iştirak edə bilməsəm də
şeirlərim iştirak edib. Sənə
danışmışdım ki, Nemət və Əbülfəz
mənə lider olmağı təklif etmişdi. İsmayıl Şıxlı da meydanın gur
vaxtı mənə və Yusif Səmədoğluna hərəkata
başçılıq etməyi təklif etmişdi. Mən fiziki gücümün çatmadığını,
ancaq qələmimlə ona hazır olduğumu söylədim.
- Bir də özün bilirsən ki,
bizim xalq həmişə səhnədə görünənləri
sayır, mən isə səhnədə görünmürəm.
(Ardı var)
Təzadlar.-
2014.- 6 mart.- S.6.