Şərəfli müəllim ömrü
Yaxud, dərdimiz yetim
qalsa…
Dünyasını dəyişməsinin 40-cı gününə sayılı günlər qalmaqdadır. Ötən günlər ərzində tez-tez iş yoldaşları ondan söz salır, xatirələr danışır, onunla bağlı xoş məqamları yaşadan yaddaşlarını çözələyirlər. Yaşaran gözləri hələ də gülərüz görkəmdə on illərdir görməyə alışdıqları insanın sanki müəllimlər otağına girəcəyi qapıya zillənir. Həmkarları onu həmişə qıvraq, hərəkətli, ürəyində çəkdiklərindən gileylənməyi xoşlamayan, ailəcanlı, dostcanlı kimi tanıyıblar. Müəllimlər otağında boş yerini görməyə alışmayan ürək-könül sirdaşları Amalya Mədətova, Zenfira Davudova, Qəndab Əliyeva, Aludə Alıcanova, Səadət Seyidova, Şəfa Əhmədova, Gülər Hacıyeva, Dilşad Əliyeva, Aybəniz Abdullayeva təsəllilərini məktəbin girişində və rəhbəri olduğu IX c sinfində qara lentlə haşiyələnmiş fotoşəklindən alırlar…
Söhbət Suraxanı rayon S.Abdullayev adına 290 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Musayeva Ayşad İsa qızından gedir. Ali təhsilini başa vurandan ömrünün sonunadək - 23 illik pedaqoji fəaliyyəti dövründə Aysad Musayevanı işlədiyi pedaqoji kollektivə, təlim və tərbiyəsi ilə məşğul olduğu şagirdlərinə sevdirən nə idi? Şübhəsiz ki, bir neçə prizmadan bu sualın cavabını vermək olar: seçdiyi peşəyə olan məhəbbəti; öz üzərində işləməsi, peşəkarlığı, çoxillik pedaqoji təcrübəsi, yetirmələrinin ən reytinqli ali məktəblərə qəbul zamanı əldə etdikləri uğurlar və s.
Arzuları böyük idi Ayşad müəllimənin. Orta və ali məktəb illərində övladlarına nəvazişini, məhəbbətini əsirgəmədi. Qızları - Xuramanın, Ayselin və oğlu Toğrulun başına çəkdiyi ana sığalı gələcəyin xatirələrinə çevrildi. Onların haqqında hələ heç kəsə açmadığı toy arzuları, ürəyində övladları haqqında qurduğu səadət nağıllarını özü ilə apardı Ayşad müəllimə. Həyat yoldaşı Mamedə də açmadığı arzuları vardı ki, vaxtsız soldu, ürəyində qaldı. Övladlarından bəhrələnmədi. Övladlarının qayğı və nəvazişini amansız xəstəliklə mübarizə zamanı gördü, duydu. Ailə üzvləri müasir tibbin güvənli ünvanlarından olan Türkiyəyədək onu aparmağı, aylarla onun xidmətində olmalarını özlərinə borc bilmişdilər…
Bu ilin Bahar bayramını Ayşad müəllimənin ailəsi əvvəlki illərdə olduğu kimi qarşılamayacaq. Süfrəyə özünün əllərindən şirinlik alan bayram şirniyyatlarını düzməyəcək. Axşam işdən dönən nə övladlarına, nə də həyat yoldaşının üzünə gülərüzlə qapı açmayacaq. Hər il olduğu kimi, onun özünə və ailəsinə yetirmələrinin Novruz təbriklərini qəbul etməyəcək Ayşad müəllimə. Bayram günlərində qoyub getdiyi ailə üzvlərinin nəmli baxışlarını, kədərli görkəmlərini bir az da olsa, ovundurmağa Ayşad müəllimənin qohumları, yaxın qonşuları çalışacaq.
Ayşad müəllimə dilimizin təəssübkeşi olan dilçi, ədəbiyyatımızı böyüklüyü və zənginliyi qədər də onu qiymətləndirməyi bacaran filoloq idi. Folklorumuzu yazılı ədəbiyyatımızın ilkin qaynağı hesab edir, mili kodumuzun bədiiləşmiş ifadəsini «Kitabi-Dədə Qorqud» dastanında və folklorumuzun zəngin söz-fikir çalarlarında görürdü. Mənəviyyatın aşınmaqda olduğu bugünkü zəmanədə halallığı, mənəvi saflığı, dostluğu, sədaqəti, gənclərin təmannasız sevgisini, həmçinin xalqımızın əsrlərin sınağından çıxmış ailə ənənələrinin qorunub yaşadılmasını klassik ədəbiyyatın, folklorun təbliğində, öyrənilməsində görürdü. Dərslərində, adi söhbətlərində danışdığı hadisələr, çəkdiyi misallar uzun müddət yaddaşlarda yaşayacaq. Hər kəs Ayşad müəllimədən eşitdiklərini xoş xatirə kimi danışacaq. Hər sözü, misalı düşünmə tələb edən Ayşad müəllimənin bədii boyalarla danışdığı bir ibrətamiz deyimi xatırlamaqla onun nə demək istədiyini, insanları necə görmək istədiyini qısa şəkildə yada salmaq yerinə düşər. O danışırdı: bir gün bir müdrik insandan məsləhət almaq üçün soruşurlar ki, biz odu, suyu və vicdanı necə axtara bilərik? Müdrik isə cavab verir ki, harada tüstü görsəniz bilin ki, bu odun əlamətidir. Harada yaşıllıq görsəniz bilin ki, o da suyun əlamətidir. Ancaq çalışın vicdanı itirməyin, onu tapmaq mümkün deyil.
Tələbəlik illərimdən dahi şəxsiyyətlərin dəyərli kəlamlarını, aforizmlərini toplamaq həvəsində olmuşam. Hətta onların bir hissəsini müxtəlif vaxtlarda çap etdirmişəm. Görünür, sözə olan marağım məni dil-ədəbiyyat müəllimləri ilə söhbətlərə daha çox meylli edib, onlardan nəyisə öyrənməyə, eşidib götürməyə sövq edib. Ayşad müəllimə çox danışmağı sevməzdi. Adətən, ixtisası ilə bağlı və ya yeni nəşr olunmuş dəyərli kitablardan danışar və gözəl danışmaqla, qiymətli fikirləri ilə danışığını maraqlı edərdi. Mütaliəni sevən və onun təbliğatçısı olan Ayşad müəllimədən eşitdiyim antik Çin filosofu Konfutsinin sözü bu gün də yadımdadır: «Bir yerdə kiçik adamların böyük kölgəsi varsa, orada günəş batır». Yaxud, bir dəfə müharibələrin ədəbiyyat və filmlərdə bədiiləşdirilməsindən danışarkən Ayşad müəllimə qayıtdı ki, neynəyək, dünya başdan-başa təzadlarla doludur, bütün ədəbiyyatlarda «gələcəyin müharibələri lənətlənsə də, keçmişin cahangirləri rəğbətlənir» (sonralar bildim ki, bu fikir yazıçı-publisist Pünhan Şükürə məxsusdur).
Ayşad müəllimə haqqında ən xoş xatirələrimdən biri də 2010-cu ilin may ayı ilə bağlıdır. Belə ki, məktəbimizin akt zalında «Haqqın dar ağacı» və «Mərzilinin söz boxçası» adlı kitablarımın təntənəli təqdimat mərasimi keçirilirdi. AYB-nin və bir sıra media nümayəndələrinin iştirak etdiyi tədbirin keçirilməisndə məktəbin bütün ədəbiyyat müəllimlərinin zəhməti olsa da, əsas məsuliyyəti, təşkilatçılıq işinin ağırlığını Ayşad müəllimə öz üzərinə götürmüşdü. Sonralar etiraf edirdi ki, indiyədək belə bir böyük tədbirə çiyin verməmişdi.
Filosof həssaslığı, müəllim incəliyi var idi Ayşad müəllimədə. Təzadlı dünyadakı ədalətsizlikləri xalqımıza qarşı, özünə qarşı dərd kimi qəbul edirdi. İçindən qovrulurdu. Lakin dərd bölüşdürməklə arası yox idi, çəkdiklərini büruzə verməzdi. Dünya şöhrətli alim Xudu Məmmədovun aşağıdakı bayatısı sanki Ayşad müəllimə xarakterində olanlar üçün deyilib:
Bu dünya şirin, şəkər,
Başımızda turp əkər.
Dərdimiz yetim qalsa,
Bizdən sonra kim çəkər?
Neçə il idi ki, «yaxasını amansız xəstəliyin əlinə verib» özünü bədii sözlə ovundurdu Ayşad müəllimə:
Dağların bəri baxanı-
Həsrəti ürək yaxanı...
Dərd zəliyə bənzərmiş
Tanıdısa yaxanı.
İş yoldaşları bilirdi ki, Ayşad müəllimə sinifə girdisə, heç vaxt ürəksiz dərs keçməzdi. Özünü müəllim adının uculağında görərdi həmişə. Dilimizi, ədəbiyyatımızı sevdiyi qədər də sevdirməyi bacaran Ayşad müəlliməyə xüsusi rəğbəti olan Ofeliya Məmmədovanın onun internet vasitəsilə Türkiyə xəstəxanalarından yayılan xəbərlərin təsiri altında IX a sinfindəki sevimli şagirdi Səbinənin «müəllimə, nə baş verib, sizi heç vaxt tutqun görməmişik»- deməsi ilə hönkürtülü göz yaşları həmkarına olan məhəbbətin göstəricisi idi. Müəlliməsini itirən Türkan Balakişiyeva kimi şagirdlərin günlərlə bu itkinin təsirindən çıxa bilməməsi müəllim-şagird sevgisindən irəli gəlirdi…
Yəqin ki, məktəbimizin pedaqoji kollektivi son ayları kədərli xatirələrlə uzun müddət unutmayacaq. Qəfil ölümlər Arif müəllimi, gənc həmkarımız Gülər müəllimənin həyat yoldaşını, amansız xəstəliyin isə Ayşad müəllimənin qapısını çox erkən döyməsi pedaqoji kollektivə növbəti bir zərbə idi.
Dəfn günündə «Ayşad müəllimənin vəfatı məktəbimiz üçün çox böyük itkidir» - deyən məktəbin direktoru Rahidə İsmixanovanın, «Heç bir kollektiv Ayşad Musayeva kimi müəlliməni itirmək istəməzdi» - deyən tədris işləri üzrə direktor müavini Allahverən Əzimovun dərin kədər və təəssüfünün, həmçinin Ayşad müəlliməyə hörmət və ehtiramın kollektiv adından olan ifadəsi idi.
Bu gün Ayşad müəllimə ədəbiyyat dərslərində şagirdlərinə Cavanşirin, Babəkin, Koroğlunun, Şah İsmayıl Xətainin, Milli Qəhrəman Mübariz İbrahimovun və digər tarixi, ədəbi-bədii qəhrəmanların nümunəsində məhəbbət, sevgi aşıladığı doğma torpağa qovuşub. İllər ötəcək, təmənnalı dünyamızda ömrünü təmənnasız olaraq şagirdlərinə verən Ayşad müəlliməni də şagirdləri rəhmət kəlməsi ilə xatırlayacaq. Məncə, sağlığında ömrünü şam kimi əridən minlərlə layiqli müəllimlərdən biri kimi elə Ayşad müəllimənin də dərs deyib elm öyrətdiklərindən, tərbiyə verdiklərindən yeganə umacağı da məhz bu olub. Allah rəhmət eləsin!
Tanrıdan qəbrinə nur, ruhuna dinclik arzulayan 290 saylı tam orta məktəbin pedaqoji kollektivi adından:
Yusif Millətoğlu,
şair-publisist
Təzadlar.- 2014.- 13 mart.-
S.13.