Abşeronun həm də çörək
ağacı: zeytun!
Yeni zeytun bağlarının
salınmasının təşviq olunması-
Zeytun təkcə həmişəyaşıl ağac deyil, həm də həmişə xeyirli, həmişə gərəkli və dəyərli bitkidir...
...Son illər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Abşeron yarımadasında və xüsusən də Bakıdan bölgələrə uzanıb gedən magistral avtomobil yollarının kənarlarındakı boz və boş çöllərdə yaşıllıqların salınması təqdirə layiq işdir. Vaxtilə Bakı-Şamaxı, Bakı-Hacıqabul-Kürdəmir-Yevlax, həmçinin Gəncə-Qazax, Bakı-Şabran-Quba-Xaçmaz marşrutu üzrə səfərə çıxan hər kəs yol boyu yaşıllığı olmayan boz çöllərə rast gələrdi... Amma indi həmin yolların hər iki tərəfində uzanıb gedən yaşıllıqlar göz oxşayır, ürək açır.
Neçə il əvvəl bu yaşıllaşdırma ənənəsinə start veriləndə təsadüfən yolum Şamaxıya düşmüşdü. Bakıdan başlanan yolun Müşfiqabad, sonra Cəngi qəsəbələri, Qobustan rayonu ərazisindəki hissəsində yeni əkilən ağacların ətrafında nazir Hüseyn Bağırovu gördüm. Yer qazırdı, ağac əkirdi. Maşını saxlayıb ətrafı seyr etdim, çoxsaylı insanlar əkilməsini gözləyən maşın-maşın həmişəyaşıl ağacların ətrafında var-gəl edirdi. Ağacları yaxşı tanıdığımdan dərhal növünə diqqət etdim. Əksəriyyəti quraqlığa davamlı, yarıqumsal torpaqlarda yaxşı bitən həmişəyaşıl yolka, küknar, bir də iydə ağacı idi... Və təsadüf elə gətirdi ki, səhəri gün Şamaxıdan Ağsuya və oradan da Kürdəmir yolu ilə Bakıya qayıtmalı oldum. Hacıqabul ərazisində də oxşar mənzərə idi. Burada da vurhavurla ağac əkilirdi. Yenə də ağacların növünə fikir verdim: həmişəyaşıl yolka, küknar, hansısa Afrika cəngəllikləri üçün ənənəvi olan digər növ bəzək ağacları əkilirdi.
Abşeron çöllərində palma əkiləndən, sanki zeytun ağacları “hirsindən” bar verməyi dayandırdı!
...Palmaları
görəndə lap dilxor oldum. Dərhal yadıma Bakı-Gəncə yolunun
Qaradağ rayonu Lökbatan qəsəbəsindən
keçən ərazisində, Xəzərin sahilində
(solda) Hacı İbrahim Nehrəmlinin “Xəzər Adaları”
adlı layihəsini nişan verən və yol boyu sərgilənən yüzlərlə
iri palma ağacları yadıma düşdü. Hansı ki, həmin hündür palmaların hər
birinin orta bazar qiyməti 150-200, daha iriləri isə 500
manatdır.
Bu hələ
harasıdır: Bakı-Gəncə magistralının
Qaradağ rayonu ərazisindən (DYP postunadək və
sonrakı ərazilərdə, dənizin sahili boyu) keçən
hissəsində, on kilometrlərlə uzanan sahil boyu minlərlə
palma ağacları əkilib. Və bu bahalı palmaların
hamısı bir ildən sonra Abşeron yarımadasının
güclü küləyinə tab gətirə bilmədi,
quruyub, yıxılıb məhv oldu...
...Bu
acı, həm də təəssüf hissi yaradan mənzərədən
təsirlənib geniş məqalə hazırladım, qəzetdə
dərc etdirdim. Həmin yazıya o dövrdə
aidiyyəti dövlət qurumlarından, həmçinin
ictimaiyyət nümayəndələrindən xeyli diqqət
yetirildi. Rəsmi cavab da aldıq, təşəbbüsümüz
bəyənilmişdi. Həmin rəsmi
cavab məktubları redaksiyanın arxivindədir.
Təbii
ki, yazıda həm də Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, Bakı Ekologiya və Təbii Sərvətlər
İdarəsinin aidiyyəti qurumlarına və meşə
idarələrinin rəhbərlərinə təkliflər
vermişdik... Nəticə daha yaxşı
olmasa da, pis də olmadı. Belə ki,
növbəti ildə (2011-2012, 2013) istər Bakıda, istərsə
də bölgələrdə yaşıllaşdırma idarələrinin
keçirdiyi ağacəkmə kampaniyalarının əkin
üslubu dəyişdi. Həm də
forması və məzmunu. Artıq son illər palma, yolka, küknar kimi həmişəyaşıl
ağacların Abşeronda və Azərbaycanın aran ərazilərində
əkilməsinə demək olar rast gəlinmir... Ənənə,
münasibət və forma dəyişmişdir. İndi çox yerdə zeytun ağaclarının əkilməsi
diqqəti çəkir. Hətta bu yaxınlarda Ağdam
rayonunda və Ağcabədidə təzə salınan park və
yaşıllıq zolaqlarında bir ədəd belə yolka,
küknar, palma və digər barsız həmişəyaşıl
bəzək ağaclarına rast gəlinmir. Əksinə,
adı çəkilən rayonlarda zeytun plantasiyalarını
görəndə sevinməyə bilmirsən.
“Azərsun
Holdinq” zeytuna ikinci həyat verməkdədir...
Zeytunun nəinki
Azərbaycan iqtisadiyyatında, ümumiyyətlə, dünya
ərzaq bazarında, mühüm əhəmiyyət
daşıyan ərzaq-qida rasionu olması barədə
hamı yetənincə bilgilidir və bu barədə çox
danışmağa lüzum görmürəm. Amma deməyi
vacib sayıram ki, Abşeron iqtisadi zonası üçün
zeytunun xüsusi yeri var. Rəsmi statistikaya görə, Azərbaycanda vaxtilə bar verən
zeytun bağlarının ümumi sahəsi 3 min hektar olub ki,
bunun da 2500 hektarı Bakının Zığ, Qala, Hövsan,
Bilgəh, Türkan, təxminən 400-500 hektarı isə
Buzovna, Sumqayıt və Kürdəxanı ərazisinə
düşür. Bir vaxtlar mövcud
zeytunçuluq sovxozları ləğv olundu və etiraf etmək
lazımdır ki, bununla da zeytunçuluğun fəlakəti
başladı.
Məhv
edilən bağlar, əldən çıxmış məhsullar...
Kənd Təsərrüfatı Nazirliyinin rəsmi
saytının məlumatına görə isə, hazırda cəmi
2000 hektara yaxın zeytun bağları qalıb. Müşahidələrimiz
sübut etdi ki, bu bağların da böyük bir hissəsi
uzun illər aqrotexniki qulluqdan uzaq olduğundan bar verməkdən
dayanıb, quruyub, zəifləyib. Hətta
Türkan və Zığ ərazisində müşahidə
apararkən foto-kameramızın obyektinə bağların
arasında gəzişən qoyun və mal sürüləri
də düşdü. Bu da zeytun kimi qiymətli
ağaclara münasibətimiz! Təsəvvür
edirsinizmi, vaxtilə mövcud olmuş 3 min hektar bağ sahəsindən
indi vur-tut 2 min hektarı qalıb. Bu həm də o deməkdir
ki, Azərbaycan bazarı məhv edilmiş 1000 hektar zeytun
bağlarının barından məhrum edilib... Axı zeytun həm də küləkli havalar əskik
olmayan və bu səbəbdən atmosferi toz-dumanlı
Abşeronda torpağın eroziyasının
qarşısını almaqda ən səmərəli
yaşıllıq növü deməkdir.
“Azersun
Holdinq”dən gözlənilməz, amma arzulanan addım...
Rəsmi
məlumatlara görə, hazırda ölkəmizdə ildə
60 ton zeytun yağı, həmçinin zeytun meyvəsindən
hazırlanmış
çoxçeşidli məhsullar
hazırlanır. Bu məhsulun yeni texnologiya əsasında
hazırlanması və hətta dünya bazarına Azərbaycan
markası ilə çıxarılması isə “Azersun
Holdinq” Şirkətlər Qrupunun adıyla bağlıdır.
Yeri gəlmişkən, bir müddət əvvəl
Bakıda keçirilən “Caspian-Aqro” III Beynəlxalq Kənd
Təsərrüfatı, Ərzaq Emalı və
Qablaşdırma Sərgisində məhz Beynəlxalq Zeytun Təşkilatının
rəhbərliyi də iştirak edirdi. Xatırlayıram
ki, Beynəlxalq Zeytun Təşkilatının baş direktoru
Bakıda görüşlər keçirdi, hətta qurumun
nümayəndələri ilə Azərbaycan fermerlərinin
görüşü də təşkil olunmuşdu. Bütün bunlar isə o deməkdir ki, Azərbaycanda
zeytunçuluğun inkişafına beynəlxalq diqqət nəzərə
çarpır və bu işdə isə “Azərsun Holdinq”in
adı qırmızı xətlə keçir.
Xosrov Kərimli,
bioloq: “Əgər əvvəllər idarə və ya müəssiələrin
bağ sahələrində, bağçalarında həmişəyaşıl
küknar, yolka və digər barsız dekorativ ağaclar əkilərdisə,
indi həmişəyaşıl və uzun ömürlü
zeytun ağacına üstünlük verilir...”
Bəs zeytunçuluğun yeni inkişaf mərhələsi
nədən keçir? Təbii ki, ilk növbədə bu qiymətli
bitkiyə qarşı münasibət dəyişməlidir.
Xüsusən də ölkəmizin hər yerində
yaşıllaşdırma siyasətinin həyata keçirildiyi
bir vaxtda yeni salınan park və yaşıllıq
zolaqlarında həmişəyaşıl zeytun
ağaclarına üstünlük verilməsi yolu ilə.
Bildiyimiz kimi, zeytun ağacları
üçün Abşeron torpaqları ən münbit hesab
olunur. Çünki zeytun ağacları
qumsal və yarı qumsal Abşeron torpaqlarında
quraqlığa davamlı olması səbəbindən daha
yaxşı bitir, izafi xərc və zəhmət, xüsusi
qulluq tələb etmir. Üstəlik, həmişəyaşıldır,
kökü şaxələnərək dərinə getdiyindən
güclü küləkdə, tufanda belə, yıxılmaq və
ya qırılmaq təhlükəsi yoxdur.
Abşeronun Çilov adasına iki ildir ki, yeni status
verilib və Neft Daşlarının bir bölgəsi olan adada
indi Pirallahı rayonu vardır. Adanın
yaşıllıq zolağı həmişə kasad olub.
Baxmayaraq ki, burada zeytun bağlarının salınması həm
də burada yaşayan on minlərlə insanın küləklə
mübarizəsinə dayaq ola bilərdi,
küləyin təsirini xeyli azaldardı.
Nəhayət, bir neçə ildir ki, adada zeytun
bağlarının salınmasına start verilib. “28 may”
NQÇİ-nin MTB-nin rəis müavini Xosrov Kərimli ilə
elə Pirallahı rayonunda, daha doğrusu, Çilov
adasında görüşdük. Göz
işlədikcə uzanan boz çöllərdə vaxtilə
neftlə çirklənmiş ərazilərdə
salınmış zeytun bağları diqqəti çəkirdi.
Həmsöhbətim bunları dedi:
- İndi
ölkənin hər yerində məhz Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü
ilə “Ekologiya ili” davamlı olaraq həyata keçirilir... Və hesab edirik ki, Bakının və Abşeron
yarımadasının təbii iqlim şəraiti,
ekologiyası tələb edir ki, biz hər ilimizi “Ekologiya ili”
ilə davam etdirək. Bunun
üçün isə neftlə çirklənmiş ərazilərdə
daha çox yaşıllıq salınmalıdır. Bu sahədə isə zeytun ağacları ən məsləhətlisidir.
Həm həmişəyaşıldır,
küləyə dözümlüdür, quraqlığa
davamlı olmaqla neftlə çirklənmiş ərazilərdə
bitişi yaxşıdır, tingləri ucuzdur, xüsusi qulluq
tələb etmir. Təbii ki, meyvəsi də çox
qiymətlidir... Əgər əvvəllər idarə və
ya müəssisələrin bağ sahələrində,
bağçalarında həmişəyaşıl küknar,
yolka və digər barsız dekorativ ağaclar əkilərdisə,
indi həmişəyaşıl və uzun ömürlü
zeytun ağacına üstünlük verilir... Ümumiyyətlə,
özümə borc bilirəm deyim ki, “Azərsun Holdinq”
Şirkətlər Qrupunun rəhbərliyi sağ olsun ki, son
illər Azərbaycanda zeytunçuluğa yeni həyat verməkdədir.
Salınan bağlar, zeytun yağının, meyvəsinin
istehsalı üzrə yeni ən müasir texnologiyalı
zavaodların Azərbaycanda işə salınması həm də
süfrəimizə yeni qida və ərzaq mədəniyyətinin
gətirilməsi deməkdir...
- Bəs Azərbaycanda zeytunçuluğun inkişafı üçün daha nəyi etmək lazımdır və nə tələb olunur?
- Təklifim də belədir: Bilirsiniz ki, “Azərsun Holdinq” bu sahənin yeni inkişaf mərhələsinə əl qoymuş şirkətdir, yəni zeytunçuluğun inkişafı bu şirkətin adı ilə bağlıdır. Yaxşı olardı ki, şirkət yeni salınan zeytun bağları ayrı-ayrı fermerlərə icarəyə verə və bar verənə qədər bu bağlara qulluğu maliyyələşdirə. Çünki bildiyiniz ki, ən yüksək becərmə şəraitində belə zeytun ağacları 6-7 ildən sonra bar verir. Bu illər ərzində isə həmin bağlara qulluq lazımdır, qorumaq gərəkdir. Belə olarsa, nəinki Abşeron ərazisində, hətta rayonlarımızda zeytun bağlarının sahəsi on min hektarlara çatar. Həm aran rayonlarımızda torpağın şoranlaşmasının, eroziyasının qarşısı alınar, həm də insanlara yeni iş yerləri yaradılar. Zeytun ağacları bar verəndən sonra isə bölgələrdə nə qədər ilkin emal müəssisələri açılacaq, tədarük məntəqələri yaradılacaq...
***
Bəli, Azərbaycanda zeytunçuluğun yeni inkişaf mərhələsi başlayıb və bu möhtəşəm, həyati əhəmiyyəti və həm də savablı iş isə “Azərsun Holdinq” Şirkətlər Qrupunun adı ilə bağlıdır. Və ən vacibi, bu iş həm də şirkətin səmərəli fəaliyyətinə bağlıdır. Süfrəimizə və qida mədəniyyətimizə yenilik gətirən bu işə hamılıqla dəstək verməyin vaxtıdır...
Asif Mərzili,
Məzadlar.- 2014.-
13 mart.- S.9.