Məmməd Arazlı günlərin kitabəsi: “Ömürdən yarpaqlar”

 

 

Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür

 

(Əvvəli ötən saylarda)

 

 

 

 5 dekabr - Vəli Xramçaylı qəzet buraxmışdı.

 

 

- Kişi, Vəliyə deyərsən, səni də işə götürsün - zarafat etdim.

 

 

Sözümə lətifə ilə cavab verdi:

 

 

- Bir çoban şəhərə gəlir, görür ki, bir molla əzan verir. Çoban rastına çıxan adamlardan soruşur, mollanın qışqırmasının onun qoyun-quzusuna bir ziyanı yoxdur ki?  Yox,  cavabını verirlər. Onda kefi istədiyi qədər qışqırsın, güldü çoban. İndi Vəlinin qəzetinin bizə nə ziyanı?

 

 

8 dekabr - Tofiq Mütəllibovun Məmməd haqqında yazdığı məqalədə belə bir yerə rast gəldim:

 

 

“... 1954-cü ildə APİ-də poeziya gecəsi keçirilirdi. Bir sıra görkəmli yazıçılarla bərabər Məmməd də orada idi. Şeir oxumaqda növbə Məmmədə çatdı. O, şeirin bir bəndini yaddan çıxardı, duruxdu. Elə bu zaman zaldan bir tələbə həmin bəndi əzbər dedi, ayrı bir tələbə isə şeirin ardını əzbərdən dedi. Məmməd həm fərəhlənir, həm də duruxub zala baxırdı. Mehdi Hüseyn ayağa durdu: - “Bax, budur sənətkara oxucu məhəbbəti. Bu cavanın gələcəyi parlaq olacaq... - dedi.”

 

 

- Bu hadisə doğrudur?

 

 

- Hə, olduğu kimi yazıb.

 

 

- Bəs Mehdi Hüseyndən başqa orada kimlər vardı, onlar heç nə demədilər?

 

 

- Yadımda deyil.

 

 

11 dekabr - Dərmanları tapmaqda çətinlik çəkirəm. Qərara aldım ki, səhiyyə nazirindən kömək istəyim. Polis 2-ci mərtəbəyə qalxmağa icazə vermədi.

 

 

1-ci mərtəbədə Mirəli adlı bir işçidən icazə almalı oldum:

 

 

- Mirəli müəllim, Məmməd Arzın yoldaşıyam, məni içəri keçməyə qoymadılar.

 

 

Mirəli telefonda polisi danladı:

 

 

- Siz bilmirsiniz ki, o, bütün xalqın sevdiyi bir şairin qadınıdı.

 

 

Sonra üzünü mənə çevirdi:

 

 

- Bacım, Məmməd Araz bizim tacımızdır.

 

 

Nə isə... Mənə şərait yaratdılar və mən Əli müəllimin qəbulunda oldum.

 

 

Əli müəllim vaxtının az olduğunu nəzərimə çatdırdı.

 

 

- Vallah, xanım, sizsiniz qəbul elədim. Milli Məclisə gecikirəm, vaxt azdı.

 

 

Birbaşa gəlişimin səbəbini söylədim:

 

 

- Vaxtınızı çox almıram. Dərmanları tapmaqda çətinlik çəkirəm, xüsusən “Parkopan”a görə şəhərin bütün apteklərini axtarmalı oluram. Bu da mənə çox çətindir. Kömək edin, dərmanları bir aptekdən alım.

 

 

Əli müəllim dilləndi:

 

 

- İndi apteklər xüsusidir, amma kömək etməyə çalışaram.

 

 

- Əli müəllim, bir xahişim də var. Məmməd elə adamdır ki, o, heç kimi narahat etmək istəməz. Mən bilirəm ki, onun mənəvi dayağa ehtiyacı var. Onunla maraqlandığını görəndə gümrahlaşır. Olarmı bir həkim təhkim edəsiniz, o da ayda bir, iki aydan bir gəlib güya onun səhəti ilə maraqlanır kimi özünü göstərsin.

 

 

- Yox, xanım, heç bir həkimə deyə bilmərəm ki, get onunla maraqlan. Leçkomisiyanın üzvüsünüz, lazım olanda oradan çağırın.

 

 

Qəbul etdiyinə görə təşəkkürümü bildirib evimə qayıtdım.

 

 

12 dekabr - Məmməd soruşdu:

 

 

- Yadına gəlirmi, Moskvada - nəşriyyatda Harold Registan vardı.

 

 

- Sənə məktubları da var, arxivdə durur.

 

 

- Onunla Abxaziyada,  Qaqrada istirahət edirdik. Salamlaşardıq, deyərdi ki, bu gün arvada zəng edib hesabat verdim ki, bir misra yazmışam, amma arvadın xoşu gəlmədi, məndən çox şeir istəyir,  sonra da ürəkdən gülərdi.

 

 

Ruslaşmış erməni qarışığıdı. Yəhudilərin ondan xoşu gəlməzdi, deyərdilər ki, özünü rus kimi göstərir.

 

 

- Bilirsən ki, bir damcı qan belə erməni qarışığı varsa, deməli, ermənidir. Hə, sənə stoluna yaxınlaş dediyimə görə Harold Registandan misal çəkdin?..

 

 

14 dekabr - Məmmədi poliknikaya apardım. Bütün baxışlardan keçdi, analizləri götürdülər, ümumi baxış qənaətbəxşdir,  dedilər.

 

 

- Hər şey yaxşıdır, daha giley yoxdur.

 

 

Medalların təqdimatını təkrar verirdilər.

 

 

- Kənddə atamın saldığı bağı görmüsən. O bağa görə atama medal verdilər. Medalı təqdim edəndə atam soruşmuşdu:

 

 

- A bala, bu nədir?

 

 

- İnfil kişi, bağa görə medal almısan.

 

 

- Medalı neynirəm, əvəzində tənbəki versəydiniz yaxşı olardı, tənbəkim qurtarıb.

 

 

İndi mənə gileylənmək olmaz deyirsən.

 

 

15 dekabr - Şeirdən bu hissəni niyə çıxartdın?

 

 

- Hansı şeirdən?

 

 

- “Gələcəyin addım səsi” şeirindən:

 

 

Veneranın, Marsın, Ayın,

 

 

Daha nəyin qollarını

 

 

Göyün insan yollarını

 

 

Bir-birinə çatma kimi çatıb gəlir.

 

 

- Çox şişirtmə var, poz, lazım deyil.

 

 

16 dekabr - Oxuyurlar...

 

 

Yenə gəl bizə,

 

 

Duraq üz-üzə,

 

 

Ay işığında. 

 

 

- Amma ay işığı yoxdur, zülmətdir - deyə güldü Məmməd.

 

 

23 dekabr - Gileylənmək varmı,  gülə-gülə soruşdu Məmməd.

 

 

- Yox, həkimə getdik, hər şey qaydasındadır, iynələri də vurdururam, qalır şeir yazmağın.

 

 

- Zəif yazıram, yaxşı yaza bilmirəm. Sənə bir misal çəkim. Bir arvadın dəvəsi ölür. Arvad aramsız ağlayır. Cana gələn camaat bir dəvə alıb arvada bağışlayır. Arvad yenə də əvvəlki kimi dəvəsini tərifləyib ağlayır. Camaat ondan soruşur ki, biz sənə dəvə alıb verdik, daha niyə ağlayırsan. Arvad onlara cavab verir:

 

 

- İstəmirəm dəvənizi, qoyun  öz dəvəmi ağlayım. İndi mən də bütün iynələri, analizləri geri qaytarıb gileylənmək istəyirəm.

 

 

24 dekabr - Bəlkə də insan özü yoldur, ömrü boyu özündən özünə yol gedir. Gedir-gedir ölüm adlı bir ünvana çatır. Yaş keçdikcə ölüm haqqında daha çox fikirləşirəm.

 

 

Axşam “İbrət” adlı veriliş gedirdi. Veriliş Şəhriyara həsr olunmuşdu. Məmməd dedi ki, sən “Səhər” verilişinə baxmırdın. Bir qrup ziyalı İran başçılarına müraciət edib. Ermənilərin bizim yerdə öz dillərində məktəbi, institutları var. Amma öz vətənimizdə nə məktəbimiz, nə də mətbuatımız var. “Xalq” qəzetində də bu haqda yazılıb. Sənə qəzet al deyəcəkdim, yaddan çıxıb.

 

 

- Taleyimi Araza bağladığım gündən Araz dərdi poeziyamın şah damarına çevrilib. Arazın bu tayında - qədim Naxçıvanda dünyaya göz açmışam. “Arazın işıqları”, “Bu gecə yuxuda Arazı gördüm”, “Mövzularım tükənəndə”, “Görüşməmiş dostlar”, “Arazın nəğməsi”, “Araz axır” poeması Cənuba həsr olunub.

 

 

... - Araz mövzusu bəynəlxalq kürsülərə çıxarılmalıdır. Araz şairi olmağıma qərar verməmişdim. Necə düşünmüşəm elə yazmışam, necə görmüşəmsə elə göstərməyə çalışmışam. Nə fərqi Araz şairiyəm yoxsa-yox. Araz şeiri yazılmalıydı, gözüm yumulana qədər də yazacağam...

 

 

Təki sözümüz köhnəlməsin, laylalarımız ruhumuza yad olmasın.

 

 

Bir qaragöz oğul da “bir” qaya üstündən mənim ruhuma desin:

 

 

“ Bu dünyada sən də vardın, Məmməd Araz, arzuna çatdıq, ay qoca dağ, arzun mübarək!”. 

 

 

... Yəqin ki, qüdrətli dövlətimiz olsa cənuba çox kömək etmiş olarıq.

 

 

... Bizim ziyalılarımız külək hansı səmtə əsibsə ona tərəf çönüblər. Təkcə Süleyman Rüstəm cənub məsələsinə sadiq qaldı. Əgər ziyalı millətin bayrağını götürüb xalqın istədiyi yüksəkliyə qaldıra bilmirsə, nə o xalq ucala bilər, nə də onun ziyalısının mən varam deməyə haqqı var.

 

 

25 dekabr - Cəfər qardaş telefonda əvvəl Məmmədlə danışdı, sonra məni çağırdı.

 

 

- Bacı, Məmmədə ithaf olunmuş şeirləri toplayıb çap elətdirmək istəyirəm. Deyirlər ki, səndə böyük papka var. Onları mənə verərsənmi?

 

 

- Qardaş, bizdə elə papka yoxdur. Məndə olan ithaf şeirlərini sənə çatdıraram. Çap elətdirərsən.

 

 

26 dekabr - Çox qərib bir hiss ürəyimə dolub. Nəriman Zeynal Vəfa haqqında danışır.

 

 

- Necə şairdir,Məmməd, Zeynal Vəfa?

 

 

- Yaxşı şairdir, mənim “şkolamdı” - deyə güldü Məmməd. - İslam Səfərlinin bacısı oğludur.

 

 

- İl nə vaxt başlandı, nə vaxt qurtardı?

 

 

- Bir göz qırpımında.

 

 

- Məqalələrini yazıb qurtarıram, sadəcə bir sağ ol da demirsən.

 

 

- Hamısını bir yerdə deyəcəyəm. Heç yaza bilmirəm, yazımı oxumaq olmur.

 

 

- Şeiri yazıb qurtaran kimi ver köçürüm, yoxsa sözlər yadından çıxır, onu bərpa edəndə əziyyət çəkirəm.

 

 

- Olar. Qurdların belə bir xasiyyəti var. İnsan yaşamayan, mal-qara olmayan yerlərə ayaq basmır, ulayb yoldaşlarına xəbər vermirlər. Mənim fikirləşdiyim kəndin ətrafında da qurd ulamır. Boş qalmış kəndlərimiz ətrafında heç bir heyvan izi görünmür. Demirəm ki, yaxşı şeirdir. Insan ürəyi həmişə gözəl sənət əsərlərinə möhtacdır. Sənət əsəri ən ağır əzabları unutdurur. Yaxşı şeir oxumaq, şeiri yaxşı oxumaq oxucunu tərbiyə edir. Bunlar da biz şairlərin “vəzifəsinə” daxildir... Axı çox kəndlərimiz xarabaya dönüb və dünya da bunu görə-görə susur..

 

 

29-30 dekabr - Bu gün işə yanıma Cəlilabadda yaşayan Adil Əliyev adlı birisi gəlmişdi.  Sənə də şeir həsr edib. Zəlimxanın şeirinə oxşayır, sabah gətirərəm.

 

 

- Yeni ili Aqilgildə keçiririk.

 

 

1999

 

 

1-2 yanvar - İki şeirini köçürtdüm. Adamı kövrəldən şeirlərdir. Birinin adı belədir “Hara getdi təm-tərağı bu kəndin”

 

 

Televizorda isə çal-çağırdı. Özləri də deyirlər ki, “düşmənin acığına belə cah-calalla bayram keçiririk”

 

 

- Bir millət ki, düşmənin acığına torpaqları almaq əvəzinə “cah-calallı” bayram keçirir, vay bu millətin halına - deyindi Məmməd.

 

 

- Kayahan yenə də oxuyur: “Atın məni dənizlərə, yalan dünya sizə qalsın”.

 

 

15 gecəlik ay bütün işığını bizim pəncərəmizə “salıb”. Eyvana çıxıb dənizə səpələnmiş işığa baxır. Məni də dəvət edir...

 

 

- Mənim “İlham pərisi” şeirim təkrarlarda ixtisarla gedib.  İlk çapı deyəsən “İllərdən biri” kitabında tam gedib. Cildləri hazırlayanda bunu yadında saxla.

 

 

- Nəşriyyatda Firəngiz xanımla rastlaşdım. Dedi ki, Xəlilin gündəliyində mənimlə əlaqədar yazıları köçürüb sənə verəcəyəm.

 

 

6 yanvar - Makinaçı Dmitri Dadaşidze haqqında məqalənin sözlərini təhrif etmiş, bəzilərini isə yazmayıb buraxmışdı. Bəzi sözləri isə özündən icad etmişdi. Sözləri bərpa etmək üçün mətni Məmmədə verdim. Bir az oxuyub qaytardı.

 

 

- Bu yazını mən yazmamışam, kimsə yazıb.

 

 

- Necə? Nə dedin, bu sənin əlyazman deyil? Mətnin birinci vərəqi yoxdur. Əlimizdəki ikinci səhifədir. Bu xətti ancaq sən yaza bilərsən, “inci” kimi. Kim sənin xəttinə oxşada bilər.

 

 

- Düz deyirsən, əlyazması şahiddir.

 

 

Məqaləni oxuyub bərpa etdi. Sonra məqaləsini tərifləməyə başladı:

 

 

- Yaxşı yazıdır, əla yazıdır.

 

 

Sonra Adil Əliyevin mənə həsr etdiyi şeirin bir bəndini gətirib verdi.

 

 

Gülxanım anaya.

 

 

Fələklər daş atdı, ömrünə dəydi,

 

 

Fələklər bilmədi onun eşqi nə.

 

 

O, Allah arzusu, Tanrı eşqidi,

 

 

Allah rizasına, Tanrı eşqinə

 

 

Anam, muğayat ol Məmməd Arazdan

 

 

Adil Əliyev. Biləsuvar rayonu

 

 

- Aydın yazı gətirmişdi, yazı yaxşıdı, amma yenə bostana daş atıb, eyhamlar lazım deyildi.  Bir də Rəfiq Zəkanın vəfat etdiyini söylədilər.

 

 

- Hə,  başlandı bir nəslin yarpaq tökümü”.

 

 

- Naxçıvan nümayəndəliyinə getmişdin, nə dedilər?

 

 

- Nazirlər Sovetinin birinci müavini də orada idi. Dedilər ki, Naxçıvanda kitabının təqdimatını keçirmək istəyirik.

 

 

- Nə vaxt?

 

 

- Nə vaxt biz istəsək.

 

 

14 yanvar - Bu gün nədənsə narahatam. Axşam eşitdim ki, Barat xanım Şəkinskaya vəfat edib. Yadıma İstisuda istirahət etdiyimiz günlər düşdü. Mehriban qadın idi. Məmmədlə də qəribə salamlaşmağı var idi:

 

 

- Sabahın xeyir, ərəb oğlu.

 

 

Məmmədə ərəb oğlu deyərdi. Gözəl söhbətləri olardı, allah sənə rəhmət eləsin, Barat xanım.

 

 

Məmməddən müsahibə götürmək üçün jurnalist gəlmişdi:

 

 

- “Qasid” qəzetindən gəlmişəm, Məmməd müəllim, istəyirəm bu günün hadisələri və vəziyyəti haqqında sizdən müsahibə götürəm. Adım Teymurdur, jurnalistəm.

 

 

Və soruşdu:

 

 

- Eviniz çox sadədir, bütün otaqlar belədirmi? Bəzi şairlərin evinə gedirsən, elə bil ağırlıqdan divarlar adamın üstünə gəlir.

 

 

- Ən varlı otağımız budur.

 

 

- Gülxanım müəllimə, sizcə Məmmədi ancaq Naxçıvanda çox istəyirlər.

 

 

- Yox, bala, mən Məmmədlə hara getmişəm, bütün bölgələrdə onun çox böyük sevgi ilə qarşılandığının şahidi olmuşam.

 

 

- Çünki müəllimə, Məmməd əmi büllur kimi təmiz, saf adamdır - əlavə etdi jurnalist.

 

 

(Ardı var)

Təzadlar.- 2014.- 15 mart.- S.1.