Azərbaycanla Türkiyə arasında körpü salan rəssam
Mahir Hüseynbəyli: “Belə sənətkara o zaman dəstək olmaq bilirsiniz nə demək idi?”
...Etiraf edim ki, onun adını ilk dəfə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevlə keçən ilin avqust ayında Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin və Kastamonu Şəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə təşkil edilən “Türk Dünyası Günləri” çərçivəsində tədbirlər zamanı eşitdim. O günə qədər belə bir rəssamın varlığından xəbərsiz idim. Haqlı olmağım üçün də əsas vardı. Çünki onunla bağlı internetdə axtarış apardım. O qədər də dolğun məlumat çıxmadı. Vəfatı xəbərindən başqa heç nə yox idi.
Hər zaman böyük sənət insanları reklamdan qaçır, özlərini gözə soxmaqdan uzaq olurlar. Bildiyimiz qədər də mərhum reklamsız öz sənətini yaşadıb və Azərbaycan rəssamlıq sənətini tanıdanlardan olub.
Kastamonda tədbirlər çərçivəsində Xocalı soyqırımı ilə bağlı sərgisinin açılışında iştirak edirdik və sərgidə Türkiyənin siyasi-ictimai və media mənsubları dəvətli idilər. Sərgidə Xocalı soyqırımı ilə bağlı Azərbaycanın tarixini-mədəniyyətini özündə əks etdirən rəsm əsərləri yayımlanırdı. Tarixi fotolarla bağlı məlumatı iştirakçılara Adil Əliyev verirdi.
Bu zaman Adil müəllimin köməkçisi Rüstəmdən telefonuma belə mesaj gəldi ki, “Elnur, maraqlanın, Ədalət Bayramov adında Kastamon şəhərində rəssam var, zamanında Adil müəllim ona böyük dəstək olub. Çox böyük rəssamdı. Onunla mütləq görüşün...” Sonradan öyrəndim ki, həmin mesajı fotoqrafçı, onun yaxın dostu Mahir Hüseynbəyli yazıb. Sərgi qurtardıqdan sonra Adil müəllimə dedim ki, belə bir rəssam dostunuz Kastamon şəhərində yaşayır. Adil müəllim gəlmişkən də, onunla görüşməyimizi söylədi. Bu işdə bizə ancaq bələdiyyə kömək ola bilərdi. Təəssüf ki, bizə onunla bağlı verilən xəbər ürəkaçan olmadı. Belə ki, bizi müşahidə edən Kastamon şəhər bələdiyyəsinin sədr müavini Mehmet Çağılcı Ədalət Bayramoğlunun 5 il əvvəl rəhmətə getdiyini söylədi: “Səhv etmirəmsə, Ədalət Bayramoğlu 2008-ci ildə xərçəng xəstəliyində vəfat etdi. Burada onu hörmət və izzətlə xatırlayırlar. Ədalət Bayramoğlu ismi kastamonlar üçün çox əzizdi. Kastamonda onun işləri qalır. Kastamonun fəxri vətəndaşı olub və hazırda adına müzey var. Onun vəfat xəbəri yerli qəzetlərdə geniş işıqlandırıldı. O zamankı Kastamon valisi mərhum Mustafa Kara onun vəfat xəbərini eşidən kimi xəstəxanaya gedərək, mərhumun ailəsinə başsağlığı vermişdi. Vali sənətkarla bağlı fikrini bölüşərkən yüksək sözlər bildirmişdi”, -deyə Çağılcı onun haqqında qürurla danışırdı. Doğrudan da soydaşımız haqqında belə sözlər eşitmək qürurvericidir.
Təbii ki, belə böyük rəssam haqqında nəsə yazmaq və onu tanıtmaq hər bir media işçisinin borcu və vəzifəsi olmalıdır. Ədalət Bayramoğlu zamanın böyük rəssamı olub. Sadəcə, yaşadığımız dünyada hər şeyin arxasında təbliğat dayandığı üçün Ədalət Bayramoğlu ölkəmizdə istənilən səviyyədə tanınmayıb. Bəlkə də rəssam özü bunu istəməyib. Onu eşitdik ki, rəssam Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanla görüşüb, öz əl işlərini ona təqdim edib. Baş nazir isə onun əl işlərini xaricdən gələn hörmətli qonaqlarına hədiyyə edirmiş... Deməli, rəssamın əl işləri xarici dövlətlərin binalarında saxlanılır.
Ədalət Bayramoğlunun yaxın sirdaşı və foroqrafçı Mahir Hüseynbəyli mərhum haqqında danışarkən gözləri dolur: “Ədalət mənim üçün çox əziz insandı. Onun çox maraqlı dünyası var idi. Mən Ədalətlə 1992-ci ildə toyların birində tanış olmuşdum. Bir gün onun Əhmədli tərəfdə yerləşən emalatxanasına getdim. Maqnitofona tanınmış balaban ustası Hakim Abdullayevin ifasını qoyub özüm üçün qulaq asırdım. İfa çox möhtəşəm və təsirli idi. Bir də gördüm ki, Ədalətin gözlərindən yaş gəlir. Soruşdum ki, ay Ədalət, nə olub, niyə ağlayırsan? Dedi ki, Mahir, bu ifa mənə uşaqlıq xatirələrimdə yaşayan acı günü xatırladır. Sonra danışdı ki, uşaq vaxtı atası ilə bir dəfə harasa gedirmişlər və evə qayıdarkən selə düşüblər, özlərini güc-bala ilə qurtarıblar. Bu ifa isə ona tamamilə yadından çıxan həmin xatirəni yada salır...
Həmin dəqiqə ağlıma bir ideya gəldi ki, Ədalət balaban musiqisi altında gözəl əsərlər yarada bilər. Çünki dünya rəssamlıq tarixində Dolqanov adında rəssam olub ki, kosmik səslərlə möhtəşəm əsərlər yaradıb. Mən Ədalətə balaban ifası ilə rəsm çəkməsini təklif etdim. O, mənə ideyanın maraqlı olduğunu və üzərində işləməyə dəydiyini bildirdi. Beləliklə, Ədalət Hakim Abdullayevin ifasında ilk işlərini başladı. Mən yavaş-yavaş Hakimin ifasını toylarda izləməyə başladım. Onun ifasını kasetə köçürəndən sonra Ədalətə təqdim edirdim. Haradasa 80-90 əsər işlədi. Sizi inandıraram ki, miniatür sənətində yeniliklər yaradırdı. Bununla yanaşı, Ədalətə dəstək lazım idi. O zaman 26 yaşı olan yaxın dostum indiki millət vəkili Adil Əliyevlə görüşdüm və ona Ədalət haqqında məlumat verdim. O, isə belə maraqlı insanla görüşmək istədiyini və dəstək olacağına vəd verdi. Mən bunu tərif üçün demirəm....
Müəyyən vaxtdan sonra onların görüşünü təşkil etdim və hər ikisi də görüşdən məmnun qaldı. Adil müəllim ona hər cür dəstək olacağını söylədi. Belə sənətkara o zaman dəstək olmaq bilirsiniz nə demək idi? Sənətkarı yenidən həyata qaytarmaq və ona yaradıcılıq ruhu vermək idi. Çünki Ədalət çox pessimist əhval-ruhiyyədə olurdu və onu bu vəziyyətdən çıxartmaq üçün çox çalışırdım. Bildirim ki, Ədalətin mədəsində problemlər var və ağrılardan çox əziyyət çəkirdi. Adil müəllim onu qısa zaman içində Türkiyənin Antalya şəhərinə iki həftəlik müalicəyə göndərdi. Bu müalicələrin Ədalətə çox böyük təsiri oldu. Ədalət Türkiyədə müalicə olunmaqla yanaşı, həm də orda təsviri və miniatür sənəti ilə maraqlanırdı. Türkiyədə bu sənət çox güclü inkişaf etmişdi. Xüsusilə, Türkiyədə tarixi abidələrin, məscidlərin minarələrinin görünüşləri onun diqqətini cəlb etmişdi. Sonradan bu, onun yaradıcılığında öz əksini tapdı. İki həftədən sonra Ədalət Bakıya qayıtdı. Qısa zaman ərzində sərgi təşkil etmək haqqında danışdıq və müzakirələr apardıq. Bir müddət sonra - Adil Əliyevin dəstəyi ilə Ədalətin 1995-ci ildə Rəssamlar İttifaqında sərgisi oldu. Bütün ölkənin rəssamları sərgidə iştirak edirdi. Sərginin bütün xərclərini Adil Əliyev öz üzərinə götürmüşdü. Adil Əliyevin özü isə kənardan sərgini izləyirdi. Sərgi istədiyimiz kimi gedirdi. Eyni zamanda həmin gün Ədalətin 4 yaşlı oğlu, mərhum Cavidin sərgisi də oldu. Yadıma gəlir, açılış sərgisinin lentini kəsən Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov qırmızı lentin kəsilmiş hissəsini Cavidin cibinə qoydu. Bunu sərgidən xatirə olaraq saxlamasını tövsiyə etdi. Bu sərgi Ədalətə çox böyük təsir göstərdi və ona böyük güc verdi. Bir müddət sonra ona XVI əsrdə yaşayan miniatür sənətinin böyük xadimi “Soltan Məhəmməd” mükafatı verildi. Ədalətin yaradıcılığı Türkiyədə də parladı və onun nüfuzu yuxarıları qədər gedib çıxdı. Ədalət Türkiyənin Kastamon şəhərində yerləşdi və orda fəaliyyətini davam etdirdi. Bildiyim qədər onun xatirəsi hər zaman əziz tutulur. Ədalət haqqında çox danışmaq olar. İnanıram ki, gələcək nəsillər onun yaradıcılığını öyrənəcək”, - deyə M.Hüseynbəyli bildirdi.
Xatırladım ki, sənətkarın bu il ailəsində böyük faciə baş verdi. Belə ki, rəssamın yadigarı Cavid, öz xalası oğlu Asimanla birlikdə Nərimanov rayonunda ev söküntüsü zamanı tikintinin altında qalaraq faciəli şəkildə dünyalarını dəyişdilər. Bu acı xəbər bütün ölkəni bürüdü. Cavid amansız dünyada anasını tək qoyaraq atasının yanına getdi. Cavid atasının yolu ilə gedərək rəssamlıq sənətini davam etdirirdi. Gənc olmasına baxmayaraq, sənətdə yeniliklərə imza atmağa çalışırdı.
Allah hər üçünə rəhmət eləsin!
Elnur Eltürk
Təzadlar.- 2014.- 15 mart.-
S.10.