Məmməd Arazlı günlərin kitabəsi:
“Ömürdən yarpaqlar”
Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...
(Əvvəli ötən saylarda)
18 yanvar - Akif tanışların salamını çatdırdı:
- Qızımgildəyəm, Şölə də gəlib. Bu saat bir az nasazam, sağalan kimi gələcəyik. Naxçıvandan salam gətirmişəm.
Sonra Həsən Zeynalov Məmmədi telefona çağırdı:
- Vasif Talıbovla görüşmüşəm. Kitabın təqdimatını yüksək səviyyədə keçirəcəklər. Yanvar ayı bir az gərgin aydır, fevral isə boz aydır, soyuqdur. Martın əvvəllərinə saxladıq.
19 yanvar - Ramazan bayramının axşamıdır. Elman uşaqları, yoldaşı Şəmidə xanımla və qardaşı Oqtayla bayramı təbrikə gəlmişdilər. Elman dedi:
- Bakı məktəblərinin birində oldum. Direktora dedim ki, xəbərin varmı çox təhlükəli formada mənəvi aşınma gedir. Bunun qarşısını almaq ancaq ziyalıların borcudur.
Məmmədin cavabı:
- Gəl çox işi ziyalıların boynuna yükləməyək. Burda millət özü də ayıq olmalıdır. Ziyalılardan da çox şey asılıdır. Əgər ziyalı xalqın önündə gedə bilirsə, deməli, o xalq mövcuddur. Xalq isə ziyalının ardınca gedirsə, deməli, ziyalı mövcuddur. Bizdə milli azadlıq, demokratiya bayrağını ilkin götürən ziyalı olub. Bu, bizim milli xarakterimzə uyğundur və təbiidir. Milli azadlıq hərəkatı ilə demokratikləşmə prosesi bir-birilə sıx bağlıdır və bunların hər ikisinin müəllifinin ziyalı olması çox təbiidir. Ziyalı xalqın ağlı, xalqın gözünün işığı olmalıdır. Əgər bir xalqın ziyalısı külək əsən tərəfə boylandı, o xalqa yazıq. Və ziyalı ikibaşlı əjdahaya bənzərsə o xalq yaşamaz, məhv olar. Yenə də deyirəm - hər işdə ziyalını günahlandırmaq olmaz. Xalqdan da çox şey asılıdır.
Söhbətə şerlərindən misalla qoşuldum:
Ömür bir sualdır, ömür bir cavab
“Niyələr” başlanğıc, “çünkilər” axır...
...Zaman xəlbirindən keçməyənlərin
Sonrakı
taleyi çox yaman olur...
..Beş
addım gedirsən, görürsən artıq
Sual da, cavab da, vaxt da qurtardı.
Zaman
azmışın tutub qolundan
Dinməzcə
yerində oturdacaqdı...
31 yanvar - Bu günlər ərzində
başımıza çox işlər gəldi. Arada Yılmaz
və Şəlalə bərk xəstələndi. Məmmədin gileyi də çoxalmışdı.
Tanış-biliş, deyəsən, bizdən
uzaqlaşmağa başlayıb. Bu arada
ancaq bizimlə telefonla İsa danışdı.
- Ay
İsa, niyə görünmürsən?
-
Maşının arxa tərəfində şəkil gəzdiririk.
Kişin də deyir ki, şəkillə bu həyətə
gəlmə. Onda gərək şəkili
çıxarım sonra gəlim - zarafat cavab verdi
İsa.
3 fevral - Məmməd, Adil Rüstəmovun Türkiyəyə
getmək məsələsi nə oldu?
- Onun
yerinə öz adamlarını saldılar.
- Deməli,
yenə də yaxşı sənətkara yer yoxdur.
-Həmişə
belə olub, indi də elədir. Bundan sonra da elə
olacaq. Çünki istedadı olmayanlar həyasızlıq
edir, müxtəlif vasitələrdən istifadə edə
bilirlər. Özlərini gözə
salmaq üçün heç nədən çəkinmirlər.
İstedadlı adam isə utanıb çəkinir.
Ancaq əsl sənətkar heç vaxt
şöhrətin dalınca getməmiş və gəlişi
üçün də dəvətnamə göndərib ziyafət
düzəltməmişdir. Ad-san sənətkarın
qapısını özü döymüşdür. Bəzən
sağlığında, bəzən də məzarında... Satın alınmış şöhrətin sahibi
bir gün gəlir, səni soyundurub onu geyindirirlər. Yaxşısı budur ki, başını
aşağı salıb, “daşını yonub,
divarını hörəsən”.
- Niyə,
istedad da o yolu seçsin.
- İstedadlar anadan belə doğulur. O ayrı cür ola bilməz.
4-6 fevral - “Unutma ki, dünya fani, verən Allah alır
canı. Biz nasıl unuduruq səni, can bədəndən
çıxmayınca”. Barış
Manço da belə getdi. Ölüm pula,
şöhrətə baxmır. - Məmməd fikirli-fikirli bu sözləri
pıçıldadı.
Axşam Elman və dostu Rauf qonağımız oldu. Rauf
özünün “Bizi deyib gəlmə, Mirzə” şeirini
oxudu. Sonra Məmmədin şeirlərindən
əzbər deməyə başladı. Raufun söhbətlərindən:
- Əgər Avropada bütün kitabxanalar yanıb təkcə
bir “Səfillər” qalıbsa, deməli, dünya ədəbiyyatı
yaşayır.
Və əgər bütün dünya ədəbiyyatı
məhv olub təkcə Məmməd əminin “Atamın
kitabı” poeması və ya kitabı qalıbsa, deməli, XX əsr
ədəbiyyatı yaşayır. Bu, mənim fikrimdir,
etiraz etsəniz də belədir, etməsəniz də...
Elman da
söhbətə qarışdı:
- Məmməd
müəllimi başa düşmək üçün
Mövlananın kitabını oxudum. Orada qəlbin
və əqlin izahatı var.
Biz Məmməd Arazı geri
qaytarmırıq, əksinə, Məmməd Araz XXI əsrin
şairidir. Bəlkə onu o vaxt
yaxşı anlaya və təhlil edə bilərlər.
7-9 fevral
- Aqil dedi: - Əmi, səni və Bəxtiyarı Barış
Mançoya oxşatmışam. O, uşaqları sevir və tərbiyələndirir,
anladırdı. Siz də bu milləti
anlatmağa çalışırsınız.
Naxçıvanın 75 illiyini keçirtmək
üçün qərar qəbul edilmiş,
Naxçıvanın tarixi ilə əlaqədar müxtəlif
çıxışlar təşkil olunmuşdu. Ermənilərin “Naxçıvan bizimdir” iddiası da səslənirdi.
Məmməd
bu söhbəti danışdı:
- 72 və
ya73-cü il idi, yadımdan
çıxıb. Gürcüstanda Azərbaycan
ədəbiyyatı günləri idi. Erməni
şairəsi Silva da orada idi. Tiflisdə basdırılan
ermənilərin qəbri üstə ağlayan Silva dedi ki,
tarixdə heç vaxt bizim paytaxtımız olmayıb ki,
böyük adamlarımızı orada basdıraq. İndi də silvalar bizim torpaqlarımızı
özlərinin torpağı, şəhərlərimizi də
özlərinin paytaxtı adlandırıblar. Karlo
Kaladzenin evində qonaqlıqda Silva azərbaycan
mahnısını elə oxudu ki, azərbaycanlı
müğənnisindən də yaxşı...
Göz
önündə: yurd da bəlli, yursuz da bəlli,
İnadına çəpər çəkib qəsbkar,
harın.
Ərəb
Şərqi od içində illərdən
bəri,
Məşvərəti
davam edir diplomatların...
... Bircə
qarış torpaq verin bayraq sancmağa,-
O
bayrağı səngərlərdə gəzəri kimdir?!
“Torpaqdan
bərk yapış” - demək torpağı yoxa
Başı
yoxa başsağlığı vermək kimidir...
10 fevral - Akif və Şölə xanım
axşamüstü Məmmədin görüşünə gəldilər. Akif yenə də
Məmmədin şeirlərini sinədəftər deməyə
başladı. O cümlədən “Ah, bu qısa, sevda
yolu” şeirini də...
- Bu
şeiri oxuyub ağladım, necə də mənim taleyimlə
uyğundur, bu şeir. Şair gör nə deyir:
Halal qəlbə
yol axtardın,
Çıxdı yolun daşa könül.
Sənin
ağlın başdan oldu
Nadan keçdi başa, könül.
və
ya
Köhnə
yastıq kimi başımın altda
Saralmış
günlərim, köhnə günlərim
və
ya da
Bu odu
odsuzun yanan dünyanın...
Belə
sözləri ancaq Məmməd Araz deyə bilər, nə
Puşkin, nə Lermontov, nə kim, kim,
heç kim deyə bilməz.
Akif bir
çox şeirlərin belə təhlilini verdi.
- Əlavən
nə ola bilər, Məmməd müəllim?
- Nə
sözüm ola bilər? Bəlkə
bizdən də istedadlısını zaman yetişdirəcək.
Zaman yaman sərtdir, amansızdır. Sərtliklərin, bərkliklərin ələyib
üyüdə bilmədiyi sənətkar xoşbəxtdir.
Əsil sənət əsərinin ölümünü müəllif görmür,
görürsə, deməli, sənət əsəri
deyilmiş, bunları bir
neçə dəfədir ki, təkrar edirəm.
11-12 fevral
- Naxçıvanın daimi nümayəndəliyindən Həsən
Zeynalov xəbər verdi:
-
Gülxanım müəllimə, mənə Vasif müəllim
bildirdi ki, Naxçıvanda havalar yaxşı keçir. Gələn həftə Məmməd müəllimin
həm 65 illiyini keçirmək istəyirlər, həm də
kitabını realizə etmək. Məmməd
müəllimə de mən cavab gözləyirəm.
Məmməd tədbiri martın birinci 10
günlüyünə saxlamağı xahiş etdi.
Anamı itirdiyim gündür. Məmməd demiş “Ana itirmişəm
ana yaşında”
Mənə
elə gəlir bütün bu dünya,
Bir qoca
anamın yerini vermir...
Səhər verilişlərində “İpək yolu” qəzetinin
xülasəsi verilirdi. Deyildi ki, Anarın, Elçinin və Məmməd
Arazın əsərləri özbək dilində çapa
hazırlanır. Təəccübləndim,
görən doğrudurmu?
Elmana çatdırdım ki, bizi Naxçıvana qonaq
çağırıblar. Axşam Raufla gəldilər.
Rauf gülə-gülə dedi:
- Məmməd
müəllim İlhamın kitabına ön sözdə
yazıb ki,
sözlə ehtiyatlı ol. Bu,
bütün pis yazanlara bir növ vəsiyyətdir.
17-18
fevral - Fərəməz Maqsudovun köməkçisi Afaq
xanım zəng etdi:
- Fərəməz
müəllim “İlin elm adamı” mükafatına layiq
görülüb. Onun haqqında kitab çap
olunacaq. Məmməd müəllim onun
haqqında nəsə yaza bilərmi?
Məmməddən soruşdum, qərarlaşdıq ki, Fərəməz
Maqsudovun 65 yaşına yazdığı məqaləni verək. Afaq xanım özü gəlib
yazını apardı:
- Fərəməz
müəllimin sizə salamı var. Bir həftədən
sonra kitab çıxacaq, sizə çatdıracağam.
Sənə Süleyman Rüstəmlə etdiyim söhbəti
danışım. Süleyman müəllimdən soruşdum
ki, Süleyman müəllim, siz böyük şairsiniz,
gözəl lirika sahibisiniz, “Təbrizim” kimi yüzlərcə
şeirin müəllifisiniz, bu şüar yazmalar nəyə
gərəkdir?
Cavab verdi:
-
Abrımı aparırlar, ay Məmməd, evdə oturmağa
da qoymurlar, məcburən yazıram.
Sonra məndən ruçka istədi, bildim ki, Məmmədin
fikrinə nə isə misra düşüb. Sonra misranı oxudu:
“Gözün
yatsa da kipriyini ayıq saxla”
-
Naxçıvana aid yazdığın şeirindəndir?
- Hə,
yenə yazmışam:
Burdan Dəlidağ
görünmür,
Ərzin o başı görünür.
-
Görürsən, yəqin yaxşı bir poema alınacaq.
- Poema
alınmayacaq.
21 fevral - Yaman həyəcanlıyam, səbəbini bilmirəm. Ağamusa
Nağıyev haqqında çəkilmiş “Yük” filminə
baxdıq. Sözlər və hadisələr
yerində işlədilən bir filmdir. Axşam da
“Heyvanlar aləmində” verilişinə baxdıq:
- Deyirlər
ki, quruda yaşayanların hamısı dənizdən
çıxıb. Bəs insanlar necə?
- İnsanlar? Görəsən insanlar olmasa idi nə
olardı? Yəqin
ki, çox maraqsız. Ancaq təbiət
sevincək olardı, çünki insan təbiətə qənim
kəsilib. Yazmışam:
Ürəyi
dolanda təbiət hərdən,
Çəkilib
gecələr ağlar burada...
Qasırğa
əlindən, tufan əlindən
Qaçırıb
dumanı saxlar burada...
Bir
uçrum dibində ceyran izləri
Son
güman yerinə qısılı qalıb...
Təbiət də ağlayır. Özünə
gücü çatmayanda ağlayır. Gücü
çatır, amma yaratdığı insana qarşı
gücünü göstərmək istəmir. Anicə bir qəzəblə insanı
yurd-yuvasından edər. Gücü
çatana qədər dözər. Elə
ki, meşə talasında ocaq yerləri var, əlik yoxdur, nəhəng
palıdların yerində adicə kol-kos da yoxdur. Onda yoxdur nidası əks-sədaya çevrilib dərələrə
dolur. İntiqam alım-almayım
hönkürtüsü bu vaxt yaranır. Təbiət
dərəyə çəkilib öz sabahına, insanın gələcək
taleyinə ağlayır. Təbii ki, bunlar məcazi mənadadır...
Dialektika deyir ki, təbiətdə heç nə
itmir, şəklini dəyişir. Vaxtilə
ən hündür qayalarda oxunan neçə ilahi nəğməni
daş maqnitofonlar yaşada bilibmi görəsən? Amma mən inanıram ki, nə vaxtsa qayaları
danışdırmaq mümkün olacaq. Bir şərtlə,
insanlar təbiətə qənim kəsilməsin...
23-25 fevral - Xəstələnməyimi görən Məmməd
büzüşüb.
- Məmməd,
niyə belə büzüşmüsən, nə olacaq. Mən olmasam da balaların məcburdu sənə
baxsın.
Məmməd
fağır-fağır dilləndi:
- Səni
itirməkdən qorxuram, yaman qorxuram.
Həkim
məni muştuluqladı:
- Qaraciyərin
şişib, daş da üç sm olub.
İlyas
Tapdıq telefonda Məmmədin kefini soruşdu:
- Əli Vəkilin yanından danışıram. Onun Məmməd
haqqında yazısını oxudum. Yaman
xoşuma gəldi. “Ədalət” qəzetində
xatirələrim gedib.
26 fevral - Elmangilin gətirdiyi Qobustan haqqında filmə
baxdıq.
Rauf dilləndi: - Məmməd müəllim,
yazmısınız ki, ha vaxtsa bu daşlarla danışan
tapılacaq. Filmə baxdınız. Görürsünüz ki, dediyiniz kimi daşlarla
danışan tapılıb.
Məmməd:
...Qayanın torpağa bağlılığına həmişə
heyrətlə baxmışam. Dağ uçur,
göl yaranır, “Uçqun” şeirimdə bu hadisələri
təsvir etməyə çalışmışam. Küləyi “Təbiətin latın dili”
adlandırmışam. Bu dili qayalar hər
şeydən əvvəl duyur və ətrafı “duyuq
salır”. Meşələr, düzlər,
çöllər “ayılıb” gözlənəcək zərbəyə
“hazır olur”. Dağları, qayaları
namərd qılıncına qalxan eləmək istərdim.
Bileydim ki, qayalarda namərd toxumu göyərməyəcək.
Tarix
qayalarda yazı
qalırmı?
Çoxu çoxdan itib, azı qalırmı?
Dağ öz duruşundan razı qalırmı?
Yalan - yarğanlara nağıl söyləsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!
(Ardı var)
Təzadlar.-
2014.- 18 mart.- S.11.