Məmməd Arazın dəhşətli həyat hekayəsi: “Ömürdən yarpaqlar”

 

 

Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...

 

(Əvvəli ötən saylarda)

 

 

 

 28 fevral - Ağayar müəllimin şux səsi telefonda əks-səda verdi:

 

 

- Gülxanım müəllimə, Məmməd necədir? Onu belə olsa da saxlaya bilirsən, Allaha min şükür. Mən də elə institutda mühazirələrimi deyirəm, gəlib evdə yazı-pozu ilə məşğul oluram, başımı qarışdırıram. Ayaqlarım yaman ağrıyır, darıxdım, durdum “Azadlıq” radiostansiyasını tutdum. Məmmədin “Vətən daşı olmayandan” misrasını məqalənin başlığı götürüb gözəl bir veriliş verirdilər. Jurnalistin traktovkasından yaman xoşum gəldi. Deyirdi, hamı bu saat vətən, millət, xalq sözləri ilə özlərini gözə soxur, amma Məmməd Arazın bir misrasını açsaq görərik o misrada nələr var, nələr deyilir...

 

 

Ağayar müəllim çox danışdı.

 

 

1 mart - Rauf söylədi ki, indi də “Ağlama” filmini gətirəcək, şair baxsın, gözəl çəkilib.

 

 

- Sizin “Qurd xisləti” şeirinizi “Qobustan” filminin qəhrəmanı Camala oxudum. Camal dedi ki, bu şeiri mən də oxumuşam, ancaq sənin dediyin fikirləri tapmamışdım. “Qurdlar ağız-ağıza yatır” deyilir, deməli,  bunlar o formada biri digərinə demək istəyir ki, sən qorxma arxayın yat, mən səni gözümdə saxlayıram, arxanı gözləyirəm. Mən şeiri belə yozmuşdum, çünki boz qurd türk emblemidir, onu pisliyə yoza bilmərəm.

 

 

3 mart - Rauf bütün gücünü sərf edib inandırmaq istəyirdi ki, çox arvadlılığı qanunlaşdırmaq lazımdır. Bu məsələni dövlət səviyyəsində həll etmək olar. Onsuz da qanunsuz bir neçə arvad saxlayırlar. Kəbinsiz yaşayan qadınlar da uşaq istəyirlər. Qoy qanuni olsun ki, ata uşaqlara öz adını verə bilsin.

 

 

- Əksinə, Rauf çox arvadlılığı yox, başqa millətdən qız almağa qarşı çıxmağı təbliğ etmək lazımdır. Oğlanlarımız rus, erməni və başqa millətdən alırlar, fatma, tükəzbanlarımız qalıb, qarıyırlar.

 

 

Fikrimlə razılaşdılar.

 

 

8-11 mart - Həsən Zeynalov bildirdi:

 

 

- Biz 4-cü gün səhər tezdən birinci reyslə Naxçıvana uçmalıyıq, beşinci gün isə tədbir olacaq. Sizinlə gedən adamların pasportunu mənə çatdırın.

 

 

Yıxıldığına görə Məmmədin ayağı bərk şişmişdi, beli qarışıq qızarmışdı. Səhər tezdən poliklinikaya zəng edib, xirurq istədim. Baş həkim Telman özü gəldi:

 

 

- Yaman qan yığılıb, sınıq yoxdur, çıxmayıb, amma çirk edə bilər. Yodla xanalar çək, ixtiol məlhəmini araqla isladılmış cunaya çək, kompres et.

 

 

Həkimin bütün məsləhətlərinə əməl etməyə başladım, şiş yatmağa başladı.

 

 

Məmməd gecə saat 3-də işığı yandırıb oturdu. Həmişə harasa gedəndə yaman narahat olardı. Ayağının qızartısı azalmışdı. Səhər saat 7-yə 15 dəqiqə qalmış aeroporta getdik. 8:15-də təyyarə havaya qalxdı, 9:15-də Naxçıvanda olduq. Bizi Ali Sovetin birinci müavini Abutalıb, İsa Həbibbəyli və tanımadığım bir neçə  adam qarşıladı. Maşında sürücü dedi:

 

 

- Məmməd müəllim, ayağınız düşdü. On ay idi ki, bir damcı yağış belə düşmürdü. İndi yuxarı dağlara qar yağdı. Naxçıvana da yağış yağır.

 

 

Qonaq evinə düşdük. Ürəyimdə qonaq evilə salamlaşdım: - “Salam, köhnə dost, yenə də sənin həyətinə ayaq basdıq”.

 

 

Səhər yeməyindən sonra qərarlaşdığımız kimi Araz bəndinə getdik və orada xeyli çəkiliş aparıldı və şəkil çəkildi. Sərhəd olduğuna görə hərbçilər yanımızdan ayrılmırdı. Araza baxdıq. Arazda su azalmışdı.

 

 

- Arazda su yoxdur ki! - dedi Məmməd

 

 

- Axı bu il demək olar ki, yağış yağmayıb, su hardan olar, - cavabını verdilər.

 

 

Axşam çay stolu açıldı, Ali Məclisin sədri Vasif Talıbov da gəldi. Çox səmimi bir görüş oldu. Görüş saat 12-yə kimi çəkdi.

 

 

12 mart - Gecə yağış şiddətləndi. Yaman pərt olmuşdum. Deməli, səhər pirə gedə bilməyəcəyik. Əksinə, səhər bütün naxçıvanlıların üzündə təbbəssüm gördüm. Sevinirdilər ki, yağış yağır və yağışı şair gətirib.  yağış bərəkətdir. Artıq yağış qara çevrilmişdi. Çoxdan sakit yağan quşbaşı qara həsrət idik. Əshabi-Kəfə getmək planımız yəqin pozulacaq, fikirləşdim. Yox, deyəsən, getməli olduq. Səhər saat 11-ə yaxın dörd maşın adamla yola düşdük. Naxçıvanın içindən keçəndə yoldakılar maşında Məmmədi görüb sevinir, ə, qağa burdadır ki, deyirdilər. Mən bir dəfə də Pirdə olmuşdum. İndi yollar tamam fərqlənir. Yol asfaltlanıb, ətraf təmizlənib. Qar aramla yağırdı. Gözümü qarşımızda açılan mənzərədən çəkə bilmirdim. İstəyirdim ki, mənzilə bir az da gec çataq. Sən demə qar yağanda dağlar daha əzəmətli görünür. Məmmədin titrəməsi dayanmışdı. Pirin ayağında qurban kəsdilər. Biz dağa tərəf addımladıq. Zirvəyə qədər pillələr düzəldilib. Məmmədi şəkil çəkənlər və videolentə alanlar müxtəlif yerlərə aparır, şəkil çəkdirmək istəyənlər biri digərini əvəz edirdilər. Mən və Elmira yuxarı qalxdıq. Lap yuxarı çıxmağa ürək etmədim, çünki qar yerə oturmuşdu. Gəncənin keçmiş icra başçısı Elsevərlə də rastlaşdıq. Çox gözəl bir səfər alındı, Allah ziyarətimizi qəbul eləsin. Naxçıvana qayıtdıq.

 

 

Axşam saat 6-da görüş başlandı. Dram teatrının salonu dolmuş, harada dayanmaq mümkünsə orada ayaq üstə duran adamlarla, çöldə də içəri keçmək həsrətində olanlarla dolu idi. İçəriyə doluşmaq üçün fürsət axtarırdılar. Həsən Zeynalov deyirdi ki, çöldə qalan adamlar tələb edirlər ki, görüş çöldə keçirilsin, qoy hamı şairi görsün və şeirlərini eşitsin. Çöldəkilər az qala yumruq davasına çıxırmışlar.

 

 

Görüşü Naxçıvan televiziyasının sədri Elman Həbib açdı. Onun çıxışından bəzi qeydlər:

 

 

- Məmməd əmi elə nəhəng sənətkardır ki, onun qarşısında məsuliyyət daşımadan danışmaq olmaz. Məmməd əmiyə 700-dən çox şeir həsr olunub, heç bir şairə bu qismət olmayıb. Məmməd əmi, sizin gəlişinizlə təbiət də dəyişdi, sizi yağışla, bərəkətlə qarşıladı. Canlı heykəlsiniz. Məmməd Araz sözlə yox, səslə yaşayan şairdir. Söz adamın başına bəla gətirə bilər, səs isə yox. Məmməd əmi ünvanına atılan daşları geri qaytarmadı, onlardan gözəl bir abidə hördü, dedi,  görün, sizin mənə “atdığınız” daşlardan necə abidə yaratmışam.

 

 

Elman danışdı, danışdı ta ürəyi boşalana qədər.

 

 

Çox adamlar danışdı, amma hamıdan təbii çıxanı “Apardı sellər Saranı” mahnısının dəyişdirilib oxunması idi. Elman müğənnini belə təqdim etdi:

 

 

- Bu oğlanın adı Hünərdir, özü də hünərdir. Mahnı isə belə oxundu:

 

 

Gedin deyin xan çobana

 

 

Məmməd gəlib Naxçıvana

 

 

Yurdun dönüb gülüstana

 

 

Saranı sellər aparmaz

 

 

Aparsa da Araz qoymaz...

 

 

 

 

 

Arpaçayı dərin olmaz

 

 

Xoş gəlibdi Məmməd Araz

 

 

Saranı sellər aparmaz

 

 

Aparsa da Məmməd qoymaz.

 

 

Təzəlik idi.

 

 

Xalqın alqışı, deyimləri Məmmədi kövrəldir, ona dirək olur, dayaq olur, yaşamağa, yazmağa, yaratmağa həvəsləndirir.

 

 

Görüşdən sonra Həsən Zeynalov və iki nəfər vəzifəli şəxs gecə saat 2-ə qədər Məmmədlə söhbət etdilər.

 

 

13 mart - Türkiyə səfərindən imtina edib birinci reyslə Bakıya qayıtmalı olduq. Qonaq evindən çıxanda sürücü dedi:

 

 

- Möcüzə idi

 

 

- Nə, - soruşdum.

 

 

- Elə bu qar, yağışın yağması.

 

 

Elmira əlavə etdi:

 

 

- Məmməd müəllimin bir ayağı qar, bir ayağı yağış gətirdi. Görürsünüz, yola düşəndə də gün çıxdı, isti oldu.

 

 

- Çünki o özü də günəşdir! - dilləndi sürücü.

 

 

Öz böyük oğlunu yola salan İlanlıdağ yenə də fikirli idi. Pıçıldadım:

 

 

 Bəlkə bu yerlərə bir də gəlmədim

 

 

Salamat qal, İlanlıdağ, salamat...

 

 

28 mart - Əlimə iki misra düşdü:

 

 

Dirənəsi yoxuşu yarımçıq qalar

 

 

Ölənəcən yaşamağı bacarmasaq.

 

 

Və əlavə bir misra:

 

 

Var ol səni, öz torpağım.

 

 

Bazar günüdür, Məmmədin danışığı bir az yaxşılaşıb, fürsətdən istifadə etdim:

 

 

- Məmməd, “Sevgi nəğməsi” kitabını vərəqləyəndə gördüm ki, İsmayıl Soltan kitabın redaktorudur, nə əcəb?

 

 

- O, mənimlə çox fikirlərdə razılaşırdı. Sülhlə, davasız, bir-birimizə təzyiqsiz işlədik. Ancaq kitabım çıxanda İsmayıl artıq ölmüşdü. Kitabın əlyazmasını oxudu və mənə qaytaranda dedi:

 

 

- Vallah, sənin şeirlərindən qan iyi gəlir. Siz cavanlar heç bir qorxu bilmirsiniz. Biz şeir yazanda elə bilirdik ki, insanın çiynində əyləşən mələklərdən biri senzurdu, nə yazdığımız haqqında həmin saat Mircəfər Bağırova xəbər verir.

 

 

- Mərhum Əhməd Cəmillə də bir yerdə işləmişik. Sənə demişəm, mən şöbə müdiri olanda o da baş redaktor idi. Bir dəfə ondan soruşdum:

 

 

- Əhməd müəllim, nədən qorxursunuz? İndi olsa da cəsarətli şeirlər niyə yazmırsınız? Ta Stalin, Mircəfər yoxdur. Axı siz belə şeirlər yazmağa qadirsiniz.

 

 

Sualımdan o, tutuldu, sonra cavab verdi:

 

 

- Məmməd, axı biz hər şeydən əvvəl kommunistik, MK bizə nə deyər? Elə partiyalı şeirlər cəsarətli şeirlər deyilmi? Siz  cavanlar cəsarətli şeir nəyə deyirsiniz?

 

 

29 mart - Dünənki danışığını davam etdirə bilərsənmi?

 

 

- Əl çəkmirsən, nə danışım, o qədər xatirələrim var ki... Görünür onlar mənimlə qəbirə gedəcək.

 

 

- Niyə danışmırsan? Mən ki sənin gizli xatirələrinə toxunmuram. O xatirələrə aid deyirəm ki, can sənin, cəhənnəm Tanrının.

 

 

- Yaxşı danışım... Yadındamı bir neçə il bundan əvvəl, hələ sovet höküməti dağılmamışdan Nəbatət institutunda mənimlə görüş keçirirdilər. Xəlil də bütün görüşlərdə çağrılmasa da iştirak edərdi. O gecədə də Xəlil kəskin çıxış elədi. Rus şovinizmini biabır elədi. Həmişəki kimi yenə də dedi ki, qardaşlar, cərgələrinizi sıxlaşdırın, sarıları aramızdan qovmaq lazımdır. Gördüm ki, yanımda oturanlar qorxuya düşüblər, rəngləri dəyişib. Qulağıma pıçıldadılar, Məmməd, xataya düşəcəyik,  dedilər. Cavab verdim ki, qorxmayın, Xəlil bu sözləri 30 ildən artıqdır ki, deyir...

 

 

2 aprel - Mürsəl adlı bir adam peyda oldu və Məmmədi masajla nisbətən yaxşılaşdıracağını söylədi. Özümüzü onun vədlərinə inandırmağa çalışdıq. Kəlbəcərlilər haqqında veriliş idi. Bir nəfər dedi ki, Məmməd Araz yoldaşı ilə 1968-69-cu illərdə Kəlbəcərdə istirahət edirdi və şeirlərinin çoxunu da Kəlbəcərdə yazıb.

 

 

8 aprel -  Məmməd həvəslə danışmağa başladı:

 

 

- Mənim “Səba yeli” şeirim “Azərbaycan” jurnalında təzəcə çap olunmuşdu. Yazıçılar İttifaqının qarşısına yenə də qeybətə yığışmışdılar. İsmayıl Şıxlı da gəldi və mənə yanaşıb dedi, səni təbrik edirəm, Məmməd və   jurnalı açıb oxudu:

 

 

Gözlərindən  çıxan qığılcımı,

 

 

Göylər ulduz edib kəhkəşanında.

 

 

Və əlavə etdi, bax bədii təfəkkür budur.   

 

 

11 aprel - Axşam bir neçə nəfər qonağımız oldu. Aralarında Araz Elsəs də vardı. Rövşən söhbətə başladı:

 

 

- Məmməd müəllim, mənim yaxşı dostlarım vardı. Abbas Zamanov, Mirəli Seyidov və s. Abbas müəllimdən, necəsən, soruşanda həmişə cavabı bu olardı - dəmir kimi. Həmin söz məni tutdu. Haqqında sənədli film çəkirəm. Abbas müəllim kiçik yaşlarından kənddən çıxıb. Ata-anası o, kənddən çıxanda qoltuğuna bir xoruz veriblər, deyiblər, bala, olanımız budur, istəyirsən ac olanda kəs, ye, ya da sat. Başqa kömək edə bilmərik. Abbas müəllim belə oxuyub, özü də cəsarətli adam olub. Sonra dedi ki, Turan Cavidlə də bir yerdə Cavidin “İblis”ini işləyirik. Çox ağır çəkilir, elə Cavidin taleyi kimi gedir. Sizin haqqınızda da fikirləşmişəm. Sizinlə tez-tez görüşməliyəm ki, mövzunu tapa biləm.

 

 

Sonra gətirdikləri “Bəsdir, ağlama” filminə baxdıq. Dəhşətli filmdir. Elman, hətta, filmi gürcülərin “Otes soldata” filminə oxşatdı.

 

 

15 aprel - Araz Elsəs səhər verilişlərində oxuyurdu. O belə dedi:

 

 

- İndi Norveçdə yaşayıram. Bakıya gələn kimi böyük şairimiz Məmməd Arazın görüşünə getdim. Yaman həyəcanlı idim. O kişini yaxından görə bilərmişəm.

 

 

Verilişin aparıcısı Zöhrə xanım soruşdu:

 

 

- İki Araz görüşdünüz, eləmi?

 

 

- Bəli, şairin əlindən öpmək şərəfi mənə qismət oldu.

 

 

Axşam Zərifə xanım Əliyevaya  həsr olunmuş veriliş gedirdi.  Biri şeirini rusca oxudu. Məmməd dedi:

 

 

- Respublikalarda yaşayan rus şairləri şair ola bilmədilər. Zaytsev yadına gəlirmi, rus şairi?

 

 

- Hə, cavanlıqda tez-tez səndən adını eşidirdim.

 

 

- Mənim də şeirlərimi tərcümə edib. Deyirdi, küçəyə çıxıram qulağım rus səsi eşitmir, yazdıqlarım da olur sətri tərcümə.

 

 

Rusca yazan başqa xalqların şairlərindən Tvardovskinin zəhləsi gedərdi. Deyərdi ki, rus şairi mənəm, onlar öz dilində yazıb, öz xalqının şairi olsun. Mixail Svetlovu tərcümə etmişəm. Şeirləri neytraldır, şeirlərində rus şovinizmi də yoxdur, torpağına hədsiz məhəbbət də. Çünki yevreydir, yevreylər rusca yazsa da hiss etdirirlər ki, onun qanı yevrey qanıdır. Rusca yazan  bir yevrey öldü, əsərləri də onunla ölür.

 

 

(Ardı var)

Təzadlar.- 2014.- 20 mart.- S.10.