Bir cib günah
(Hekayə)
Avtobusun qapıları hövlnak yuxudan duran adamın
gözləri kimi bir göz qırpımında
açıldı. Göygöz konduktor avtobusa minənləri özünəməxsus
səxavətlə qarşılayıb, düşənləri
isə tələsik, əsəblə ödəniş etdikdən
sonra yola salmağa başladı. Bu zaman qarabəniz
bir qız utana-utana avtobusa mindi.
Salonda sərnişin elə də çox
deyildi. Adətən, bu cür halları
görən sərnişinlər sevinirdilər. Nədənsə, bu vəziyyət qara gödəkçəli
qızın heç də xoşuna gəlmədi. Pəncərənin
yanında oturan oğlandan başqa bunu hiss edən olmadı. Çünki təkcə o, qızın gözlərinə
baxırdı. Sərnişinlərdən
kimisi qızın köhnə nimdaş paltarına, kimisi, sadəcə,
gözəl bədən quruluşuna, kimisi də”köhnə
paltarı necə səliqəli şəkildə geyinmək
olar?” sualının cavabına heyrətlə tamaşa edirdi.
Qızın
“çək-çeviri” çox çəkmədi:
ayaqlarını sürüyə-sürüyə keçib pəncərənin
yanında oturan oğlanın yanında əyləşdi. Oğlan, dizinin üstündəki kitabçanı
vərəqləmək bəhanəsi ilə gözucu bir daha
qıza nəzər yetirdi. Bu dəfə təkcə
qızın bayaq nəzərə çarpan köhnə dəri
gödəkçəsini deyil, həm də didilib bir tərəfi
yırtılmış ayaqqabısını da gördü.
Başındakı
qara yun papağı və kətan şarfı da
tiftiklənib köhnəldiklərini etiraf edirdilər. Qızın yun papağının altından kənara
çıxmış qapqara saçı təndirə
salınmış göyçək Fatma kimi boy göstərirdi.
Qabarıq yanaqlarını soyuq külək
sığallayıb azacıq qızartmışdı. Yun papağını qaşlarının
üstünə qədər çəkmişdi. Sanki o, bununla alın yazısını hamıdan
gizlətmək istəyirdi. Təmiz siması, sağ
yanağındakı qara xalı, şabalıdı gözləri,
acazcıq dik burnu, nazik dodaqları - tanrının çəkdiyi
bir tablo... Və bu tablonun
büküldüyü nimdaş paltar. Bütün
bunlar yanında oturan oğlanın qəlbinin
sınıq-salxaq qapısını sındırıb ruhuna
işləyirdi.
Könülsüz
avtobus hər gün keçdiyi yollarla şütüyür,
könüllü sərnişinləri getdikləri mənzillərə
çatdırıb, onları ölümlərinə bir az da yaxın edirdi. Pəncərinin
önündə oturan oğlanın iri qəhvəyi gözləri
dolmuşdu. Nədənsə, yanında
oturan qıza sitayiş etməyi gəlirdi. Lakin pəncərdən sonsuz səmaya baxır, nəfəslikdən
salona dolan havanı ciyərlərinə çəkir,
döyünən ürəyinin səsini qulaqlarında duyur,
ruhunun sahibi Tanrını xatırlayıb günahdan çəkinməyə
can atırdı. Axı bu nimdaş paltarlı qıza,
onu gunaha sürükləmək haqqını kim vermişdi? Birdən oğlanın gözlərinə
qaranlıq çökdü. Qabırğası
kirkirənin üyütdüyü buğda dənəsi kimi əzilməyə
başladı. Ona elə gəldi ki,
yanında oturan qızla Adəm və Həvva kimi bu
dünyada tək qalıblar; Adəm və Həvvadan fərqli
olaraq dünyanın ilk insanları kimi yox, son insanları kimi.
Bu ilahi ağrıdan doğan zövqdən onu
paltosunun cibinə girən əl ayırdı. Öncə nə baş verdiyini anlamadığna
görə dilucu özünü söymək istədi.
Ona elə gəldi ki, pıçıltı ilə
söysə, beyninə qan sızacaq. Bir az
keçdi... Deyəsən, nələrisə anlamağa
başlamışdı: yanında oturan qızın sol əli
oğlanın sağ cibinə uzanmışdı; günahlar
ölkəsi savablar ölkəsinə soxulmuşdu. Oğlanın nəzərləri qızın
gözlərinə toxunan anda qızın barmaqları bir qalaq
pula toxundu. Oğlan qeyri-ixtiyari əlini
cibinə saldı, qızın yumaq kimi yumşaq əllərindən
tutdu. Qızın barmaqları boşaldı,
pul sürüşüb cibin küncünə
düşdü. Susdular... Hər ikisi qorxurdu: biri əllərinin
tutulmasından, o biri tutduğu əlləri buraxmaqdan. İki qorxunun dueli uzun çəkmədi. Oğlan qızın barmaqları arasından
düşən pulu yenidən qızın ovcuna basıb, əliqarışıq
cibindən çıxartdı. Sınacaq
şüşə kimi ehmalca qızın dizinin üstünə
qoydu. Dahi bir yazar qələmə alsaydı, yer
üzündəki bütün meşələrin
ağaclarından düzəldilmiş kağızlara
sığmayacaq bu zaman kəsiyinin bir anda, bir paltonun cibində
baş verəcəyinə inanmaq çox çətin idi.
Avtobus dayancağa çatıb dayandı. Qız oğlanın
düşdüyünü anlayırmış kimi qalxıb
yol verdi. Oğlan konduktorun qulaqbatıran
“nitqinin” sədaları altında qapıya çatdı. Əlini cibinə saldı, əli cibinin
divarlarına toxundu. Qızın əllərini
axtardı, tapmadı. Cibində pulu
olmadığını unutmuşdu. Sürücü ara vermədən konduktoru tələsdirdi. Konduktor isə oğlana əsəbi halda “Düşəsisən,
düş. Nə durmusan? Qrafikdə geri qalmışıq!” - deyə qışıqırdı. Bu zaman arxadan bir əl uzandı. Oğlan cibindən
çıxan pulu tanımasa da, o pulu tutan əli həmin an tanıdı.
Qız pıçıltı ilə “ İki
nəfər çıxın “ - dedi və oğlanın
ehmalca kürəyindən itələdi.
İkisi də düşüb,
dayanacağın qarşısında üz-üzə
dayandı. Oğlana elə gəldi ki, nəzərlərini
qızdan çəksə, onun gözlərindən
süzülən saf
baxışlar şəhərin
çirkli asfaltına töküləcək. Qız
oğlanın nəzərlərinə tab gətirmədi. Tutduğu əməli xatırlayıb, gözlərini
yerə dikdi. Saf baxışları
asfaltın üstünə tökülüb cilik-cilik oldu.
Yenə pıçıltı ilə “Bu mənim
ilk oğurluğumdur. Mən oğru olmağı
fahişə olmaqdan üstün tutdum”, - dedi. Qəhər
onu boğdu, danışa bilmədi. Dönüb cəld
yolu keçmək istəyirdi ki, sol tərəfdən gələn
ağ rəngli “BMW” onu polis kimi
yaxaladı. Zərbədən qız
maşının bir tərəfindən o biri tərəfinə,
dünya isə oğlanın başına fırlandı.
Maşın sürətini azaltmadan, heç nə
olmamış kimi, ötüb keçdi. Qız
utancaq mələk kimi üzüüstə asfalta
düşdü, yun papağı başından
düşdü, saçları asfaltın üstünə
dağıldı. Dənizdən xəzri əsdi, tərpətdi
qızın saçlarını: “Sağsan?..”
Cavab gəlmədi.
Ətrafdakılar qıza tərəf qaçdılar. Oğlan adamlar qaçmağa başlayanda artıq qızın yanındaydı. Bundan sonra yüz il də yaşasaydı, qıza tərəf necə qaçdığını xatırlaya bilməzdi. Tanrı o zaman kəsiyini onun və hadisə şahidlərinin yaddaşından niyəsə silmişdi. Qıza çatıb qızın başını dizinin ütsünə aldı. Onun alnından və ağzından qan gəlirdi. Dolmuş gözlərini oğlanın gözlərinə zilləyib nə isə demək istəyir, boğazına yığılan qan ona danışmağa imkan vermirdi. Gicgahından və alnından axan qan saçlarını qana bulaşdırmışdı. Ortayaşlı sarışın bir qadın “Təcili yardim çağırın!” - dedi. Bu cümlənin kədərli notlarının sədaları altında qızın sinəsi qalxıb düşür, əl-qolu bağlanmış adam kimi şüursuz çabalayırdı. Artıq geci idi... Qız sanki hissə-hissə ölürdü: əvvəl külək saçlarını tərpətmədi, dodaqları titrəmədi. Gicgahından və alnından axan qan nəzərə çarpacaq qədər azaldı. Sonra sinəsi bir dəfə qalxıb düşdü; ayaqları asfalta ram oldu. Bircə gözləri ölməmişdi. Sanki oğlana “Göz yaşım yanağımdakı xalı islatmasa, əzab çəkəcəm; bütövlüklə ölməyəcəm” -deyirdi. Oğlan “İlahi!” - dedi. Qızın başını bərk-bərk sinəsinə sıxdı. Bir damcı göz yaşı yanağındakı xalı islatdı. Və o an xəyalən görünən həqiqət gerçək oldu: qızın sinəsinə sıxdığı, sol əli yanına düşdü, ovcunda sıxdığı bir qalaq pulun qana batmış bir hissəsi göründü. Oğlan dəhşət içində qızın başını sinəsindən ayırdı. Şüuru dumanlanmış oğlan avtobusa minəndən bəri ilk dəfəydi ki, qıza belə sərbəst baxırdı. Qan, asfaltın tozu, köhnə paltarı və ovcundakı pul onu eybəcər göstərməyə çalışsa da, o, ana bətnində dölətrafı suların yuyub təmizlədiyi döl kimi saf və günahsız idi. Bu şabalıdı gözlü qızın cansız bədəni, ona bütün bədbəxtliklərə qoyulmuş, monumental abidə kimi göründü. Sanki o, bu dünyadan bütün bədbəxtlər sağlığına köçmüşdü. Səs-küylü insanların arasına dərin sükut çökdü. Ətrafdakılar, içi oğlan qarışıq, donub qalmışdılar. Nəin ki göz yaşları, gözlər belə unudulmuşdu. Təkcə öz müqəddəs vəzifəsini unutmayan Tanrı kədərli-kədərli baxırdı. Göy üzünə payız fəslinə xas olmayan bir topa ağ bulud gəldi. Deyəsən, Tanrı o buludun arxasına keçib ağlayırdı. Birdən ağ buludun tam ortasında qızın xalı boyda l nazik, lakin güclü işiq seli peyda oldu. İşıq seli aşağıdan yuxarıya doğru sorulub yoxa çıxdı.
“Bu pıçıltı ilə danışan qız kim idi ?” - sual oğlanın başını gicəlləndirdi. Var gücünü toplayıb qızın başını ehmalca asfalta qoydu. Qana batmış əllərini ağır-ağır göyə qaldırdı, səcdə edirmiş kimi başını asfalta qoydu və qəfildən sağ böyrü üstə yıxıldı. Gözləri nöyüt lampasının işığı kimi öləzidi. Göz qapaqları yavaş-yavaş örtüldü. Qanlı əllərini düyünləyib qızdırmalı adamlar kimi sayıqlamağa başladı:
- Onun ruhu səmaya toxundu. O, öz bədbəxtliyini etiraf edib qurtaran anda xoşbəxt oldu.
Niyə?... Axı niyə anlamırıq ki, xoşbəxtlik deyilən məhfum biz düşündüyümüz kimi deyil. Əsl xoşbəxtlik - günahların arasında mələk kimi ölməkdir. Əsl xoşbəxtlik - yuyub təmizlənmiş bədbəxtlikdir!
Kimsə
“Oğlana su verin, huşunu itirdi” - dedi.
Taleh Mansur
Təzadlar.- 2014.-
8 may.- S.13.