Şairə Canan bəyim
Tanınmış ictimai xadim, şairə Canan bəyim XVII əsrin ilk illərində anadan olmuşdur. O, tarixin müxtəlif dövrlərində görkəmli şəxsiyyətləri, dövlət, elm, mədəniyyət xadimləri ilə tanınan Baharlı tayfasının layiqli övladlarından biridir. Məqalədə istifadə edilmiş tarixi faktlar və hadisələr “Qızılbaşlar tarixi” (tərcümə və şərhlər M.Ə.Məhəmmədinindir, Bakı, 1993), Zahiruddin Muhammed Baburun “Baburname” (Doğu Türkcesinden çeviren: prof. Reşit Rahmeti Arat, İstanbul, 2006), Gülbedenin “Hümayunname” (farscadan çevirən: Abdürrab Yelgar, Ankara, 1987) adlı orta əsrlərə aid mənbələrə, mərhum şərqşünas-alim Ə.Səidzadənin tədqiqatlarına istinadən qələmə alınmışdır.
Canan bəyimin ulu babası Əlişəkər bəy Baharlı uzun illər Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti zamanında Həmədan hakimi olmuşdur. Babası Bayram xan Baharlı uzun illər Babarun, Humayun şahın, Əkbər şahın hakimiyyətləri dövründə Böyük Moğollar Dövlətində xidmət etmiş, qeyri-adi istedadı, qüdrətli sərkərdə olması sayəsində Xanlar xanı rütbəsinə qədər yüksəlmişdir. O, türk və fars dillərində divan müəllifidir.
Canan bəyimin atasının adı Mirzə Əbdürrəhim xandır. O, türk, ərəb, fars, sanskrit dillərində “Rəhimi” təxəllüsü ilə şeirlər yazmış, Böyük Moğollar Dövlətinin Xanlar xanı olmuşdur.
Canan bəyim mükəmməl təhsil almış, zəmanəsinin oxumuş, savadlı qadınlarından sayılmışdır. Sələfləri kimi yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, istedadlı şairə kimi tanınmış, ərəb, fars, hind dillərini bilmişdir. O, Hindistanın ictimai-mədəni həyatında yaxından iştirak etmiş, dövrünün alimləri, şairləri ilə dostluq etmişdir. Qadınların savadlanmasında, istedadlı insanların üzə çıxarılmasında xüsusi əməyi olmuşdur.
Ə.Səidzadənin tədqiqatlarına istinadən Canan bəyim şahzadə Daniyalla ailə həyatı qurmuşdur. Həyat yoldaşının vəfatından sonra onunla evlənmək istəyən Böyük Moğollar Dövlətinin hökmdarı Cahangir şaha rədd cavabı vermiş, heç bir zaman ailə qurmamaşdır. Onun tərcümeyi-halı dəfələrlə Hindistanda çap edilən məşhur qadınlara aid kitablara daxil edilmiş, adi ehtiramla xatırlanmışdır. O, şairə olmaqla yanaşı, eyni zamanda Qurana da şərh yazmışdır.
Canan bəyim 1659-cu ildə dünyasını dəyişmişdir.
Bu il Canan
bəyimin vəfatından
355 il keçir. Onun həyatı və yaradıcılığı
Azərbaycanda az tədqiq edilmişdir. Görkəmli türk qadınının
vəfatından yüz
illiklər keçməsinə
baxmayaraq, Hindistanın
ictimai həyatındakı
fəaliyyəti, yaradıcılığı
öyrənildikcə layiqli
qiymətini alacaqdır.
Orxan Zakiroğlu
(Baharlı),
tədqiqatçı-jurnalist
525-ci qəzet.- 2014.- 8 may.- S.13.