Şuşa Dünya Azərbaycanlılarının
müqəddəs şəhəridir!
Şuşasız Qarabağ,
Qarabağsız Azərbaycan yoxdur!!!
“Şuşa
şəhərinin gerbində isə yəhərli Qarabağ
atı göstərilmişdir”
Şuşa
Birlik Cəmiyyəti təqdim edir
Əzizinəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qarabağın dağlıq hissəsində - dəniz səviyyəsindən 1400-1800 metr hündürlükdə yerləşən ən səfalı guşədə, hər təpəsi sıldırım qayalarla və dərin uçurumun dibində Zarıslı (Daşaltı) və Xəlifəli çayı ilə əhatə olunmuş, sal daşlar üzərində qərar tutmuş Şuşa qalasının bünövrəsi 1750-ci ildə Pənahəli xan Cavanşir tərəfindən qoyulmuşdur.
Yerli əhalinin təkidilə yeni salınmış qala Qarabağın ilk hökmdarının şərəfinə “Pənahabad” adlandırılmış, sonralar bu qala “Şişə”, daha sonra “Şuşa” adlandırılmış, Pənah xanın oğlu İbrahimxəlil xanın dönəmində şəhər daha da inkişaf etdirilmiş və dünyada məşhurlaşaraq mükəmməl bir dövlət halına gəlmişdir.
Haşiyə: Yerli əhali dedikdə, Azərbaycanda ən qədim dövrlərdə - miladdan öncə Saq (Ərsaq) türk tayfaları, Kəngərlilər, Barslar, Aslar (Əraslar), Kolanı, Kəbirli, Əfşarlar, Bayat türkləri yaşayırdı. Təkcə Kəngər, Saq və digər türk tayfalarının Qarabağda 3 min ildən artıq yaşı vardır. Qarabağda yerləşən Azıx (Azantrop) mağarasından tapılmış kəllə sümükləri də bunu sübut edir. Qarabağda minillər boyu türklər yaşamışdır. Altayda qədim türk kurqanlarında, Basırıq qəbiristanlığında 1947-ci ildə arxeoloq S.İ.Rudenko qazıntılar apararaq, Saqa (Skit) boylarına məxsus sənət əsərlərilə yanaşı, hamını heyrətə salan, rəngini itirməmiş və salamat qalmış bir xalı aşkar etdi. “Pazırıq xalısı” (Basırıq) adı ilə bu gün Sankt-Peterburqda - Ermitajda şüşədə saxlanan bu xalının yaşı miladdan öncə V-IV əsrə aid edilir (T.e.doktoru, prof. Firudin Ağasıoğlu. “Qarabağın sehrli bir basırıq xalısı”. - “Yazıçı” nəşriyyatı, Bakı, 2012).
Xalının kurqan altında salamat qalmasının səbəbi məzarın dibinə sızmış suyun buz bağlaması, xalının buzun içində qalması idi. Dünyada ən qədim olan - 2500 il yaşlı bu xalının üzərində qrifonlar, quyruğu düyünlənmiş Qarabağ atları, xallı marallar təsviri, səkkizguşəli Hun gülləri və digər təsvirlər dünya xalça alimləri tərəfindən təsdiq edilmiş və Qarabağda yaşayan türk tayfalarına aid edilmişdir.
İndiki Şuşanın ərazisində IX-XII əsrə aid edilən Əras tayfalarına məxsus Zaras qalası olmuşdur. 1121-ci ildə Xarəzm şahı Cavanşir Qarabağda qışlaq keçirərkən Zaras qalasında Qarabağ atları ilə igid suvari dəstəsini çətin döyüşlərə göndərmişdir. Akademik Ziya Bünyadovun Osmanlı dəftərxanasından gətirdiyi bir sıra tarixi sənədlərlə yanaşı, hələ 1727-ci ildə nayihə mərkəzi olan Zarıslının (z-ər-aslı) Həkəri çayından başlayan Şuşa - Xankəndi və Əsgəran ərazisini əhatə edən xəritəsi də yerli əhalinin türklər olduğunu sübut edir. (İndiki ermənilər (haylar) Qarabağ ərazisinə Rusiyanın İrandakı səfiri Qriboyedovun da təsdiq etdiyi kimi, Rus-İran müharibəsindən (1826-1828) sonra köçürülmüşdür - hətta ermənilər Ağdərə (Mardakert) ərazisində “Qarabağa gəlmələrinin 150 illiyi” abidəsini də qoymuşlar).
Pənahəli xan şəhəri bina edəndən dərhal sonra dövlət atributlarından biri olan Qarabağ xanlığının pul vahidi “Pənahabadi” adlı şikkə kəsdirməyə başladı. “Pənahabadi” XX əsrin otuzuncu illərinə qədər Yaxın Şərq ölkələrində və Orta Asiyada pul vahidi kimi işlənirdi.
Şuşa şəhərinin gerbində isə yəhərli Qarabağ atı göstərilmişdir.
Pənahəli xan və oğlu İbrahimxəlil xan Cavanşir Qarabağın paytaxtı Şuşa şəhərini qədim və orta əsrlərin şəhərsalma nümunələri əsasında yüksək səviyyədə inşa etdirmiş, su, kanalizasiya sistemi Avropada olduğu kimi qurulmuşdur.
Şuşanı “Kiçik Paris” və “Qafqazın mirvarisi” adlandıranlar səhv etməmişlər.
Şuşanın Qarabağın sənətkarlıq mərkəzi olması, şəhərdə müxtəlif sənət istehsal sahələrinin inkişafı, ticarət əlaqələrinin genişlənməsi, mənəvi mədəniyyətin yüksəlişi onun şöhrətini uzaqlara yaymışdır. Şuşanın çeşid-çeşid mallarının sorağı Təbriz, İsfahan, Tehran, İstanbul, Moskva, Dehli, Paris və s. şəhərlərdən gəlirdi. Buranın 60-dan artıq xarici ölkə ilə ticarət əlaqəsi qurulmuşdur. Şuşada 17 məhəllə salınmış, hər məhəllənin məscidi, bulağı və hamamı olmuş, mərkəzi yollar daş döşəmə ilə düzəldilmiş, günəş şüasında döşəmələr şüşə kimi parıldamışdır.
Şuşanın, bütövlükdə Qarabağın Axundu Hacı Mir Abdullah Həsənli dini tədqiqat apararaq yazır: “XII əsrdə Qarabağda babasının qəbri üstündə tikilmiş türbənin yerində Şah İsmayıl Xətai XVI əsrdə 6 minarəli məscid tikdirmişdir”.
Şuşada mədrəsələrlə yanaşı, 17 məhəllə məscidi, 3 böyük cümə məscidi, bir ələvi məscidi fəaliyyət göstərmişdir.
Şuşada Şeyx Hacı Molla Şükür ağa Məhərrəmzadə, Şeyx Hacı Molla Kazım ağa, Məhəmməd ağa Müctəhidzadə, Əbdülrəhim ağa Müctəhidzadə kimi məşhur dini alimlər olmuşdur.
XX əsrin əvvəllərində Rus şövinistlərinin fitvası və köməkliyilə Qarabağda təşkil olunmuş erməni qiyamının və qırğın törətmələrinin qarşısını almaq üçün Məhəmməd ağa Müctəhidzadə nümayəndə heyətilə Türkiyəyə səfər etmiş, Qarabağ əhalisi və Azərbaycan Xalq Cümhuriyyəti adından Mustafa Kamal Atatürklə görüşmüş və ondan hərbi yardım istəmişdir.
Bundan sonra, Tələt paşa, Əliehsan paşa, Qarabəkir paşa və Nuru paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusu Azərbaycana köməyə gəlmiş və Naxçıvanda, Qarabağda, Bakıda və s. yerlərdə müsavat ordusu ilə birgə erməni daşnaklarının bolşeviklərlə birgə apardığı müsəlman qırğınının qarşısı alınmışdır. 1918-ci ilin 15 sentyabrında Nuru paşa 1350 nəfər şəhid verərək, Bakıya daxil olmuş, erməni-bolşevik qüvvələrini darmadağın etmişdir. AXC mərkəzini Bakıya köçürməkdə yardımçı olmuşdur. Sonralar Bakıda Dağüstü Şəhidlər Xiyabanında türk şəhidlərinin şərəfinə abidə ucaldılmışdır.
Sadalanan bu xidmətlərinə görə Şuşalı Məhəmməd ağa Müctəhidzadəyə Türkiyənin “İstiqlal ordeni” verilmişdir.
Hələ 1905-ci ildə “erməni-müsəlman davası” adlandırılan müsəlman qırğınının qarşısının alınmasında əslən şuşalı mütəfəkkir ziyalı Əhməd bəy Ağa oğlunun Bakıda yaratdığı “Difayi” milli təşkilatının mühüm rolu olmuşdur. “Difayi”nin Şuşa şöbəsinin sədri doktor Mehmandarov olmuşdur.
İlk rus-tatar (türk) gimnaziyası XIX əsrin əvvəllərindən Şuşada fəaliyyət göstərmişdir.
Şuşa dünyaya korifeylər bəxş etmiş, böyük ziyalı ordusu yetişdirmişdir.
Belə ki, 40 nəfərdən artıq akademik, müxtəlif sahələr üzrə 500 nəfərdən çox elmlər doktoru, professor, elmlər namizədi, 30-dan artıq general, 4 nəfər Sovet İttifaqı Qəhrəmanı yetişmiş, 5 nəfər Milli Qəhrəman “Qızıl ulduz”una layiq görülmüşdür.
Şərqdə ilk demokratik Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-1920-ci illər ərzində Məhəmməd Əmin Rəsulzadə hökuməti xaricdə təhsil almaq üçün 100 nəfər tələbə göndrəmişdir ki, bunun da 35 nəfəri şuşalı idi.
Şuşa çoxlu sayda muğam ustaları, bəstəkarlar, şairlər yetişdirmişdir.
Azərbaycanda ilk dramaturgiyanın, operanın və müasir təhsilin əsası Şuşada qoyulmuşdur. Dünyanın ən uzun mineral su kəməri (37 km) akademik Mirəli Qaşqay tərəfindən Şuşaya çəkilmişdir. Klimatik kurort şəhərinə çevirmiş Şuşa dünyada Davos kurortundan sonra ikincidir.
Tanınmış alim, professor Yaşar Qarayev Şuşanı yüksək qiymətləndirərək: “Şuşa dünyada maddi nemətlərdən çox, mənəvi nemətlər istehsal edən şəhərdir” - demişdir.
Məşhur ingilis alimi Con Bernarın yüksək qiymətləndirdiyi tanınmış alim, millət və vətən yolunda canını fəda etmiş Xudu Məmmədov dünyaya korifeylər bəxş etmiş Şuşanı “Cənnət bağı” adlandırmış, onu Məkkəyə bənzədərək yazmışdır: “Şuşa elə bir məkandır ki, Allah-təala ona gözəl təbiət, bənzərsiz flora, fauna, saf su, saf hava ilə yanaşı, insanlarına gözəl spesifik xüsusiyyətlər, kütləvi istedad bəxş etmişdir”.
Tanınmış tədqiqatçı-jurnalist Firudin bəy Şuşinskinin layiqli davamçısı Vasif Quliyevin toplayıb, tərtib edərək 2001-ci ildə nəşr etdiyi Şuşa və Şuşalılara ithaf etdilmiş 1600 səhifəlik iki cildlik “Şuşa nəğmələri” kitabında görkəmli şairlərin - Musa Kələmullah, Ağabəyim ağa Ağabacı, Mirhəmzə Seyid Nigari, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Abbas Səhhət, Aşıq Şəmşir, Məmməd Araz, Cəfər Cabbarlı, Süleyman Rüstəm, Səməd Vurğun, Almaz İldırım, Əli Kərim, Cabir Novruz, Tofiq Bayram və bir çox digər tanınmış şairlər, o cümlədən, qeyri türk millətindən olan A.S.Puşkin, Lermontov, Georgi Dvanidze, Giya Paçxataşvili, Pavel Pançenko, Varvara Konstantinovna, Aleksandr Xaldeyev və s. kimi neçə-neçə görkəmli şairin Şuşaya həsr edilmiş ürəyi riqqətə gətirən şeirləri çap edilmişdir.
Kitaba ön söz yazan şair, filologiya elmləri doktoru, professor mərhum Famil Mehdi Şuşanın poetik obrazını yüksək həssaslıqla və ürək ağrısı ilə qələmə almışdır.
(Davamı var)
Zahid Quliyev,
Təzadlar.- 2014.-
8 may.- S.6.