Rəmzi Dönməzin qəlbinin səsi

 

 

Ədəbiyyatımızın iyirminci yüzilliyinin 80-90-cı illərdəki inkişafında doğma Qarabağ hadisələri mühüm yer tutur. Yazıçı, millət vəkili Aqil Abbas deyir ki, hələ də yarasından qan daman Qarabağ hadisələrindən kim bir əsər, məqalə yazırsa, itirdiyimiz torpaqları məhv edən erməni faşizmini ifşa edən bir hekayə, roman yazırsa, o, böyük görmüş olur. Deməyim odur ki, Qarabağ dərdi çox adamı yandırır, danışdırır, onu hətta şairə, yazıçıya çevirir.

 

 

 

Dərdi başından aşan belə gənclərdən biri də Rəmzi Dönməzdir. Onun təzə çap olunmuş şeirlər kitabı “Qəlbimin səsi” adlanır.

 

 

 

İnsanı yaşadan, ucaldan və başqalarına sevdirən onun təmiz adı, yüksək insani keyfiyyətləridir. Bunların hamısı Rəmzi Dönməzdə var. R.Dönməzin atası Ağdam rayonunda hamı tərəfindən sevilən və hörmətlə tanınan Səfərov İldırım müəllimdir. Bu nəsildə yetişən bacı və qardaşların hamısı əsasən riyaziyyatçıdır.

 

 

 

Bu gün Rəmzi Dönməzin poetik duyğularını dilə gətirən nədir? Cavab sadədir: başqaları kimi yerini, yurdunu, vətənini itirib, nəslini-kökünü, cavan ikən gənc tay-tuşlarını itirib, əli ilə əkdiyi-biçdiyi, tikdiyi nələri var idisə onu itirib. Qısaca desək, vətən dərdi Rəmzini şair edib.

 

 

 

Məşhur C.Bayron deyirdi ki, “Vətəni sevməyən insan heç nəyi sevə bilməz”. Yaxud, yəhudilərin bir deyimi var: “Bir yəhudi üçün o biri yəhudi vətəndir”.

 

 

 

Bu mənada, gənc şair vətəni unuda bilmir, gecə yuxuda da elini-obasını, kəndini görür:

 

 

 

Gözümdən yaş deyil, qan damır mənim,

 

 

 

Talanıb-tapdanıb Ağdamım mənim.

 

 

 

Qalmayıb Ağdamda damım mənim,

 

 

 

Ölürəm hər gün sənsiz, Qarabağ...

 

 

 

(“Sənsiz, Qarabağ”)

 

 

 

 

 

 

 

Gör neçə illərdir həsrətindəyəm,

 

 

 

Şuşasız, Ağdamsız cansız kölgəyəm.

 

 

 

Doğma vətənimdə qürbət eldəyəm,

 

 

 

Beləcə, mənasız öldürmə məni.

 

 

 

(“Qarabağ dərdi”)

 

 

 

 

 

 

 

Yaşadım ümidlə, ümidsiz qaldım,

 

 

 

Gözlərim yollarda, carəsiz qaldım.

 

 

 

Kəndimin yolları, mən sənsiz qaldım,

 

 

 

Yaşamaq olmayır, bu dərdlə daha.

 

 

 

(“Kəndim”)

 

 

 

 

 

 

 

Sənə gedən yollar bağlıdı, bağlı,

 

 

 

Ürəyim o gündən dağladı, dağlı,

 

 

 

Yazdığım hər kəlməm qanlıdı, qanlı,

 

 

 

Dilimin tək sözü Yusifcanlıdı.

 

 

 

(“Yusifcanlı”)

 

 

 

Gənc şairin ata-anasına həsr etdiyi şeirləri çoxluq təşkidl edir. Bu, təbiidir. Bir mütəfəkkir belə deyib: “Bir ananın ürəyi - Yaradanın şah əsəridir. Cənnət anaların ayaqları altındadır”. Qadın ətrafına səadət saçan cənnət ətirli bir çiçəkdir. Xüsüsilə şəfqət və mərhəmətin üstünlüyü peyğəmbərlərdən sonra özünü bariz şəkildə anaların könüllərində göstərir. Belə bir deyim var: “Yuvanı dişi quş dikir”. Allah nəsli mühafizə etmək işini analara əmanət etmişdir. Analar övladlarını 9 ay bətnində, 2-3 il qucaqlarında, 10 ilə yaxın əllərində, ölüncəyə qədər qəlblərində yaşadırlar.

 

 

 

Anasız bu dünya nəyə gərəkdir,

 

 

 

Hər gün yanır qəlbim, anam, hardasan?

 

 

 

Sənsiz qalan ömrüm kimə gərəkdir,

 

 

 

Hər gün ağlar oğlun, anam, hardasan?

 

 

 

(“Anam, hardasan?”)

 

 

 

 

 

 

 

Gecələr yatmıram, ağlayıram mən,

 

 

 

İstərəm hər gecə başım üstə sən,

 

 

 

Gəlib bu oğluna laylay deyəsən,

 

 

 

Hardasan, anacan, dözmürəm sənsiz..

 

 

 

(“Dözmürəm sənsiz”)

 

 

 

 

 

 

 

Gəlmişəm, məzarın üstündəyəm mən,

 

 

 

Sənsiz bu dünyada tək-tənhayam mən.

 

 

 

Nədən nəvəsiz getdin bu dünyadan sən?!

 

 

 

Kaş, ölüb səninlə, torpaq olaydım..

 

 

 

(“Məzarın üstdə”)

 

 

 

 

 

 

 

Saçımda əlinin tumarı qalıb,

 

 

 

Qəlbim qəlbindəki sevgini alıb.

 

 

 

Məni Məcnun edib, çöllərə salıb,

 

 

 

Mənə laylay deyən dinilə qurban...

 

 

 

(“Anama qurban”)

 

 

 

R.Dönməz digər qohumlarını, əzizlərini də unutmayıb, onlara ayrılıqda şeirlər həsr edir. Xüsuilə onlara böyük arxa, kömək olan, düzgün tərbiyə verib yol göstərən atasını, bacı-qardaşlarını, bibisini və digərlərini unutmur:

 

 

 

Sənsiz heç bir günüm olmasın, ata,

 

 

 

Sənsən hər bir zaman güvəncim, ata,

 

 

 

Çarəsiz, ümidsiz qaldığım zaman

 

 

 

Ümidim, diləyim tək sənsən, ata.

 

 

 

 

 

 

 

Atasız qalmasın həyatda heç kəs,

 

 

 

Bu sözü mən Dönməz deyirəm hər kəs.

 

 

 

Bilsin sağlığında ata qədrini,

 

 

 

Atadan can alır, həyatda hər kəs.

 

 

 

 

 

 

 

Qanadı yarılı sənsiz bir quşam,

 

 

 

Uça bilmərəm, cansız bir daşam.

 

 

 

Hər zaman lazımsan həyatda mənə,

 

 

 

Sənin nəfəsinlə mən ucalmışam.

 

 

 

(“Ata”)

 

 

 

Belə bir deyim var: “Sevgi - yaşamağın qaynar və son həddidir”. Elə bir yazar yoxdur ki, o ilk şerini sevgiyə həsr etməsin. Kitabda Rəmzinin sevgiyə, sevgilisinə gizli-açıq yazdığı çoxlu şeiri var. “Sevgi”, “Ağlama, ürək”, “Ayrılıq”, “Sonsuz sevgi”, “Sən söylə”, “Adsız sevgi”, “Sevdamın yolu”, “Xoşbəxt olasan deyə, “Tək arzum”, “Getmə, nə olar”, “Qəlb və göz”, “Sevgi bir dəryadır”, “Gül görüm”, “Sevgimin gücü”, “Nə yaşadım”, “Unutmayın” və s.

 

 

 

 

 

 

 

Göz-gözə baxaraq sevmək olarmı?

 

 

 

Göz qəlbin açarı demək olarmı?

 

 

 

Sevəni gözündən bilmək olarmı?

 

 

 

Qəlb gözə aldanıb sevməsin gərək.

 

 

 

(“Qəlb və göz”)

 

 

 

 

 

 

 

Həyat nə gözəldir, sevib-sevilsən,

 

 

 

Sevginlə qocalıb məzara girsən.

 

 

 

Qır qazan deyilən o yerə düşsən,

 

 

 

Sevginin ruhu da yaşayar, ölməz.

 

 

 

(“Əsil sevgi”)

 

 

 

 

 

 

 

Başımın üstündən çəkilmir heç çən,

 

 

 

Cavankən saçıma düşübdür dən.

 

 

 

Sevgi də yan keçir mənim qəlbimdən,

 

 

 

Özümdən özümə şikayətim var.

 

 

 

(“Şikayətim var”)

 

 

 

 

 

 

 

Sənin hər baxışın min dərdə dərman,

 

 

 

O gözəl üzünə hər bir kəs heyran.

 

 

 

Sənə mən demirəm, gözəl, bir ceyran,

 

 

 

Sən düyna gözəli, gözəllər şahı.

 

 

 

(“Gözəllər şahı”)

 

 

 

 

 

 

 

Gənc Dönməz özü də deyir ki, həyat gözəldir sevgi olan yerdə. İnsanda sevgi müxtəlifdir; vətənə, torpağa, dövlətə, xalqa, yoldaşa, ataya-anaya... Çox şeyə sevgi var. Amma, nədənsə, gənc şairin üzü gülmür, görəsən, dərdi nədir, qaşqabağı yer süpürür, ürəyində kiminləsə danışır, xatırlayır, ora-bura baxır, yerimək istəyir, düz yerdə büdrəyir! Aydın olur ki, şairi üzər vətən dərdidir, aralıdan baxanda yaxında görünən kəndlərinə getməmək dərdidir.  Darıxma, şair, vaxt gələr, əsir düşən yerlərimizə bir də gedərik. O gün uzaqda deyil. Şeirlərin süjet xətti müxtəlifdir və aydındır. Burada təbliğ edilən müqəddəs fikir valideynlərə, vətənə, insanlara sönməz məhəbbətdir. Şerin dili xalq danışıq dilinə çox yaxnındır. Şair gündəlik danışıq dilindən bol-bol istifadə etmişdir. Kitabdan çıxan nəticə budur ki, insanlar bir-birini sevsin, vətənə, torpağa bağlı olsunlar.

 

 

 

Rəmzi, “Dönməz” təxəllüsün kimi yaradıcılığın da əbədi, dönməz olsun.

 

 

 

Səlim Əzimov

Təzadlar.- 2014.- 27 may.- S.15.