Çingiz Aytmatovun
hekayələri Azərbaycan dilində
Qırğız
yazıçısının dilimizə çevrilmiş
“Hekayələr” kitabının təqdimatı keçirildi
Noyabrın 8-də Qırğızıstanın Azərbaycan Respubliksındakı Səfirliyində dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun Azərbaycan dilində işıq üzü görmüş “Hekayələr” kitabının təqdimat mərasimi keçirilib.
Səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Qırğızıstan Respublikası XİN-in Avropa və Amerika ölkələri departamentinin başçısı Kanat Tursunkulov, Qırğızıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aydjiqit Buranov, TÜRKPA baş katibinin müavini Altınbek Mamayusupov, səfirliyin iqtisadi məsələlər üzrə müşaviri Yusif Təhməzov və dəvətli olaraq AYB sədri, xalq yazıçısı Anar, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millıət vəkili Nizami Cəfərov, millət vəkili Çingiz Qənizadə, “Altun Kitab” nəşriyyatının direktoru, f.f.d Rafiq İsmayılov, BSU-nun professoru Rüstəm Kamal, “Aydın Yol” qəzetinin baş redaktor müavini Qurban Yaquboğlu və kitabı tərcümə edənlər - şair-tərcüməçi İbrahim İlyaslı, SDU-nun müəllimi Təranə Quliyeva iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan cənab Kanat Tursunkulov qonaqları salamladıqdan sonra Çingiz Aytmatov yaradıcılığına Azərbaycanda olan sevgidən məmnunluğunu bildirib. O, xalq yazıçısı Anarı Çingiz Aytmatov mükafatına layiq görülməsi münasibətilə təbrik edərək, ona xatirə hədiyyəsi təqdim edib. Xalq yazıçısı Anar Kanat bəyə təşəkkürünü bildirib və təqdimatı keçirilən kitabdan və Çingiz Aytmatov yaradıcılığından söz açıb, kitabın uğurlu bir tərcümə nümunəsi olduğunu qeyd edib.
Qırğızıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aydjiqit Buranov “Altun Kitab” nəşriyyatının “Hekayə ustaları” seriyasından Çingiz Aytmatovun “Hekayələr” kitabının nəşr olunmasını böyük sevinc hissi ilə qarşıladığını və səfirlik adına bugünkü təqdimat mərasimini təşkil etdiklərini bildirib. O, kitabın tərcüməçiləri şair İbrahim İlyaslıya və Təranə Quliyevaya minnətdarlıq edib.
Millət vəkili, professor Nizami Cəfərov Çingiz Aytmatov yaradıcılığının özəlliklərindən danışıb və təqdimatı keçirilən kitabın yüksək səviyyədə tərcümə olunduğunu qeyd edib, bu ənənənin davamlı olmasını arzuladığını dilə gətirib.
Millət vəkili Çingiz Qənizadə “Köçəri quşların göz yaşları” hekayəsində keçən Manas parçasını oxuyub və tərcümənin mükəmməl olduğunu vurğulayıb.
Çıxış üçün söz alan TÜRKPA baş katibinin müavini Altınbek Mamayusupov Çingiz Aytmatov yaradıcılığına olan sevgisindən danışdı və türk cümhuriyyətlərində bu cür kitabların nəşr və təbliğ olunmasına xüsusi önəm verdiyini qeyd edib.
Səfirliyin iqtisadi məsələlər üzrə müşaviri Yusif Təhməzov Çingiz Aytmatovun əsərlərinin Azərbaycan dilinə tərcümə olunması və təbliği ilə bağlı görülən bütün addımları təqdir etdiyini bildirib və bu cür layihələrin davamlı olacağına ümid etdiyini deyib.
“Altun Kitab” nəşriyyatının direktoru, f.f.d Rafiq İsmayılov bu kitabın nəşrinin rəhbərlik etdiyi nəşriyat üçün hadisə olduğunu qeyd edib və kitabın tərcüməçilərinə təşəkkürünü bildirib.
Sonda söz alan tərcüməçilər İbrahim İlyaslı və Təranə Quliyeva kitaba daxil olan 9 hekayədən və hekayələrin tərcüməsi zamanı qarşılaşdıqları maraqlı detallardan söhbət açıblar. İbrahim İlyaslı kitabın təqdimatını yüksək səviyyədə keçirdiklərinə görə Qırğızıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aydjiqit Buranova, səfirliyin iqtisadi məsələlər üzrə müşaviri Yusif Təhməzova dərin təşəkkürünü bildirib.
Sonda kitabın tərcüməçiləri şair İbrahim İlyaslı və Təranə Quliyeva səfirliyin mükafatları ilə təltif ediliblər.
Elbar ŞİRİNOV
Təzadlar.-
2014.- 13 noyabr.- S.15.