Çovgan oyununun əlamətləri

 

Qayaüstü rəsmlərdə və xalçalarda

 

1. Çovgan oyunu haqqında ilkin məlumat

 

Çovgan oyunu haqqında ilkin məlumata qədim yazılı dastan olan “Dədə Qorqud” dastanında rast gəlmək olar. Bundan sonra istlər şifahi, istərsə də yazılı mənbələrdə də Çovgan oyunu haqqında məlumatlara rast gəlirik. İlkin olaraq “Dədə Qorqud” dastanında “Salur Qazanın Evi Yağmaladığı Boyu Bəyan Edir” boyunda kiçik bir şeir parçasında Çovgan oyunu xatırlanır və bu oyunun zamanında məşhur bir oyun olduğu özünü biruzə verir.

Çoban aydır:

Hərzə-mərzə söyləmə, mərə itim kafir!

İtimlə bir yalaqda yuyundum içən azğın

Altındakı alaca atın nə öyərsən? kafir!

Ala başlı keçimcə gəlməz mana.

Başındakı tuğulğanı nə öyərsən, mərə kafir!

Başındakı (keçə) bürkümcə gəlməz mana.

Altmış tutam köndərini nə öyərsən, mərə kafir?!

Qızılçıq dəyənəyimcə gəlməz mana.

Qılıncını nə öyərsən, mərə kafir?!

Əyri başlı Çonganımca gəlməz mana

Belindəki doxsan oxun nə öyərsən?!

Ala qollu sapanımca gəlməz mana?

İrağından, yaxınından bəri gəlgil!

Yigitlərin zərbəni görgil, ondan ötgil!

- dedi.

Burada zamanın ən mühüm lazımi yaraqları ilə bərabər məhz Çovganın da adı çəkilir. Bu da zamanında Çovganın qədimliyinə işarə verir.

“Çovgan” (çovğan) oyununda topu vurmaq üçün işlənən ucu əyri ağac (“Kitabi Dədə Qorqud”)

Təbii ki, bu dastan yazılmamışdan min illər qabaq da bu oyun olmuşdur. Çovgan oyununu “At” və onun ilkin sivilizasiyanın mədəni-məişət həyatında mühüm rolu ilə bağlamaq olar. İlkin sivilizasiyada insanların həyatında at təbii ki, bir çox sahələrdə əvəssiz, mühüm rol oynamışdır. Hələ qədim zamanlarda ilkin toy adəti ilə bağlı bəzək əşyaları at dırnağından hazırlanıdı. At müqəddəs, insanın əvəssiz yarağı, həm də murada çatmaq əhəmiyyətini daşıyıdı. Bu baxımdan, atla bağlı cəmiyyətdə yeni-yeni bağlantılar yaranmışdır. Atların lazımi ünsürlərindən biri döyüş, qalibiyyət, dövləti qorumaq, özünü təsdiq eləməkdir. Bunlar müharibə əlaməti olsa da, bu döyüşün mədəni-məişət əlaqələri də olmuşdur. Məhz bunlardan biri də Çovgan oyunu olmuşdur.

Döyüş taktikalarının əyləncə forması. Təsadüfü deyildir ki, “Dədə Qorqud” dastanında qeyd edildiyi kimi: “Bayandır xan ildə bir dəfə yağnaq edərdi. Oğuz bəylərini bir yerə toplardı. Şənlik edərdi”. Sual olunur: bu yağnağın (yığışmanın) ən mühüm əyləncələri nə olmuşdur? Təbii ki, bunlardan biri də Çovgan oyunu olmuşdur. Yəni igidliyin rəmzi olan oyun. Deməli, bu baxımdan, Çovgan oyunu zamanında şahları və onların əyanlarını əyləndirən ilk oyunlardan biri olmuş, oyunun qaliblərinə xüsusi mükafatlar verilmişdir.

Təbii ki, bu böyük zaman şənliklərində Çovgan oyununun da öz yeri olmuşdur. Çovgan oyunu elə bir oyundur ki, bu oyuna igidlik rəmzi olduğu üçün qadınlarla kişilər birgə tamaşa etmişlər. Necə ki, “Dədə Qorqud” filimində olduğu kimi. Ona görə ki, Çovgan oyunu əsl igidlik, cəsarət, şücaət oyunu olub. Hər adam cəsarət edib bu oyunu oynaya bilməzdi. Ona görə ki, Çovgan oyununun topu adi top deyil, öldürücü, zədəliyici bir top idi. Hər adam ondan qoruna bilməz, zərbəsinə dözə bilməzdi. Çünki top girdə, bərk, daş kimi möhkəm bir əşya idi. Ona görə də “Qabusnamə” əsərində qeyd edilir ki, Çovgan yaxşı oyun olsa da, onu çox oynama, ona görə ki, onun fəsadları xeyli dərəcədə çoxdur. Çovgan oyunu ilkin olaraq toy-büsatları olan zaman daha çox oynanılardı. Təsadüfi deyildir ki, qədim Azərbaycanda toylar qırx gün davam edərdi. Həmin qırx gündə dövrün ən gözəl adət-ənənələri nümayiş etdirilərdi ki, bunlardan da ən dəyərlisi Çovgan oyunu idi. Diqqət yetirsəniz, “Dədə Qorqud” dastanından stitat gətirdiyim dövrün ən ümdə həyatı şərtlərindən məhz biri Çovgan oyunudur. O zamanlar çox əyləncələr olsa da, onların ən başlıcası Çovgan olmuşdur. Ona görə də bu oyun dastanda xüsusi qeyd edilir.

Sual olunur, Çovgan oyunu Şərq aləminin ilkin oyunlarının biri kimi ilk dəfə Şərqin hansı məkanında özünü nümayiş etdirmişdir? Daha doğrusu, “Çovgan” oyununun ilkin məkanı haradır və maddi sübutu nədir? Çovgan oyununun təsviri ilkin olaraq Qobustan qaya rəsimlərində və Qobustan xalçalarında əks olunmuşdur. Qobustan qayaüstü rəsimləri dünyanın on yeddi ölkəsində olmasına baxmayaraq, dünya şöhrətli alim Tur Heyerdal Qobustan qayaüstü rəsimlərdəki qayıq şəkillərinə və qayıq şəkillərinin uc hissəsində Günəş şəklini gördükdən sonra əllərini göyə qaldıraraq tərcüməçisi ilə birlikdə “mən təslim” sözlərini demişdir (1996-cı ildə). Bunlar dünyanın ən qədim qayıqları, hətta Şumerlərdən də qədimi tarixə malikdir. Bəli, bu yerlər təkcə bu sahədə deyil, bir çox sahələr də Şumerləri Orxan yenisey abidələrini qabaqlayır. On cildlik kitabım bunun təsdiqidir. Bu baxımdan, Qobustan qayalarında və xalçalarda olan təsvirlər, işarələr sübut edir ki, bu oyunun ilkin məkanı məhz buradır. Qobustanda çəkdiyim şəkillər bunların bariz nümunələridir. Qobustanda aşkar etdiyim ilkin daş səhnə sübut edir ki, bu səhnə dünyanın tərtibatı cəhətdən ən qədim səhnəsi və Çovgan oyununun ilkin vətənidir. Həmin səhnənin təsviri belədir. Səhnənin eni təxminən iki km-ə və ondan da artıq bir genişliyə malikdir. Hündürlüyü isə iki yüz metrə yaxındır. Daşların çəkisi təxminən 300 kq-dan - iki tona qədərdir. Daşların rənginin eyni olması təstiq edir ki, bunlar xüsusi daş tozundan hazırlanmış məhluldan qəlbə vurulmuşdur. Ecazkar bir səhnədir, elmə və dünyaya məlum olmayan səhnədir. Səhnənin aşağısında qədim bir quyu vardır. Müasir dövrdə həmin quyudan mühərriklə bir gündə 600 ton su vurulmuş, lakin su eyni bərabərdə qalmışdır. Nə azalır, nə də çoxalır. İnsanın dizindən yuxarı qalxmır. Ən azı on min insan bu səhnədən qarşıdakı meydanda olan əyləncələri, cıdırı izləyə bilər.

Oyuncuların sayı

 

Hər qapıda bir nəfər, hər iki tərəfdə üç nəfər olur. Cəmi səkkiz oyunçu olur. Bunların rəmzi isə klassiklərə görə, belə olmalıdır. İki qapıcı Göy və Yerin vəhdəti. Üç-üç, günəş, ulduz, ayın rəmzi. 2-ci isə Ali varlığın 2-ci qolu (birinci qolu dördlükdür) Cəmadət, Təlabət və Nəbadətin rəmzidir. Ümumilikdə altı nəfər, altı cəhət, ön, arxa, sağ, sol, yuxarı, aşağı (və ya yan, böyür). Səkkiz nəfər isə göyün səkkiz qatına, mərkəz qüvvə yeddi isə göyün yeddi qatına işarədir. Paltarlar, ayaqqabı, çarığ, papağ isə keçədən ibarət olmuşdur. Bunlardır Çovgan oyununun ümumi şərtləri.

Ey yeddi çəmənə yaşıllıq verən,

Ey altı gəlini al bəzəndirən.

 

Burada: yeddi çəmən ərzin orta əsrlərdə bölündüyü yeddi iqlimə işarədir.

Altı gəlin altı cəhəti ifadə edir. Ə.Xəqani.

 

Altı bucaqlı taxtı devir yıx əməlinlə,

Uçsun doqquz pilləli minbər fələk əlinlə.

Altı bucaq - altı cəhət, yuxarı, aşağı, ön, arxa, sağ və sol tərəflər yəni kainatı alt-üst elə. Doqquz pillə göyün 9-cu qatı olan ərşi-fələkdir.

Cəlalın nərdi üstə doqquz qatlı fələyə,

Qabaqda o altı oyun bağışlayır hər zaman.

 

Altı oyun bağışlamaq mahir oyunçunun oynadığı adamla oyunun əvvəlində etdiyi güzəşt deməkdir. Ə.Xəqani.

Çovgan oyununun tarixi

 

Çovgan oyununun tarixi isə Şəms və Dəlv təqvimi ilə vəhdətdə götürmək olar. Şəms Azər sözü ilə vəhdətdə Atəşgah, oda qulluq edən mələk. Azəri o da sitayiş edən atəşpərəstlər, 3-cü Günəş ilinin 9-cu ayı (22 noyabr - 22dekabr) Məhz bu təqvim Qobustan qayalarında və xalçalarında predmet yazısı kimi mövcuddur.

2-ci Dəlv təqdimi - Şəmsi ilinin 11-ci ayı (22 fevral - 22 mart)

Bu tarixi oyun Novruz bayramı və ondan da öncə atəşpərəslərin ilkin oyunu, əyləncəsi kimi öncə qəbul etmək olar. Oyunun qədimliyi bu şərtlətə bağlı olması daha məqbul sayıla bilər. Ona görə ki, bu təqvimlər xüsusi bayramlarla bağlı olmuşdur. Bu bayramlarda təbii ki, əyləncələr olmuş və bunladan da ən mühümü Çovgan oyunu olmuşdur (Bax: şəkil 2 və 3 )

 

Çovgan oyunu Ə.Xəqani və N.Gəncəvinin əsərlərində

 

Çovgan oyunu dünyanın ən qədim, maraqlı oyunlarından biridir. Bu oyun haqqında ilkin məlumatlara klassik şair və yazıçıların əsərlərində də rast gəlmək olur. O cümlədən, Nizami Gəncəvinin, Ə.Xəqaninin əsərlərində xüsusi qeyd edilir. Çovgan xüsusi bir beytlə işıqlandırılır.

Çənədən top qapmaq istəyən zaman,

Üzümdəki saçdan yeyəcək çovgan.

 

Beytdə orta əsrlərdə at üstündə oynanılan “Güy və çovgan” oyununa işarə edilir. Nizami Gəncəvi əsərdə Şirinin çənəsini topa (guy), saçlarını isə Çovgana (ucu əyri ağaca) bənzətmişdir. Yəni bu oyunda elə çeviklik lazımdır ki, rəqibin çənəsinin altında olan topu rəqibindən qabaq özünə çəkəsən. İkinci beytin mənası: mənim çənəmə əl vurmaq istəsən (Xosrov) saçlarımdan zərbə yeyər. (“Xosrov və Şirin” Bakı,1982)

1) Guy - top, kos, girdə şey,

2) Cərid - oyunda oynadılan kiçik top, Bax. Ə.f. lüğəti 32.

Demək, oyunun digər adı da Cərid oyunu olmuşdur. Cəri (d) - Cürətli, qorxmaz, igid, cəsarətli (Bax. Ə.f. lüğəti səh.70) lüğəti terminlərdə də bu oyunun çox mənaları özünü büruzə verir.

Çovgan oyunu təkcə oyun kimi başa düşülməməli, onun digər keyfiyyətlərini də söyləmək lazımdır. Bu oyun oyunçulara çeviklik göstərməklə döyüş manevrlərini də öyrədir. Yəni atın üstündə müxtəlif manevrlər aparmaq, rəqibi məğlub etmək taktikalarını da öyrədir. 2-ci bir tərəfdən qollarını müxtəlif istiqamətlərə manevr etmək təcrübəsin bəxş edirdi.

Çovgan oyununda atın həm üstündə topu özünə çəkmək, həm də atın qarın hissəsinə əyilməklə rəqibi açiz qoyub ona qalib gəlmək üslullarını mənimsətdirir. Həmin manevrlər döyüş, taktikası kimi də kara gəlirdi.

Çovgan - keçmişdə atla oynanılan top oyunu. 2-ci həmin oyunda topa vurmaq üçün başı əyri uzun ağac.

Çovganbar - Çovgan oyununda top oynadan (Bax. Ə.f. lüğəti, səh. 747).

Bu oyun ən qədim oyunlar sırasına daxil olub, sırf azərilərə, atəşpərəstlərə onların tarixinə bağlanılan oyundur.

Bunun digər forması da “Papaq apardı” oyunu olmuşdur.

 

Belə ki, atın üstündən əyilməklə papağı yerdən götürüb, rəqiblərin arasından çevikliklə keçib mərəyə çatmaq şücaəti göstərilən bir oynudur. Qədim Azərbaycanda digər bu tipli oyunlar da olmuşdur ki, bunlar da bilavastə ağac əşyaları ilə bağlı olmuşdur. Bunlardan biri də “Hin top” oyunu olmuşdur. Bu oyun Qobustanda və Azərbaycanın əksər bölgələrində indi də uşaqlar tərəfindən oynanılır.

(Hin - zaman - vaxt deməkdir).

Bu oyunda iki ağac əşya mühüm rol oynayır.

Bunlardan biri iti ucları olan (10-12 sm) ağac. Digəri isə, dəyənək tipli ağac. Təxminəm 50-60 m məsafədən kiçik ağacın ucuna vurmaqla, həmin məsafədəki mərəyə (çuxura) salmaq oyunu. İndiki dövrdə buna Qolf oyunu deyirlər. Burada sırf əzələlərin hərəkətə gətirilməsinə təsir edən bir oyundur. Digər bir oyun isə həmin ağacın dama xətlər arasına salmaq oyunu olmuşdur. Bunların tarixi demək olar ki, daş dövrünə və ondan sonraki dövrə, şamil olunan oyunlardır. Təbi ki, bu tipli oyunlar çox olmuş, təəssüflər ki, tarixdən silinmişdir.

Azadlıq meydanında da at çapırmaq könlünə,

Kosu - amal olar, əqlin ayağı - əldən düşsə çovganda.

 

(Ə.Xəqani seçilmiş əsərləri, Bakı, 1987)

 

Çovgan (Çovqan) (Çovkan) - atlı, cıdır oyununda topu tutub almaq və qaçırmaq üçün işlədilən ucu əyi bir ağac adıdır. Ə.Xəqani bu beytdə demək istəyir ki, bu oyunda təkcə cəldlik, fiziki qüvvə deyil, həm də ağılın gücü də özünü büruzə verir. Bütün bunları ümumiləşdirərək demək olar ki, bu oyunda əsas cəhətlər ağıl, fiziki qüvvə, cəldlik və çeviklik vəhdətində düşünülüb yaradılmışdır. Həmin oyun həm də döyüş təlimi kimi qiymətləndirilir. Çovgan topu keçənin döyülmüş, sıxılmış girdə top formasıdır. Çox sərt və bərk girdə əşyadır.

Çovgan (Çovqan) (Çovkan) - oyunun qədim bir forması da Şərqin başqa bir bölgəsində başqa bir formada təsis edilmişdir. Bu oyuna da N.Gəncəvinin “Sirlər xəzinəsi” əsərində rast gəlmək olar.

Kamala yetdikdə elmi əməli,

Silahdan yapışdı qüvvətli əli.

At sürdü aləmə vəlvələ saldı,

Çovganbaz fələyin topunu aldı.

 

Yəni Göylərə qalib gəlib, Çovganbaz günəşi belə top kimi öz Çovganına salardı.

Qaraldı sürətlə yol gedən zaman,

O, topu günəşdən qürsu də aydan.

 

Burada günəş Çovganın topuna bənzədilmişdir. Qürs isə Ayın çevrəsi deməkdir.

Bu misralardan da aydın olur ki, Çovgan oyunu digər bir mənada fələk oyunu və ya yerin, fələkə bağlanma oyunu kimi də qiymətləndirilməlidir.

Dəvə kimi oynasan, yollar qucar köçəndə,

Tapdıq olsan fillərə, kollar qucar köçəndə.

 

Keçmişdə saman və otla doldurulmuş iri heyvan dərisini filin ayaqları altına atarlarmış. Onu tapdaladaraq filə döyüş meydanında düşmənləri əzməsi öyrədilərmiş. (N.Gəncəvi “İsgəndərnamə”)

Bunlar da göstərir ki, bu tipli qədim oyunlar həm ilkin insan əyləncələri, həm də ali məsdəq igidlik, şücaətlik, döyüş taktikalarını öyrənmək, öyrətmək məqsədlərini özündə əks etdirirmişdir. İndi həmin oyunu müasirləşdirərək at üstündə deyil, ot üstü və buz üstü oyunlar olan xokkey oyunları ilə əvəz etmişlər. Ümumilikdə bu oyunları idraka bağlı, fiziki hazırlıq oyunu kimi də dəyərləndirmək olar.

Sonda onu da qeyd etmək istərdim ki, bu oyunun adının mənası tarixi və doğulduğu məkan sırf muğlara və parsilərə (atəşpərəstlərə) məxsusdur. Bunların digər əlamtələri də “Dədə Qorqud” dastanında özünü real göstərir (yəni heyvanlarla bağlı əyləncələr və igidliklər). Dünyanın ilkin təqvimi kimi bu oyun da Azərbaycandan təkanını alıb, digər bölgələrə şəcərə kimi yayılmışdır.

 

Çovgan oyunu “Qabusnamə”də

 

Ey oğul, bil, əgər çovgan oynamaqdan həzz alsan, çox oynamağı özünə adət etmə, çox adamlar çovgan oynamaqdan zərər görüblər.

Hekayət: Belə deyirlər ki, Əmr Leysin bir gözü kor imiş. Xorasan əmiri olduqdan sonra bir dəfə çovgan oynamaq üçün meydana gedir. Onun Əzhər Xər adlı bir sərkərdəsi var imiş, gəlib onun atının cilovundan tutur və deyir: “Qoymaram səni top vurub çovgan oynayasan”. Əmr Leys deyir: “Necə olu ki, siz top vurmağı özünüzə rəva görürsünüz, çövgan oynamağı mənə rəva görmürsünüz?”. Əzhər cavabında deyir: Ona görə ki, bizim iki gözümüz vardır, əgər top gözümüzə dəysə, bir gözümüz kor olar, bir gözümüz qalar və bununla işıqlı dünyanı görə bilərik, sənin isə bir gözün vardır, bədbəxtlikdən əgər top o gözünü də çıxartsa, gərək Xorasan əmirliyinin fatihəsi oxunsun”. Əmr Leys deyir: “Bütün eşşəkliyinə baxmayaraq, düz deyirsən, söz verirəm ki, nə qədər sağam, topa əl vuramayam”.

Əgər ildə iki dəfə çovgan oynamağa həvəs göstərən, razı qalaram. Lakin alt üstündə çox oynamaq lazım deyildir, qorxusu var. Top vurmaq üçün süvarilərin sayı səkkizdən artıq olmamalıdır. Sən meydanın bu başında dur, bir nəfər də o başda dursun, altı nəfər isə ortada top vursun. Top sənin tərəfinə gələrsə, onu vurub geri qaytar və atı da o qədər çap, lakin qarmaqarışıqlığa soxulma ki, həm sədəmədən özündü qoruyasan, həm məqsədə çatmış olasan. Böyük adamların çovgan oynamaq qaydaları bundan ibarətdir, kömək isə Allahdandır.

Ədəbiyyat

1) “Kitabi Dədə Qorqud”. H.Araslı Bakı, 1962, səh. 30-174.

2) Ə.Xəqani “Seçilmiş əsərləri”, Bakı, 1987-ci il, səh. 103.

3) N.Gəncəvi “Xosrov və Şirin”, Bakı, 1982-ci il, səh. 387.

4) N.Gəncəvi “Sirlər xəzinəsi”, Bakı, 1981-ci il.

5) N.Gəncəvi “Yeddi gözəl” Bakı, 1983, səh. 65-329.

6) N.Gəncəvi “İsgəndərnamə” Bakı, 1982.

7) “Qabusnamə” Bakı, 2005, səh. 97

8) Ərəb və Fars lüğəti.

9) Xalq dinləmələri.

 

P.S. Məqalə noyabrın 11-də Mədəniyyət və Turizm Nazirliyinin kitab nəşri şöbəsinə müsabiqə üçün təqdim olunub.

 

Şakir Qabıssanlı (Həmzəyev)

AMEA-nın Coğrafiya İnstitutunun dissertantı, Bakı İdarəetmə və Texnologiya kollecinin tarix və fəlsəfə müəllimi

Təzadlar.- 2014.- 13 noyabr.- S.12-13.