“Hələ yaşamağa dəyər...”

 

Şair Məmməd İsmayılın 75 illik yubileyi qeyd olundu

 

Noyabrın 11-də Aktyorlar Evində tanınmış şair Məmməd İsmayılın 75 illik yubileyi keçirildi. Tədbirdə Azərbaycanın tanınmış elm adamları, incəsənət xadimləri və şairin qələm dostları iştirak edirdilər. Öncə təqdim olunan videoçarx tədbir iştirakçılarına şairin keçdiyi həyat və yaradıcılıq yoluna bir daha nəzər salmaq, yeni əsərləri ilə tanış olmaq və Türkiyənin elm və təhsil sahəsinin tanınmış simalarının yubilyarla bağlı xoş sözlərini dinləmək imkanı verdi.

Tədbiri giriş sözü ilə xalq şairi Sabir Rüstəmxanlı açdı. O, tədbir iştirakçılarına M.İsmayılın keçdiyi yaradıcılıq yolu, əsərləri haqqında geniş məlumat verdi: “Məmməd İsmayıl Türkiyədə yaşasa da, orada yazıb yaratsa da, səsi-ünü dünyanın hər yerinə yayılıb. Sevinirəm ki, Məmməd İsmayılın yubileyində çıxış etmək mənə qismət oldu. Təəssüf ki, ömrünü millətə həsr edən insanların dəyərini bəzən protokol vasitəsilə veririk. Məmməd İsmayıl da ömrünü böyük ideallarına, millətinə və vətəninə həsr edən şairlərimizdəndir. Məmməd İsmayıl milli şairdir. Bu baxımdan, onun bu yubileyi milli bayramdır və bu bayrama gəldiyinizə görə hər birinizə təşəkkür edirəm”.

Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-şair İlqar Fəhmi təmsil olunduğu qurum rəhbərliyinin salamlarını yubilyara və tədbir iştirakçılarının diqqətinə çatdırdı: “Məmməd İsmayıl böyük şairdir. Vaxtilə biz gənc nəsil gözümüzü açıb Məmməd İsmayılı ədəbiyyatımızın zirvəsində gördük. Nə öyrəndiksə, bu böyük şairin sayəsində əldə etdik. Bunu danmaq mümkün deyil. Bu günonun böyüklüyünü hiss edirik”.

Şair İbrahim İlyaslı dünyanın bir çox yerindən yubilyarın ünvanına göndərilən təbrik teleqramlarını oxudu.

Məmməd İsmayılı qürbət şairi adlandıran tənqidçi, ədəbiyyatşünas Rüstəm Kamal onun taleyini klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir Xaqani Şirvani ilə müqayisə etdi. Tənqidçinin “Qəribədir, qürbət şairlərinin taleyinə niyə öz vətənlərinə dönmək yazılmayıb” - sualını yubilyar belə cavablandırdı:

Ara günlərini dərdlə bölüşər,

Sonra da şənbəni, bazarı gələr.

Qürbətə düşənlər tarixə düşər,

Gəlsə də, vətənə məzarı gələr.

 

M.İsmayılı ustad adlandıran türkiyəli qonaq aşıq Maqsud Fəryadi onun şeirlərinin aşıqlar tərəfindən sevilə-sevilə oxunduğunu qeyd etdi.

Sonra yubilyaraTovuz” Xeyriyyə Cəmiyyətinin hədiyyəsi təqdim olundu. Nasir, publisist Əkbər Qoşalı M.İsmayılın neçə-neçə gənc istedadlı şairin sənət yoluna işıq saldığını, yaradıcılığı ilə, tövsiyələri ilə örnək olduğunu vurğuladı.

Daha sonra gənc şair Şahinə Könül yubilyarla bağlı öz dəyərli fikirlərini bölüşdü.

Rəssam, şair Məmməd Dəmirçioğlu M.İsmayılın kətan üzərində çəkdiyi portretini yubilyara hədiyyə etdi.

Xalq artisti Azər Zeynalovun, sevimli müğənnimiz Flora Kərimovanın, eləcə də aşıqların ifa etdiyi mahnılar alqışlarla qarşılandı.

Sonda şair Məmməd İsmayıl bu diqqət və qayğıya görə tədbir iştirakçılarına dərin təşəkkürünü bildirdi.

 

ELBAR

Təzadlar.- 2014.- 13 noyabr.- S.10.