Aydın Çobanoğlu kimi bir bülbülü susdurmaq xalqa xəyanət idi

 

O, saz-söz sevərlərin qəlbində əbədiyaşarlığını qazananlardandır

Aşıq Aydın Çobanoğlu Tovuz rayonunun Əlimərdanlı kəndində doğulub, boya-başa çatmışdı. Hələ uşaq ikən atası Çoban kişinin saz çalıb oxuduğunu görmüşdü. Ağlı kəsəndən doğma kəndlərində neçə-neçə ustad aşığı, el şairlərini dinləmişdi. Hər dəfə aşıq Əkbəri kəndlərindəki toy məclislərində dinlədikcə qəlbindən saza-sözə istək və vurğunluq artırdı. Ona görə də aranı xəlvətə salıb atasının sazını kökdən düşənə qədər çalarmış. Atalar doğru deyib: “Ustad oğlundan şəyird olmaz”. Aydın nadir istedad sahibi kimi müəllimlərinin, şagird yoldaşlarının, rayon aşıqlarının da diqqətini cəlb etmişdi. Gənclər arasında fərqli saz ifaçılığına görə rayon mərkəzində onu daha fəal olmağa səsləmişdilər.

Özü söhbət edirdi ki, bir dəfə aşıq Əkbər Cəfərovun əlində saz Tovuzun mərkəzindən (indiki öz adını daşıyan) mədəniyyət evinə getdiyini görür: “Yaxınlaşıb salam verdim. O, salamımı aldı. Xahiş etdim ki, versin sazı mən götürüm. O, gülümsəyib sazı mənə verdi. Elə ki, sazı mən götürdüm, elə bil dünya mənim ayaqlarım altındadır. Hər yandan mənə baxırdılar. Həm qürur hissi keçirirdim, həm də sevinirdim. Bir xeyli onunla yol getdikdən sonra ona utana-utana dedim ki, ustad, istəyirəm məni bir yoxlayasan. “Nəyə görə” - deyə aşıq Əkbər sual verdi. Mən isə ona dedim ki, fikrinizi bilmək istəyirəm görüm məndən aşıq olarmı?

O, “nə deyirəm, gedək mədəniyyət evində səni bir yoxlayım”, - deyə məni özü ilə mədəniyyət evinə apardı. Düzü, 30-dan çox aşıq havası çalıb oxuyurdum. Bu barədə qorxum yox idi. Elə ki, yetişdik, o dəqiqə öz sazını açıb mənə verdi. Doğrusu, inanmağım gəlmirdi ki, mən Əkbər kimi misilsiz aşığın sədəfli sazını çalacağam. Sazı alıb kökünü yoxlayıb, bir simi boşaldığı üçün düzəltdim. “Nə istəyirsiniz, sizə nə ifa edim?” - deyə müraciət etdim. “Nə istəyirsənsə, oxu”, - deyə aşıq Əkbər dilləndi. Mən isə aşıq Əkbərin “Ögey ana”filmində oxuduğu aşıq Nəcəf Əlimərdanlının “Qadasın aldığım” şeirini “Cəlili” havası üstündə necə Əkbər oxumuşdusa, elə də oxudum. Çox xoşuna gəldi. Səsim onu sevindirdi. Mən bunu onun üz hərəkətlərindən hiss elədim. Qayıtdı ki, “ə, sən əməlli-başlı aşıq imişsən ki”. Tapşırdı ki , nə vaxt vaxtın olsa, gəl, aşıqlığı öyrən. Elə o vaxtdan da aşıq Əkbərlə ustad-şəyird, dostluq münasibətlərimiz başladı. Əslində isə ustadım atam Çoban kişi və aşıq Əkbər Cəfərovdur”.

Aşıq Aydın Çobanoğlunu 1977-ci ildən tanıyırdım. O, daim öyrənən, fəaliyyətdə olan qoçaq bir aşıq idi. Əlbəttə, ADU-da tələbə olduğu zamanlarda mütəmadi olaraq xalq çalğı alətləri ansamblında saz çalırdı. Qeyd etmək istəyirəm ki, xalq çalğı alətləri ansamblında aşıq Aydın yüksək səviyyədə kamilləşmə dövrünü keçdi. İlk növbədə sazın ifa zamanı sinxronikliyini, ritmliliyini, səlist və əhatəli harmoniyasını bütün aşıqlardan fərqli və düzgün ifa edirdi. Olduqca yüksək səviyyəli ifaçılığı, havaya uyğun söz çeçimliyi ilə seçilməsi onun bir daha kamilliyindən xəbər verirdi.

Qeyd etdiyimiz kimi, Aydın Çobanoğlu Tovuzun Əlimərdanlı obasından idi. Onun müasiri aşıq Xanlar Məhərrəmov və aşıq Əli Quliyev idi. Onlar da çox gənc yaşlarından tanınmışlarımızdan olub. Lakin qeyd etmək istəyirəm ki, Aydın Çobanoğlu bir möcüzə idi. Bir dəfə Bakının Mehdiabad qəsəbəsində onun evində olan zaman elmi işini mənə göstərdi. Doğrudan da ömür vəfa etsəydi, bəlkə də ən görkəmli alim kimi tanınacaqdı.

1980-ci ildən sonra onunla daha yaxından tanıdım. 1981-ci ildə məni keçmiş Aşıqlar Birliyinə çağırdı. O vaxtlar xalq şairi Hüseyn Arifin 60 illiyi günlərinə təsadüf edirdi. Hüseyn Arifə dövlətin xüsusi qayğısı sayəsində xalq şairi fəxri adının verilməsi bütün Hüseyn Arif sevərlərin sevincinə səbəb olmuşdu. Hüseyn Arif Aşıqlar Birliyinin yaradılması naminə böyük fəaliyyət göstərirdi.

AAB-nin sabiq sədri Hüseyn Arif aşıq Aydında olan yüksək təşkilatçılıq, idarəetmə bacarığına və təcrübəsinə görə onu özünə müavin təyin etmişdi. Aydın müəllim öz vəzifəsinin öhdəsindən ləyaqətlə gəlirdi. Az bir müddətdə AAB-nin Qazaxda, Tovuzda, Gəncədə, Şirvanda, Sumqayıtda, Borçalıda və Naxçıvanda şöbələrinin yaradılmasında xüsusi fədakarlıq göstərdi. AAB-nin orqanı olan “Ozan” qəzetinin təsis edilməsinə səy göstərdi. Aşıq Aydının təşkilatçılığı sayəsində Bakıda və ətraf rayonlarda çox sayda aşıq konsertləri, yubiley şənlikləri, cəbhə bölgələrində təmənnasız xeyriyyə tədbirləri keçirilmişdir. Ən maraqlısı o idi ki, onun sehrli barmaqları dinləyiciləri ovsunlayırdı. Heydər Əliyev sarayında “Koroğluya qayıdaq” adlı konsertdə onun potensial gücü diqqətdən qaçmamışdır. Eləcə də M.Maqomayev adına ADF-da keçirilən tədbirdə onun bir sənətkar kimi özünü təsdiq etməsi, yüksək professionallıqla danışdığı “Alı xan və Pəri xanım” dastanı uzun illərdir yaddaşlardan silinməz olub.

Aydın Çobanoğlunun təşəbbüsü və rəhbərliyi ilə aşıq Əkbər Cəfərovun, aşıq Mikayıl Azaflının, aşıq Əlixan Niftalıyevin və digərlərinin “Koroğlu” dastanlarının qızıl fonda yazılması tarixi bir hünərdir.

Aşıq Əkbər Cəfərov və aşıq Ələsgər Tağıyev aşıq Aydın barəsində danışarkən onun qayğıkeşliyini, təəssübkeşliyini, sadəliyini, qoçaqlılığını və nəhayət, əvəzsiz sənətkarlığını yüksək qiymətləndiriblər.

Aşıq Aydın yüksək səviyyədə ədəbiyyat və folklor bilicisi idi. Bu da təsadüfi deyildi. Əvvəla, o, doğulduğu ailə və elin mayası folklorla yoğrulmuşdu, sonra isə o, ADU-nun filologiya fakülitəsini bitirmişdi. Yaradıcı aşıq kimi iki aşıq havasının, yüzlərlə qoşqunun müəllifi idi. Bu gün bir neçə gənc aşıq tanıyıram ki, Aydın müəllimin vaxtilə onlara dərs dediyini xatırlayırlar. Aşıq Aydın olduqca səliqəli geyinən, yeri gələndə yumordan istifadə edən, olduqca duzlu-məzəli insan idi.

Mərhum professor Azad Nəbiyev bir dəfə aşıq Aydından söhbət salaraq dedi: “Tələbələrin sonuncu dövlət imtahanı idi. Mənə demişdilər ki, Aydına de sazı da özü ilə gətirsin, əgər sazı gətirməsə, qiymət almayacaq. Biz qəsdən Aydını imtahanın sonuna saxlamışdıq. Amma hamımız bilirdik ki, Aydın əlaçı tələbə idi. Birdən yanımda oturan professor dilləndi: “Musayev Aydın, biletinizi çəkin”. Aydın irəli gəlib əlini biletə uzatmaq istəyəndə onu dayandırıb dedim:

- Aydın, sənin biletin sazdı. Bir dön qapının ağzına toplaşan universitetin alimlərinə bax. Hamı sənin sazla imtahan verəcəyinə görə gəlib.

Aydın sazı futilyardan çıxarıb çalmağa başladı. Ağsaqqal alimlər auditoriyaya girib əyləşdilər. Doğrudan da həmin gün elə bir günə çevrildi ki, unudulmaz oldu. İmtahandan sonra bu üç saatlıq vaxt bizim üçün yaddaqalan oldu. Saz onun sinəsində süxənvərlik edirdi. Onun ifa etdiyi aşıq mahnıları bizi bizdən eləmişdi. Aydının qiyməti isə hamıdan əvvəl “əla” yazılmışdı”.

Aydın Çobanoğlu professional bir sənətkar kimi böyük folklor və aşıq festivallarında çıxışlar edərək, Azərbaycana şan-şöhrət gətirmişdi. O, Polşada, Almaniyada, Sankt-Peterburqda, Hindistanda, İsveçrədə, Türkiyədə, Orta Asiyada, Bakıda və digər şəhərlərdə layiqli qiymətini almışdı. Onlarla birinci dərəcəli diploma, qızıl medala, fəxri fərmana və pul mükafatına, hətta hər kəsin ala bilmədiyi “Lenin komsomolu mükafatı laureatı” adına layiq görülmüşdü.

Danılmaz faktdır ki, ilk dəfə “İncə gülü” adlı aşıq qızlar ansamblını o yaratmışdı. Bakı şəhərində sazdan və ifaşılıqdan tədrisi o gerçəkləşdirmişdir. Bundan sonra “Aşıq Pəri” məclisi Narıc Xatunun tərəfindən yaradılaraq fəaliyyətə başlamışdı. Aşıq Aydının oğlu Sayyadın kiçik toy məclisi onu tanıyanları heyrətə gətirmişdi. Məclisin əsas aparıcısı aşıq Əkbər, aşıq Əlixan və balabançı Müseyib Abbasov idi. Əlbəttə, xanəndələr də bu məclisdə çox idi. Lakin aşıq Əkbərlə aşıq Əlixanın zil və şahanə səsi hamı kimi məni də ovsunlamışdı.

1993-cü il 23 mart tarixində onu qətlə yetirdilər. Düzdür, cinayətkar cəzasını aldı, amma aşıq Aydın Çobanoğlu kimi bir bülbülü susdurmaq ulu bir xalqa xəyanət idi. Onun əvəzini kimsə verə bilməzdi. Bu gün də yeri görünür. O həyatda olmaması məni də kövrəltdi. Götürüb göz yaşlarımla ona bu şeiri həsr etdim.

Sənət dünyamızın saf sənətkarı,

Bir nakam ömürlüm, nağıllım köçdü.

Sazın sazəndəsi, söz adətkarı,

Səliqə-sahmanlım, sığallım köçdü.

 

Min arzu-diləyə çatan zamanı,

Sevinci sevincə qatan zamanı,

Gövhəri sərrafa satan zamanı

Elmli, zəkalı, ağıllım köçdü.

 

Sarsılıram hər yadıma salanda,

Bu şəhərdə mən Aydınsız qalanda.

Məhərrəməm, bir baxasan dolanda,

Yazıb-yaratmağa amallım köçdü.

 

Adətən, ölümsüzlüyünü çağlarında qazananlar əbədiyyətə qovuşur. Aşıq Aydın Çobanoğlu da saz-söz sevərlərin qəlbində əbədiyaşarlığını qazananlardandır.

 

Məhərrəm Hüseynli,

aşıq, şair, publisist

Təzadlar.- 2014.- 15 noyabr.- S.15.