Qədim Bərdənin tarixi
abidələri və müasir
inkişafı təbliğ olunur
“Ölkəmizi tanıyaq”
devizi ilə təşkil olunmuş maarifləndirici tur-aksiyaların
ikinci mərhələsi
çərçivəsində Qarabağ bölgəsinə
səfər edən Nərimanov və Qaradağ rayonlarının
məktəbliləri noyabrın
11-də Bərdə rayonuna
gəliblər. Qonaqlar Bərdə şəhərinin
mərkəzi meydanında
rayon ictimaiyyətinin nümayəndələri
tərəfindən mehribanlıqla
qarşılanıb. Rayon
icra hakimiyyəti başçısının müavini
Fəqət Şadlinskaya
şagirdlərə Bərdənin
qədim tarixi, abidələri və müasir inkişafı barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən
olan Bərdənin
3000 ildən çox yaşı var. Bərdə
eramızdan əvvəl
II minillikdən başlamış
son orta əsrlərə
qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət abidələri
ilə zəngindir. Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən məktəblilər rayon ilə
tanışlığa tarix-diyarşünaslıq
muzeyindən başlayıblar.
Məlumat verilib ki, muzeydə Bərdənin tarixini, mədəniyyətini
əks etdirən
2200-dən çox eksponat,
o cümlədən qədim
şəhərin maketi
nümayiş etdirilir.
Eksponatların bir çoxu
şəhərdə aparılmış
arxeoloyi qazıntılar
zamanı tapılıb.
Şagirdlər daha sonra Bərdənin tarixi məkanları və görməli yerləri ilə tanış olublar. 1322-ci ildə
inşa edilmiş Bərdə türbəsi
və VI əsrə
aid köhnə şəhər
divarları şagirdlərin
daha çox marağına səbəb
olub. Məlumat verilib ki, orta əsr Azərbaycan
memarlığının ən
qiymətli abidələrindən
olan Bərdə türbəsi bürcvarı
türbələr qrupuna
daxil olub, yeraltı və yerüstü hissədən
ibarətdir. Türbənin
gövdəsinin xarici
diametri 10 metr, hündürlüyü isə
12,5 metrdir. Məktəblilər sonra İmamzadə
kompleksinə gəliblər.
Məlumat verilib ki, Bərdə İmamzadəsində
VIII əsrdə yaşamış
beşinci imam Məhəmməd
Bağırın qız
nəvəsi İsmayıl
dəfn olunub. Daha sonra XIV əsrə aid Axsadan baba türbəsi, Tərtər çayı
üzərində VII-IX əsrlərə
aid körpü, XIX əsrə
aid Şirvanlı kənd
hamamı, Nüşabə
parkı, şəhərin
müasir inkişafı
ilə tanış olan məktəblilərə
bu yerlər barədə hərtərəfli
məlumatlar verilib. Nərimanov rayon 36 nömrəli
tam orta məktəbinin
XI sinif şagirdi Aytən Novruzlu səfər təəssüratlarını
belə ifadə edib: “Bərdə şəhərinə ekskursiyamız
olduqca maraqlı idi. Şəhərin tarixi abidələri ilə tanış
olduq. Xüsusilə tarix-diyarşünaslıq muzeyi, Bərdə türbəsi, İmamzadə
kompleksi və qədim Bərdənin müasir inkişafı məndə yüksək təəssürat yaratdı.
Bizə yaratdığı bu şəraitə görə
dövlətimizin başçısına
minnətdaram”.
Qaradağ rayon 288 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ramil Abışov dedi: “Qarabağ bölgəsinə ekskursiyamız
olduqca mənalı keçir. Füzuli, Ağdam, Ağcabədi rayonlarından sonra Bərdədə olduq. Qədim abidələri, görməli
yerləri gəzdik.
Burada gördüyümüz hər
şey mənim üçün maraqlıdır.
Qaldığımız oteldə isə
Qarabağ problemi ilə bağlı fikir mübadiləsi keçirildi. Səfər zamanı
çox şey öyrəndim. Tur-aksiyanın təşkilatçılarına şagird dostlarım adından minnətdarlığımı
bildirirəm”.
ELBAR
Təzadlar.-
2014.- 15 noyabr.- S.11.