Səsə hopan rənglər...

 

yaxud rənglərə bürünən səslər

 

(Görkəmli alim Xudu Məmmədovun əziz xatirəsinə)

 

...Səlist məntiqdə qavrama ölçüləri qəliblənib, bir neçə forması mövcuddur. Qeyri-səlist məntiqdə duyğuların idraka aparan yol bələdçisi qəliblərə sığmayan emosional təəssüratlardır.

 

Səlist məntiqdə görünən və eşidilənlə (sənət əsəri) görən (insan) arasında heç vaxt dəyişməyən güzgü simmetriyası mövcuddur.

Qyeri-səlist məntiqdə emosional duyğular heç nəyi hamar və təkrar göstərməyən simmetriyasız güzgüdür.

Mən də Xan əminin, Rübabə xanımın, Qədir bəyin və Nəzakət banunun yaradıcılıq məbədlərinə qeyri-səlist məntiqin güzgüsündə baxmağa çalışmışam...

XAN ŞUŞİNSKİ

 

Xanın səsinin içində daha bir neçə səs var. Hər qatdakı səslərin rəngləri və onların çalarları fərqlidir. Onun səsinin önündə rəng və onun çalarları şax, mərdanə dayanıblar. Çoxrəngli rəng şövqnən, cəngavərliklə qalan rəngləri çəkib arxasınca aparır.

Xan əminin möcüzəli səsində hər rəngin özünün emosional yükü var. O yüklərin cazibə və təsir gücləri başqa-başqadır.

Qara rəng pusquda durub, qıyya çəkməyə məqam gözləyir. Hərdənburda mən varamdeyir bu rəng. Səsin cingiltili zil taxtında qırmızı rəng özünün bənzərsiz çalarlarıyla əyləşib. Onun taxtının sağında solunda sumğı badamı çalarlar əmrə müntəzirdirlər. Sözlərin gur nəfəslə səlist deyilişi açıq, tünd, bozumtul, şux, kədərli... mavi bürüncəkdədir. Zəngulələrdə innabı, sarı, göy rənglər qol-boyun olub rəqs elirlər. Onların düzüm sırası tez-tez dəyişir.

Xanəndənin qünnəsində (söz təranə ritminin burunda təkrarı) bozumtul səməndi tünd şabalıdı çalar boldur.

Məlahətli zümzümədə parlaq firuzeyi, açıq sürmeyi qızılı rənglər dominantdır.

Guşəxanlıqda səs dəmirçi kürəsində qızdırılmız mis rəngindədir. Onun cingiltisi mis kimidir.

Xanın səsində rənglər sanki pıqqa-pıqla qaynayır, qulaqlara hərarətlə çatır.

RÜBABƏ MURADOVA

 

Rübabə xanımın səsinin rənglərini açıq-aydın görmək olmur. Onların hamısı qaraya çalan yarışəffav tülə bürünüblər. Dördkünc tülün ətrafı tünd qaraının tünd qırmızının nazik zolaqları ilə haşiyələnib.

Xanəndənin səs xurcununun bir gözündə qəm, kədər, o biri gözündə həsrət, vüsala yetməyən hicran rəngləri var. Hamısı da fəryadlıdır.

Rənglərin bolluğunda qara rəng azıb, həyəcanla, çaşqın-çaşqın ora-bura vurnuxur. Bütün rənglərin çalarların qapısını zərblə döyür. İsti mavi, hərdən soyuq gümüşü rənglər onun üzünə təbəssümlə qapı açırlar. Qara rəng mavi ilə gümüşünün arasında vurnuxa-vurnuxa çırpınır, itiyini tapmayıb yenə çalarların qapılarını döyür.

Səsin qırmızı rəngində ipək, sarılığında məxmər xışıltıları var.

rəng qırmızynan sarının ətəyindən sallana qalıb. Hərdən qara rəng bu iki rəngin saçlarına tumar çəkir.

Yaşıl rəngdən həsrət, narıncıdan talesizlik, abıdan müəmma, innabıdan ümidsizlik yağır.

Rübabə xanımın səsinin rəng qatarının səfi hər ifada bir başqa cürə sıralanır.

İfanın sonuna yaxın Rübabə Muradovanın səsinin qara rəngindən qıpqırmızı qan damır.

Bu qanSegahtamı verir.

QƏDİR RÜSTƏMOV

 

Qədirin səsində rənglər zəncirvaridir. İlk baxışda bu zəncirvarilikdə harmoniya yoxdur. Bir-birinə güc göstərən, hərbə-zorba gələn rənglərin hamısı bənddən qopub sərbəst olmağa çalışır.

Fəryad qoparan qırmızı və üz-gözündən məsumluq yağan mavi rənglər bu səsdə hərdən qol-boyun olub yallı gedirlər. Amma hərəsinin öz ritmi var, nəyin düz, nəyin əyri olduğundan baş açmaq müşgüldür.

Qədirin səsində rənglərin çalarları bir göz qırpımında dəyişir. Yaşıl, göy rəng azdır Qədirin səsində. Həsrətli bənövşəyi rəng tez-tez dəyişib gah qaraya, gah qırmızıya, gah boza çalır. Gahdan da tamam rəngisiz görünür.

Xanəndənin səsindəki boğuq sarı, üzgün narıncı, qatı zoğalı, taqətsiz mavi, can verən mixəyi gözə bir rəngdə görünür, qulaqlara başqa çalarda çatır. Ruhi dünyamızın emosiyalar şəlaləsindən tamam başqa rənglərlə axır.

Qədirin səsindəki enerjini tez-tez başqalaşan ritm ahəngi rəngləri və onların çalarlarını da kəskinliklə dəyişir. Qədir Rüstəmovun səsində bir az ağı, bir az qarğış, bir az məzar, bir az da qeybdən gələn müəmmanın rəngi var. Bunlar solğun rənglərdir, soyuq çalarlardır.

Bu rənglər həm səsin, həm də dinləyicinin içinə axır

Xanəndənin ifası sona çatandan solğun, soyuq, eyni anda iki istiqamətə axan rənglər yaddaşımızın gözündə parlaq görünürlər və emosional duyğularımıza uzun müddət möcüzəli hərarət verirlər.

NƏZAKƏT TEYMUROVA

 

Nəzakət xanımın səsində şaftalı və badam çiçəklərinin rəngləri hökmrandır.

Bu rənglərdən məsumluq yağır. Onların həzin və ürkək qovuşuğu zifaq guşəsinə qədəm basan gözəlin bakirəlik hüsnü ilə süslənib.

Onun səsinin rəngləri muğam və təsniflərdə bir cür, xalq nəğmələrində başqa çalarlarda, bəstəkar mahnılarında isə tamam ayrı parıltılarda görünürlər.

Nəzakət xanımın səsi ən zil notda da “qışqırmır”, fəryad dolu əzəmətlə ələm və hüznün vahiməli dar ağacına doğru qanad çalır. Hər üç məqamda rənglərin şuxluğunda parıltılı cazibə, ecazkar füsunkarlıq var.

Hərdən bu parıltılı cazibə və bu ecazkar füsunkarlıq dağ qarının ağlığından yaşmaq tutur. Həmin yaşmaq tutmada qaynatadan “gizlənən” gəlin məsumluğunun ləyaqət ucalığı mövcuddur.

Səsin qırmızı rəngi zülmət qaranlıqda güclə görünən məhəbbət qəsrində yol gözləyən intizarlı aşiqin alovu öləziyən şamı timsalındadır.

Xanəndənin səsindəki qara rəng hərdən məsum mavinin, hüzünlü narıncının, həyəcanlı göyün, parıltılı yaşılın, turşməzə zoğalının, hay-haraylı qırmızının, ərköyün sürmeyinin, mürgülü qonurun, nazlı-qəmzəli yağış şəffavlığının çiyinlərindən qəmli-qəmli boylanır.

Bu qara rəng yorğundur, əzgindir, məzlumdur, hüzünlüdür. Ammadi gəl ki, hərdən məsumluqla, lətafətlə baxa bilir. Hətta arada ağla dodaq-dodağa öpüşən məqamları da olur.

Bütün məqamlarda Nəzakət Teymurovanın səsinin rəngləri məlakələr kimi yerdə deyillər, qanadlıdırlar, pərvazlıdırlar, məsumluq nurunda yuyunurlar.

 

İlham RƏHİMLİ

Təzadlar.- 2014.- 18 noyabr.- S.10.