Dərdi tüstüsündən tanıyıram...

 

Şörəyel-Ağbaba mahalından bir şair yaşayır Bakıda - Şəmsi Qoca. Yığvalı qara gəlib. Nə evdəkilərlə sözü tutur, nə də çöldə bəzi şairlərlə. Başında buxara papaq, əlində müşdük, dərdli-dərdli hərlənir Bakının küçələrində. Ağlamağa hazırlaşan uşağın gözlərini xatırladır gözləri. Yurd həsrəti ilə dünyasını dəyişən tay-tuşlarını sızıldaya-sızıldaya bir-bir ovcuna sayır. Duyanı ağladır Şəmsinin halı. Adı özündən qorxulu türkün ağrısının bir adı da Ağbabadır. O ağrını köysündə gəzdirdiyi üçün şairdir Şəmsi Qoca.

 

Həm yaxındı, həm əlçatmaz uzaqdı,

Qaçaq düşüb yuxularım nə vaxtdı.

İçimdə od, çölümdəki sazaqdı,

Köysümdəki dərd yeridir Ağbaba.

 

“Mənim üçün vətən Yasnaya Polyanadan başlayır” deyirdi Tolstoy. Şəmsi Qoca üçün də vətən Ağbabadan başlayır. Şəmsi Qoca üçün ağbabalı olub Ağbabasız yaşamaq dünyanın son əzabıdır. Daha çox yad enerjilərin hakim olduğu şəhərin tünlüyündə Şəmsinin yığvalı onda kəsdi ki, Akif Səmədə tuş gəldi. Akif Səməd kimi mürşüdlə dostluq elədi. Akifi görən insan kəndində-kəsəyində, elində-obasındaymış kimi rahatlıq tapır özündə. Bu sözlər Abbas Abdullah Acaloğlunun sözüdür. Bu sözə mən də haqq verirəm. Hələ üstəlik də, incəlilərlə qohumluq əlaqələri Ağbabasız keçən bu ağrılı illər ərzində Şəmsiyə ən böyük toxtaqlıq olub. Şəmsinin bir “İncəlilər” şeiri var. Bu şeir mənim də çox sevdiyim şeirlərdəndir. Şəmsi sanki içinin bütün enerjisini bu şerə qoyub. Şəmsi “İncəlilər” deyərkən əslində İncənin insanlarından daha çox məşhur təriqət şeyxi Hacı Mahmud Əfəndinin də müqəddəs gorgahının yerləşdiyi o mübarək sofu torpağın bərəkətindən, ruhani iqlimindən,... söhbət açır.

 

Bircə işarədən sözü anlayar,

Arifdi, ustaddı çox incəlilər.

Çəkəndə çəkəllər qəmi-qəm kimi

Sözdə, zarafatda şux incəlilər.

 

Tufana əyilməz, qara əyilməz,

Sevsə də, sevdiyi yara əyilməz.

Dövlətə baş əyməz, vara əyilməz,

Olar gözü, könlü tox incəlilər.

 

Qəlbində söz olar, sözə tapınar,

Dərəyə sığınıb, düzə tapınar.

Tanrıya baş əyər, saza tapınar,

Bu qəddi-qaməti şax incəlilər.

 

Ağbaba insanı mənə yaxşı tanışdır. Qanı təmiz türklərdir. Şirin dilli, el-oba nəfəsli olurlar. Hər gün doğulduqları torpağı xəyallarında canlandırmadan yerlərinə girib yuxuya getməzlər. Ağbaba bir zamanlar Çıldır qəziyəsinə daxil olduğundan onların sazında olduğu kimi, danışıqlarında da şirin Çıldır ağzı hiss olunur. Şəmsi Qoca ağbabalıların o koloritini yaşadanlardandır. Bayaq dilimin əzbəri Akif Səmədin adını çəkdim. Elə bilirəm Akif Səmədin bir zərrəsi də Şəmsi Qocada yaşayır. Akif Səmədin ruhunun İncə, Saxa, Şuşa, Göyçə, Təbriz, Kərkük, Borçalı olduğu kimi, bir yurdu da Ağbaba olub. Şəmsi Qocanı Akif Səmədin sehrində saxlayan uca ruhu eşqinə tanıyıb, sevmişəm. Şəmsi o ruhu saxladığı müddətdə ölüm ondan uzaqdır.

İlk dəfə Nürəddin Lələmin ağbilçək qarısı Şəkər ananın üzünün nuruna tanımışam Ağbaba mahalını. Hamının Ağbaba qızı kimi tanıdığı Şəkər ana kəndimizdə təmizliyi, əli açıqlığı ilə ad çıxartmışdı. Qapısına gələni əliboş qaytarmazdı. Bizim o yörələrdə Şəkər ananın çayından içməyib, çörəyindən yeməyən olmazdı. Tikəsini bölən idi Şəkər ana. Belinin şalı, üstünün önlüyü qaxsız-konfetsiz olmazdı. İlk dəfə Ağbabanı ipək xasiyyətli, üzü nurlu, ağzı dualı Şəkər ananın yurdu kimi sevmişəm. Daha sonra Aşıq Şenlik gəzən yerlər, Kor Nəsibin yurdu, Aşıq İsgəndərin torpağı kimi tanımışam. İndi məni qədim-qayım o türk yurduna daha çox bağlar bağlayır. O, etibarlı, qırılmaz bağlardan biri də Şəmsi Qocanın vətən həsrəti ilə yazılmış öyküləridir.

 

Səndən ötrü darıxmışam, doğma kənd,

Qulağımda bulaqların səsi var.

Haçandı ki, həsrətinlə yaşıyan,

Bu dünyada bir övladın - Şəmsi var.

Bu günlərdə Şəmsi qardaşımızın yeni, sayca dördüncü kitabı işıq üzü görüb. Mübarəkdir! “Mübarək olsunyox haa, “mübarəkdir” deyirik. Kitabda Şəmsinin son illərdə uca Tanrının dərgahından könlünə enən qoşquları toplanıb. O qoşqular ki, yarısı yanğıdan doğulub, yarısı da yaradan. O qoşqular ki, hamısı ürəyindən su içib. Qızları Aygün və Ayselə, oğlu Turala, bacısı Lətifəyə, nəvələrinə, yoldaşı, qocaman pedaqoq Vaqif Mustafayevə, mürşüdüm Akif Səmədə, Amil Avloğluna, dostumuz Dəmirçoğlu Məmmədə, İbrahim İlyaslıya, Bəhman Nəbiyevə və başqalarına üz tutub, ürək açıb, sir verib. Sağ olsun bir qoşqusunda da mənə üz tutub ruhumu ruhuna söykənəcək bilib:

 

Yamanca dəyişib dövran, ay Həmid

Seyrəlib sırası mərd kişilərin.

İndi qabağında çaqqal ulayır,

Pələng kişilərin, qurd kişilərin.

 

Əvvəlcə başından papağı getdi,

Sonra da zoğalı çomağı getdi,

Obası dağıldı, oymağı getdi,

Töküldü başından dərd kişilərin....

Kişilərin o dərdindən, əzabından bir pay da Şəmsinin payına düşüb. Mən dərdi tüstüsündən tanıyıram. Əzabın mübarək, Şəmsi kişi !

P.S. Heç vaxt yadımdan çıxmayan Ağbabanı bir daha yadıma saldığın üçün çox sağ ol, Şəmsi Qoca. Ağbabalılığını möhkəm saxla. Vay o günə o əldən gedə.

 

Həmid ORMANLI,

Təzadlar.- 2014.- 20 noyabr.- S.15.