“Təzadlar”ın “super
ulduz yazar”ı - Oqtay Eldəgəz...
Oqtay Eldəgəz həyatının son günlərində
ona baş çəkən böyük şair Bəxtiyar
Vahabzadəyə və “Təzadlar” qəzetinin baş redaktoru
Asif Mərziliyə vəsiyyət edib ki, “Torpaqlarımız
alınanda Xudu Məmmədovun evini ziyarət edib, mənim əvəzimə
həyətindən su içərsiniz. Biz onun evində çox
yığıncaqlar keçirmişik”
Xəbər
verdiyimiz kimi, noyabrın 21-də, saat 14:00-da Suraxanı rayonu,
Əmircan qəsəbəsi, Park küçəsi 28-də
yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət
Sarayında Milli Azadlıq Hərəkatının görkəmli
simalarından biri Oqtay Kərim oğlu Rəfilinin (Oqtay Eldəgəz)
80 illik yubileyi və yazılarının toplusu olan 4
kitabının təqdimatı keçiriləcək.
“Fələstin
çoxbucaqlısı”, “Otuzyeddilər istintaqı”, “Poladdan
bir yarpaq”, “Borcumu ver, Rusiya” adlı kitabları müəllifin
ölümündən sonra həyat yoldaşı Rəfiqə
Rəfiyevanın təşəbbüsü ilə nəşr
edilib. Oqtay Eldəgəzin həyat və
yaradıcılığı Rəfiqə xanımın xatirələrində
daha geniş yer alıb: “Tariximizin canlı şahidi -
Bakının Əmircan kəndi! Həm qədim tarixi abidələri,
həm də görkəmli şəxsiyyətləri ilə
tanınan məkan!
Qədim Əmircan torpağının yetirdiyi görkəmli
şəxsiyyətlərin sırasında Rəfili Kərim
oğlu Oqtay da durur. Yazıçı, publisist Oqtay Kərim
oğlu Rəfili (Oqtay Eldəgəz) 1934-cü ildə
Əmircan (Xilə) qəsəbəsində anadan olub. İbtidai təhsilini qəsəbədəki 97
saylı, orta təhsilini isə 208 saylı məktəbdə
almışdır. 3 il hərbi xidmətdə
olmuş, qayıtdıqdan sonra Azərbaycan Dövlət
Unuversitetinin fılologiya fakültəsinə qəbul
edilmişdir. Universiteti bitirdikdən sonra o, qəsəbədəki
114 və 226 saylı məktəblərdə dil və ədəbiyyat
fənnini tədris edib. Dərs dediyi
şagirdlərin əksəriyyəti onun
davamçısı olub.
Oqtay Eldəgəz doğma dilimizin mahir bilicilərindən
idi. 226 saylı məktəbdə işləyərkən
öz hesabına təhsil ocağının böyük dəhlizində
ədəbiyyat muzeyi təşkil etmişdi. Dərs dediyi dövrdə dəfələrlə
çağırılaraq DTK tərəfindən
tutulduğundan, təqiblərə məruz
qaldığından məktəbdən uzaqlaşmağa məcbur
olmuşdu. Oqtay Eldəgəzi Azərbaycanın
dünəni də, bu günü də sıxa bildikcə
sıxıb. O, millətsevər, vətənsevər
şəxsiyyət idi.
Ömrü boyu Eldəgəzlər (Atabəylər)
dövlətinin tarixini hərtərəfli tədqiq etdiyi
üçün “Eldəgəz” təxəllüsünü
götürmüşdü. Onun ilk yazıları mətbuat səhifələrində
1961-ci ildən “Azərbaycan gəncləri”, “Azərbaycan
pioneri”, “Ədəbiyyat və incəsənət” qəzetlərində,
“Göyərçin”, “Azərbaycan” jurnallarında
işıq üzü görüb.
1957-ci ildən gizli hərəkata qoşulmuş, 1962-ci
ildə 95 nəfər ziyalının yaratdığı Milli
Azadlıq Qərargahının (MAQ) sədri
seçilmişdir. Onun müavini isə böyük alimimiz
Xudu Məmmədov olmuşdur. Oqtay Eldəgəz MAQ-a 25 il rəhbərlik etmişdir. Milli
Azadlıq Qərargahının iclasları əsasən
“Azneft”in çayxanasında keçirilirdi. Onlara bu iclası keçirməkdə kömək
edən çayxananın çayçısı
Nardaranlı Zülfi olub. Qərargahın
rayonlarda da şöbələri yaradılmışdı.
MAQ-ın məqsədi Azərbaycanda rəhbər
vəzifələrə azərbaycanlıların təyin
olunması, respublika büdcəsinə ayırmaların
Moskvada deyil, Bakıda həll olunmasına
çalışmaq, milli oyanışa xidmət etmək
olmuşdur. MAQ haqqında “Azərbaycan tarixi”nin 7-ci cildində və XI sinif “Azərbaycan
tarixi” dərsliyində məlumat verilib.
Oqtay Eldəgəzi ailəsindən daha çox, milli
dövləti, xalqı, müstəqilliyi
düşündürürdü. O, ailəsi üçün
bütün həyati təlabatları yerinə yetirmir, əksinə,
milli dövlət və müstəqillik naminə şəxsi
rahatlığının, sağlamlığının qeydinə
qalmayan fədakar bir insan idi. O, Milli Azadlıq Qərargahından,
onun fəal mübarizlərindən - Bəxtiyar Vahabzadədən,
Yusif Məmmədəliyevdən, Xudu Məmmədovdan,
Ağasadıq Rəhimlidən, Rüstəm Səfərəlilidən
və başqa qərargah fəallarından “Poladdan bir yarpaq”
adlı silsilə xatirələrini yazırdı. Ancaq o, bu arzusunu yerinə yetirə bilmədi.
26 yaşlı oğlu Atatürkün vəfatına dözə
bilməyən Oqtay Eldəgəz öz
sağlamlığının qeydinə
qalmadığından oğlunun il mərasimindən
sonra vəfat etdi. MAQ fəalları haqqında
yazdığı xatirələri də yarımçıq
qaldı.
Hər il
qeyd etdiyimiz 17 noyabr - Milli Dirçəliş Günündən
bir gün əvvəl M.Ə.Sabir bağında keçirilən
bir mitinqdə Oqtay Eldəgəz
çıxışının axırında qeyd edərək
bildirmişdi ki, “bu meydan azadlığımız uğrunda
keçirilən mitinqlər üçün çox
balacadır, bu gündən sonra mitinqlər Lenin meydanında
(indiki Azadlıq) keçirilməlidir”. Hər
gün ailəliklə mitinqlərdə iştirak edirdik.
O, özü gedib qabaq cərgədə dayanaraq mitinqi diqqətlə
müşahidə edirdi. Ondan soruşduqda ki, niyə
çıxış etmirsən, bu cavabı alırdıq:
“İndi növbə gənclərindir”.
Oqtay Eldəgəzin
məqalələri əsasən “Təzadlar”, “Yeni
Müsavat”, “Şərq”, “Əlillər”, “Azadlıq”, “Boz
qurd”, “Ədalət”, “Nəbz”, “525-ci qəzet”, “168 saat”, “7
gün”, “Aydınlıq”, “Ulus”, “Hürriyyət”, “Qarabağ”,
“İntibah” və digər qəzetlərdə dərc olunurdu.
Oqtay Eldəgəzin “Marağa xəritəsinin sirri” əsərində
Nəsrəddin Tusinin “Zic Elxani” cədvəllərinin vasitəsilə
1492-ci ildə Xristofor Kolumbun Amerikanı kəşf etməsini
aşkara çıxarır. Görkəmli
Norveç səyyahı Tur Heyerdal Bakıda dəfələrlə
olub. Qobustan qaya təsvirlərinə,
“Azıx” mağarasına, Atəşgah məbədinə dəfələrlə
səyahət edib. Tur Heyerdal hər dəfə
qeyd edir ki, Azəritürklər mənim millətimdən
olub, qədim vikinqlərlə qohum və doğmadırlar.
Nəsrəddin Tusinin coğrafi xəritəsilə
səfərə çıxdığına, Amerikanı kəşf
etməsinə təəssüflənmirəm. Bu kəşf Tusinin cədvəlləri ilə
bağlı olduğuna görə Amerika “Tusiya” adlanmalı
idi.
Oqtay Eldəgəz tariximizə, ədəbiyyatımıza,
mədəniyyətimizə dair çoxlu tədqiqatlar
aparırdı. 1918-1920-ci illər Azərbaycan Demokratik
Respublikasının tədqiqi, həmçinin 1937-ci il repressiyaları haqqında çox yazıb.
Onun “37-lər istintaqı” hekayəsi repressiya
qurbanlarımız Mikayıl Müşfiq, Əhməd Cavad,
Hüseyn Cavid, Yusif Vəzir Cəmənzəminli kimi
xalqımızın qəhrəman oğullarının dəhşətli
işgəncələrə məruz qalmalarından bəhs
olunur. 1956-cı ildə bəraət alsalar da, həyatlarını
geri qaytarmaq mümkün olmadı...
Oqtay Eldəgəzi
Türkiyədə yaşamış azərbaycanlıların
taleyi daim maraqlandırdığından Məmməd Əmin
Rəsulzadənin 1937-ci il repressiyaya aid və
Böyük Vətən müharibəsi illərindəki fəaliyyəti
haqqında yazıları da çox
qayğılandırmışdır. Onun
“Reystakda düşbərə” məqaləsi də Məmməd
Əmin Rəsulzadəyə aiddir. Məqalələrində
məişət mövzularına da toxunmuşdur. Qeyd edirdi ki, Şamaxı təkcə şair,
yazıçı deyil, həm də pəhləvanlar məskəni
olub.
Məhəmməd Füzulinin qəzəllərini
çox sevdiyindən dərs dediyi şagirdlərinə də
Füzulini sevdirmiş, özü də qəzəllər
yazmışdır. Onun qəzəllərini toy məclislərində,
ədəbi-bədii tədbirlərdə də oxunub və
oxunmaqdadır. Xeyli qəzəli qəsəbədə
məclis aparan şəxslərdədir.
Ailədə
uşaqların istəklərini və arzularını yerinə
yetirə bilmədiyimdən, onun da son günlərdə
çox fikirləşdiyini görüb bir gün dedim:
“Neçə illərdir vətəni düşünürsən,
vətən deyirsən. Gör, bir o vətənin
sizə ehtiyacı varmı? Sən əvvəlcə
balalarını düşün. Gör,
düşünüb bir yol tapa bilirsən? Başım çıxmır, niyə vətəni
elə özünə gün-güzəran qura bilməyənlər
düşünür? Bilmirəm
pulluların yadına niyə düşmür bu vətən?
Bəlkə sizin qədər
ağılları, ya vicdanları yoxdur? Bəs
necə olur, kasıbın heç nəyi olmaya-olmaya bu qədər
vicdanı olur?
Bəs mən kimdən istəyim bir tikə çörəyi,
balalarım üçün mənzili? Kimə deyim
ki, balalarımın atası övladlarını
düşünə bilmir, yalnız vətəni
düşünür. Bu idimi sənin
müstəqilliyin? Aldığın
maaş bir cörəyə belə çatmır.”
Onun
suallarıma cavabı belə oldu: “Biz belə müstəqillik
istəmirdik. Normal insan münasibətləri
olmayan, vətəndaşların yaşaması
üçün şərait yaradılmayan yerdə müstəqilliyin
heç bir dəyəri qalmır.
Biz vətəni, Qarabağımızı xilas etməliyik. Biz bu yükün altında
ölsək belə, onu çəkib aparmalıyıq ki, bizdən
sonra gələn adam balası kimi
yaşasın. Biz bunu edəcəyik. Bizim ömrümüz çatmasa, balalarımız
edəcək”.
Oqtay Eldəgəzin müşahidə qabiliyyəti və
yaddaşı olduqca güclü idi. Müsahiblərini təmkinlə
dinləyər, sonra danışıqlarına çox
qısa, məntiqli, bəzən də məqamına görə
sərt cavab verərdi. Yazılarında da
daim calışardı ki, bu xüsusiyyətləri göstərsin.
Ona partiya və təşkilatlarda “canlı
ensiklopediya” adı vermişdilər. Bu
yaddaş, bu bilik ona nəsilbənəsil genetik keçməkdən
əlavə, özü də elmi şəxsiyyətini əzmlə,
uzun illərin məşəqqətli zəhməti ilə
qazanmışdı.
Oqtay Eldəgəzin ana xətti Abbasqulu ağa Bakıxanovlar nəslindəndir. Onlar eyni evin törəmələridir. Bununla bağlı onun nəsil səcərəsinə diqqət yetirək:
Atası Rəfiyev Kərim 1931-33-cü illərdə Əmircan kənd sovetinin sədri, sonra Bilgəh zəfaran sovxozunun direktoru vəzifəsində çalışmışdır.
Əmisi Rəfiyev Rəfi Kərim oğlu Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, Azərbaycan Xalq Komissarı, sonra isə Azərbaycan Ali Məhkəməsinin sədri vəzifəsində işləmişdir.
Əmişi övladları da ali təhsil alaraq, institutlarda işləyirlər.
Bibisi Rəfiyev Şahzaman 1921-ci ildə Moskvada Qadınlar Qurultayının nümayəndəsi olmuşdur.
Dayısı Məmmədov Mirzəyəhya 1938-42-ci illərdə “Bakı fəhləsi” və “Kirov” zavodlarının direktoru, 1942-49-cu illərdə Sumqayıt KP-nin I katibi, 1949-57-ci illərdə Sumqayıt “Boru Prokatı” zavodunun direktoru vəzifəsində işləyib. Oğlu İlyas da atası kimi məsul vəzifədə çalışıb. O, Bakı Beynəlxalq Hava Limanının rəisi olub.
Dayısı Əbdülbağı Məmmədov məktəb direktoru işləmiş, 1937-ci ildə repressiya qurbanı olmuşdur.
Dayısı Məmmədov Nəzərəli Gəncə Toxuculuq Kombinatının direktoru, “Suraxanıneft” mədənlərinin rəisi işləmişdir.
Digər dayısı Mahmud Məmmədov Suraxanı Rayon Təhsil Şöbəsinin müdiri olub, son illərdə isə Bağlar İdarəsinin rəisi vəzifəsində çalışıb.
Bu səcərəni çox uzatmaq olar. Məlum məsələdir ki, belə ziyalıların övladları da əksər hallarda ali savadlı olur. Belə bir nəsildən çıxan Oqtay Rəfili (Eldəgəz) də sələflərinin davamçısı olmuş, xalqının azadlığı və müstəqilliyi uğrunda çalışmışdır.
Həyatının son günlərində ona baş çəkən böyük şair Bəxtiyar Vahabzadəyə və “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə Oqtay Eldəgəz belə vəsiyyət edib: “Torpaqlarımız alınanda Xudu Məmmədovun evini ziyarət edib, mənim əvəzimə həyətindən su içərsiniz. Biz onun evində çox yığıncaqlar keçirmişik”.
Oqtay Eldəgəzin gənc yaşlarından çalışdığı bu yol daim müstəqil və inkişafda əbədi olsun! Müstəqilliyimiz milli həmrəyliyin və yenilməzliyin rəmzinə, qədim tariximizin parlaq səhifəsinə çevrilsin.
Azərbaycanın müstəqilliyi və dövlətçiliyimiz üçün bu qədər iş görən Oqtay Eldəgəzi nəyə görə bu müstəqillikdən ən çox yararlananlar, ciblərini dolduranlar, mal-mülk sahibi olanlar yada salmır?!
Yaşadığımız azadlığı bizə qazandıran, bu yolda hər şeyini təmənnasız olaraq fəda edən, hazırda isə unudulan Oqtay Eldəgəzi vaxilə yaşadığı rayonun rəhbərləri də hətta müstəqillik günündə belə onu və ailəsini yada salmır. Ailəsi də o günlərin əzabını çəkdikləri üçün bu ədalətsizliyin səbəbini heç cür anlaya bilmirlər. İnqilabın ssenarisini dahilər cızır, fanatiklər həyata keçirirlər. Faydalananlar isə alçaq, xalqını düşünməyən, qiymətləndirməyən nankorlardır...”.
Sonda xatırladaq ki, 2001-ci ildə “Təzadlar” qəzetində 414 nəfərlik oxucu arasında keçirilən sorğuda ilin “super ulduz yazar”ı müəyyən edilmişdi. Bu media mükafatını almaq isə sözügedən qeyri-adi qələm adamı məhz Oqtay Eldəgəzə nəsib oldu.
Oqtay Eldəgəz 16 may 2002-ci ildə öz doğma kəndi Əmircanda (Xilə) vəfat edib. Allah rəhmət eləsin! Yəqin ki, yubiley mərasimində bu böyük fikir nəhənginin ruhu bizimlə olacaq.
Təqdim
etdi: Elbar ŞİRİNOV
Təzadlar.-
2014.- 20 noyabr.- S.11.