Əfsanəvi qəhrəman - Allahverdi Bağırov...

 

“Vətən uğrunda şəhid olanların qəhrəmanlığı heç vaxt unudulmazdır”

Heydər Əliyev

Ümummilli lider Heydər Əliyevin dediyi kimi, Allahverdi Bağırovun ikinci erməni davasında göstərdiyi müstəsna və bənzərsiz qəhrəmanlığı bütün tarix boyu unudulmayacaq. Gördüyünüz tuncdan hazırlanmış bu büst Binəqədi qəsəbəsində 8 Milli Qəhrəmanın qoyulan büstlərinin birinci sırasında qoyulmuş əfsanəvi Allahverdi Bağırovun büstüdür.

 

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Allahverdi Bağırov haqqında yaddaşımda qalan xatirələri sizlərlə bölüşmək istəyirəm.

Bir gün Mustafa Kamal Paşa öz ordusu ilə gedirmiş. Bir kənddə görür ki, ixtiyar bir qoca kərpicdən ev tikir üstünə belə yazır: “Bir türk əsgəri on əcnəbi əsgərindən üstündür”. Paşa soruşur:

- Baba, onu harda görmüsən?

İxtiyar qoca cavab verir:

- Mən Çanaqqala savaşında görmüşəm ki, bir türk əsgəri on əcnəbi əsgərindən üstündür.

Mustafa Kamal deyir:

- Baba, yaz ki, bir türk əsgəri bütün dünyaya əvəzdir.

Söz qocanın xoşuna gəlir belə yazır.

Atatürkün dediyi belə türk əsgərlərindən biri Allahverdi Bağırov idi.

Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprelın 22-də Ağdam şəhərində anadan olmuşdu. Beş qızdan sonra doğulduğu üçün adını Allahverdi qoydular. Yəni Allahın verdiyi pay. Sonralar Allahın verdiyi bu pay bir ailənin yox, bütün Azərbaycan xalqına verilmiş oğul payı oldu.

Mən Allahverdi ilə 1 saylı şəhər orta məktəbində bir sinifdə oxumuşam o illəri həyatımın ən şərəfli illəri hesab edirəm. Bir yerdə dərsdən qaçmışıq, futbol oynamışıq, pambıq yığmışıq.

Allahverdinin heç kəsə bənzəməyən xarakteri var idi. Gənc yaşlarından çox cəsarətli, qorxmaz, sözübütöv, haqsızlığa dözməyən adam idi. Ona görə davakar kimi tanınırdı. Hətta müəllim bir şagirdin haqqını tapdalayırdısa, ona etirazını bildirirdi. Allahverdiyə görə bizim sinif tək məktəbdə deyil, bütün Ağdamda sayılıb-seçilirdi. Biz hər yerdə fəxrlə, qürurla deyirdik ki, Allahverdiylə bir sinifdə oxuyuruq. Sinif rəhbərimiz, dil-ədəbiyyat müəllimi Qənirə Məmmədova da onunla qürrələnirdi. Hər yerdə fəxrlə deyirdi ki, mən Allahverdinin oxuduğu sinfin rəhbəriyəm. Müəllimin üç qızı vardı. Oğlu olmadığından mehrini, məhəbbətini Allahverdiyə bağlamışdı.

Allahverdi bütün idman növləri, xüsusilə futbol, yüngül atletika, voleybol ilə əvvəlcə oxuduğu 1 saylı məktəbin, sonra bütün rayonun idman şərəfini qoruyurdu. Elə bir idman növü yox idi ki, onunla məşğul olmasın.

Onuncu sinifdə oxuyurduq. Məktəbin ikinci mərtəbəsində küncdə bir sinif vardı. Orda Allahverdi bir qızla söhbət etdiyi vaxt coğrafiya fənnini tədris edən Xuduş müəllim qapını açarkən Allahverdi qızı tənbehdən qorumaq üçün özünü ikinci mərtəbənin pəncərəsindən atmışdı. Halbuki onun tay-tuşları arxı belə, atılıb keçə bilmirdilər.

Allahverdidə gənc yaşlarından böyük təşkilatçılıq istedadı vardı. Hamını başına yığmağı bacarırdı.

Bir dəfə Ağdam futbol komandası Qazax şəhərində futbol oynayanda Qazax klubunda oynayan ermənini meydançada vurduğu üçün bütün tamaşaçılar meydana girir. Allahverdi bütün oyunçuları yığır qapının içinə ki, bunları mühasirəyə almasınlar. 2-3 min adamın qarşısında bu cür dözüm gətirirlər. Bir neçə nəfər xəsarət alır, avtobuslarının şüşələri sındırılır. Növbəti dövrədə Qazax futbolçuları Ağdama - İmarətə gələndə ağdamlı cavanlar avtobusları mühasirəyə alırlar ki, Qazaxdakı heyfi çıxsınlar. Allahverdi yaxınlaşıb qonaq komandanın avtobusunun qapısını açıb deyir: “Xoş gəlmisiniz!” Sonra dönüb ora yığışanları sərt bir baxışla süzür. Bu o demək idi ki, dağılışın.

Allahverdinin cəsarətindən, qorxmazlığından qədər desən, danışmaq da olar, yazmaq da. Birdimi, beşdimi, yüzdümü, mindimi? 46 illilk ömrünün hər günü, hər anı onun cəsarətinin, qorxmazlığının, sücaətinin, kişiliyinin ömür salnaməsidir.

Bir dəfə zarafatla dedim: “Alı (hamı onu belə çağırırdı), sən uşaq olanda yəqin hardasa meşədə səni itiriblər, orda şir südü əmmisən. Yoxsa bu qorxmazlıq insanda ola bilməz”.

Əsl qeyrətli oğullar vətənin dar günündə sınağa çəkilərlər. 1988-ci ildə çörəyimizi yeyib, suyumuzu içən mənfur ermənilər doğma Qarabağımıza namərdcəsinə göz dikən gündən ilk ayağa qalxan Aliahverdi Eldar qardaşları oldu. Dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postu yaradılanda ora könüllü olaraq ilk dəfə gedən Eldar Bağırov oldu, sonra ermənilərlə həmsərhəd bütün kəndlərdə postlar yaradırdı. Yüzlərlə könüllünün hər biri gecələr keşik çəkdi. Bu gün hansı ağdamlını dindirsən, eyni sözü deyəcək: “Alı siyasət yolunu yox, vətən sevgisini özünə amal seçmişdi”.

Ermənistandan didərgin salınmış yüzlərlə soydaşımızı yuxarı Qarabağın azərbaycanlılar yaşayan kəndlərində yerləşdirmiş, bu yolda qarşısına çıxan bütün çətinlikləri mətinliklə dəf etmişdi. Ağdama pənah gətirən 20 nəfər didərgin üçün öz puluyla 24 günlük putyovka almış, onları “Şuşa” sanatoriyasında yerləşdirmiş, cib xərcliyindən tutmuş, əyin-başacan təmin etmişdi.

Hər gün Dağlıq Qarabağda azərbaycanlılar yaşayan hansısa kəndə erməni quldurları basqın edərək əhalini didərgin salanda, onları Ağdamda yerləşdirmək, əvvəlcə Eldarın, sonra da Allahverdinin gündəlik iş rejimi oldu. Onları bu işə nə məcbur edən vardı, nə də təhrik edən. Öz vicdanlarının səsi ilə, bir də içdən gələn vətən, yurd, el sevgisi ilə girişmişdilər bu işə.

Elə bilirdik ki, bu münaqişə müvəqqətidir. Fikirləşirdik ki, tezliklə Moskva ermənilərə yerlərini göstərəcək. Nə biləydik ki, müsibətli günlərimiz qabaqdadır, daşla başlayan münaqişə müasir silahlarla şiddətlənəcək, Xocalı boyda faciə başımıza gələcək, Şuşa kimi göz bəbəyimiz, Laçın, Kəlbəcər, Ağdam kimi qeyrət qalamız yağı düşmən tərəfindən işğal ediləcək, hərəsi bir orduya əvəz oğullarımız vətən yolunda, torpaq uğrunda şəhid olacaqlar?!

1989-cu ilin sentyabr ayı idi. Allahverdi ilə oturub çay içirdik. Bizə bir adam yaxınlaşdı. Üzünü Alıya tutub dedi: “Gizli özünümüdafiə dəstəsi yaratmışıq, lakin ermənilərlə vuruşmağa patron tapa bilmirik”. Allahverdi öz pulu ilə 850 ədəd patron alıb, həmin adama verdi və dedi ki, təki siz kişi kimi vuruşun, nə kömək lazımdır, biz edəcəyik. Qarabağ hadisələri başlayanda Allahverdiylə Eldarın səsinə minlərlə adam səs verdi. Heç iki-üç saat keçməmiş meydana 20 mindən artıq adam yığıldı.

Ağdamda ilk bataylon yaradıldı. 760 nəfərlik milli ordu. 1991-ci il oktyabrın 4-də yaradılmş batalyona cəsur komandir Şirin Mirzəyev, Eldar Bağırov adına batalyona isə Allahverdi rəhbərlik edirdilər. Çoxlu sayda uğurlu döyüş əməliyyatı keçirildi. Əsgəran neft bazası partladılanda ermənilər vahiməyə düşmüşdülər. Halbuki Alı ora üç nəfəri - Nadir Cəfərovu, Asif Məmmədovu, bir də “Qəmlo” təxəlüslü Füzulini göndərmişdi. Üç nəfər əsgər neft bazasını partlatdılar.

Allahverdinin ən böyük mərdliyi, cəsarəti, kişiliyi Xocalı faciəsi günlərində üzə çıxdı. Qaraqaya istiqamətində döyüşə atılaraq, əliyalın əhalini ölümdən qurtarmaq üçün qarlı-çovğunlu günlərdə döyüşə atıldı. Ağdam 300 şəhid verib, yüzlərlə adamı xilas etdi. O günlərdə Allahverdi dağlar qartalına, yuvası dağıdılmış pələngə bənzəyirdi.

Amansızlıq və vəhşiliklə qətlə yetirilmiş yüzlərlə insanın cəsədi məhz onun şəxsi köməyi ilə düşmən əlindən alındı, itkin düşən axtarılıb tapıldı. Yüzlərlə əsir götürülmüş insan onun köməkliyi ilə geri alındı. Xocalı soyqırımı Allahverdi Bağırovu bir cəngavər kimi bütün Azərbaycana tanıtdı. Cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı, əsirləri sahiblərinə təhvil verirdi. O vaxt hamı Allahverdiyə müraciət edirdi, ona pənah gətirirdi. Göydə Allahı, yerdə onun yaratdığı Allahverdini tanıyırdı. Hamı oğlunu-qızını, ata-anasını, qardaş-bacısını, yaxınlarını ondan istəyirdi. O, 1003 nəfəri əsirlikdən, 700-ə qədər cəsədi düşmən təhqirindən xilas etdi. Bütün bunların əvəzində isə, onlara 32 erməni əsiri, 40 “boyevik” meyiti verdi. Həyatını təhlükə altına qoyub, ermənilərin içərisinə, danışığa cəsarətlə gedirdi və ona bu işdə silahdaşları Zahid, Elman, Əkbər kömək edirdilər.

Bacısı Almaz xanımın dediklərindən:

- Allahverdi dörd gün idi evə gəlmirdi. Axşamtərəfi idi. Gördüm ki, maşından çətinliklə düşdü. Ayaq üstdə zorla dayanırdı. Yüyürüb qucaqladım. Üzü-gözü, əlləri şişmişdi. Əsgər paltarı qanın içində idi, çətinliklə yeriyirdi. Dedi ki, qorxma, cəsədlərin qanıdır, əlimi, ayağımı da ayaz şişirdib. Evə apardım, əsgər çəkmələrini ayaqları şişdiyi üçün bıçaqla kəsib çıxartdım, əl-ayağını isti suya qoydum. İnildədi, dedi ki, qorxma ağrı deyil, gördüyüm müsibətlər məni inildədir. İki-üç saatdan sonra dedi:

- Maşını çağır, məni aparsın.

Dedim, Alı qurbanın olum, yat, dincəl. Üzümə sərt baxıb, qəzəblə “Nə?” dedi. O qəzəbli “Nə?” hələ də qulaqlarımdan getmir. Yəni “millətin, xalqın bu müsibətli günlərində necə yatıb, dincəlim?”

İndi görəsən, erməni əsirliyindən aldığı o, 1003 nəfərdən heç olmasa 10 nəfəri Allahverdini xatırlayırmı, ildə bir dəfə ona Quran oxutdururmu? Çətin! Gedin Biləcəri qəsəbəsindəki o cəsur sərkərdənin büstünə baxın, sizə həyat verən o insanı anın. Xatırlasalar, bircəciyi Xocalı soyqırımı günü telekanallarda adını çəkər. Axı onların Allahverdiyə can borcu var. Tək bircə dəfə televiziyada operator işləmiş (o da Xocalıdan deyil) bir nəfər dedi ki, “bütün Azərbaycan xalqı Allahverdi Bağırova minnətdar olmalıdır ki, o vaxt cəsədləri yığanda ermənilərlə danışıqlar aparıb, video-çəkilişə razılıq aldı”. İndi dünyaya Xocalı soyqırımını sübut etmək üçün sənədlər var.

Yaxşı xatirimdədir, 1992-ci il iyun ayının 10-da Allahverdi, Söhrab, Mehman və mən Bakıdan Ağdama qayıdırdıq. Bakıdan tezdən çıxmışdıq. Ucar rayonunun ərazisində yolqırağı bir yeməkxanaya döndük. Allahverdinin tanışlarının yeməkxanası idi. Oturmaq istəyirdik ki, onlardan biri dedi: “Alı, xəbərin var, deyirlər, ermənilər Ağdama girib?” Çay içmədən tez maşına oturduq. Maşını Mehman sürürdü. Allahverdi tez-tez qışqırırdı: “Mehman, bərk sür, fikirləşəcəklər ki, Allahverdi ermənilərin Ağdama girəcəyini bilirmiş, ona görə Bakıya gedib”. 140-150 sürüb çatdıq Yevlaxa. Orda soruşdu ki, Ağdamdan nə xəbər? Dedilər heç nə bilmirik. Bərdədə də belə. Çatdıq batalyonun yerləşdiyi Ağdam 50 saylı Texniki Peşə məktəbinə. Alının qapqara qaralmış sifəti açıldı. Mən onda gördüm ki, Allahverdi Ağdamı necə sevirmiş!.. Bu da Allahın qismətidir. Biz o yolu təcili gəlməliymişik. Allahverdi Vətən yolunda, Ağdam uğrunda ölümə tələsirmiş, Tanrı yazısıdır, ondan qaçmaq olmaz!

Ən böyük hərbi uğuru 1992-ci il iyunun 12-də Aranzəmin, Naxçıvanik döyüşlərində oldu. O döyüşlərdə Allahverdi bütöv bir batalyonun işini görmüşdü. Naxçıvanik kəndində düşmənin bütün canlı qüvvəsi və texnikası darmadağın edimişdi. Cavanşir Cəfərovun rotasının Əsgərana qədər gedib çıxdığını görən Tərlan Musayevin rotası Pircamal kəndindəki yüksəkliyi tutub, Kətik kəndi ilə üzbəüz mövqe tutmuşdu. Qələbəyə lap az qalırdı. Elə bu vaxt alınmış kəndlərdən Ağdama qayıtdığı yerdə, Naxçıvanik, Aranzəmin, Dəhraz, Kətik, Mirikənd əməliyyatı uğurla (cəmi 4 saat) başa çatdığı gün UAZ-469 markalı maşın minaya toxunaraq partladı. Allahverdi sürücüsü Əmir Mirzəyevlə birlikdə şəhidlilk zirvəsinə yüksəldilər. Ən böyük arzusu öz əlləri ilə üçrəngli bayrağımızı Xankəndinə sancmaq idi.

1993-cü il fervralın 24-də Allahverdi Bağırova Azərbaycanın Milli Qəhrəmanı Fəxri adı verildi.

22 ildir ki, Allahverdi cismən aramızda yoxdur. Həmişə deyərdi ki, kim hara gedir-getsin, mən Ağdamda qalacağam. Doğrudan da o, torpağı çox sevdiyi üçün orda qaldı. Yaşasaydı, bu gün 68 yaşı tamam olardı. Bəs bu 22 ili Ağdamsız yaşaya biləcəkdimi, arxayın nəvələrinin əlindən tutub, parklarda gəzəcəkdimi? Yaşasaydı, erməni Ağdamı işğal edə biləcəkdimi? Bunlar cavabı bəlli olmayan suallardır.

Həmişə deyirdi ki, ermənilər mənim meyitimin üstündən keçib, Ağdama girə bilərlər. Ermənilər Allahverdinin meyitinin üstündən keçə biləcəkdimi? Fakt budur ki, Allahverdi cismən yoxdur. Amma ruhu həmişə bizimlədir.

Qeybdən, sonsuzluqdan Allahverdinin səsi gəlir qulağıma: “Günəş kimi mənəm çıxan, ağ qanadlı şəlalə kimi mənəm axan, mənəm iki çeşmə olan, sonu gəlib dəryaya çıxan. Külək kimi əsən mənəm, gündə dəmir çarıq geyib, neçə mənzil gəzən mənəm. Sizi daim sevən mənəm, sizdən bezən, küsən mənəm. Vüsalın od köynəyində yada salın - mən də varam. Ayrılığın ağrılarında yada salın - mən də varam. Duman olsa, bir qocanın eynəyində yada salın - mən də varam. Yer büdrəsə, dava görmüş bir cavanın çəliyində yada salın - mən də varam. Nəvə dartsa bir qarının ətəyindən, yada salın - mən də varam”.

Əsl insan, kişi odur ki, ölümündən sonra da hər yerdə olsun, yeri görünsün.

Allahverdi arxa çevirməli və güvənməli oğul idi. 46 illik ömrünü kişi kimi, mərd yaşadı. Heç kəsə əyilmədi. Müharibədə bir ordunun görə bilmədiyi işi gördü.

Əsgər kimi, döyüşçü kimi, komandir kimi, Milli Qəhrəman kimi, dost, qardaş kimi haqqın bütün haqlardan üstündür Allahverdi Bağırov!

Surxay ƏLİBƏYLİ

Təzadlar.- 2014.- 22 noyabr.- S.11.