ATA (poema-epos)

 

Söhrab Tahir: “Bu poema-eposu Azərbaycan Respublikasının Milli Ordusuna onun Ali Baş Komandanı Respublika Prezidenti İlham Heydər oğlu Əliyev cənablarına ithaf edirəm

image here

Söhrab Tahirin iri həcmli “Ata” poema-eposu xalqımızın bizim eradan əvvəl olan tarixini, adət-ənənəsini, məişətini s. özündə əks etdirir. Tarixi sənədlər, Azərbaycanın bir çox xarici ölkələrin arxiv materiallları əsasında 14 ilə yazılib, tamamlanmış bu poema-epos xalqımızın varlığını dananlara, Azərbaycanın dövlətçilik ənənəsinin olmadığını deyən düşmənlərimizə çox tutarlı bir cavabdr. Ona görə Təzadlarolaraq Xalq şairi, “Şöhrətordenli Söhrab Tahirin “Ata” poema-eposunu hissə-hissə dərc etmək qərarına gəldik. İnanırıq ki, ürəyi həmişə vətən eşqi ilə döyünən hər bir kəs bu poema-eposu sevə-sevə oxuyacaq.

 

MÜƏLLİFDƏN

Azərbaycan ədəbiyyatında ən iri həcmli poetik əsər hesab edilən “Ata” poema-eposunu 1991-ci ildən qələmə almağa başlamışam. Azərbaycanın ən qədim şeir forması-qoşma şəklində min il əvvəl Yaxın, Orta, Uzaq Şərq genişliklərində yaşayan, yaradan, dəyişib varlığını ləyaqətini isbat edən türkdilli qəbilə, tayfa xalqların, xüsusilə Azərbaycan xalqının eramızın əvvəllərinə qədərki həyat məişətinin bədii-tarixi lövhələrdə təsvirini əhatə edir. “Ata” sadə xalq danışıq dilində yazıldığı üçün burada demək olar ki, fars ərəb sözləri işlənməmişdir. Əsərdə Azərbaycan, Orta Asiya, Türkiyə, Rusiya, İran, Ərəb ölkələri, İngiltərə, Almaniya, s. Avropa alimlə- rinin tarixi sənədlərə, tarixi həqiqətlərə uyğun fikirləri əsas götürülmüşdür.

Çoxdandı ki, xarici ölkələrdə yaşayan soydaşlarımız xalqımızın varlığı, mənşəyi, yaşadığı ərazi, qədim həyat tərzi, dili qəhrəmanlıqları ilə maraqlanır,bəziləri isə mənə bu haq- da, məktub yazır, bu sahədə ortalığa ciddi suallar qoyurdular.

Son 20 ildə Azərbaycan xalqının varlığı, etnogenezi ilə əlaqədar elmi kitablarla yanaşı, şamanizm, zərdüştizm haq- qında kitablar, əsatir, əfsanə, dastan, nağıl, deyim söylən- cələr oxuyurdum. Xalqımın qədim varlığını, adını, qəhrəman- lıqlarını göstərən sənədləri, abidələri dağıdıb, yandırıb məhv edən düşmənlərin qəddarlığının qanlı izinə düşüb, yavaş-yavaş dünyanın ən qədim, ən nəcib, ən dəyişkən, ən ləyaqətli şücaətli xalqları olan türkdilli ellərin, o cümlədən xalqımızın ən qədim tarixinin monumental mənzərələrini aydın şəkildə görməyə başladım.

Azərbaycanda istiqlal hərəkatı başlarkən bu mövzuda böyük bir əsər yazmaq imkanı reallaşdı: Bir gün yas məclisin- Moskvadan yenicə qayıtmış xalqımızın ağsaqqalı,böyük rəhbəri Heydər Əliyev xalqımızın tarixinin müxtəlif dövrlərindən söhbət açaraq üzünü mənə tutub məclisdə oturan alim yazıçılara xitabən dedi: “Bu xalqın tarixini siz yazmasanız bəs kim yazacaq?!”.

Mən xalqımızın böyük oğlu Heydər Əliyevin bu haqlı tələbinin təsiri altında “Ata” poema-eposunu yazmağa başladım...

VI G İ R İ Ş

ULU BABAM

 

Bağda dəmir hasar silkəndi birdən,

Qapı öz-özünə tay-tay açıldı.

Nə şimşək var idi, nə də ki külək,

Həyətə, evlərə işıq saçıldı.

 

Birdən o göründü, hündür, zəhimli,

İti baxışları mehriban, ötkəm,

İncə baxışları solğun, çəkimli,

Tuncay sifətində mərdanə görkəm.

 

- Səni tanıyıram, əlli il olar,

Sən Azər Azərsən, bu yerin oğlu.

Sənsən sözdə deyil, sənətdə bala

Bu yerə, bu xalqa, bu yurda bağlı.

 

Mən sənin özünəm, Minel qolundan,

Doqquz min il qabaq səndən öncəyəm.

Doqquz min ildir ki, düzlük yolunda,

Əyrilər ilə pəncə-pəncəyəm.

 

Mən qədim ölkəmə bir də gəlmişəm,

Xalq özü çağırıb, səsləyib məni.

Tanrımdır, xalqımdır, bir də ki, bəşər,

Ölümdən, itimdən gözləyib məni.

 

Mən qədim ölkəmə bir də gəlmişəm,

Səninlə qədimdən çağdaşam, şair.

Bunu Tanrı bilir, bir də ki, bəşər,

Tanrıyla qohumam, qardaşam, şair.

 

Göydən bir daş düşüb dənizə bir yol,

Qoşaboğaz dəniz dibdən alışıb.

Mən onda anadan olmuşam. oğul,

Taleyim o gündən onda qarışıb.

 

Bu kitabı götür, oxu və saxla,

Bu həm bir tarixdir, həm tarix deyil.

Nöqtə, vergülü qoy, sözləri yoxla,

Onda ki, yox idi nöqtəylə vergül.

 

Sənsən bu tarixin davamı, ardı,

Mənəm bu kitabın ikinci cildi.

Bu gün bu kitabdır bu xalqa yardım,

Onu qorumuşam neçə min ildir.

 

-Ey Tanrım, hökmünə iradətim var,

Bu gündən qurşannam bu ağır işə.

-Şair, göydə sənə çox inanırlar,

Sən çox-çox bağlısan uzaq keçmişə.

 

Qayıdış yoludur tarixi yollar,

Bu yolda yol salıb şeirlə, ilham.

“Qobustan nağılı”, “Ana hökmdar”,

“Sevgi ə?sanəsi”, bir də “Qızıl cam”.

Sənə hamıdan çox inanıram mən,

Sən alver etmirsən sözünlə, şair.

Yaz, göstər xalqını çox-çox qədimdən,

İlhamla, biliklə, dözümlə, şair.

 

Mən baxdım kitaba, gözüm qaraldı,

Nə böyük tarixdir, nə böyük əsər.

Varaqlar, yazılar mənə sarıldı,

Hər ad bir şəxsiyyət, hər söz bir şəhər.

 

Başımı qaldırdım, yox idi babam,

Qaçdım arxasınca, tuta bilmədim.

Çağırdım, çağırdım, söylədim, baba,

Ancaq heç bir yandan bir səs gəlmədi.

 

Bircə bu kitabdır evimin varı,

Sözləri oxşayıb daraqlayıram.

Kitabı xalq yazıb, bir də ki, Tanrı,

Mən onu oxuyub varaqlayıram.

I BÖLMƏ

 

I QAPI

 

Ana südü söylənci

 

- Ov yerinə yollanıram,

Ana, mənə uğur dilə.

Qayıtmasam, bil, ölmüşəm,

Ana, mənə uğur dilə.

 

Yastıdağın ətəkləri,

Ovla dolu çökəkləri.

Maralları, ördəkləri,

Ana, mənə uğur dilə.

 

Oxum, payam, ipim, baltam,

Tunc döşlüyüm, dəri xaltam.

Sağ ol, bacım, sağ ol atam,

Ana, mənə uğur dilə.

 

***

- Gücər, sənə uğur olsun,

Yanla ovu sən qurdsayaq.

Busa-busa, qaplan kimi,

Yanla ovu sən qurdsayaq.

 

Çalış çox-çox uzaq getmə,

Qobuyerdə dayan, ötmə.

Meşə sıxdır, azıb itmə,

Yanla ovu sən qurdsayaq.

 

Yıxılmasa ov bir oxla,

Qov onu sən, ara saxla,

Yan-böyrünü tez-tez yoxla,

Yanla ovu sən qurdsayaq.

 

***

Dünən yağıb qar bolluca,

Çox buraxma uzaq ovu.

Maral ürkək, donuz konaz,

Çox buraxma uzaq ovu.

 

Sürü, naxır, ilxı, təkə,

Saymayasan ovu gərək.

Vursan, “Tanrı” adını çək,

Çox buraxma uzaq ovu.

 

Qaplan olsa boynunu bur,

Maral olsa döşündən vur.

Ayı olsa belini qır,

Çox buraxma uzaq ovu.

***

Al, çörəkdir, pis ayaqda,

Bu çörəkdən bir qırıq ye.

Gördün gücün lap azalıb,

Bu çörəkdən bir qırıq ye.

 

Acıqanın* güclü olsa,

Üzərini ölüm alsa,

Ürəyinə qorxu dolsa,

Bu çörəkdən bir qırıq ye.

Bu çörəyi yapıb anan,

Ana sudu hopub ona.

Vur, basar ol çox yamana,

Bu çörəkdən bir qırıq ye.

 

***

Bu çörəkdir, bu da kökə,

Ana südü qarışıqdır.

Sənə Tanrı gücü verər,

Ana südü qarışıqdır.

 

Sarı bunu göy qurşağa,

Ver nə ova, nə qonağa.

Qoru, saxla, pis ayağa,

Ana südü qarışıqdır.

 

Qurdu götür, - qaplanboğan,

Az qaçağan, çox qapağan,

Qurd da arxan, süd də arxan,

Ana südü qarışıqdır.

***

Gəlin dedi: - Tez qayıt gəl,

Ovun maral, cüyür olsun.

Gey bu dəri gödəkçəni,

Ovun maral, cüyür olsun.

 

Qurd dərisi oxbatmazdır,

Qılınckəsməz, odtutmazdır.

Şaxtaqovdur, çatatmazdır,

Ovun maral, cüyür olsun.

 

Sən gec gəlsən küsəcəyəm,

Saçlarımı kəsəcəyəm.

Ağlar-ağlar gəzəcəyəm,

Ovun maral, cüyür olsun.

 

***

Yola düşüb Gücər getdi,

Ova çıxmaq ər işidir.

Qapağan da arxasınca,

Ova çıxmaq ər işidir.

 

Qanadlanıb buğlanmışdı,

Çarıxları yağlanmışdı.

İp-qəzillər bağlanmışdı,

Ova çıxmaq ər işidir.

 

Arxasınca su atdılar,

Qurd-itləri ulatdılar,

Boğazda səs qaynatdılar,

Ova çıxmaq ər işidir.

 

***

Bacalardan boylandılar,

- Gucər, əli dolu qayıt.

Qışdır, ət, ot tükənibdir,

Gucər, əli dolu qayıt.

 

Qar tutmuşdu cığırları,

Suvamışdı çuxurları.

Yamacları, hündürləri,

- Gucər, əli dolu qayıt.

 

Bilinmirdi eniş-yoxuş,

Gizlənmişdi qarda qurd-quş.

Ağacları şaxta vurmuş,

- Gucər, əli dolu qayıt.

 

***

Axşamacan getdi Gucər,

Nə qurd-quş var, nə kəl, maral.

Çəkil ay qış, qırov, şaxta,

Nə qurd-quş var, nə kəl, maral.

 

Yolda yuva qazıq-qazıq,

Ağac, budaq, kol pırtlaşıq.

Yox meşədə yar-yaraşıq,

Nə qurd-quş var, nə kəl, maral.

 

- Qapağanım, harda qaldın,

Niyə üzüdönük oldun,

Sənsiz bu yol ağır yoldur,

Nə qurd-quş var, nə kəl, maral.

***

Qayalıqda, daşovuqda*,

Ayı yatıb uyuyurdu.

Kol-kos içrə gizlənmişdi,

Ayı yatıb uyuyurdu.

 

Gücər girdi daş ovuğa,

Qaranlıqda daş yarığa.

Düşdü daha sərt soyuğa,

Ayı yatıb uyuyurdu.

 

Daşlı yollar buruq-buruq,

Qaya lay-lay, qopuq-qopuq.

Sallaq buzlar çubuq-çubuq,

Ayı yatıb uyuyurdu.

***

Lap uzaqda, lap uzaqda,

Qurd-Qapağan ulayırdı.

Qırıb ipi Tutuqluğu

Qurd-Qapağan ulayırdı.

 

- Harda qaldın, Qapağanım,

Gəl, qurdların qudurğanı.

Salxım buzdur hər bir yanım,

Qurd-Qapağan ulayırdı.

 

Çağırırdı tay-tuşunu,

Qurd bacısı, qardaşını.

Qar almışdı döş-başını,

Qurd-Qapağan ulayırdı.

 

***

Gücər dedi: - Ayı ovum...

Qurdel mənə sağ ol deyər.

Balta vurram, leşi qalar,

Qurdel mənə sağ ol deyər.

 

Apararam iki budun,

Yurdu alar iyi, dadı,

“Qış ovçusu” qalar adım,

Qurdel mənə sağ ol deyər.

 

Qoy gözləyim hələ bir az,

Dursun yatan bu yaramaz.

Yatan ovu vurmaq olmaz,

Qurdel mənə sağ ol deyər.

 

***

- Oyan, ayı, dur yatağan,

Ayı çoxdan uyumuşdu.

- Dur, çarpışaq, dur, qarpışaq,

Ayı çoxdan uyumuşdu.

 

- Ov gözləyir Qurdel məndən,

Dur, ölərsən yatan yerdə.

Yoxsa vurram səni birdən,

Ayı çoxdan uyumuşdu.

 

Gucər onu hey səslədi,

Yan-yörəsin çox bizlədi.

Çox tərpətdi, çox gözlədi,

Ayı çoxdan uyumuşdu.

***

 

O çağırdı, boğaz yırtdı,

Ağır olur qış yuxusu.

Çox bizlədi, silkələdi,

Ağır olur qış yuxusu.

 

Gucəri də yuxu tutdu,

Ayı kimi o da yatdı.

Yuxusuna dinclik qatdı,

Ağır olur qış yuxusu.

 

Bir səs gəldi lap yaxından,

Səs dolaşdı Qurd dağında,

Gəzdi, Ayı ovlağında,

Ağır olur qış yuxusu.

 

(Davamı var)

Hazırladı və təqdim etdi:

Elçin MƏMMƏDLİ

Təzadlar.- 2014.- 2 oktyabr.- S.7.