Polis-rəssam...

 

Rənglər danışır, biz isə susuruq...

 

...Çevrəmizdəkilərdən kimsə düşüncəsini, fikrini ifadə etmək üçün onu hər hansı bir formada, lakin tamamilə başqalarından fərqli bir şəkildə ifadə etmək bacarığını nümayiş etdirə bilirsə, biz ona “istedadlıdır”, deyirik. Bu fərqlilik min illər boyu özünü büruzə versə də, əslində məkanından və zamanından asılı olmayaraq bir mədəniyyət çətiri altında birləşməyin yolunu göstərib bizə. Bizdən fərqli olanlar isə bu fərqlilikləri ilə heç zaman öyünməyiblər, əksinə, hər zaman bizimlə bir sırada addımlamağı bacarıblar.

İstedad doğulur, ancaq onu mühit böyüdür, inkişaf etdirir. “O bəxti gətirənlərdən olmadı, yoxsa böyük istedad sahibi idi” ifadəsi hər halda bu gün adı gələndə fəxarət hissi keçirdiklərimizin necə keçməkeşli bir ömür yaşamasının bariz nümunəsidir. Yəni onlar da kiminsə kölgəsində qalıb var ola-ola yoxluqları ilə barışa bilərdilər.

Bizim ən böyük xoşbəxtliyimiz odur ki, biz öncəgörənlərdən fərqli olaraqbizi nə gözləyir”i bilmirik. Gözləmək bəzən elə gözləntilərlə yadda qalır ki, onu uzun müddət unuda, təsirindən çıxa bilmirsən...

***

Elə bizonu gözləyirdik. Muasir İncəsənət Muzeyindəki sərgi polis əməkdaşının əl işlərindən ibarət idi. Keçən illər ərzində belə sərginin nümayiş olunmasına birinci dəfə idi ki, rast gəlirdim. Sabitliyi qorumaq, asayişin müdafiəsində durmaqla yanaşı, könlünü sözə, rəngə, fırçaya verib qəlbindəkiləri duyğularının dili ilə insanlara çatdıran həmkarlarımızın uğurlarını eşidəndə, şahidi olanda sevincimizin həddi-hüdudu olmur. Polisin adına ləkə yaxanlar, hətta onun qüruru ilə oynayanlar bilmirlər ki, polis həm də cəmiyyətimizin mədəni, elmi sferasında layiqli yer tutan insanların xidmət etdiyi bir qurumdur...

Həmkarımız Rəşad Babayevin “ADA” adlı fərdi sərgisində nümayiş olunan əsərlərlə “dil tapmaqilk baxışdan çox çətin görünsə də cəmi bir neçə dəqiqədən sonra anlayırsan ki, modernizmpostmodernizm üslubunda çəkilmiş əsərlər “baxmaq” və ya ona necə yanaşmaq fəlsəfəsini sərgiləyir bizə. Yəni kim necə baxırsa, mənalandırırsa elə də görür...

Əlbəttə, həmkarımızın əsərləri barədə bu sahənin biliciləri daha dolğun fikir bildirə və ya onu təhlil edə bilərlər.

Qarşısında dayandığımız rəsm əsərləri ilk baxışdan heçdemir. Rənglərin qarışığı, qurulmuş ekspozisiya əvvəlcə yad bir adam kimi diqqətdən kənarda qalsa da, sonradan doğma izlər, isti rənglər səni özünə çəkir. Bu əsərlərdə yad heçyoxdur. Əgər bir düz xətt sənin fikrini harasa yönəldirsə və o düz xətt boyunca sən öz fantaziyanın gücünə inanıb onu canlandıra bilirsənsə, demək rəssamın dünyası ilə dil tapa bilmisən.

Əslində müasir incəsənətin bütün növləri bizi inandırmağa çalışır ki, yaradılmış nə varsa, hər birində ilahi bir məna yükü var. Hətta “lazımsız”dır deyib tulladığımız əşya belə təxəyyülümüzdə yaşanmış zamanın simvoluna, yada hər kəsin diqqətini cəlb edəcək bir sənət əsərinə çevrilə bilər.

Ümumiyyətlə, incəsənətdə bu yaxşıdır, bu pisdir meyarı yoxdur, sadəcə müqayisəli təhlil var. İnsanı düşündürən, inkişafa səbəb olacaqvarsa, o qiymətləndirilir, ya yazılır, ya da çəkilir. Müşahidələrdən belə qənaətə gəlmək olar ki, “iz qoymaq”, tarixdə qalmaq artıq müasir incəsənətdə polemika mövzusu deyil, əsas məsələ insanlarda maraq oyatmaqdır. Bu isə dövrümüzdə həm çətin, həm də çox asandır. Sadəcə bir az ürəkli və optimist olmaq lazımdır...

Həmkarımızın sərgisi ilə tanış olarkən əsərləri haqqında yazılmış bu fikirlər diqqətimi xüsusilə çəkdi: “Rəssam Rəşad Babayevin incə və bir qədər sirli yaradıcılığı birbaşa danışmanı sevmir. Qeyri-fiqurativ incəsənət dilinə malik olan və məişət təfərrüatlarına böyük əhəmiyyət vermədən, rəssam tamın intuitiv anlamasına cəhd edir, onun əsərləri isə zamansızlığı ilə, qəribə qeyri-maddiliklə və son dərəcə sadəliklə fərqlənir. Öz şəxsi reallığını yaradan rəssam xəyallar dünyasına müraciət edərək, fikirlərə formaenerji verir”.

Fərdi sərgisinə “ADA” adını verməsi həm də rəssam-polisin dünyasından xəbər verir. “ADA” niyə deyəndə cavab verdi: “Yaradıcı insanları mən ada kimi görürəm. Düzdür, ada kimi müstəqil insan yoxdur və hər insan materikin bir hissəsidir, ancaq unutmamalıyıq ki, bir misranı yazanda, rənglərin sehrinə düşmüş bir xətti çəkəndə onların həqiqətən də fərqli olduğunu görmək olur”...

Qeyd edək ki, DİN BMİ-nin əməkdaşı, polis mayoru Rəşad Babayev 22 noyabr 1979-cu ildə Xaçmaz şəhərində anadan olmuşdur. 1997-ci ildə Amerika İnstitunun Beynəlxalq fakültəsini bitirmiş, təhsilini Bakı Dövlət Universitetində davam etdirmiş və 2001- ci ildə hüquq fakültəsini bitirmişdir. O, 2000-ci ildə rəssamlığa başlamazdan öncə hüquqşünas təhsili almışdır. İlk fərdi sərgisi 2004-cü ildə keçirilmişdir. Azərbaycan Rəssamlaq İttifaqının üzvüdür. 2005-ci ildən Londonda, Parisdə, Berlində, Romada keçirilən bir çox beynəlxalq sərgilərdə, eləcə də, 55-ci Biennalidə iştirak etmişdir. Rəssamın əsərləri Bakı Müasir İncəsənət Müzeyində və şəxsi kolleksiyalarda saxlanılır. 2012-ci ildən əsərlərə ssenarilər yazır və 2013-cü ildə Azərbaycan Kinematoqraflar Birliyində promo diploma layiq görülmüşdür.

Yeri gəlmişkən, adı çəkilən sərgidə polis-rəssamın 30-a yaxın rəngkarlıq əsəri və 3 installasiyası təqdim olunur.

 

Hafiz Təmirov,

polis kapitanı

Təzadlar.- 2014.- 14 oktyabr.- S.15.