“Qədimdə insanları muğamla müalicə edirmişlər”

 

Əli Kərimbəyli: “ qədər muğamı eskperiment etsələr , istədikləri nəticələri ala bilməyəcəklər, çünki neçə yaranıbsa, yenə öz yerinə qayıdacaq

 

Hər bir millətin formalaşmasında potensial qüvvə kimi ortaya çıxmasında onun milli ideologiyası, milli mədəniyyəti stimul rolunu oynayır. Bu gün Azərbaycan türklərinin min illər boyu formalaşan güclü dayaqlar üzərində dayanan mədəniyyəti var. Xüsusilə mədəniyyətimizin tərkib hissəsi olan muğam demək olar ki, dünya səviyyəsində qəbul olunur. Hal-hazırda muğamın təbliğatı ilə bağlı böyük işlər görülməkdədir. Həm türk dünyasının birliyi ilə bağlı, həm muğamla bağlı suallarımızı iki il bundan əvvəl haqq dünyasına qovuşan, Folklor İnstitutunun elmi işcisi, türk xalqları ədəbiyyatının araşdırmaçısı Əli Kərimbəyli cavablandırıb.

 

Xatırladaq ki, müsahibə ilk dəfədir oxuculara təqdim olunur.

- Əli bəy, xöş gördük. Siz türk dünyasını sevən bir insansınız. Hal-hazırda türk dünyasının birliyi ilə bağlı gedən işlər sizi qane edirmi?

- Öncə mən sizə öz təşəkkürümü bildirirəm ki, milli mədəniyyətimizin təbliği ilə bağlı işlər görürsünüz. Bəli, türk dünyasının birliyi ilə bağlı nəinki mədəniyyət birliyi sahəsində, siyasi-iqtisadi aspektdən yanaşdıqda xeyli müsbət tendensiyalar var. Əvvəllər biz bu ideyanı fikirdə söhbət edirdik, amma bu gün ideya praktiki əmələ keçməkdədir. Hamımız da bunu görürük.

Türk dünyasının ortaq televiziyası olan TRT-AVAZ-ın yaranması, Parlament Assambleyasının əsasının qoyulmasını müsbət dəyərləndirirəm. Bundan sonra da birlik ideyasi ilə bağlı sistemlikonseptual işlər gedəcək. Sizin suala cavab olaraq demək istəyirəm ki, bəli, məni qane edir. Dünya artıq türk dünyası deyilən bir məhfumu qəbul edir. Bu da məni cox sevindirir. Gələcəkdə Azərbaycanın, Türkiyənin üzərinə böyük işlər düşür, çünki nəzərə almaq lazımdır ki, Orta Asiya türk respublikalarında türkçülük ideyası bu iki ölkəyə nisbətən zəif inkişaf edib. Türkiyə bu bölgədə kültürəl sahədə xeyli işlər görür və xüsusilə, iqtisadi birliyin yaranması ilə bağlı işlər də sürətlə getməkdədir.

- Siz həm də muğam sahəsi ilə bağlı ciddi maraqlanırsınız. Muğam Azərbaycan xalqı üçün nə deməkdir?

- Muğam Azərbaycan xalqının bəşəri sərvətidir. Muğam artıq demək olar ki, şərq xalqlarının və türk dünyasının silinməz bir mədəniyyət inçisidir. Mən istəyirəm ki, biz muğamın liktoriyasını yaradaq. Muğam böyük bir fəlsəfi-bəşəri bir məktəbdir. Mənim fikrimcə, muğam şamanizm dinindən gələn şaman musiqisidir. Tanrıların ruhunu çağırmaq, anmaq, tanrı inançı ilə bağlıdır. Bu, mənim şəxsi fikrimdir. Dəyərli muğam nəzəriyyəciləri ola bilər ki, mənim bu fikrimlə razılaşmaya bilərlər. Əsas odur ki, biz muğamın fəlsəfəsini və mahiyyətini yaymalıyıq. Sazı da bura əlavə etsək, mədəniyyətimizin güclü təməllər üzərində qurulduğunu görərik. Məsələn, saz Azərbaycan türklərinin həyatına Dədə Qorqudla gəldi. Hələ də biz sazımızla dünya çıxıb öz sözümüzü deyirik.

Muğam mədəniyyətimizi daha da zənginləşdirir. Qədimdə insanları muğamla müalicə edirmişlər. Məsələn, XIII-XIV əsrdə yaşayan şair Şəbüstəri qələmə aldığı fəlsəti-romantik və tibbi əhəmiyyət daşıyan “Gülşani-Raz” əsərində qeyd edirdi ki, o zamanlar muğamla insanları müalicə edirdilər və hətta əsərində muğamla hansı xəstəlikləri müalicə edirdilər, onun cədvəllə sıralamasını verib. Deməli, muğam ciddi araşdırılmalıdır. Bizim muğamla bağlı klassik əsərlərimiz cox təəssüflər olsun ki, yoxdur. Olanlar da fars dilindədir. Bunları tərcümə etmək lazımdır. Bəzən eşdirik ki, muğamı sintez edirlər. Məm buna qarşı deyiləm, əsas odur ki, onun alt təməli dağılan deyil. Nə qədər muğamı eskperiment etsələr də, istədikləri nəticələri ala bilməyəcəklər, çünki neçə yaranıbsa, yenə də öz yerinə qayıdacaq.

- Bu gün muğamla bağlı ciddi işlər gedir və demək olar ki, son illər muğama diqqət artıb. Bu haqda fikirlərinizi bilmək maraqlı olardı...

- Azərbaycanda bir muğama sahib çıxmaq, muğamın koordinasiya olunması görünməkdədir. Heydər Əliyev Fondunun rəhbəri, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə muğamımız beynəlxalq areala çıxa bildi. Artıq demək olar ki, muğam beynəlxalq status qazandı. Bu, məni cox sevindirir. Bu yaxınlarda Beynəlxalq Muğam Müsahibəqəsinin keçirilməsi uğurlarımızdan sayılmalıdır. Bu, bir daha göstərdi ki, Azərbaycan dünya səviyyəsində gedən mədəni proseslərdən kənarda deyil və hətta öz töhfəsini verir.

- Xanəndələrimizdən ən cox kimə qulaq asırsınız?

- Alim Qasımovun ifasına qulaq asanda zövq alıram. O, muğamı fəlsəfə ilə ifa edir. Amma demək olar ki, istedadlı xanəndələrimizin hamısının ifasına qulaq asıram. Xüsusilə, Alim Qasımov muğamımızın dünya səviyyəsində tanıdılmasında müstəsna rol oynadı. Amma son vaxtlar diqqətimi Alim Qasımovun istedadlı tələbəsi Mütəllim Dəmirov çəkir. Mən deyərdim ki, o, professional oxuyur. Mən onun bu yaxınlarda İzmirdə olan konsertinə qulaq asdım, çox möhtəşəm ifa tərzi vardı. Onda dinləyiciləri ələ almaq bacarığı yüksək səviyyədədir. Bu gün Mütəllim Dəmirov muğamı ifa edərkən onu yaşayır və bu da dinləyiciləri məftun edir. Mən buna peşəkarlıq deyərdim. Biz belə xanəndələrimizlə fəxr edib onları dünya miqyasında tanıtdırmalıyıq.

- Sizə öz təşəkkürümüzü bildirik ki, suallarımızı cavablandırdınız.

- Mən də sizə öz təşəkkürümü bildirirəm və uğurlar arzu edirəm.

 

Elnur Eltürk

P.S. Bir daha gözəl alimimizə Allahdan rəhmət diləyirik.

Təzadlar.- 2014.- 21 oktyabr.- S.15.