Ədəbiyyat aləminə yeni töhfə...
Aybəniz Rəhimovanın “Qulam Məmmədli təzkirəsi” kitabı
Qədim tarixə malik olan Azərbaycan ədəbiyyatı XX əsrin əvvəllərində öyrənilməyə başlanıldı. Azərbaycan ədəbiyyatının tədqiqində, öyrənilməsində qaynaq rolunu oynayan təzkirələrin də üzə çıxarılması XX-XXI əsrin əvvəllərinə təsadüf edir. Kökü qədimlərə gedən təzkirələrın tədqiqində ilk addımı görkəmli ədəbiyyatşünas Salmaz Mümtaz atmışdır. Sonralar bir sıra alimlərin də təzkirələrini tədqiq etmişlər ki, bunlardan biri də Həmid Araslıdır. Təzkirələrin daha ciddi öyrənilməsi 1960-cı illərdən başlayır. 1990-cı illərdən etibarən təzkirələr müstəqillik qazanan ölkəmizdə daha müstəqil və sərbəst şəkildə tədqiq edilirdi. Son illər geniş araşdırmalar və çalışmalar nəticəsində təzkirələrin tərcüməsi, transfoneliterasiyası və tədqiqi bir qədər də sürətlənmiş, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri tərəfindən farscadan tərcümə edilmiş, türk dilində olan mətnlər isə müasir əlifbaya çevrilərək geniş oxucu auditoriyasına təqdim edilmişdir.
Belə əlyazmalardan biri də görkəmli tədqiqatçı-alim tanınmış jurnalist, salnaməçi Qulam Məmmədliyə məxsusdur. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda Qulam Məmmədlinin şəxsi arxivi və əlyazmalar xəzinəsində geniş həcmli təzkirəsi qorunur. 2012-ci ildə 6 cildi əhatə edən avtoqraf əlyazması filologiya üzrə fəlsəfə doktoru Rəhimova Aybəniz Mustafa qızı tərəfindən ərəb əlifbasından müasir əlifbaya çevrilmiş, sistemə və səliqəyə salındıqdan sonra geniş müqəddimə ilə birgə çap olunmuşdur.
Müqəddimənin müəllifi tədqiqatda Qulam Məmmədlinin həyat və fəaliyyətini, məhsuldar yaradıcılığını, alimin geniş şaxəli yaradıcılığının bəzi məqamlarını, işıq üzü görməmiş arxiv materiallarını, həmçinin onun çap olunmuş əsərlərinin müqayisəsini göstərmişdir.
Müəllif arxivdə yer alan məqalə, məktub və bu səpkidə olan sənədləri, əsasən də əlyazma şəkilli təzkirənin vəziyyətinin təhlili və onun Azərbaycan təzkirəçilik tarixindəki yerini müəyyən etmişdir. Zövq və şövq ilə yazılan müqəddimədə müəllifin dərin tədqiqatı, ağır zəhməti hiss olunur.
Kökü çox dərinlərə gedən Azərbaycan təzkirələrinin əsası Sam Mirzə Səfəvinin “Töhfeyi-Sami” əsəri ilə qoyulmuş, İraqın Türkman ərazisində yaşayan Əhdi Bağdadinin “Gülşənüs-şüara” və Səfəvilərin kitabxanasının kitabdarı olan Sadiq bəyin tərtib etdiyi “Məcmul xəvası” təzkirələrində Azərbaycan təzkirəçılik tarixi inkişaf etdirilmişdir. Məhəmməd Tahir Nəsrəbadinin “Təzkireyi-Nəsrabadi” adlı təzkirəsi məşhur Azərbaycan alimi Lütfəli bəy Azərin Atəşgədə təzkirələrində də azərbaycanlı məşhurların həyat və yaradıcılıqları yer almışdır.
Zaman-zaman təzkirəçilik inkişaf edərək XIX-XX əsrlərdə yaranan təzkirələr daha da mükəmməlləşmiş, elmi məxəzlərə çevrilmişdir. Biz bunu Seyid Əzim Şirvaninin tərtib etdiyi təzkirəsində XIX əsr Azərbaycan şeirlərinə mühüm yer verən təzkirələr sırasında böyük əhəmiyyət kəsb edir. Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” əsərində müşahidə edirik.
Azərbaycan şair və yazıçılarının həyat və yaradıcılığı əks olunan digər təzkirə müəllifi XX əsrin əvvələrində yaşayıb-yaradan Məhəmmədəli Tərbiyyətdir ki, onun “Danişmandani-Azərbaycan” təzkirəsi ədəbiyyat tariximizin mötəbər sənədi kimi dəyərlidir.
Eyni dövrdə yaranan digər təzkirə Qulam Məmmədlinin “Azərbaycanlı alim, yazıçı və başqa görkəmli xadimlər haqqında biblioqrafik materiallar” adlı ensiklopedik əsəridir. Hər iki - “Danişmandani-Azərbaycan” və Qulam Məmmədli təzkirələri ümumi oxşar cəhətlər əsasında tərtiblənmişdir. Qulam Məmmədli təzkirəsinin üstün cəhəti onun ana dilində olması və müəllifin şifahi xalq ədəbiyyatına, aşıq şeirinə təzkirəsində yer ayıması ilə fərqlənir.
Qulam Məmmədli haqqında əsərin işıq üzü görməsində müəllif AMEA-nın Əlyazmalar İnstitutunun xəzinəsindan bəhrələnmişdir. Əlyazmalar İnstitutunda yerləşən 32 şəxsi fond arasında Qulam Məmmədlinin zəngin şəxsi arxivindəki materialların əksəriyyəti çap olunmuş, bəziləri isə çap olunmaq üçün tədqiqatçılarını gözləyir. Əsəri çapa hazırlayan müəllif Qulam Məmmədlinin yaradıcılığını dərindən bilən, bu yaradıcılıq mirasının türk xalqları, türk dünyası üçün nə qədər önəmli olmasını yaxından dərk edən tədqiqatçıdır. Hər şeydən öncə müəllifin təmənnasız olaraq həcmcə və mündərəcat baxımından olduqca əhəmiyyətli bir əsərin hazırlanmasını, redaktə olunmasını, müasir oxucuların anlaya biləcəyi bir dilə çevirməsi son dərəcə diqqətəlayiq bir hadisədir. Bu əsərin yazılmasından illər sonra işıq üzü görməsini sırf müəllifin ardıcıl və yorulmaz fəaliyyətinin nəticəsi hesab etmək olar. 682 səhifəlik fundamental bir əsərin transfoneliterasiya, redaktə olunması, çapa hazırlanmasının nə qədər çətin və ağır bir iş olduğunu mütəxəssislər daha yaxşı bilər. Burada müəllif ədibin şəxsi arxivinə müraciət etmiş, onun Azərbaycan nəşr tarixinə, teatr tarixinə dair topladığı materiallar, həmçinin elm, tarix, ədəbiyyat və incəsənət sahələrində çalışmış 182 azərbaycanlı ziyalıya həsr edilmiş yazılar verilmişdir.
Müəllif göstərir ki, Azərbaycanda teatr, sosiologiya, kulturologiya, fəlsəfi fikir sahəsində ən başda gələn isimlər arasında Qulam Məmmədlinin adı hər zaman ön sıralarda çəkilir. Onun mədəniyyət, adət-ənənələr və incəsənətə aid əsərləri günümüzdə ən çox istifadə olunan, bəzən mübahisələrə belə səbəb olan yazılardır.
Onun “Azərbaycan teatrının salnaməsi” (II cilddə) əsərinin indi də tədqiqatçıların diqqətini çəkməsi heç də təsadüfi deyil. Qulam Məmmədlinin təzkirəsinin indi böyük önəm daşıması və müasir Azərbaycanın intellektual həyatında geniş əks-səda verməsinin bir səbəbi də onların bilavasitə Azərbaycanın tarixi keçmişi, mədəniyyəti, sosial-mədəni həyatı, bir sözlə, dünəni və bu günü ilə əlaqədar olmasıdır.
Aybəniz Rəhimova “Qulam Məmmədli təzkirəsi” kitabında təzkirə haqqda yazır: “Şair, yazıçı, musiqiçi, rəssam, xəttat, övliyalar və digər məşhurların həyat və yaradıcılığından qısa məlumat verən biobiblioqrafik mənbələr sayılan təzkirələrin kökləri çox qədimdir. Təzkirəçiliyin yaxın Şərqdə, o cümlədən İran və Türkiyədə yayılması, Azərbaycanda isə bu ölkələrə nisbətən bir qədər zəif inkişafı müşahidə olunsa da, ədəbiyyatşünaslığın müəyyən tarixi forması kimi təşəkkül tapmış, ədəbi şəxsiyyətlərin və onlara məxsus bədii irsin toplanmasında və gələcək nəsillərə çatdırılmasında dövrün mötəbər sənədləri ola bilmişdir”.
Qulam Məmmədlinin dünya görüşü və yaradıcılıq yolunun ən mükəmməl tədqiqatçılardan olan Aybəniz Rəhimova “Qulam Məmmədli təzkirəsi” kitabında əvvəlcə onun həyat və fəaliyyəti haqqıda geniş məlumat verir. Burada müəllif Qulam Məmmədlinin bir qədər məşəqqətli həyatı ilə tanışlıq yaradır. Qulam Əliməhəmməd oğlu Məmmədlinin 1897-ci ildə Təbriz şəhərində cox yoxsul bir ailədə həyata göz açmasını, uşaqlıq illərini Aşqabadda keçirməsini və 12 yaşında yenidən Təbrizə qayıtmasından söz açır.
1942-ci ildə SSRİ ilə İngiltərə arasında imzalanan müqaviləyə əsasən ingilislər İranı tərk edir. Bundan istifadə edən kommunist “Tudə” partiyası müstəqillik uğrunda mübarizəyə qalxır. Partiyanın lideri Seyid Cəfər Pişəvəri Cənubi Azərbaycanın müstəqilliyini irəli sürdü. Şimali Azərbaycandan Sovet ordusu sıralarına - müəllimlər, şairlər, həkimlər, jurnalitlər və alimlər dövlət xətti ilə Cənuba göndərildi. Həmin ziyalıların sırasında Qulam Məmmədli də var idi. Bu zaman Təbrizdə çıxan Azərbaycan dilində yeganə mətbu orqan “Vətən yolunda” qəzeti, onun yaradıcısı isə Qulam Məmmədli idi.
Qulam Məmmədli ilk təhsilini Aşqabadda 4-5 il mollaxanaya getməklə almışdı. Gələcəkdə Qulam Məmmədlinin dünya görüşünün formalaşmasında bəlkə də dönüş nöqtələrindən birini onun Aşqabadda Salman Mümtazla görüşü təşkil edir. Bu görüş bəlkə də onun həyata baxışnda millət, millətçilik kimi problemlər oyatmışdır. Yəni bu məsələdə Qulam Məmmədli tədricən Azərbaycan milliyətçiliyi mövqeyinə keçmişdir. Bu məsələlərə münasibətdə Azərbaycan dilinin orijinallığını, saflığını müdafiəyə qalxması, onu yabançı (ərəb, fars) dilləri təsirlərindən təmizlənməsi meyilini ciddiyyətlə qoruması kimi bir meyilə üstünlük verməsini hər şeydən öncə o dönəmin siyasi-ideoloji mühiti, onu fomalaşdıran aydınların, xüsusilə də görkəmli yazıçı Mirzə Cəlilin adı ilə bağlıdır.
Sonralar Qulam Məmmədli xatirələrində yazırdı: “Mirzə Cəlilin mənim gələcək həyat yollarımda nə qədər mühüm rol oynadığını sonralar başa düşdüm”.
Qulam Məmmədlinin həyat və yaradıcılıq yoluna nəzər saldıqda elmi axtarışlarında onun hər zaman Azərbaycan teatr tarixi ilə bağlılığını bir daha görürük. Yaradıcılığının məhz ana xəttini Azərbaycan teatr tarixinin tədqiqi təşkil etdiyini görmək mümkündür. Tarixən bu yolda yanlışlıqlar, büdrəmələr də olmuşdur. Fəqət, Qulam Məmmədli bəlkə də onları hər kəsdən öncə hiss etmiş, onları düzəltməyi, bəzi konsepsiyalarından hətta vaz keçməyi belə bacarmışdır. Bunun əsas səbəblərindən biri odur ki, hər zaman mütaliə edən, ədəbiyyata, jurnalistikaya, mədəniyyətə, sənətə aid bütün tanınmış və ən öndə gələn müəlliflərin əsərlərini diqqətlə oxuyan, araşdıran müəllif onlardan nəticə çıxarmağı da bacarırdı. Məsələn, gənclik illərində onun yenidən Təbrizə qayıtması, qəzet nəşr etdirməsi yaradıcılığına güclü təsir göstərmişdir. İkinci Dünya müharibəsi illərində İranda böyük dəyişikliklər baş vermiş, İran məmləkəti ikiyə bölünərək güneydən İngiltərə, quzeydən Sovet orduları tərəfindən işğal altına düşmüşdü. Ordu sıralarına səfərbərliyə alınan Q.Məmmədli də Qafqaz cəbhəsinin siyasi şöbəsində ədəbi işçi kimi çalışırdı.
Yaradıcılığının ilk mərhələlərində Qulam Məmmədlinin “Molla Nəsrəddin” jurnalının təsiri ilə millətçilik hisslərinə qapılması, hətta bir müddət Mirzə Cəlilin milliyyətçilik ideyalarının təsiri altında qalması onun Azərbaycan dövlətçiliyi konsepsiyasından faydalanmasından irəli gəlirdi. Bundan başqa, türksoylu xalqlar, hətta ən ucqar bölgələrdə yaşayan xalqlar arasında ortaq dəyərlərin, xüsusən də dil sahəsindəki bənzər tərəflərin bir milliyyətçiliyə dayanan ehtirasla araşdırılması, bəzən istəyin gerçəkliklərin üstündə olmasına gətirə bilirdi. Bəzən sözlərin, kəlmələrin etimoloji, frazeoloji, genetik, fəlsəfi təhlilinin istəyə, ehtirasa qurban verilməsi halları müşahidə olunurdu. Bu kimi yanlışlıqlara baxmayaraq, bəzi mütəxəssislərin - türkoloqların haqlı fikirlərinə görə, Qulam Məmmədlinin bu tip araşdırmaları hər şeydən əvvəl Azərbaycan təfəkkür tərzinin və mədəniyyətinin, dil və dini inanclarının dünyanın çox-çox uzaq bölgələrində, şimalda, cənubda, batıda, doğuda belə geniş bir şəkildə yayılmış olmasını bir daha üzə çıxarmış oldu.
Qulam Məmmədlinin ideya və düşüncələrinin müasir Azərbaycanın sosial-mədəni həyatında, buradakı insanların mənəviyyatı və təfəkkür tərzində, elmi fəaliyyətində dərin kök salmasını söyləmək mümkündür. Təsadüfi deyil ki, vətənsevərlər Qulam Məmmədli şəxsiyyətinin Cənubda yenidən Azərbaycan Cümhuriyyəti ideyasının meydana gəlməsində oynadığı önəmli rolu etiraf etməkdən çəkinmirlər.
Tədqiqatçılar, ədəbiyyata xüsusi maraq göstərən oxucularımız və mütəxəssislərimiz üçün də dəyərli bir hədiyyə rolu oynaya bilən Aybəniz Rəhimovanın “Qulam Məmmədli təzkirəsi” adlı kitabı heç şübhəsiz universitetlərimizin tədris prosesində də yararlı ola biləcəyi qənaətindəyik. Bir daha əsərin işıq üzü görməsində onu çapa hazırlayan, qarşıya çıxan müxtəlif çətinlikləri həll edə bilən Aybəniz Rəhimovaya və Qulam Məmmədli yaradıcılığını tədqiq edənlərə uğurlar diləyirik.
Şöhrət
Səlimbəyli,
AMEA.M.Füzuli adına Türkdilli
Əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi
Təzadlar.-
2014.- 28 oktyabr.- S.13.