Sələflərinin layiqli xələfi - Murtuza bəy

 

Qarabağın müdrik el ağsaqqalı Murtuza bəy Yusifbəyov 1876-cı ildə Şuşa qəzasının Çəmənli (indiki Ağdamın Çəmənli kəndi) kəndində anadan olmuşdur. Onun atası Məmməd bəy Yusif bəy oğlu Çəmənli oymağından Hatəmxan ağanın nəslinə, anası Pəri xanım Qayıbova Veysəlli oymağından Məhəmmədxan ağa nəslinə mənsubdurlar. Murtuza bəyin babaları zəmanələrinin hörmətli bəylərindən sayılmış, Qarabağın ictimai-mədəni həyatında yaxından iştirak etmişlər.

Murtuza bəy Yusifbəyov ilk təhsilini ruhani məktəbində almış, sonralar Ağdamda rus-tatar məktəbində oxumuş, rus dilini bilmişdir. Onun uşaqlıq və gənclik illəri Çəmənli oymağında keçmişdir. O, sonralar müəyyən səbəblərə görə əmisi oğlanları, yaxın qohumları ilə birlikdə Seyidli oymağında yaşamışdır. Çəmənli oymağının əhalisinin Seyidli oymağının əhalisinə qan qohumluğu çatırdı. Çəmənli oymağında Hatəmxan ağanın nəsli kimi tanınmış Murtuza bəyin nəslinə Seyidli oymağında Məmmədbəyli nəsli deyilir.

Murtuza bəy Yusifbəyov Qarabağın hörmətli, müdrik el ağsaqqallarından sayılmış, yaşadığı bölgənin ictimai həyatında aparıcı rol oynamış, ağıllı məsləhətləri ilə tanınmışdır. Görkəmcə ortaboy, arıq şəxs olmuş Murtuza bəy yaşlı nəslin yaddaşında qürurlu, alicənab, sakit təbiətli, təmkinli, az danışan, əliaçıq şəxs kimi xatırlanır. Çar Rusiyası dövründə o, Qarabağda sayılan nəsillərin övladı kimi hökumət yanında xüsusi hörmətə malik idi.

Murtuza bəy Yusifbəyovun Seyidli və Çəmənli oymaqlarında geniş torpaq sahələri, təsərrüfatı olmuşdur. Onun Çərikdə də torpaq sahələri var idi. Çərik Seyidlinin əkin və otlaq yerləri idi. Murtuza bəyin Seyidli kəndindəki nadir ağaclardan ibarət meyvə bağları adla tanınmışdır. Lakin çox təəssüflər olsun ki, Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan müstəqilliyini itirdikdən sonra Murtuza bəyin var-dövləti, torpaqları, meyvə bağları əlindən alınmışdır. Onun Seyidli kəndində bəy, zadəgan, varlı olmasına baxmayaraq öz əlilə əkib becərdiyi nadir ağaclardan ibarət meyvə bağları digər meyvə bağları kimi kolxozlaşma adı altında yerli vandallar tərəfindən məhv edilmişdir. Murtuza bəy həyatının sonuna kimi yeni hökumətin yerli nökərlərinin təzyiqləri ilə yaşamalı olmuşdur. O, 28 oktyabr 1939-cu ildə vəfat etmiş, Seyidlinin Qarağacı qəbirstanlığında torpağa tapşırılmışdır.

Murtuza bəy Yusifbəyov Qarabağın ağır seyidlərindən sayılan Seyid Həşimin qızı Seyidə xanımla ailə həyatı qurmuş, Soltan, Tovuz, Hüsnü, Məmməd, Dilbər, Hətəm adlı altı övladı olmuşdur.

Murtuza bəy Yusifbəyovun həyatında arxalandığı, inandığı bir neçə yaxın insan olmuşdur. Qarabağda mesenat kimi tanınmış tacir Hacı Zaynalabdin İsmayıl oğlu Əliyev (1858-1936), Xorasanda mükəmməl mədrəsə təhsili almış, Ağdam məscidinin axundu Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov (1872-1937), Kərim bəy Nəcəfqulu bəy oğlu Yusifbəyov (1875-1940) onun yaxın qohumları olmaqla yanaşı etibarlı dostları da olmuşlar.

Bu il sələflərinin layiqli xələfi Murtuza bəy Yusifbəyovun vəfatından 75 il ötür. Onun vəfatından yüz ildən çox vaxt keçməsinə baxmayaraq, ömür yolu bu gün də varisləri üçün örnək olub, adı hər zaman ehtiramla yad edilir.

 

Orxan Zakiroğlu (Baharlı),

tədqiqatçı-jurnalist

Təzadlar.- 2014.- 28 oktyabr.- S.12.