Baharlı tayfasının layiqli
xələfi
Cənubi Hindistanda 175 illik tarixə malik Qütbşahlar dövlətinin yaradıcıları baharlılardır. Qütbşahlar dövləti Qaraqoyunlu dövlətindən sonra baharlıların yaratdıqları ikinci qüdrətli dövlətdir. Dünyanın hər yerinə yayılmış baharlılar tarixin müxtəlif dövrlərində görkəmli şəxsiyyətləri, dövlət, elm, mədəniyyət xadimləri ilə tanınmışlar. Məqalədə bütün tarixi faktlar və hadisələr Vladimir Minorskinin, Seyid Əli Əsgərin, Sadıq Nəqvinin, Narendra Luzerin tədqiqatlarına istinadən qələmə alınmışdır.
Qütbşahlar dövlətinin ictimai-siyasi, mədəni həyatında Baharlı xanımları da yaxından iştirak etmiş, ölkənin inkişafında aparıcı rol oynamışlar. Həyat Baxşı Bəyim adı Baharlı xanımlarının layiqli övladları sırasında çəkilir.
Həyat Baxşı Bəyim 1585-ci ildə Qolkondada anadan olmuşdur. Onun atası I Məhəmməd Qulu (1580-1612) Qütbşahlar dövlətinin beşinci hökmdarıdır. Ehtimal olunur ki, onun anasının adı milliyyətcə hindli olmuş Braqmatidir. Braqmati islamı qəbul etdikdən sonra Heydər Mahal adını götürmüşdür.
Həyat Baxşı Bəyim mükəmməl təhsil almış, zəmanəsinin savadlı, müdrik xanımlarından sayılmışdır. Qeyri-adi istedadı ilə yaşıdları arasında seçilmişdir.
Həyat Baxşı Bəyim ailə həyatı quranda 22 yaşında idi. Atasının razılığı ilə Qütbşahlar dövlətinin vəliəhdi şahzadə Məhəmmədlə evlənmişdir. Şahzadə Məhəmməd onun əmisi Məhəmməd Əminin oğlu idi.
Həyat Baxşı Bəyimin şahzadə Məhəmmədlə evlilik həyatından İbrahim Mirzə, Mirzə Kamal, Sultan Qütb Mirzə, Abdulla adlı dörd oğlu, Xurşud xanım adlı bir qızı olmuşdur.
Həyat Baxşı Bəyimin atası dünyasını dəyişdikdən sonra taxt-taca əri Məhəmməd, Sultan II Məhəmməd (1612-1625) adı ilə çıxmışdır. O, ərinin hakimiyyəti dövründə ölkənin möhkəmlənməsində yaxından iştirak etmiş, quruculuq, abadlıq işləri ilə məşğul olmuş, xeyriyyəçilik fəaliyyəti ilə tanınmışdır.
Həyat Baxşı Bəyim oğlu Abdulla Qulunun (1625-1672) hakimiyyəti illərində də ölkənin nüfuzlu şəxsi sayılmış, dövləti bir müddət azyaşlı övladının adından idarə etmişdir.
Böyük Moğollar Dövlətinin hökmdarı Aləmgirin 1656-ci ildə Qolkondaya ilk hücumunun qarşısı Baharlı tayfasının bu müdrik qızının müdaxiləsi nəticəsində alınmışdır. Tanınmış hind professoru Narendra Luzerin tədqiqatlarına istinadən Hayat Baxşı Bəyim tarixdə “Ma Sahiba” (Ehtiram olunan ana) kimi tanınmışdır.
Həyat Baxşı Bəyim 1666-cı ildə, 81 yaşında vəfat etmişdir. Abdulla Qulu Qütbşah 1666-cı ildə anasının xatirəsinə məscid tikdirmişdir. Hayat Baxşı Bəyim adlı bu məscid bu gün Hindistanın tarixi abidələrindən sayılır.
2015-ci ildə Həyat Baxşı Bəyimin 430 yaşı tamam olur. Yüzilliklər keçməsinə baxmayaraq Baharlı tayfasının bu görkəmli xanımının Cənubi Hindistandakı ictimai-siyasi, mədəni fəaliyyəti, elmə, mədəniyyətə qayğı ilə yanaşması öyrənildikcə layiqli qiymətini alacaqdır.
Orxan Zakiroğlu
(Baharlı),
tədqiqatçı-jurnalist
Təzadlar.- 2014.- 30 oktyabr.- S.13.