Ayrılığın səbrimi kəsdi, ümidim asıldı dar ağacından

 

 

 

Yavər Fərhad oğlu Nuriyev (Moranküllü) 1941-ci il iyulun 1-də Cəlilabad rayonunun Ləkin kəndində anadan olmuşdur. M.F.Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnstitutunun məzunudur. 42 ildən çox ixtisası üzrə Ləkin kənd tam orta məktəbində müəllim və məktəb direktoru işləmiş, ömrünün sonunadək “ŞƏMS” nəşriyyatının Cənub bölgəsi üzrə təmsilçisi olmuşdur. Şairdir, 3 kitab müəllifidir. 2014-cü il avqustun 7-də qəza nəticəsində dünyasını dəyişmişdir.

 

 

 

...Yaza da bilmirəm... Axı necə yazım, göz yaşlarım imkan vermir. Yazmamağa da ixtiyarım yoxdur. Axı necə yazmayım, elə itirə-itirə gedirik. Kimləri itirməmişik? Bəzən öz-özümə sual verirəm: itirdiklərimiz çoxdur, yoxsa qazandıqlarımız? Hansını deyim; Rəhim Mirzəyevi, Qeys Əliyevi, Fəttah Nuriyevi, Şərəfxan Pənahovu, Fəyaz Abasovu, Qaraxan Əliyevi və kimləri-kimləri.

 

 

 

Nəhayət, səni, mənim ən böyük mənəvi dayağım, müəllimim, ustadım dayım Yavər Nuriyevi (Moranküllü) itirdik. Cismani itki olsa da, dözüm ozü də dözə bilmir bu faciyəyə, bu itkiyə. İtirdiklərimizin hər biri bir kişilik məktəbi, mənəvi sərvət sahibi idi. Təsəllimiz və qazancımız sizin hər birinizin keçdiyiniz və bizim üçün örnək olan həyat yolu...

 

 

 

Bir gün səfərə çıxanda, ezamiyyətə, istirahətə gedəndə dönəcəyin anı səbirsizliklə gözləyirlər. Gözləyirlər ki, nə vaxtsa elinə, obana, evinə dönəcəksən. Amma sən dönməyəcəksən... Ona görə ki, sənin yoxluğuna, o faciəvi anlara inanmıram. İnanmıram ki, bizləri tərk edəsən, gəlimli-gedimli dünyaya bir anın içində əlıvida deyəsən. Ona görə də sən heç yerə gedə bilməzsən, elə evində, elində, obandasan. Deyirdin:

 

 

 

Keçmişəm zamanın sınaqlarından,

 

 

 

Harın bəndələrə gözdağıyam mən.

 

 

 

Qorxum yox məddahın qınaqlarından,

 

 

 

Zülmət gecələrin çırağıyam mən

 

 

 

 

 

 

 

Axı zamanın sınaqlarına boyun əyməyən, məddahları, harınları, namərdləri, qılınc kimi kəsən hərbə-zorba sahibi, zülmət gecələrimizə, bütün həyat yolumuza (şəxsən mənim) bir çıraq olan sən niyə adi bir qəzanın qurbanı oldun? Yəqin ki, yolboyu yeni bir şeirin, yeni bir xoş ideyanın təsiri altında o diqqətsizliyə yol vermisən. Bizlərə, biz oxuculara iki gün sonra olacaq istəkli nəvənin toyunda nəyi ərmağan edəcəyin barədə düşünmüsən. Bax, yenə özünün təhlükəsizliyini deyil, bizləri düşünmüsən, həmişə olduğu kimi...

 

 

 

Bəs deyirdin “Əriyirəm gilə-gilə”, “Saralıram dən-dən”, “Əcələ can vermərəm, sən gələnəcən”. Nə oldu? Bizləri əcələ can verməyəcəyinə inandırmışdın. Demə, sən hələ “Ümidim asılıb dar ağacından” kitabını yazanda biz bilməliydik ki, sükançısı olduğun ömrünün sonuna necə hazırlaşırsan.

 

 

 

Sürdüyüm omrümün sükançısıyam,

 

 

 

A zalım, bilinmir duracaq yerim.

 

 

 

Mən nə təmannada, sən nə haydasan,

 

 

 

Gedirəm, gözləyir “dördbucaq” yerim.

 

 

 

Aman Allah, biz necə də sadəlövh olmuşuq. Axı o kitab bizə hər şeyi deyirmiş. “Sükan arxası”, “Duracaq yerim”, “Dördbucaq yerim” bu mesajların indi mənə məlum olurlu... Məlum olur ki, bu gidi, paxırı çıxmış dünyanı görməmək üçün, hətta, bu yayın istisində belə torpaq yorğanını da üstünə çəkəcəksən. Tam bilə bilmədik hansı dərd idi dözə bilmədiyin?

 

 

 

Dərdə bax a, məndən yuxarı çıxıb,

 

 

 

Gözümdən suyunun axarı çıxıb.

 

 

 

Ta gidi dünyanın paxırı çıxıb,

 

 

 

Torpaq yorğanımı çəkin üstümə.

 

 

 

Özümü bağışlaya bilmirəm. Biz səni bir gün itirəcəyimizi, ayrılığın ola biləcəyini bilməliydik. Ömür talandı deyirdin. Başa düşmədik ki, bir qəbir sevindirmək üçün səhər çağı əcəli birinci qarşılamağa hazırlaşırsan.

 

 

 

İş başında əcəli

 

 

 

Birinci dindirəsən.

 

 

 

Öləsən bir yiyəsiz,

 

 

 

Qəbir sevindirəsən.

 

 

 

Ölümünə də inanmıram, qəbrinə də baxa bilmədim... Bilmədim ki, o “bəxtəvər” qəbir səni ağuşuna alarkən sevindimi? “Qucağına al, ay ana, yorulmuşam” deyirdin. Ana qucağında, ata, qardaş, bacı, əmi əhatəsində rahat yatacağını hələ bu dünyada olarkən bilirdin:

 

 

 

Bu gor ha gor deyil, çatdı.

 

 

 

Allah, yerim nə rahatdı...

 

 

 

Gücüm ölməyimə çatdı,

 

 

 

“Durub baxdım”a çatmadı.

 

 

 

Yadımdadır, orta məktəb müəllimim Fəttah Nuriyev (müəllim olandan sonra bildim ki, o coğrafiya elmləri namizədi elmi dərəcəsində imiş) bütöv Azərbaycanın xəritə-planını cızırdı. Qızılüzən çayından Dərbəndə və İrəvəndan Xəzərin ortasına kimi çəkdiyi kəsişmə xətti məhz Ləkin kəndinin üzərində kəsişirdi. Ləkini bütöv Azərbaycanın mərkəzi hesab edirdi. O, Ləkin kəndini belə tanıtdırırdı. Sən Yavər müəllim isə “Ləkin belə Ləkindir”, “Nə gördüm ki”, “Yeddi ulduz” (poema) və neçə-neçə sənət əsəri ilə Ləkinin coğrafiyasını genişləndirdin, bütöv Azərbaycana tanıtdırdın. Mənim əlimdə əsən, nə yazacağını bilməyən bu qələmlə sən, Moranküllü ləqəbi ilə xarüqələr yaratmısan.

 

 

 

Bir tərəfi yurd yeri - Qazan Köşkü, Qazan xan,

 

 

 

Bir tərəfi dərd yeri - Kürdlər, Pərçin, Mehtixan.

 

 

 

Bir tərəfi mərd yeri - Dəvəboynu, Cavadxan.

 

 

 

Qılıncdiş qayaları yurda keşik çəkəndi-

 

 

 

Ləkin - belə Ləkindi.

 

 

 

Sənin üçün heç bir fərqi yox idi. Bütün yurd yerləri, Cənublu, Şimallı Azərbaycanımız, İrəvanımız, Göyçəmiz əziz idi. Hamımızın yaralı yerimiz olan Qarabağımız, orada tökülən günahsız qanlar, işğaldan azad olunma yolları, Səni çox düşündürürdü. Axı Sən Ərkliydin, bəzzliydin, Əlincəliydin, Təbriz yanğılı, Araz həsrətliydin. Astaranın, Culfanın, Biləsuvarın 2 olması, Savalanın Qoşarsız yaşaması, Murovdağdan Heydərbaba zirvəsinə baxa bilməməyin sənin üçün ən böyük dərd idi.

 

 

 

Sığındım qoynuna dərdin, təlaşın,

 

 

 

Qovğalı günlərə öyrəncəliyəm.

 

 

 

Korşalmır yaddaşı torpağın, daşın,

 

 

 

Ərkliyəm, Bəzzliyəm, Əlincəliyəm

 

 

 

Düşməndir dünyanın çoxu mənimçin.

 

 

 

Bəli, yaşamadın sinə-sinə, oda közə bələndin, kamal sahibi oldun, Adəm övladı belə olmalıdı dedin. Düzdür, ağrılara dözə-dözə yazırdın, zülməti boğub uçurdun, hər yerə nur kimi şəfəq saçırdın, demə oxum dəydi daşa, ay mənim sevinc dolu qüssə-qəmim. Özünü əsl qarabağlı, ağdamlı sayırdı. Xan qızı Natəvanın darda qalmasına dözə bilmirdin və bilmədin də.

 

 

 

Haqqın dərgahında qolu bağlıyam.

 

 

 

Sinəsindən çalınçarpaz dağlıyam.

 

 

 

Mən də Ağdamlıyam, Qarabağlıyam,

 

 

 

Ürəklə verərəm can Qarabağda.

 

 

 

Dardadır xan qızı- Şair Natəvan.

 

 

 

O ellər gözəli, o sərvi-rəvan.

 

 

 

Alınsın qalalar, qurulsun divan,

 

 

 

Qana qan istərəm, qan, Qarabağda.

 

 

 

İnan və rahat ol (Əgər rahat yata bilsən) gün gələcək, nəinki Qarabağımız, Dərbəndimiz, Təbrizimiz, İrəvanımız, Borçalımız bizim olacaq, daha bölünməyəcəyik. Bölünmək çox sıxırdı Səni, yaşamaq əzmini qırıdı. Bölünmək xətasını yaşamışıq, İnşallah birləşərik, bir daha bölünmərik.

 

 

 

Astara ikidir, Culfa da iki,

 

 

 

Şimallı, Cənublu iki olmuşam.

 

 

 

Haqqım var dünyanı silkələyim ki,

 

 

 

Bölünən dövlətin ilki olmuşam.

 

 

 

Bölünmək xətadır axı mənimçin.

 

 

 

Rahatlıq tapmıram, ruhum dolaşır

 

 

 

Nə qədər Quzeyli, Güneyliyəm mən,

 

 

 

Nə qədər Savalan Qoşqarsız yaşar,

 

 

 

Hələ ki, Arazdan gileyliyəm mən.

 

 

 

Haramdır gecələr yuxu mənimçin.

 

 

 

Fikirlərim, yazmaq istədiklərim çoxdur, ancaq bu kiçik yazıya sığmır. Necə sığsın, bir ömür ki, bu dünyaya sığmaya, onun həssaslığını, el-oba sevgisini həyat eşqini, qürbətdə qalan vətən sevgisini bir parça kağıza sığdırmaq olarmı?! Ancaq şeirlərindən parçalar verməklə kifayətlənməli oluram. Yəqin ki, sevimli oxucuların şeir kitablarından çapa hazırladığın, ancaq vaxtsız əcələ tuş gəldiyindən çap etdirə bilmədiyin əlyazmalarından səndən yuxarı çıxan dərdlə dolu ömür yollarını vərəqləyəcəklər.

 

 

 

Çox yazdın, fəryad etdin, hayqırdın əldən getmiş yurd yerləri barədə. Savalanın ətəyini, Murovdağın zirvəsini ziyarət edə bilmədin. Kəlbəcərin, Şuşanın, Xocalının harayına çata bilmədin. Amma çox istəyirdin.

 

 

 

Kəlbəcərdə ayağımı qar alıb,

 

 

 

Laçın gedib, Qubadlını sar alıb.

 

 

 

Dərd çəkməkdən Şuşam elə saralıb,

 

 

 

Gedib harayına çata bilmirəm.

 

 

 

Yaram qan fışqırar, açma sarğımı,

 

 

 

Naşı təbib duyammazsan ağrımı.

 

 

 

Xocalı fəryadı didir bağrımı,

 

 

 

Yuxum ərşə qalxıb, yata bilmirəm.

 

 

 

İstəyirəm ki,rahat yatasan. Yəqin ki “Dördbucaq” otağında da rahatlıq tapmırsan, ruhun dolaşır... Ruhun Qarabağda, Xan Arazın o tayındadır. Amma, deyirlər ümid sonda ölür. Ümidini üzmə, ümidvaram ki, yaxın vaxtlarda o müqəddəs ruhun heç bir tikanlı məftillər aşmadan Qızılüzən çayından Dərbəndə, İrəvana, Göyçəyə, Zəngəzura, Qarabağa maneəsiz uçacaq, yəqin yalnız onda rahat yatacaqsan.

 

 

 

Sapandın gözünə qoyulan daşam,

 

 

 

Qərib bir diyara qolaylanmışam.

 

 

 

Yavərəm, möhnətə, qəmə sirdaşam,

 

 

 

Gün gələr sökülər dan Qarabağda.

 

 

 

Mənim üçün şairlər ona görə müqəddəsdir ki, onlar yaradanın ən yaxın bəndələri, danışan dilidir. Sanki yaradan tərəfindən göndərilən mükafat və bəlaları öncədən duyurlar. “Ayrılıq səbrimi kəsdi”, “Ümidim asılıb dar ağacından”, “Nə vermişdi dünya, nə ala məndən” şeir kitablarını yazanda Sən faciəli olüm qoxusunu duymuşdun. Bəli, Sən duymuşdun, elə ona görə üç böyük kitabının adını da faciləli sonluqla bitən cismani həyatına uyğun seçmişdin. Deyirdin, “Dünya pillə-kim ucaldı, kim endi...” ucalan sən oldun, itirən bizlər. Bütün səni sevərlər qan ağlayır. Qan ağlayır “Qazan Köşkü”, “Musaölən”, “Soyuqbulaq”, “Dəvəboynu”.

 

 

 

Qalx Musaölənə harayla məni,

 

 

 

Köhlünün başından hay verim sənə.

 

 

 

Sallanaq enişə Dəvəboynundan,

 

 

 

Soyuqbulağımdan pay verim sənə.

 

 

 

Artıq “Köhlünün başı”ndan bizlərə hay verə bilmirsən, bizim ğöz yaşlarımız kimi ağlamaqdan Soyuqbulağımızın da suyu tamam quruyub. Bu ayrılığa dözə bilmir “Kəlbi kolatı”, “Cavadxan”, “Düşərgə”, “Sumaqlıq”, “Daşbulaq”. Görəsən, bu yurd yerlərini Səndən (dilim gəlmir) sonra nə vaxtsa, kimsə qələmə ala biləcəkmi, o boşluğu doldura biləcəkmi, yaza biləcəkmi:

 

 

 

Sürülər Novluda verər baş-başa,

 

 

 

Alıcı kolatı min bir tamaşa.

 

 

 

İstəsən yüz otuz, yüz əlli yaşa,

 

 

 

Nə qədər lazımsa say, verim sənə.

 

 

 

Sən bizlərə, biz Ləkinlilərə yüz otuz, yüz əlli il ömür arzuladın. Amma bizlər səni xilas edə bilmədik, mənfur ölümün caynağından ala bilmədik, dadına, harayına çata bilmədik. O ağır faciəni görməyi, duymağı da bizə qıymadın, təkcə həyat yoldaşın, özün qədər sevdiyin Püstəxanımla bir çəkdin o müsibəti. Son nəfəsini də ona verdin, verdin ki, bizlər sənin nəfəsini, qoxunu ondan alaq. Son məkan yerini də ona pıçıldadın.

 

 

 

Azərbaycan- adım, sanım,

 

 

 

Cəlilabad- gövhər kanım.

 

 

 

Ləkin kəndim- son məkanım,

 

 

 

Bu torpağa endirək baş.

 

 

 

Hətta ölümə gedən yolun son dəqiqələrini, son anlarını da bilirmişsən. Yəqin Yaradandan istəkli bəndəsinə vəhy gəlmişdi ki, sabah tezdən olacaq o dəhşət dolu anları bir neçə saat xırda bir kağız parçasının üzərinə bir bənd şeirlə əks etdirəsən. Deməli, bilə-bilə o Böyük Xaliqin dərgahına tələsirmişsən.

 

 

 

Vay günümü yaya salma,

 

 

 

Qanımdı içib doymuşam.

 

 

 

Bu gün toy günündü xanım,

 

 

 

Qanımdan xına qoymuşam.

 

 

 

Bütün yaranmışlar Böyük Tanrının ruhunun bir parçasıdır. Bütün dünyasını dəyişənlər Yaradanına qovuşduğu kimi, sən də öz cismani ölümünlə Haqqa-Ulu Tanrıya qovuşdun.

 

 

 

Əziz müəllimim, ustadım, rahat yat. İndi ayrılırıq, ancaq ayrılığın səbrimi kəsdi, ümidim asıldı dar ağacından, bu ayrılıq müvəqqətidir, nə vaxtsa ayrılmamaq şərti ilə görüşəcəyik. Bu görüş əbədi olacaq, bizim ruhumuz onda mütləq bir-birinə qovuşacaqdır

 

 

 

Allah ruhunu şad eləsin! Amin!

 

 

 

Qələmə aldı:

 

 

 

Adıgözəl Nuriyev

Təzadlar.- 2014.- 9 sentyabr.- S. 13.