İlahidən gələn
səs
Azərbaycanın dünya şöhrətli alimi, professor Rafiq Əliyev xalqımızın sevimli sənətkarı Nəzakət Teymurova ilə bağlı Moderator.az-a maraqlı bir yazı göndərib. Həmin yazını oxucuların diqqətinə çatdırırıq:
Azərbaycanın mədəniyyətində və incəsənətində, ifaçılıq sənətində özünəməxsus yeri olan, tanınmış sənət sahibi Nəzakət Teymurova haqqında bu sətirləri “Qal sənə qurban”ın içimi yandıran həzin melodiyasının müşaiəti ilə yazmağa başlayarkən fikrim məni keçən əsrlərin 50-ci illərində Ağdamdakı Xudu Məmmədov (o vaxtkı Voroşilov) küçəsindəki evimizdə keçirdiyim uşaqlıq illərinə apardı. Şagird idim, hər səhər saat 8:00 – da evimizdən çıxıb Maksim Qorki küçəsinə düşüb Lenin küçəsinə keçər, musiqi məktəbinin yanından dünyanın bu gün də ən əzəmətli universitetlərindən daha uca sandığım 1№-li məktəbə dərsə yollanırdım. Məktəbə çatmamış hündür elektrik dirəyində bərkidilmiş radionun yanınnda ayda bir dəfə, bəzən iki ayda bir dəfə ayaq saxlayardım, yerimdən tərpənə bilməzdim, axı 8:20 konsertində Rübabə Muradova oxuyurdu. Həmin günlər dərsə də gecikərdim, bütün günü halım özümdə olmazdı. Illər keçdi, fəsillər dəyişdi, zaman başıma ağ sığal çəkdi,o küçələri də, o məbəd sandığım məktəbi də, o elektrik dirəyindəki radionu da itirdim (mənim itirdiklərim tək bunlarmı oldu, yox insanlar, insanlar...).
Indi mən dünyanın harasında oluramsa olum (Bakıda, Berlində, Vaşinqtonda, Torontoda, Berlində, Zigendə, Barselonada, Romada, İstanbulda...) ayda bir dəfə, yox hər gün ayaq saxlayıram, gözümü yumub nəfəsimi dərmədən özümü məndən qoparan səsin içində əriyirəm. Bu səs Nəzakət Teymurovanın səsidir. Bu ecazkar səs məni qanadlarına alıb həqiqi Apokalipsis yaşamış qibləgahım Ağdamın həmin küçələrinə, Xındı Məmmədovun, Famil Mehdinin, Şahmar Əkbərzadənin, Fied Asifin, Ağdamın mərkəzində, Uzundərədə uyuyan 5 min əsgərin nigaran ruhları dolaşan yerlərə aparır.
Sağ olun Nəzakət xanım, yaxşı ki, Siz varsız.
Bir az optimistik notda davam etmək istərdim (optimizmə
yer qalıbmı...). Millətimizin dəyərli
ziyalılarından olan Xudu Məmmədovun belə bir
bayatısı var
Bu qala
bizim qala
Bizimdir bizim qala.
Tikmədim
özüm qalım
Tikdim ki, izim qala.
Böyük sənət sahibi Nəzakət Teymurova Azərbaycan
musiqi qalasına kərpic düzənlərdən biridir. Düşünürəm
ki, onun izi mədəniyyət tariximizdə əbədi
qalacaqdır. O, Rübabə Muradova, Şövkət
Ələkbərova, Sara Qədimova kimi sənətkarların
ənənələrinə əsaslanaraq özünə məxsus
ifaçılıq üslubu yaratmış və zənnimcə
onlarla bir sırada duran sənətkardır.
Bir sənətkar
kimi onu fərqləndirən əsas cəhətlər onun
orjinallığı, öz dəsti–xəttinin olması, hər
bir ifaya yaradıcılıqla yanaşması,
yaratdığı hər bir musiqi obrazında Nəzakətə
məxsus çalarların olması; çeviklik (muğam dəsgahlarının
əvəzsiz ifaçısı, opera solisti kimi rəngarəngliyi
və uzun ömürlüyü və s.), interaktivlik (dinləyici
ilə təmasda olmaq bacarığı); fenomen virtyozluq və
geniş coğrafiya – onun auditoriyası dünya səhnələridir.
Mən Nəzakət xanımın Bakıda keçirilən
bütün solo konsertlərində iştirak etmişəm,
onun Leyli oynadığı “Leyli və Məcnun” operasına dəfələrlə
baxmışam. Yadımdadır bir neçə il
öncə dövlət flarmoniyasında Teymur
Göyçayevin drijorluğu ilə kamera orkestrinin
müşaiəti ilə verdiyi izdihamlı konsertində mərhum
həyat yoldaşımla iştirak edirdim. Mübağiləsiz
deyim ki, həm evdə, həm ictimai yerlərdə uzun
müddət bu möhtəşəm konsertin müzakirəısi
kəsilmirdi.
Nəzakət Teymurovanın ecazkar səsinin məni
tez-tez kövrəldiyini özüm bilirəm. Onun haqqında söz
düşəndə mən bir ifadəni işlədirəm:
nəhəng şairi ağladan Nəzakət Teymurova. Bir il öncə yaxın dostum, nəhəng
şair Ramiz Rövşənlə Nəzakət
xanımın Muğam mərkəzində təşkil
olunmuş solo konsertində iştirak edirdik. Həmişə
olduğu kimi çox əzəmətli keçən bu
konsertin axırında iştirakçıların xahişi
ilə o, “Qarabağ şikəstəsi” oxudu. Halım özümdə olmasa da hərdən
yanımda oturan Ramiz Rövşənə diqqət çəkirdim.
Dağlar qədər dözümlü və
qürurlu şairin gözlərindən yanağına
süzülən damlaları sezməyə bilməzdim. Bu Nəzakətin ruhları oynadan səsinin qüdrətiydi.
1998 – ci ilin payızında ABŞ – da Atlanta şəhərində
Corciya Dövlət Universitetində dərs deyərkən bir
mötəbər tədbirə dəvət olunmuşdum. Hava isti olduğundan tədbir böyük bir həyətdə
keçirilirdi. Görüşdə
dünyanın onlarla ölkəsindən (ABŞ, Almaniya,
Əlcəzair, İran, Kanada, Hindistan və s.) alimlər,
praktiklər, mütəxəssislər iştirak edirdilər.
Tədbir axşam saat 8 – dən tutmuş səhər
saat 5 – dək davam etdi. Dünya
xalqlarının musiqisindən nümunələr də təqdim
olunurdu. Qəflətən
bir qüvvə məni odu ilə yandığım, illər
boyu həsrət qaldığım Qarabağ, Ağdam
göylərinə apardı, bu Nəzakətin səsi idi.
Çevrilib
monitora baxanda Nəzakəti gördüm, Mənsumu
və Aygünü gördüm. Bu musiqi
fraqmenti “Sən bir nəğmə, mən bir nəğmə”
verilişində bir iranlı professor tərəfindən
kompüterə yazılmışdı və o tədbirdə
təqdim olunurdu. Saydım, on
barmağım kifayət etmədi, düz 11 dəfə həmin
fraqment təkrar olundu. Fəxr etdim,
qürur duydum Nəzakət üçün, Qrabağ
üçün, Azərbaycan üçün. Mənim
azərbaycanlı olduğumu bilənlərin bir sualı
vardı – bu ecazkar səs hardandır, hansı torpaqdan, sudan, yoxsa ilahidən gələn səs?
Nəzakət Teymurovanı hər dəfə dinlədikcə
mənə bir daha aydın olur ki, xalqın
yaratdığı nə varsa, hamısı bir kökə,
bir mənəviyyata bağlıdır. Bu
torpağın havası, suyu, onun övladlarının sevinci,
qəmi, kədəri muğamlara, mahnılara hopub.
Nəzakət
xanımın “Segahında” nə qədər yanğı
varsa, o qədər də məhəbbət hissi var,
“Rast”ında mərdlik və gümrahlıq, “Sur”unda şən,
lirik əhvalruhiyyə, “Bayatı – Şiraz”ında qəmginlik
olsa da o, ağ – qara oxumur, onun səsinin spektrinin minlərlə
çaları, rəngi var. Mən bunu elə - belə demədim.
Dünyada hər şeyin rəngi var, səsin,
ömrün ayrı – ayrı çalarlarının. Aristotel (b.e.ə. 384-322-ci illər) “Ruh haqqında”
traktatında yazır ki, rənglər öz
aralarındakı cazibəli ayarlığa görə musiqi səsləri
ilə müqayisə edilə bilər.
Düşünürəm
ki, mən, həm də tək mən yox, minlər, milyonlar Nəzakət Teymurovanın səsini həm
eşidir, həm də görür, axı o səs insanı
rəngarəng başqa bir dünyaya aparır.
O ki,
qaldı ömrün ayrı – ayrı
çağlarının rənginə: uşaqlıq – al – əlvan,
gənclik-yaşıl, cavanlıq bənövşəyi,
mavi, qocalıq isə payız yarpaqları rəngindədir. Tanrı bu böyük sənətkarımızın
həm səsini, həm də ömür
çağını həmişə bənövşəyi
rəngdə eləsin.
Sevimli sənətkarımıza nə arzu edərdim? Tanrı çox şeyi
ondan əsirgəməyib (Allah insanı balansda yaradır, bir
insana hər şeyi artıqlaması ilə verməz):
könülləri fəth edən ecazkar səs, gözəllik,
insanlıq, içinin azadlığı, övlad sevinci... O,
çoxölçülü zirvənin başındadır.
Mənim isə Nəzakət xanımla
bağlı iki arzum var. Biri mənim içimdən gələn
özəl arzumdur. Siz mədəniyyət
tariximizdə qalan möhtəşəm əsərlər
yaratmısınız. Ancaq birini də ərsəyə
gətirsəniz nə yaxşı olar: Zəmixarə, Ramiz
Rövşənin “Qara paltarlı qadın” və Nəzakət
Teymurovanın nisgilli səsinin sintezindən yaranmış bir
lövhə. Düşünürəm ki, bu
lövhənin rəngi lap qara olmayacaq.
Əzizimiz Nəzakət xanım, Siz öz sənətinizlə dünyanın çox möhtəşəm salonlarını fəth etmisiniz. Ancaq iki ən möhtəşəmi qalıb: Ağdamın İmarəti, Şuşanın Cıdır düzü. Sizə bu hədəfə çatmaq yolunda fateh olmağı arzulayan
Rafiq Əliyev, professor
Təzadlar.- 2014.-
11 sentyabr.- S.6.