Şair və alim Famil
Mehdini xatırlayarkən...
...Famil
Mehdi haqqında yazı yazmaq, fikir
söyləmək mənim üçün asan
olmadı. Çoxları
haqqında, onların keçdikləri yol haqqında,
yaradıcılıqları haqqında, şeirlərinin təhlili
haqqında yazılarım yetirincədir, amma hamısı
deyil. Bəzən bir oturuma müəyyən bir mövzunu tezliklə başa çatdıra
bilmişəm. Famil müəllimi tanıdığımdan,
onun haqqında xeyli məlumatlı olduğumdan bu mövzunun
da asan başa gələcəyi düşüncəsində
idim.
İstənilən
yazıya məsuliyyətli olduğumdan araşdırma aparmaq
qərarına gəldim. Düzü
həm də milli qeyrətli kişiləri
xoşladığımdan, məsuliyyət hissini də
unutmadım. Araşdırmalarımın yekunu belədir ki,
şair və alim, vətənsevər Famil Mehdi haqqında,
onun
yaradıçılığı haqqında,
“dava-dalaşları” və düşüncələri
haqqında bir deyil, bir neçə elmi kitab yazmaq mənim
üçün heç də çətin olmaz. Hətta
beynimdə mövzuları qruplaşdırmışam da. Amma
bu yazımda elə bir məqsəd qarşımda
qoymadığımdan, “Gördüklərim-Götürdüklərim”
adlı əsərimdəki qaydaya sadiq qalmağa
üstünlük verdim. Tanrı ömür verərsə,
şərait yaranarsa, ilk olaraq Famil müəllimin Qarabağ dərdinə,
yaradıcılığının təhlilinə hansı
bir həcmdəsə kitab həsr etmək fikrindəyəm.
İndi
isə ilk tanışlıqdan başlamaq istəyirəm. Belə
ki, 1960-cı illərin əvvəlləri idi. Əslən Borçalıdan olan Eldar adlı
bir tələbə yoldaşım məni bir neçə nəfərlə
özünün
yaşadığı məkana dəvət etmişdi.
Evlərindən xeyli ürəyi istəyənləri gətirmişdi
və bizi də qonaq etmək istəyirdi. Mən oraya
çatanda qızğın iş gedirdi, səs-küy
çox idi, televizor işləsə də, ona qulaq asan yox
idi. Birdən “balet” elədiyim Arif Babayevi gördüm və
diqqətimi ona zillədim. Arifin oxuması məni tutdu və
sözlərdə mənim üçün yeni idi. Həmin illərdə bizlər indiki cavanlar
qədər bilmirdik. Ayağa qalxıb yoldaşlara bildirdim ki,
gedib Arifi tapmaq istəyirəm.
Onlar
gülüşsələr də, mən dediyimdən dönmədim.
Həm də heç kim məni başa salmadı ki, bu televizordu, Arifi
haradan tapacaqsan?! Bu barədə Xalq artisti, dəyərli xanəndəmiz
Arif Babayev haqqında yazdığım yazımda ətraflı
söhbət açdığımdan onları təkrar etmək
niyyətində deyiləm. Qısası, məclisi tərk
edib telestudiyaya getdim, çox çətinliklə Arif Babayevi
tapdım, onunla tanış oldum, muğama məndə olan həvəsin
tarixindən danışdım və nəhayət şerin
müəllifi ilə maraqlandım.
O, mənə
Famil Mehdi və onun iş yeri haqqında izahat verdi. Onunla
xudahafizləşib Famil Mehdini aramağa yollandım və gəlib
onu iş yerində tapdım, uzun-uzadı söhbətdən
sonra onun mənə qarşı marağı ciddiləşdi.
Beləliklə hərdən-hərdən onun iş yerinə
gedər, qəzetlərdən oxuduğum şeirlərindən
söz salar, hal-əhval tutub ondan ayrılardım. Sonralar bəzi
ədəbi və digər toplantılarda da dəfələrlə
görüşmüşük. Mən yaşca kiçik
olduğundan Famil müəllim mənə o qədər də
“bənd” olmazdı. Lakin salam-kamalı “şirin” idi.
Sonralar məni Moskvaya oxumağa
göndərdilər, oradan da əsgərliyə getdiyimdən,
onunla xeyli müddət görüşümüz olmadı.
Az-SSR Elmlər
Akademiyasında 1970-ci ildən işə başlayandan sonra isə
görüşlərimiz “bərpa” olundu və Universitetlə
Akademiya bir məhəllədə olduğundan təsadüfi
görüşlər də olurdu.
Hamının
bildiyi kimi Xalq hərəkatı Akademiya ilə bəzi
Universitet ziyalılarının
açıqdan-açığa fikir söyləməsi ilə
başlamışdır. Artıq erməni Aqambekyanın, Zori
Balayanın fəaliyyətləri başlamışdı,
Laçında dartışmalar gedirdi, rus ordusu
Laçında otursa da, ermənilərə
yardım göstərməkdə davam edirdi, Qərbi Azərbaycandan
azərbaycanlılar axınının
başlanğıcı idi. Bakıda bir qrup laçınlı
ziyalılarla birlikdə “Laçın” xeyriyyə cəmiyyətini
Respublikada birinci olaraq yaratmışdıq və hərdən-hərdən
Laçın insanları ilə görüşür,
xırda-para yardımlar edirdik. Qərbi Azərbaycanlıların
faciəsi isə bizə Laçını da unutdurmuşdu.
Bakıda
bacardığımız qədər onlara kömək və
yardımlar edir, bəzi boş evlərə yerləşdirirdik.
İnsanlar artıq dözə bilmir, bu işləri görə-görə
ağlayır, hökuməti qınayırdılar,
partiyanı tənqid atəşinə tuturdular. İnsanlar evlərində,
işlərində sakitçilik tapa bilmir, Akademiyanın,
Universitetin, Mərkəzi Komitənin qarşısına
taplaşır, ağır hisslər keçirirdilər.
İnsan
həyatda başqalarından hər hansı bir əlaməti
ilə seçilir. İstər pis olsun, istərsə də
yaxşı. Famil Mehdinin uşaqlıq illəri o qədər
də ürəkaçan olmayıb, ailə ağır
günlər yaşayıb. Amma hər şey
üzüağlıqla sonlanıb. Onu formalaşdıran ailə
mühiti iqtisadi və mənəvi çətinliklərlə
çox üzləşsə də, mərdlik,
ağayanaqlıq, kişilik bütün çətinliklərə
tap gətirib, həyat imtahanından əla alıb.
Onun
seçilib-sayılan dəqiqələri “Düymə”
adlı şeirinin BDU-nun ikinci kursunda oxuyarkən “Azərbaycan
pioneri” qəzetində çap olunması ilə
başlayıb. Çox keçmədən “Ədəbiyyat və
incəsənət” qəzetində işıq üzü
görən “Ana” şeiri Famil Mehdini həqiqətən
seçilənlər siyahısına salıb.
Həyat
elə gətirmişdir ki, Famil
Mehdi tələbəlik illərində Universitetdə
keçirilən görüşlərdə və müzakirələrdə
bir çox dahi şair, yazıçı və alimlərlə
görüşmüş, onları dinləmiş, xoş dəqiqələr
keçirmişdir. Burada Səməd Vurğun, Süleyman
Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Süleyman Rəhimov,
Əli Vəliyev, İlyas Əfəndiyev, Nazim Hikmət,
Aleksandr Fadeyev, Mirzə Tursunzadə və digərlərinin həm
dinləyicisi olmuş və həm də təmas
anlarını yaşamışdır.
1955-ci ildə
Famil Mehdinin şerinin “Gəncliyin səsi” toplumuna düşməsi isə ona
uçmağa qanad bəxş etmişdir. Onun şeirlərinin
müntəzəm olaraq qəzet və jurnallarda nəşri
xoş sədaların səslənməsinə səbəb
olur, tezliklə “Gənclik eşqi” poeması “Azərbaycan”
jurnalında dərc olunur. Onun ardınca Famil Mehdinin “Səni
gözləyirəm” polması mətbuatda özünə yer
alır.
Həmin
dövrün ziyalılarına məlum olduğu kimi şəxsiyyətə
pərəstişin təndiqindən sonra Azərbaycan cəmiyyətində
də, dərindən nəfəs alma” hiss olunmağa
başladı. Bu mövzuya Rəsul Rzadan sonra Famil Mehdi öz
münasibətini “Ala dana”, “Qızıl gül olmayaydı” və
“Ömür təzələnir” poeması ilə real faktlara
söykənən fikirlərini gəncdə olsa
açıqlaya bilmişdir. Bu poema da “Azərbaycan”
jurnalında çap olunur. Poemanı dinləyən Mehdi
Hüseyin hətta gənc Familə məktub da
ünvanlayır, onu təbrik edir. Həmin məqamdan sonra
Mehdi Hüseyin Famil Mehdinin bir
neçə şeirini Moskvaya - “Drujba narodov” jurnalına
göndərir. Az müddətdən sonra Famil Mehdi rus
şairi Yaroslav Smelyakovdan aldığı teleqramda deyilirdi: “Təbrik
edirəm, şeirləriniz bəyənildi. Vladimir Sokolovun tərcüməsində
jurnalımızın 4-cü sayında dərc ediləcəkdir.”
Bu yaradıcı insan üçün böyük müvəffəqiyyət
idi.
Famil
Mehdinin ilk şeirlər kitabı olan “Sevəndən bəri”
kiçik həcmli kitabı 1960-cı ildə nəşr
edilmişdir. Bu kitaba yaşıl işıq yandıranlar isə
Mirvarid Dilbazi, Mikayıl Rzaquluzadə və Hacı
Hacıyevin xoş məramlı çıxışları
və rəyləri olmuşdur. Onun ardınca Famil Mehdinin “Sadə sətirlər”
kitabı 1961-ci ildə, “Mənim ulduzlarım” kitabı
1964-cü ildə, “Ünvanım dəyişir” kitabı
1966-cı ildə, “Ömürdən səhifələr”
kitabı 1970-ci ildə, “Qarabağ şikəstəsi”
kitabı 1970-ci ildə, “Prostıye Stroki” kitabı Moskvada
1972-ci ildə, “İllər və talelər” kitabı
1974-cü ildə, “İnsan unudulmur” kitabı 1976-ci ildə,
“Səni gözləyirəm” kitabı 1978-ci ildə, “Anam elə
bilir” kitabı 1979-cu ildə, “Sedmoy kontinent” kitabı Moskvada
1979-cü ildə, “Təbriz xalısı” kitabı 1981-ci ildə,
“Ömür keçir, gün keçir” kitabı 1983-cü
ildə, “Borc” kitabı 1984-cü ildə, “Çelovek ne
zabıt” kitabı Moskvada 1984-cü ildə, “Əyilmə
dünyam” kitabı 1985-ci ildə, “Poisk istinı” kitabı
1987-ci ildə, “Seçilmiş əsərlər” kitabı
1989-cu ildə “Əllindən sonra” kitabı 1993-cü illərdə
nəşr edilmişdir. Təbii ki, Famil Mehdinin işıq
üzü görmüş digər kitabları, poemaları və
ayrı-ayrı şeirləri də mövcuddur. Adları
çəkilən və çəkilməyən Famil Mehdi
yaradıcılığı öz oxucularına heç də
asanlıqla çatdırılmamışdır.
Bu yolda
Famil Mehdi zəhməti, gərilmiş əsəbləri, əzab-əziyyətləri
çox təəssüflər ki, həddindən ziyadə
olmuşdur. Amma o, götürdüyü yoldan
sapmamışdır, çünki bu yolun doğruluğuna
inam Famil Mehdidə yüksək idi. Düz söz sahibi Famil
Mehdi bu qədər kitabların
müqabilində heç bir təltifə təqdim edilməyib.
Hər dövrün öz çatışmamazlıqları
var. Tələb olunur ki, Tanrının verdiyi
istedadını, qabiliyyətini şərəfsizin birinə
yalandan da olsa töhvə edəsən. Deyirlər “doğru yalanı kəsir”.
Şəxsən mənim özüm də buna şahid ola
bilməmişəm. Bu dünyada riyakar həmişə
öndə olub, istədiyinə də nail olub. Baxmayaraq ki, o,
özü yazdığına özü də inanmayıb, məddahlıq
etdiyini əvvəlcədən şüurlu olaraq qəbul
edib. Bu mövzuda Famil Mehdinin yazıları çox olub və
onlardan bir nümunə göstərmək istərdim.
Nə
yaxşı mükafat almadım, Allah!
Mükafat
alanlar susur, lallaşır.
Mükafat
alanlar liberallaşır,
Qəfil
ürəklərin odumu sönür,
Mükafat
alanlar quzuya dönür.
Yamandır,
insanın quzulaşması
Özündən
qaçması, uzaqlaşması.
Bütün
çətinliklərə, gərginliklərə, ədalətsizliklərə
baxmayaraq 1984-cü ildə Famil
Mehdinin 50 yaşı tamam
olarkən onun haqqında xeyli qəzetlər xoş fikirlər yazıblar, şeirlərindən nümunələr göstəriblər.
Şairin öz etirafına görə bu yazılar
yuxarılara xoş olmayıb və bəzi müəllifləri,
qəzetçiləri cəzalandırmaqdan da usanmayıblar. Şair,
yazıçı, alim yazıları və
araşdırmaları müstəqil olmalıdır, həqiqəti
əks etdirməlidir, milli-mənəviyyata, millətə, təmsil
olunduğu xalqa xidmət etməlidir. Bu yolda fərd deyil, bəşəri
və milli təəssübkeşlik öndə
olmalıdır.
Bu fikrə
ən münasib olanı elə Famil Mehdinin özüdür.
O, yazır: “Ümumiyyətlə uzun illərin həyat təcrübəsindən
belə bir qəti qənaətə gəlmişəm - həyatda
yaltaqlara, ikiüzlülərə, simasızlara, satqınlara,
nadanlara, dələduzlara, yerlipərəstlərə, dəstəbazlara,
rüşvətxorlara qarşı mübarizə aparmaq
çətindir, bəlkə də heç mümkün
deyildir. Belələri çox qüvvətli olur. Dərhal
müdafiəçiləri tapılır. Yazıq düzlər
və təmizlər. mübarizədə həmişə tək
qalırlar. Bir çox halda hələ borclu da
çıxarırlar.
Bunların
içərisində ən qorxulusu və dəhşətlisi
yerlipərəstlikdir. Mən qəti əminəm ki, Azərbaycanı
nə erməni basqını, nə rus təcavüzü, nə
qeyri hücum yıxa bilməz. Onu yıxsa ancaq və ancaq Azərbaycana
məxsus xüsusi yerlipərəstlik yıxacaqdır. Əgər
Azərbaycan müstəqil bir dövlət kimi yaşamaq istəyirsə
bu xəstəlikdən birdəfəlik təmizlənməyə
çalışmalıdır.
Həyatda
rast gəldiyim ən böyük həqiqət Molla Pənah
Vaqifin vaxtıilə gəldiyi nəticə ilə eynidir:
“Mən
cahan mülkündə mütləq doğru halət görmədim!”
Bu
sözləri bu gün iri hərflərlə yazıb
altından da imza atıram!
Bu istiqamətdə
də böyük şair və alim Famil Mehdinin nəzm
yazıları mövcuddur.
Bəzən
biri dəli dedi bir ağıllıya,
Hamı
dönüb dəli dedi qəlbi dağlıya.
Famil
müəllim söylərdi ki, “bəzi məclislərdə
mən də şeir demək fikrində olmuşam. Amma çəkinmişəm,
düşünmüşəm ki, bir cür baxarlar, məni
başa düşməzlər.
Xüsusilə məclislərdə deyilən boğazdan
yuxarı, yalan təriflər, məddahlıq əsəblərimi
yerindən oynadıb. Bəzən isə dözməyib
narazılığımı bildirmişəm, özümə
“düşmən qazanmışam”. “Ancaq onun bu haqdadan
şeiri vardır.
Bir qorxaq
az qala pəhləvan olur,
Bir yaltaq
az qala qəhrəman olur.
Ağsaqqal adlanır lovğanın biri,
Dargözün, xəbisin, darğanın biri.
Famil müəllim hər tanıdığı adama dost deməkdən çəkinərdi. Bu barədə onun öz ölçüləri, öz meyarları var idi. Bir dəfə adını demək istəmədiyim bir nəfər onun iş yerinə gəlmişdi. Mən də təsadüfən orada idim. Gələn şəxsin Famil müəllimə işi düşmüşdü, hər iki kəlməsinin biri dostum, qardaşım idi. Famil müəllimdən könülsüz də olsa “hə” cavabını alan kimi otağı tərk edən bu adamdan sonra araya sükut çökdü, heç birimiz dillənmədik. Mən sakitcə Xudafizləşib getmək istəyəndə, o, “gördün də..” dedi.
Məlum oldu ki, bu adamın “təbi” heç də Famil müəllimə xoş deyil. Sözarası olsa da, deyim ki, Famil müəllim şəxsi münasibətlərindən asılı olmayaraq ona olan müraciətlərə “yox” deməyi də xoşlamazdı. O, sözünü davam etdi, “mən həyatda “dost” sözünü son dərəcə xəsisliklə işlədirəm, ölçüb-biçməyi vacib sayıram” - dedi. Famil müəllim ayrı-ayrı fərdlərdən deyil ümumilikdən danışırdı, dəyər verirdi. “Tarix boyu qanımıza yerikləyən erməni də, qanlı süngüsü ilə bizə “azadlıq” gətirən rus da bizə “dost” oldu, sonralar “qardaşa” çevrildilər. dostluq pərdəsi altında nələr görürdük? Doğma ana dilimizin əlimizdən alınması, sərvətlərimizin daşınıb aparılması, qanı-qanımızdan, canı-canımızdan olan qardaşlarımızla aramızda tikanlı məftillərdən sərhəd çəkilməsi. Şəhərlərdə ən gözəl mənzillərin, ən hörmətli vəzifələrin əlimizdən alınması, ağsaqqallarımızın, ağbirçəklərimizin məscidlərə həsrət qalması, bu dostluğa, qardaşlığa şübhə ilə baxanların ömürlük Sibirə sürgün edilməsi və ya güllələnməsi, Novruz bayramımızın, gözəl adət-ənənələrimizin, din-imanımızın əldən getməsi və yüzlərlə belə missallar göstərmək mümkündür.” Həqiqətən ən böyük, müqəddəs mənəvi keyfiyyət olan dostluq da uzun illər yalan, elmi əsası olmayan bayağı siyasət üzərində qərar tutmuşdur. Famil müəllim haqlıdır. Azərbaycanda uzun illər elə vəzifələr vardı ki, onu yalnız ruslar, ermənilər, yaxud yəhudilər tutmalı idilər.
(Davamı var)
Ziyadxan Nəbibəyli
Yazıçı-publisist, t.e.d
professor
Qarabağ Müharibəsi Veteranı
Təzadlar.- 2014.- 18 sentyabr.- S.12.