Şair və alim Famil
Mehdini xatırlayarkən...
Famil Mehdi - 80
...Famil
Mehdi haqqında yazı yazmaq, fikir
söyləmək mənim üçün asan
olmadı. Çoxları
haqqında, onların keçdikləri yol haqqında,
yaradıcılıqları haqqında, şeirlərinin təhlili
haqqında yazılarım yetirincədir, amma hamısı
deyil. Bəzən bir oturuma müəyyən bir mövzunu tezliklə başa çatdıra
bilmişəm. Famil müəllimi tanıdığımdan,
onun haqqında xeyli məlumatlı olduğumdan bu mövzunun
da asan başa gələcəyi düşüncəsində
idim.
İstənilən
yazıya məsuliyyətli olduğumdan araşdırma aparmaq
qərarına gəldim. Düzü
həm də milli qeyrətli kişiləri
xoşladığımdan, məsuliyyət hissini də
unutmadım. Araşdırmalarımın yekunu belədir ki,
şair və alim, vətənsevər Famil Mehdi haqqında,
onun
yaradıçılığı haqqında,
“dava-dalaşları” və düşüncələri
haqqında bir deyil, bir neçə elmi kitab yazmaq mənim
üçün heç də çətin olmaz. Hətta
beynimdə mövzuları qruplaşdırmışam da. Amma
bu yazımda elə bir məqsəd qarşımda
qoymadığımdan, “Gördüklərim-Götürdüklərim”
adlı əsərimdəki qaydaya sadiq qalmağa
üstünlük verdim. Tanrı ömür verərsə,
şərait yaranarsa, ilk olaraq Famil müəllimin Qarabağ dərdinə,
yaradıcılığının təhlilinə hansı
bir həcmdəsə kitab həsr etmək fikrindəyəm.
İndi
isə ilk tanışlıqdan başlamaq istəyirəm. Belə
ki, 1960-cı illərin əvvəlləri idi. Əslən Borçalıdan olan Eldar adlı
bir tələbə yoldaşım məni bir neçə nəfərlə
özünün
yaşadığı məkana dəvət etmişdi.
Evlərindən xeyli ürəyi istəyənləri gətirmişdi
və bizi də qonaq etmək istəyirdi. Mən oraya
çatanda qızğın iş gedirdi, səs-küy
çox idi, televizor işləsə də, ona qulaq asan yox
idi. Birdən “balet” elədiyim Arif Babayevi gördüm və
diqqətimi ona zillədim. Arifin oxuması məni tutdu və
sözlərdə mənim üçün yeni idi. Həmin illərdə bizlər indiki cavanlar
qədər bilmirdik. Ayağa qalxıb yoldaşlara bildirdim ki,
gedib Arifi tapmaq istəyirəm.
Onlar
gülüşsələr də, mən dediyimdən dönmədim.
Həm də heç kim məni başa salmadı ki, bu televizordu, Arifi
haradan tapacaqsan?! Bu barədə Xalq artisti, dəyərli xanəndəmiz
Arif Babayev haqqında yazdığım yazımda ətraflı
söhbət açdığımdan onları təkrar etmək
niyyətində deyiləm. Qısası, məclisi tərk
edib telestudiyaya getdim, çox çətinliklə Arif Babayevi
tapdım, onunla tanış oldum, muğama məndə olan həvəsin
tarixindən danışdım və nəhayət şerin
müəllifi ilə maraqlandım.
O, mənə
Famil Mehdi və onun iş yeri haqqında izahat verdi. Onunla
xudahafizləşib Famil Mehdini aramağa yollandım və gəlib
onu iş yerində tapdım, uzun-uzadı söhbətdən
sonra onun mənə qarşı marağı ciddiləşdi.
Beləliklə hərdən-hərdən onun iş yerinə
gedər, qəzetlərdən oxuduğum şeirlərindən
söz salar, hal-əhval tutub ondan ayrılardım. Sonralar bəzi
ədəbi və digər toplantılarda da dəfələrlə
görüşmüşük. Mən yaşca kiçik
olduğundan Famil müəllim mənə o qədər də
“bənd” olmazdı. Lakin salam-kamalı “şirin” idi.
Sonralar məni Moskvaya oxumağa
göndərdilər, oradan da əsgərliyə getdiyimdən,
onunla xeyli müddət görüşümüz olmadı.
Az-SSR Elmlər
Akademiyasında 1970-ci ildən işə başlayandan sonra isə
görüşlərimiz “bərpa” olundu və Universitetlə
Akademiya bir məhəllədə olduğundan təsadüfi
görüşlər də olurdu.
Hamının
bildiyi kimi Xalq hərəkatı Akademiya ilə bəzi
Universitet ziyalılarının
açıqdan-açığa fikir söyləməsi ilə
başlamışdır. Artıq erməni Aqambekyanın, Zori
Balayanın fəaliyyətləri başlamışdı,
Laçında dartışmalar gedirdi, rus ordusu
Laçında otursa da, ermənilərə
yardım göstərməkdə davam edirdi, Qərbi Azərbaycandan
azərbaycanlılar axınının
başlanğıcı idi. Bakıda bir qrup laçınlı
ziyalılarla birlikdə “Laçın” xeyriyyə cəmiyyətini
Respublikada birinci olaraq yaratmışdıq və hərdən-hərdən
Laçın insanları ilə görüşür,
xırda-para yardımlar edirdik. Qərbi Azərbaycanlıların
faciəsi isə bizə Laçını da unutdurmuşdu.
Bakıda
bacardığımız qədər onlara kömək və
yardımlar edir, bəzi boş evlərə yerləşdirirdik.
İnsanlar artıq dözə bilmir, bu işləri görə-görə
ağlayır, hökuməti qınayırdılar,
partiyanı tənqid atəşinə tuturdular. İnsanlar evlərində,
işlərində sakitçilik tapa bilmir, Akademiyanın,
Universitetin, Mərkəzi Komitənin qarşısına
taplaşır, ağır hisslər keçirirdilər.
İnsan
həyatda başqalarından hər hansı bir əlaməti
ilə seçilir. İstər pis olsun, istərsə də
yaxşı. Famil Mehdinin uşaqlıq illəri o qədər
də ürəkaçan olmayıb, ailə ağır
günlər yaşayıb. Amma hər şey
üzüağlıqla sonlanıb. Onu formalaşdıran ailə
mühiti iqtisadi və mənəvi çətinliklərlə
çox üzləşsə də, mərdlik, ağayanaqlıq,
kişilik bütün çətinliklərə tap gətirib,
həyat imtahanından əla alıb.
Onun
seçilib-sayılan dəqiqələri “Düymə”
adlı şeirinin BDU-nun ikinci kursunda oxuyarkən “Azərbaycan
pioneri” qəzetində çap olunması ilə
başlayıb. Çox keçmədən “Ədəbiyyat və
incəsənət” qəzetində işıq üzü
görən “Ana” şeiri Famil Mehdini həqiqətən
seçilənlər siyahısına salıb.
Həyat
elə gətirmişdir ki, Famil
Mehdi tələbəlik illərində Universitetdə
keçirilən görüşlərdə və müzakirələrdə
bir çox dahi şair, yazıçı və alimlərlə
görüşmüş, onları dinləmiş, xoş dəqiqələr
keçirmişdir. Burada Səməd Vurğun, Süleyman
Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Süleyman Rəhimov,
Əli Vəliyev, İlyas Əfəndiyev, Nazim Hikmət,
Aleksandr Fadeyev, Mirzə Tursunzadə və digərlərinin həm
dinləyicisi olmuş və həm də təmas
anlarını yaşamışdır.
1955-ci ildə
Famil Mehdinin şerinin “Gəncliyin səsi” toplumuna düşməsi isə ona
uçmağa qanad bəxş etmişdir. Onun şeirlərinin
müntəzəm olaraq qəzet və jurnallarda nəşri
xoş sədaların səslənməsinə səbəb
olur, tezliklə “Gənclik eşqi” poeması “Azərbaycan”
jurnalında dərc olunur. Onun ardınca Famil Mehdinin “Səni
gözləyirəm” polması mətbuatda özünə yer
alır.
Həmin
dövrün ziyalılarına məlum olduğu kimi şəxsiyyətə
pərəstişin təndiqindən sonra Azərbaycan cəmiyyətində
də, dərindən nəfəs alma” hiss olunmağa
başladı. Bu mövzuya Rəsul Rzadan sonra Famil Mehdi öz
münasibətini “Ala dana”, “Qızıl gül olmayaydı” və
“Ömür təzələnir” poeması ilə real faktlara
söykənən fikirlərini gəncdə olsa
açıqlaya bilmişdir. Bu poema da “Azərbaycan” jurnalında
çap olunur. Poemanı dinləyən Mehdi Hüseyin hətta
gənc Familə məktub da ünvanlayır, onu təbrik
edir. Həmin məqamdan sonra Mehdi Hüseyin Famil Mehdinin bir neçə şeirini Moskvaya -
“Drujba narodov” jurnalına göndərir. Az müddətdən
sonra Famil Mehdi rus şairi Yaroslav Smelyakovdan aldığı
teleqramda deyilirdi: “Təbrik edirəm, şeirləriniz bəyənildi.
Vladimir Sokolovun tərcüməsində
jurnalımızın 4-cü sayında dərc ediləcəkdir.”
Bu yaradıcı insan üçün böyük müvəffəqiyyət
idi.
Famil
Mehdinin ilk şeirlər kitabı olan “Sevəndən bəri”
kiçik həcmli kitabı 1960-cı ildə nəşr
edilmişdir. Bu kitaba yaşıl işıq yandıranlar isə
Mirvarid Dilbazi, Mikayıl Rzaquluzadə və Hacı
Hacıyevin xoş məramlı çıxışları
və rəyləri olmuşdur. Onun ardınca Famil Mehdinin “Sadə sətirlər”
kitabı 1961-ci ildə, “Mənim ulduzlarım” kitabı
1964-cü ildə, “Ünvanım dəyişir” kitabı
1966-cı ildə, “Ömürdən səhifələr”
kitabı 1970-ci ildə, “Qarabağ şikəstəsi”
kitabı 1970-ci ildə, “Prostıye Stroki” kitabı Moskvada
1972-ci ildə, “İllər və talelər” kitabı 1974-cü
ildə, “İnsan unudulmur” kitabı 1976-ci ildə, “Səni
gözləyirəm” kitabı 1978-ci ildə, “Anam elə bilir”
kitabı 1979-cu ildə, “Sedmoy kontinent” kitabı Moskvada
1979-cü ildə, “Təbriz xalısı” kitabı 1981-ci ildə,
“Ömür keçir, gün keçir” kitabı 1983-cü ildə,
“Borc” kitabı 1984-cü ildə, “Çelovek ne zabıt”
kitabı Moskvada 1984-cü ildə, “Əyilmə dünyam”
kitabı 1985-ci ildə, “Poisk istinı” kitabı 1987-ci ildə,
“Seçilmiş əsərlər” kitabı 1989-cu ildə
“Əllindən sonra” kitabı 1993-cü illərdə nəşr
edilmişdir. Təbii ki, Famil Mehdinin işıq üzü
görmüş digər kitabları, poemaları və
ayrı-ayrı şeirləri də mövcuddur. Adları
çəkilən və çəkilməyən Famil Mehdi
yaradıcılığı öz oxucularına heç də
asanlıqla çatdırılmamışdır.
Bu yolda
Famil Mehdi zəhməti, gərilmiş əsəbləri, əzab-əziyyətləri
çox təəssüflər ki, həddindən ziyadə
olmuşdur. Amma o, götürdüyü yoldan
sapmamışdır, çünki bu yolun doğruluğuna
inam Famil Mehdidə yüksək idi. Düz söz sahibi Famil
Mehdi bu qədər kitabların
müqabilində heç bir təltifə təqdim edilməyib.
Hər dövrün öz çatışmamazlıqları
var. Tələb olunur ki, Tanrının verdiyi
istedadını, qabiliyyətini şərəfsizin birinə
yalandan da olsa töhvə edəsən. Deyirlər “doğru yalanı kəsir”.
Şəxsən mənim özüm də buna şahid ola
bilməmişəm. Bu dünyada riyakar həmişə
öndə olub, istədiyinə də nail olub. Baxmayaraq ki, o,
özü yazdığına özü də inanmayıb, məddahlıq
etdiyini əvvəlcədən şüurlu olaraq qəbul
edib. Bu mövzuda Famil Mehdinin yazıları çox olub və
onlardan bir nümunə göstərmək istərdim.
Nə
yaxşı mükafat almadım, Allah!
Mükafat
alanlar susur, lallaşır.
Mükafat
alanlar liberallaşır,
Qəfil
ürəklərin odumu sönür,
Mükafat
alanlar quzuya dönür.
Yamandır,
insanın quzulaşması
Özündən
qaçması, uzaqlaşması.
Bütün
çətinliklərə, gərginliklərə, ədalətsizliklərə
baxmayaraq 1984-cü ildə Famil
Mehdinin 50 yaşı tamam
olarkən onun haqqında xeyli qəzetlər xoş fikirlər yazıblar, şeirlərindən nümunələr göstəriblər.
Şairin öz etirafına görə bu yazılar
yuxarılara xoş olmayıb və bəzi müəllifləri,
qəzetçiləri cəzalandırmaqdan da usanmayıblar. Şair,
yazıçı, alim yazıları və
araşdırmaları müstəqil olmalıdır, həqiqəti
əks etdirməlidir, milli-mənəviyyata, millətə, təmsil
olunduğu xalqa xidmət etməlidir. Bu yolda fərd deyil, bəşəri
və milli təəssübkeşlik öndə
olmalıdır.
Bu fikrə
ən münasib olanı elə Famil Mehdinin özüdür.
O, yazır: “Ümumiyyətlə uzun illərin həyat təcrübəsindən
belə bir qəti qənaətə gəlmişəm - həyatda
yaltaqlara, ikiüzlülərə, simasızlara, satqınlara,
nadanlara, dələduzlara, yerlipərəstlərə, dəstəbazlara,
rüşvətxorlara qarşı mübarizə aparmaq
çətindir, bəlkə də heç mümkün
deyildir. Belələri çox qüvvətli olur. Dərhal
müdafiəçiləri tapılır. Yazıq düzlər
və təmizlər. mübarizədə həmişə tək
qalırlar. Bir çox halda hələ borclu da
çıxarırlar.
Bunların
içərisində ən qorxulusu və dəhşətlisi
yerlipərəstlikdir. Mən qəti əminəm ki, Azərbaycanı
nə erməni basqını, nə rus təcavüzü, nə
qeyri hücum yıxa bilməz. Onu yıxsa ancaq və ancaq Azərbaycana
məxsus xüsusi yerlipərəstlik yıxacaqdır. Əgər
Azərbaycan müstəqil bir dövlət kimi yaşamaq istəyirsə
bu xəstəlikdən birdəfəlik təmizlənməyə
çalışmalıdır.
Həyatda
rast gəldiyim ən böyük həqiqət Molla Pənah
Vaqifin vaxtıilə gəldiyi nəticə ilə eynidir:
“Mən
cahan mülkündə mütləq doğru halət görmədim!”
Bu
sözləri bu gün iri hərflərlə yazıb
altından da imza atıram!
Bu istiqamətdə
də böyük şair və alim Famil Mehdinin nəzm
yazıları mövcuddur.
Bəzən
biri dəli dedi bir ağıllıya,
Hamı
dönüb dəli dedi qəlbi dağlıya.
Famil
müəllim söylərdi ki, “bəzi məclislərdə mən
də şeir demək fikrində olmuşam. Amma çəkinmişəm,
düşünmüşəm ki, bir cür baxarlar, məni
başa düşməzlər.
Xüsusilə məclislərdə deyilən boğazdan
yuxarı, yalan təriflər, məddahlıq əsəblərimi
yerindən oynadıb. Bəzən isə dözməyib
narazılığımı bildirmişəm, özümə
“düşmən qazanmışam”. “Ancaq onun bu haqdadan
şeiri vardır.
Bir qorxaq
az qala pəhləvan olur,
Bir yaltaq
az qala qəhrəman olur.
Ağsaqqal
adlanır lovğanın biri,
Dargözün,
xəbisin, darğanın biri.
Famil
müəllim hər tanıdığı adama dost deməkdən
çəkinərdi. Bu barədə onun öz
ölçüləri, öz
meyarları var idi. Bir dəfə adını demək
istəmədiyim bir nəfər onun iş yerinə gəlmişdi.
Mən də təsadüfən orada idim. Gələn şəxsin Famil
müəllimə işi düşmüşdü, hər
iki kəlməsinin biri dostum, qardaşım idi. Famil müəllimdən
könülsüz də olsa “hə” cavabını alan kimi
otağı tərk edən bu adamdan sonra araya sükut
çökdü, heç birimiz dillənmədik. Mən
sakitcə Xudafizləşib getmək istəyəndə, o,
“gördün də..” dedi.
Məlum
oldu ki, bu adamın “təbi” heç də Famil müəllimə
xoş deyil. Sözarası olsa da, deyim ki, Famil müəllim
şəxsi münasibətlərindən asılı olmayaraq
ona olan müraciətlərə “yox” deməyi də
xoşlamazdı. O, sözünü davam etdi, “mən həyatda
“dost” sözünü son dərəcə xəsisliklə
işlədirəm, ölçüb-biçməyi vacib sayıram” - dedi. Famil müəllim
ayrı-ayrı fərdlərdən deyil ümumilikdən
danışırdı, dəyər verirdi. “Tarix boyu
qanımıza yerikləyən erməni də, qanlı
süngüsü ilə bizə “azadlıq” gətirən rus
da bizə “dost” oldu, sonralar “qardaşa” çevrildilər.
dostluq pərdəsi altında nələr görürdük?
Doğma ana dilimizin əlimizdən alınması, sərvətlərimizin
daşınıb aparılması, qanı-qanımızdan,
canı-canımızdan olan qardaşlarımızla
aramızda tikanlı məftillərdən sərhəd
çəkilməsi. Şəhərlərdə ən
gözəl mənzillərin, ən hörmətli vəzifələrin
əlimizdən alınması, ağsaqqallarımızın,
ağbirçəklərimizin məscidlərə həsrət
qalması, bu dostluğa, qardaşlığa şübhə
ilə baxanların ömürlük Sibirə sürgün
edilməsi və ya güllələnməsi, Novruz
bayramımızın, gözəl adət-ənənələrimizin,
din-imanımızın əldən getməsi və yüzlərlə
belə missallar göstərmək mümkündür.” Həqiqətən
ən böyük, müqəddəs mənəvi keyfiyyət
olan dostluq da uzun illər yalan, elmi əsası olmayan
bayağı siyasət üzərində qərar
tutmuşdur. Famil müəllim haqlıdır. Azərbaycanda
uzun illər elə vəzifələr vardı ki, onu
yalnız ruslar, ermənilər, yaxud yəhudilər tutmalı
idilər.
...Həqiqətən
ən böyük, müqəddəs mənəvi keyfiyyət
olan dostluq da uzun illər yalan, elmi əsası olmayan
bayağı siyasət üzərində qərar
tutmuşdur. Famil müəllim haqlıdır. Azərbaycanda
uzun illər elə vəzifələr vardı ki, onu
yalnız ruslar, ermənilər, yaxud yəhudilər tutmalı
idilər.
Famil
müəllim sözünə davam edərək söyləyir:
“Deputat seçkilərində, hara isə nümayəndələr
göndərilməsində, partiya sıralarına qəbulda
bunlar mütləq nəzərdə tutulurdu. Bunlar təbii surətdə
olsaydı bəlkə də çoxlarının ürəyindən
xəbər verərdi. Bəla burasındadır ki, bu
“dostluqlar” süni surətdə yaradılırdı.
Beşillik plan kimi dostluq da planlaşdırılırdı.
Əsl dostlara, qardaşlara zərbələr,
şapalaqlar hesabına olurdu, özümüzün təhqir
edilməyimiz, alçaldılmağımız hesabına
olurdu. Azərbaycanda yüksək vəzifə tutmuş, milli
mədəniyyətə, ədəbiyyat və incəsənətə
ağır zərbələr vurmuş, onu “beynəlmiləlləşdirmiş”
Kirovun heykəli dağ başına qaldırılır,
bütün sapıntılarına, səhvlərinə,
aldanışlarına baxmayaraq millətin, xalqın
bağrından qopub ayrılan, onun yolunda ürəyini
partladan Nəriman Nərimanovun adı xalq düşməni
siyahısına salınırdı. Məmməd Əmin Rəsulzadə,
Fətəli Xan Xoyski, Əlibəy Hüseynzadə, Əhmədbəy
Ağayev kimi millətsevərlərin adlarının tariximizdən
silinməsinə cəhd göstərilirdi” Milli qeyrətli
ziyalılarımızı, tarixi şəxsiyyətlərimizi
heç zaman unutmayan Famil Mehdi, onların hər birinə
ürək sözlərini öz
yaradıcılığında izhar etmişdir. N. Nərimanova
həsr etdiy “Şapalaq” şeirindən bir nümunə:
Bu gün
mən aram-aram,
Nərimanı
oxuyuram
Elə
bil bağrımda, damarlarımda
Öz
qızıl qanımı qoxulayıram.
Çox
təəssüflər ki, bizim cəmiyyətimizdə uzun illər
dostluq bir çox hallarda əlbir olub dövlətdən, millətdən,
xalqdan nəsə qoparmaq, dəstələr, qruplar yaradıb
imkanlı vəzifələri, kürsüləri ələ
keçirmək, cürbə-cür fırıldaqlarla məşğul
olmaq adətinə çevrilmişdir. Famil müəllim
demişkən mən də “qurdla-quzunun, tülkü ilə
toyuğun, pişiklə-siçanın, fillə-pələngin
dostluğuna heç cür inana bilmirəm”.
Dostluğun
arxasında sipər olan,
dostlarına sədaqətli olan, hər kəsin yerini bilən,
dəyər verən Famil Mehdi müəyyən yaşa
çatdıqdan sonra görüşə bilmədiyi, itirdiyi
dostları haqqında deyir: “Uzun illər dostluq,
qardaşlıq, yoldaşlıq ünsiyyətində
olduğum insanların bir çoxunun görüşünə
təəssüf ki, bu gün evlərində, iş yerlərində,
sahil bulvarında və ya başqa bir yerdə yox, müxtəlif
qəbiristanlıqlara getməkdə görürəm”.
Baş nələr
çəkmədi ürək duyandan,
Bəzən
dərd əlindən yata bilmirəm
Dost var,
birdəfəlik köçüb dünyadan,
Dost var,
itkin düşüb tapa bilmirəm.
Həqiqətən
el dərdli şairin yaxınlıq etdiyi dövlət xadimləri,
şairləri, yazıçıları, alimləri çox
olub. Ancaq onlar həqiqətən seçilib-sayılan
insanlar, milli “dirəklər” olmuşlardır. Onun etirafına
görə görkəmli alimlər, el ağsaqqalları,
dövlət xadimləri, əsil milli ziyalılar olan professor
Məmməd İsgəndərov, Əliş Ləmbəranski,
İmam Mustafayev, Kamran Hüseynov, Cəmil Quluyev, Çingiz
Cuvarlı, İbrahim İbrahimov, Bayram Bayramov, Əli Vəliyev,
Süleyman Rəhimov, Bahadur Zeynalov, Mehdi Hüseyn, Abdulla
İbrahimov, Firudun Köçərli, Nurəddin Rzayev,
Hacı Hacızadə və başqaları ilə
tanışlığı, ünsiyyəti ona çox şey
vermiş, xalq müdrüklüyünü duymağa, mənəvi
sərvətləri qiymətləndirməyə,
böyük-kiçik yeri bilməyə, ədəb-ərkan
gözləməyə sövq etmişdir.
Nə
yaxşı ki, çoxdur yaxşı adamlar,
Yoxsa
payızda, yazda
Dolu da,
yağış da döyərdi bizi.
Hətta,
evimizdə, otağımızda,
Namərdlər
qurd kimi yeyərdi bizi.
Qəbul
etməliyik ki, Famil Mehdi üçün insana qiymət verməyin əsas
meyarı millətə, Vətənə, xalqa təmannasız
xidmət və özü-özünə hörmətdir. O,
öz şeirləri, poemaları və digər əsərlərilə
də kimliyini insan cəmiyyətinə çox gözəl
çatdıra bilmişdir:
Min hava
çalınır könül tarımda,
Dünyanın
nə çoxu, nə azıyam mən
Fəsillər
görüşür duyğularımda,
İlin həm
qışıyam, həm yazıyam mən.
* * *
Familəm,
həmişə yanmaqdır, peşəm,
Can deyən
gözələ canan demişəm
Bu yolda
sevinc də, qəm də yemişəm,
Bir daha
demərəm tamarzıyam mən.
Famil
müəllim kimliyindən-nəçiliyindən
asılı olmayaraq vətənpərvər insanlara çox
dəyər verərdi, onların “naz-qəmzə”sinə də
dözərdi. Onun belə dostlarından biri də, çox dəyərli
alim Xudu Məmmədov idi. Xudu Məmmədovla
mən Az. SSR Elmlər Akademiyasında işləyərkən
tanış olmuşdum. Bizi Beynəlxalq əlifbanın müəllifi,
Dünbülbəylilər-Xoyskilər nəslinin səcərə
təmsilçisi Əli müəllim (Alməmməd) Nəbibəyli
tanış etmişdi. Xudu müəllimin elmi işinə dəyər
verən İngilis alimlərinə göndərilən elmi
yazının səbabkarı Əli müəllim olmuşdu.
İngilislərin Xudu müəllimə böyük dəyər
verməsindən sonra onun elmi işi və şəxsiyyəti
Azərbaycanda da ilk olaraq milli qeyrətli alimlər tərəfindən
dilə gətirildi.
Famil
müəllim Xudu müəllimlə yaxınlıq etməzdən
əvvəl ona “Qartalın ölümü” adlı şeir həsr
etmişdir. Onları ən çox yaxınlaşdıran səbəb
Qarabağ məsələsi olmuşdur.
Zirvədə
ildırım vurdu qartalı,
Qoşa
qanadları sındı dibindən.
Çırpındı,
sürüşdü, dəyişdi halı,
Bir qaya
asıldı hər lələyindən.
Qarabaq məsələsi
başlayandan bu şəxslərin hər biri Qarabağa, onun
Ağdam bölgəsinə tez-tez gedirdilər. Mən
özüm də bu işlərdə
yaxından iştirak etdiyimdən, Famil müəllimin
yaratdığı “Qarabağ Nicat Hərəkatı”nın
toplantılarına dəvət olunduğumdan bu işlərin
şahidi, yaxud iştirakçısı olardım. Famil
müəllim Xudu Məmmədovun vəfatından çox pəjmürdə
olmuşdu. Əslində bütün Azərbaycan bu hisslərlə
yaşayırdı. Xudu müəllimin vəfatını ilk
olaraq Famil müəllimə telefon açıb,
ağlaya-ağlaya bildirən Əfətli Camal olmuşdur. Famil
müəllim isə dedi: “Qarabağ uğrunda ən
böyük şəhidimiz Xudu Məmmədovdur”. Bu hadisədən
Famil müəllim uzun müddətli bir fiziki və mənəvi
əziyyət çəkdi.
Qarabağ
məsələsi mənim özümü də Famil müəllimlə
çox yaxınlaşdırmışdı. Mən
Respublikada ilk olaraq bir neçə nəfər
laçınlı ilə “Laçın” Xeyriyyə Cəmiyyəti
yaratmışdıq. Bizi hamı tanıyırdı, yeni cəmiyyətlər
yarananda bizə müraciət edirdilər. Hətta sonralar
Qarabağı təmsil edən belə cəmiyyətlər,
Famil müəllimin cəmiyyəti ətrafında çətində
olsa cəmləşdi və bu yolda mənim əməyimi o, həmişə
dilə gətirərdi. O, imkanım çatan hər məsələni
öz yaxını kimi məndən xahiş edərdi. Təbii
ki, mən də onun hər bir fikirinə çox hörmətlə
yanaşardım. Bunlardan biri də şəhid olmuş
Alı Mustafayevin ailəsinin evlə təmin olunması idi.
Çətində olsa Famil müəllimin dediyinə nail
oldum.
Famil Mehdi
(Famil Ağalar oğlu Mehdiyev) 1934-cü ildə Ağdamın
Sarıhacılı kəndində anadan olmuşdur. Orta təhsilini
və Ağdam Pedaqoji məktəbini bitirdikdən sonra BDU-nun
jurnalistika fakultəsinə daxil olmuşdur. Universiteti bitirib
aspiranturaya qəbul olunmuş, Akademik Mirzə İbrahimovun rəhbərliyi
ilə “Səməd Vurğunun publisistikası” mövzusunda
namizədlik, sonra isə “Bədii publisistikanın sənətkarlıq
problemləri” adlı doktorluq elmi işini müdafiə
etmişdir. 1973-cü ildən kafedra müdürü
seçilmiş və işini şərəflə yerinə
yetirmişdir.
Famil
Mehdinin anadan olmasının 60-illiyini keçirmək istəyənlərin
sayı çox idi. Amma Famil müəllim həmin məqamda
Qarabağ torpaqlarının milli düşmənimiz olan ermənilərin
əsarəti altında olduğundan buna razılıq verməmişdi.
Bütün bunlara baxmayaraq Famil sevərlər Gənc
Tamaşaçılar Teatırında “xudmani” bir toplantı
keçirdilər, ürək sözlərini
bölüşdülər, onun dəyərini dilə gətirdilər.
Son olarqaq Famil müəllim bu toplantıya öz münasibətini bildirdi və qeyd
etdi ki, “Mən bu görüşə razılıq verməmişdim.
Ancaq Demikratik Gənclər Təşkilatı
üzvlərinə və onun sədri Rövşən Cavadova
hörmətim məni bura gətirdi.
Qoy Allah günahımdan keçsin ki, torpaq düşmən əlindədir”
Bu
görüş Famil Mehdiyə baha başa gəlmiş, onu
Bakı şəhər prokrorluğunda sorğu-suala
tutmuşlar. Rövşən Cavadovla əlbirliyini dilə gətirmişlər.
Lakin bunların hamısının heç bir əsası
olmadığı üzə çıxmış, bəzi
özünü gözə soxmaq istəyən, sonralar
özü ifşa olunan Z.Qaralov kimilər Famil Mehdiyə,
respublikanın seçilib-sayılan ziyalısına, aliminə,
şairinə böhtan atanlarda tapılmışdı. Amma
onun da cavabını verənlər heç də az
olmadı. Əlbətdə, hansı səviyyədə
olursa-olsun belə bədxahlıq ziyalılara
sarsıntılar gətirir. Həmin ağır dəqiqələrdə
Famil Mehdi belə çirkab işlərlə məşğul
olan fərdlərə xeyli şeirlər də yazmalı
olmuşdur ki, onlardan biri də çox məşhurlaşmış
“Dilən, professor, dilən şeiridir.”
Dilən,
professor, utanma, dilən,
Dilən,
professor, utanma, dilən...
Səslə,
hər keçəndən sədəqə istə,
Qaçandan,
köçəndən sədəqə istə.
Fərqi
yox, Bakıdan, Ağdamdan olsun,
Səninçün
nə fərqi: yaxşı, yaman kim,
Bir də
qanmayan kim, qanan kim,
Məslək
dəyişənmi, ev dəyişənmi,
Qızıl
axtaranmı, ya goreşənmi,
İnsanmı,
heyvanmı - satandı, gedir,
İt-qurd
kölgəsində yatandı, gedir.
Famil
Mehdinin valideyinləri savadsız olsalar da, vətənə,
torpağa, millətə çox bağlı insanlar
olmuşlar. Onun anası qaçqınlıq həyatı
yaşamış, mənəvi əzablara düçar
olmuş və onu heç kim ovundura bilməmişdir. O,
1995-ci il 25 mayda vəfat edən Şövkət anasına belə
bir şeir həsr etmişdir:
Ölür,
vətən deyir, yurd deyir anam,
Yurd
düşmən əlində, Vətən dardadır.
Bəlkə
haray çəkim: ay dad, ay aman
Bu millət
hardadır, bu xalq hardadır?!
Famil Mehdi
deyir: “Anamın sinəsi ağılar, bayatılar,laylalarla
dolu idi. Xüsusilə, qardaşının paltarlarını
ortaya töküb ağlayanda bəlkə dağ, daş da
titrəyirdi, qonşu qadınlar deyirdi: “Ay Şövkət, bəsdi,
uşaqların bağrın yarma...” Anam isə elə hey
bayatı çağırır, ağı deyirdi:
Ağlaram,
ağlar kimi,
Dərdim
var dağlar kimi
Xəzəl
olub tökülləm,
Viranə
bağlar kimi
Famil Mehdi
özünün dilə gətirdiyi kimi həmişə
daxili ehtiyacla, ürəyinin sifarişi ilə yazıb. Ürəyi
isə həmişə haqsızlığa, ədalətsizliyə,
zülmə, əsarətə, insan haqlarının
tapdanmasına qəzəb, nifrət hissi ilə
döyünüb. Bəlkə də, elə bu səbəbdən
Famil Mehdi və o əqidədə olan insanlar, ilk növbədə
ziyalılar həmişə hücumlara məruz
qalmışlar. O, bir şeirində yazır:
Mənim
telefonumda nəfəslər bitib
Nəfəslər
yanında nakəslər bitib.
Nakəslər
yanında qəfəslər bitib.
Bəlkə
buna görə qulağım səsdə,
Nəfəsim
qəfəsdə,səsim qəfəsdə...
Famil
Mehdinin bir çox milli ziyalılarımız kimi dediyi bir ifadə
var: “Ziyalı yaltaq
olmamalıdır”. O, haqlıdır milli ziyalı
bütün qadağalara baxmayaraq, xalqına, millətinə,
özünə uca bir yer tapmalıdır, vicdanını, əqidəsini
tapdanmağa imkan verməməlidir, ziyalının-ziyalıya
qarşı qoyulmasına razılıq verməməlidir. Onun
“Olaylar” qəzetində (1998-ci il) müsahibəsində bu
suala cavabı belədir: “Ziyalıların bölünüb
parçalanması sovet təcrübəsindən irəli gəlir.
O vaxtlar 5-10 ziyalıya orden, medal veriblər, sağlarında-sollarında
oturdaraq özləri haqda şeirlər, mədhiyyələr
yazdırıblar. Həmin ənənə indi də davam
edir”.
“Bu millətə
qoyun demə, dilin quruyar.
Dil qurusa,
udar səni dərin quyular.
Tap, milləti
kimlər qoydu qoyun yerinə,
Kimlər
qoydu, kimlər soydu, qoyun yerinə...”
Buda bir həqiqətdir ki, özünü ziyalı adlandıran hər kəs əyilməməlidir, tapdanmamalıdır, yaltaqlanmamalıdır, bir neçə “ziyalının” yaltaqlığı bütün xalqın mənəviyyatını məhv edir. Müstəqil olsaq da millətin çox böyük dərdləri var, Famil Mehdinin anası Şövkət xanımın dediyi bayatıda olduğu kimi:
Əziziyəm, su dayandı,
Sel gəldi, su dayandı
Dərdimi
suya dedim,
Od tutdu,
su da yandı
Elə bu
və digər səbəblərdən idi ki, Famil Mehdi
özünün “Dilən, professor, utanma dilən” şeirində
söyləyirdi”
(Davamı var)
Ziyadxan Nəbibəyli
Yazıçı-publisist, t.e.d
professor
Qarabağ Müharibəsi Veteranı
Təzadlar.- 2014.- 20 sentyabr.- S.14.