Heykəltəraş Ömər Eldarovun yaradıcılığında qadın portretləri

 

 

...Qadın gözəlliyinin, incəliyinin, tərənnümü təsviri incəsənətdə mühüm yer tutur. Hər bir xalqın incəsənətində öz gözəlliyi ilə seçilən qadın surətləri yaradılmışdır. Həyatda yüksək insani və əxlaqi keyfiyyətlərə malik qadın həmişə gözəlliyi duyan zərifliyi, lətafəti hiss edən rəssamların və heykəltəraşların diqqət mərkəzində olmuşdur. Nəzər yetirdikdə Azərbaycan tarixində çoxsaylı qəhrəman, cəsur və ziyalı qadınlarımızın olduğunu görürük

 

Milli təsviri sənətimizdə qadın obrazları qədim dövrlərdən yaradılmağa başlanımışdır. Təsviri sənətin qabaqcıl sahələrindən biri olan heykəltəraşlıqda da yüzlərlə qadın surətləri canlandırılmışdır. Aparılmış arxeoloji qazıntılar nəticəsində daş dövrünə aid bir çox qadın heykəlcikləri aşkar edilmişdi ki, bunların da böyük mənası var. İbtidai insan qadına çox böyük qüvvə kimi baxmışdır. Bu səbəbdən də onun heykəlini düzəltmiş ona sitayiş etmişdir. Alimlərin tədqiqatları nəticəsində müəyyən olunmuşdur ki, qədim dövrdə yonulmuş qadın heykəlcikləri əsasən boluq və məhsuldarlıq simvolu kimi təsvir olunmuşdur.

 

 

 

Hər zaman heykəltəraşlıqda qadın portretləri dönə-dönə işlənərək təkmiləşdirilir. Məsələn heykəltəraş Ömər Eldarovun yaratdığı qadın portretləri öz orijinallığı və incəliyi ilə fərqlənir. Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, AMEA-nın akademiki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı”, “İstiqlal” ordenləri ilə təltif edilmiş Ömər Həsən oğlu Eldarovun yaradıcılığında heykəltəraşlığın portret, monumental, qorelyefs. sahələri öz inkişaf mərhələsinə çatıb.

 

 

 

Ömər Eldarov portretini yaratdığı hər bir adamın ən yaxşı cəhətlərini göstərmək istəyirdi. Elə buna görədir ki, onun obrazları dərin fərdi xüsusiyyətlərə malik olan, sovet adamlarının tipik cəhətlərini özünə cəm edən əlvan obrazlardır.

 

 

 

Təkcə rəngarənglik deyil, obrazların yeni plastik həllinə çalışmaq da heykəltəraşın yaradıcılığı üçün səciyyəvidir. O, portretlər və iri monumental abidələr üzərində işləməklə bərabər, öz məzmunu və mahiyyəti baxımından monumental heykəltəraşlığa yaxınlaşan plastik fiqurlar üzərində də çox işləyirdi.

 

 

 

Heykəltəraşın 1960-70-ci illərdə yaratdığı əsərlər bir çox sərgilərdə layiqli yer almışdır və xüsusilə qeyd etmək istəyirəm ki, bu əsrlərin beşi qadın obrazına həsr olunmuşdur. Belə ki “Qız portret”, “Tələbə qızın portreti”, “Bacılar”, “Ata qızı ilə” və çox maraqlı kompozisiya “Zamanın dörd rəngi” əsərlərini qeyd etmək olar.

 

 

 

Həqiqətdə heykəltəraş  yaratdığı obrazları çox gəzib axtarmır, yəni bu obrazlar onun çox yaxından tanıdığı insanlardır. Artıq illərlə onların hər bir cizgisinə bələddir, bəlkə də elə bu səbəbdən əsərləri mükəmməl şəkildə insanı özünə cəlb edir.

 

 

 

1968-ci  ildə yaratdığı “Qız portreti” əsəri  elə heykəltəraşın qızı olan Laləyə həsr olunub. Təsvir olunan qızın kiçik yaşda olması inkar edilməz faktdır, lakin onun güclü iradəsi xarakteri o qədər zəngin təcəssüm edilib ki, bu qızın az yaş da olmasına baxmayaraq sərbəst qərar verə biləcək böyük həm də yetkin qadın kimi insanı cəlb edir. Dik cəsarətli baxışları onun xarakterini nümayiş etdirir. Lakin bu qədər qətiliklə bərabər onun çöhrəsində səmimilik, sadəlik sırf bu yaşda olan qıza məxsus olan incə cizgilər gözdən qaçmır. Burada qarşıya qoyulan məqsəd uşaq şəxsiyyətinin böyüklüyünü göstərməkdir, lakin bir məqam da var ki bu uşaq digər deyil məhz qadın obrazında təsvir edilmişdir . Təbii ki, bu təsirli faktdır. Plastik forma bu əsərdə sərbəst xarakter alır. Məhz bu, qızın surətinə canlı insanın təbiiliyini gətirir. Portret gips tökmə ilə hazırlanmışdır.

 

 

 

1970-ci ildə işlənən “Tələbə qızın portreti” ndə bir az öncə danışdığım kiçik yaşlı qızın artıq sözün həqiqi mənasında yetkin tələbə qızın simasını görürük. Bəli bu dəfə də təsvir olunan Lalədir lakin artıq fərqli maraqlı və deyərdim bir az da sirli obrazda. Qız  böyümüş, on altı yaşında  qızın çiçəklənən zamanını təsvir edilmişdir. Obrazın bütövlüyü həyatın dərinliyini müəyyənləşdirir. Əgər “Qız portreti”ndə sadəcə Lalənin böyük düşüncəli olduğu güman edilirdisə indi artıq tam olaraq həmin yaşdadır, təbii ki, o, bir qədər sonra tamam başqa düşüncələrə malik olacaq. Lakin burada o müəyyən nailiyyətləri artıq əldə etmiş yəni tələbə adı qazanmış və göründüyü qədəri ilə öz nailiyyətləri ilə fəxr edir qürur duyur. Sirli  olması isə bu yaş dövrü üçün xarakterik olan duyğulara bağlıdır. O indi çox nailiyyətləri əldə edə biləcək durumda və istəkdədir, yəni onun əldə edə biləcəkləri həllik bir sirr olaraq qalır. Lakin gözlərinin çox ağıllı görünüşü onu təkcə xəyalpərvər deyil  elə bu istəkləri həyata keçirə biləcək qüvvəyə malik olduğunu  düşünməyə imkan verir. Əsərdə material kimi bürüncqalvono-plastikadan istifadə olunmuşdur.

 

 

 

Ömər Eldarov yaratdığı qadın portretlərində öz müasirləri olan qadınların ən yaxşı xüsusiyyətlərini, ülvi hisslərini təcəssüm etdirmişdir. Sənətkar Azərbaycan qadınlarına xas olan ən ali keyfiyyətləri-onların səmimiliyini, özünə inamını, zərifliyini, daxili məlahətini göstərməyə nail olmuşdur.

 

 

 

Heykəltəraşın qadın obrazları həyatın rəngarəngliyini həmişə fərdi şəkildə qavrama, özünə məxsus tərzdə dərketmə bacarığı  ilə nəzəri cəlb edirlər. Həmçinin sənətkar Azərbaycan qadınlarına xas olan ən ali keyfiyyətləri-onların səmimiliyini, özünə inamını, qadın lətifliyini, daxili məlahətini göstərməyə nail olmuşdur.

 

 

 

Nərmin Eminbəyli,

sənətşünas  

Təzadlar.- 2014.- 23 sentyabr.- S.15.