Ülvi sıramızdadır

 

 

 

Bu il sentyabrın 23-də onun 45 yaşı tamam olacaq... Fəqət, odlu-alovlu vətənpərvər, həssas şair, istedadlı tərcüməçi Ülvi Bünyadzadə vaxtilə qulluq etdiyi Sovet imperiya ordusu tərəfindən qətlə yetirilərək şəhidlik zirvəsinə yüksəldi. Bununla da əzizlərinin, dostlarının, onu tanıyanların ürəyində əbədi yuva qurdu... Ədəbiyyatımız isə sağalmaz yara almış oldu.

 

 

 

 

 

 

...Biz Ülviyə ağı demək fikrində deyilik. Onun özü və müqəddəs ruhu bunu bəyənməzdi də. Çünki o, vətənə, onun gələcəyinə için-için, ürək-ürək ağlasa da, öz hisslərini büruzə verməzdi, bunları daxili aləminə sığışdırmazdı...

 

 

 

Qarşımda rus dilində çap olunmuş Ülvi Bünyadzadənin “Ömür yolu” kitabı var... Onu rus dilinə çevirən şəxs Azərbaycan ədəbiyyatının və bizlərin dostu Giya Paçxataşvilidir. Daim redaksiyamızın qonağı olan buFosfor adam” ürəyimizə işıq və müsbət enerji çiləyir...

 

 

 

Ülvi Bünyadzadə yaradıcılığına müraciəti əslində Giyanın (Givinin - N.R.) Azərbaycan xalqının tarixi salnaməsinə təmənnasız və obyektiv baxışı deməkdir. Neçə il öncə Elxan Xəzərin “Mübariz” poemasının uğurlu tərcüməsi və Rusiyadakı Azərbaycan Diasporunun bu çevirməyə “Diplom” verməsi bizcə çox mətləblərdən xəbər verir...

 

 

 

Bu məqamda kitabın işıq üzü görməsi üçün yaşıl işıq yandırmış “Xocalı” abidəsinin ucaldılmasına əmək sərf etmiş “Borçalı” İctimai Cəmiyyətinin sədri, fikirləri dünyəvi və bəşəri amallara, demokratik, eyni zamanda azərbaycançılıq ideyaları ilə köklənmiş Zəlimxan Məmmədlini yada salmaq, ona dəyər vermək yerinə düşər... Sağ olsun - xeyirxah işini dövlətimiz və... Allahımız dəyərləndirsin...

 

 

 

Şair-tərcüməçi Giya Paçxataşvilinin təmənnasız xidmətinə olan heyrətimizi gizlədə bilməsək də, çox istərdik ki, dövlətimiz də onun çoxillik əməyini dəyərləndirsin.

 

 

 

Allah Ülvi Bünyadzadənin timsalında bütün şəhidlərimizə rəhmət eləsin! Sıramızda olan Ülviyə gözaydınlığı veririk - yeni kitabın mübarək!

 

 

 

Nazilə Rafiq

Təzadlar.- 2014.- 23 sentyabr.- S.15.