ƏSL DOST HAQQINDA...

 

 ...

 

Dünyada ən çətin şeylərdən biri insanı yaxından tanımaq deyilmi?

Yaxından tanıyıb da insana hörmət sevgi bəsləmək ən ləzzətli bir hiss deyilmi?

Hörmət sevginin bədəlində insana quşunun qonmağı tam ayrı bir aləmdirmi?

Quşunun qonduğu, könlünün atlandığı insana sözün bütün mənalarında DOST deməməyə adamın dili gəlməyə bilməzmi?

Bilməz, bilməz, bilməz!...

Bilənlər bilir, mən dostlarımı həmişə dəyərləndirmişəm, onları çox istəmişəm özümün tək-tük xoşuma gələn cəhətlərimin başında bu xüsusiyyətim dayanır.

Arif Ərşad mənim DOSTUMdur. Bu dostluqdan mən ancaq ancaq həzz almışam. Bu dostluğun şirinliyi mənim şəkər diabetimi xeyli yüngülləşdirib. Bu dostluğun nəfəsini ciyərlərimə çəkmişəm. Bu dostluğun nəşəsindən xeyli meyxoş olmuşam. Arzu edirəm, hamının dostu da elə beləcə olsun, mənim əziz dostum Arif Ərşad kimi.

Arif bəyi mənimlə 45 illik ömrümün 30 illik həmdəmi, sirdaşı Əyyub Qiyas tanış edib. hətta indiyədək mənim bu ağrı-acılı həyatımda heç etməsəydi belə, təkcə bu savab işinə görə canım-gözüm Əyyub Qiyasa həmişəlik minnətdaram. Həm əsl dostların əsas missiyalarından biri yaxşı kişiləri bir-birinə calamaq olmalıdır axı.

Cəmisi bir neçə aydan bəri tanıyıb dost çağırdığım Arif Ərşad böyük bir həyat yolu keçib - bunun başqa cür olmagını təsəvvürümə gətirə bilmirəm. Tanrı həmişə sevdiyi insanları sınağa çəkir, onların çiyninə yüklər qoyur ki, ağrı-acılara alışsınlar. Yoxsa, kişilər böyük olmazdılar ki...

... onu deyim ki, bilməyənlər bilsin, Arif Ərşad çox maraqlı qələm könül adamıdır - hər şeydən öncə. Onun dünyaya baxışının arxasında da çox incə, kövrək səmimi yazar üəyi dayanır.

Bildiyimə görə, həmişə sevdiyi bir neçə müəllifin kitabları var ki, artıq onilliklər boyudur, onun stolüstü əlinin altındakı kitablar olub. O kitablar indi onun otağının daimi sakinləridir.

Arif Ərşadı xeyli qabaqdan tanıyan köhnə dostları da mənim şahidliyimi təsdiqləyərlər: ölməz-itməz Əli Kərim, safdan-saf, durudan-duru Musa Yaqub, böyükdən-böyük, əyilməzdən-əyilməz Məmməd İsmayıl, dərindən-dərin, ucadan-uca Ramiz Rövşən...

Məncə, Arif Ərşadın hansı ədəbi zövqə, dünyagörüşünə sahib olduğunu bu müəlliflər onların kitabları çox aydın aşılayır...

Arif Ərşad əslən gözəl Qubadlımızın Çibinli kəndindəndir. Sumqayıtda doğulub boya-başa çatıb yaşasa da, içi, könlü o müqəddəs yerlərlə döyünüb. Ən yaxşı və ən ağır günlərinin sevinci də, kədəri də doğma torpağı ilə bağlı olub. Əslində, həm də onu şeirə, sözə, ədəbiyyata bağlayan ruhun kökündə də o yurddan aldığı nəfəsin hənirtisi dayanır. Arif bəyin əmisi də dövrünün çox gözəl, ilhamlı bir şairi olub - Əsgər Eyvazoğlu. Əmisini böyük sayğıyla anan və özünə ustad sayan Arif Ərşad, bu tanınmış qələm adamı ilə hər yerdə qürur duyduğunu həmişə dilə gətirir və bu da çox təbiidir. Əsgər Eyvazoğlu 1980-cı illərdə Sumqayıt ədəbi mühitində öz parlaq istedadı və poetik nəfəsi ilə seçilən işıqlı qələm adamı olub və dünyasını dəyişsə də, adı və xatirəsi bu günböyük sevgiylə anılıb, xatırlanır.

 

 

 

Arif Ərşad uşaq yaşlarından ədəbiyyata, şeirə olan sevgisini uzun illər içində bəsləsə də, yalnız son illərdə əlinə qələm alaraq, dopdolu ürəyini vərəqlərə boşaltmaq qərarına gəlib. Keçən il ilk şeirlər kitabını çap etdirən Arif Ərşad yaxın vaxtlarda növbəti şeirlər kitabını da nəşrə hazırlayır. Bundan əlavə, əziz dostumuzun son vaxtlarda qələmə aldığı hekayələri də ayrıca qeyd etməmək mümkün deyil. Həm sosial şəbəkələrdə, həm də müxtəlif mətbuat orqanlarında işıq üzü görən hekayələr öz səmimiliyi, həyata açıq-aydın və real baxışı, həmçinin orijinal ədəbi təhkiyələri ilə diqqəti cəlb edir. Bildiyimə görə, Arif Ərşad maraqlı bir roman üzərindəki yaradıcılıq işlərini də yekunlaşdırmaq üzrədir.

 

 

 

Mən onun diqqətçəkən və maraqlı həyat hekayətləri ilə dolu ömründən, başına gələnlərdən bilərəkdən söhbət açmadım. Zatən, buna ehtiyac da duymadım. Çünki Arif Ərşad təkcə şeirə, ədəbiyyata, el-obasına, saza-sözə və dostlarına olan səmimiyyətinə və sədaqətinə görə hər cür hörmətə, izzətə layiqdir.

 

 

 

Hələ onun daha söz açılası, könül bağlanası xeyli başqa xasiyyətləri də yetərincədir. Xüsusilə, mənim üçün Arif Ərşad dünyanın ən xoşbəxt babalarından biridir.

 

 

 

Ehtiram İlham

Təzadlar.- 2014.- 25 sentyabr.- S.15.