Gəncə qurulur, yaradılır

 

 

...12 avqust 2011-ci ildə qəzetdə Gəncə barədə “Tikdim ki, izim qala” başlıqlı məqalə ilə çıxış etmişdim. O zaman Gəncəyə yeni təyin olunan İcra Başcısı Elmar Vəliyev barədə bəzi qəzetlərdə xoşagəlməz yazılar dərc olunurdu. Belə yazılar bir gəncəli kimi məni məcbur elədi ki, Gəncəyə gedib gördüklərim, eşitdiklərim barədə həqiqəti yazım.

 

 Yay mövsümü idi, getdim Gəncəyə. Gördüklərim məni heyrətə gətirdi. Sözün həqiqi mənasında Gəncə şəhəri yenidən qurulurdu. O vaxt gördüklərimi qələmə aldım, məncə məqaləm də yaxşı alınmışdı, yəqin ki, bəzi qaranlıq məsələlərə də aydınlıq gətirilmişdi. Məqalənin sonunda isə oxucularımıza söz vermişdim  ki, Gəncədə aparılan böyük tikinti-quruculuq işləri başa çatandan sonra daha bir yazı ilə görüşünüzə gələcəyəm. İndi həmin vaxt yetişib. Mən yenidən Gəncədəyəm.

 

 

 

Dostlarımdan, qonşularımdan, tanımadığım şəhər sakinlərindən eşitdiklərimi sizlərlə bölüşmək istəyirəm.

 

 

 

Əvvəla onu qeyd edim ki, keçmiş İcra başçısı Eldar Əzizov Gəncənin bütün qədimliyini, özünəməxsusluğunu “Alkapon” altında gizlətmişdi. İş o yerə çatmışdı ki, camaat onaAlkapon Eldardeyirdi. Eldar ƏzizovunAlkaponəməliyyatı belə başlayırdı. Onun müavini Şahmalı müəllim başının dəstəsi ilə gəlirdi növbəti dükanın yaxud hər hansı bir ticarət obyektinin qabağına oranın sahibi məcbur edilirdi ki, dükanın fasad hissəsini təmamilə alkapon materialı ilə örtsün. Bu da dükan, obyekt sahibinə bir neçə min manata başa gəlirdi. Şəhərdə bəzi dükan sahibləri ilə söhbətimdən belə məlum oldu ki, onların banklara hələ alkapondan borcları qalıb.

 

 

 

Onu da qeyd edim ki, Eldar Əzizov 2009-cu ildə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə regionların sosial-iqtisadi inkişafı ilə bağlı iclasda çıxış edərkən Prezidentə yalnış məlumat vermişdi Gəncə Çini qablar zavodunu işə saldığını bildirmişdi. Eldar Əzizovun çıxışının tam mətniXalq  qəzetindədərc olunmuşdu. Məlumat üçün onu da bildirim ki, Çini qablar zavodu öz fəaliyyətini 1996-cı ildən dayandırıb oradakı qabları bişirən sobalar o vaxtdan sökülərək kərpicinədək satılıb.

 

 

 

***

 

 

 

Qayıdaq Gəncə şəhərində bu gün görülən böyük tikinti-quruculuq işlərinə. Həqiqətən qədim şəhər həm gözəlləşir eyni zamanda qədimliyini əks etdirir. Şəhərin əsas küçələri genişləndirilir. Bəzi evlər ev sahiblərinin razılığı ilə küçələrin, prospektlərin genişləndirlməsi üçün yenidən sökülüb ondan da gözəli tikilir, ev yiyələrinə kompensasiya, torpaq sahəsi verilir. Bir sözlə, çalışılır ki, söküntülərdən heç kim narazı qalmasın. Şəhərdə çirkab su xətləri əsaslı surətdə yenidən qurulur. Yeni adlanan  massivdə 36 hektar sahədə Heydər Əliyevin xatirəsinə böyük park salınmışdır. Yəqin ki, bu parkın böyüklüyünə, gözəlliyinə bərabər ikinci bir park yoxdur. Parkda çox nadir ağaclar əkilmiş, iaşə obyektləri sakinlərin istifadəsinə verilmiş, böyük göl yaradılmışdır ki, bütün bunlar da şəhər sakinlərinin istirahət ocaqlarına çevrilmişdir.

 

 

 

Demək olar ki, Gəncənin bütün küçələrində təmir-abadlıq işləri gedir, bəzi küçələrdə isə işlər başa çatmış, bəzilərində isə evlərin fasad hissələri kərpiclə örtüklənməkdədir. Bu da ki, Gəncənin qədimliyini özünə qaytarır. Əsas da odur ki, bu işlərdən sakinlər çox razıdır.

 

 

 

Köhnə qonşum, şəhər mədəniyyət şöbəsində çalışan Vaqif Qasımovla söhbətdə də bunların canlı şahidi oldum. Mədəniyyətdən söz düşmüşkən, mədəniyyət xalqın libasıdır. Şəhər mədəniyyət idarəsi üçün də Gəncədə çox yaraşıqlı  bina tikilib mədəniyyət işcilərinin istifadəsinə verilmişdir. Bina Gəncə çayının qırağında yerləşir. Binanın ön hissəsində isə xalqımızın gözəl şairəsi Məhsəti xanımın möhtəşəm abidəsi ucaldılmışdır.

 

 

 

Köhnə “Bakı” kinoteatrı kimi tanınan binanın yerində isə çox yaraşıqlı bir filarmoniyanın tikintisi başa çatmaq üzrədir. “Bakı” kino-teatrından söz düşmüşkən, mədəniyyət idarəsinin keçmiş müdiri Mina Məlikovanın vaxtında həmin kinoteatrların tavanı uçmuşdu. O vaxt Eldar Əzizov da icra başcısı idi. Şəhərin mərkəzində “Cavad xanın” türbəsinin önündə yerləşən bu bina Elmar Vəliyev şəhərə İcra başcısı təyin olunana qədər baxımsız vəziyyətdə qalmışdı. Ancaq indi orada tikilən gözəl, yaraşıqlı binanı görəndə fəxr edirsən.

 

 

 

Bundan başqa, şəhərdə mədəniyyət ocaqlarının sayı günü-gündən artmaqdadır. Ümumiyyətlə, şəhərdə çox işlər görülür, bunlardan yazmaqla qurtarmaz. Gəncənin özünə, müasir qədimliyinə qayıtması gəncəliləri çox sevindirir. Ancaq onu da qeyd etməliyəm ki, gəncəlilər şəhərdə futbolun olmamasından, onların sevimli, dəfələrlə Azərbaycan çempionu olmuş “Kəpəz” komandasının fəaliyyət göstərməməsindən çox narahatdırlar. Hamıya yaxşı məlumdur ki, Gəncə şəhəri Azərbaycan futbolunun həmişə beşiyi olub. Azərbaycanın adlı-sanlı futbolçuları bu şəhərdə doğulub boya-başa çatıblar.

 

 

 

Gördüyüm, söhbət etdiyim bütün gəncəlilər qəzetimiz vasitəsi ilə Elmar Vəliyevə uğurlar diləyərək bildirdilər ki, onlar Elmar müəllimi bu şəhərin qurucularından biri kimi daim xatırlayacaqlar. Mən də bir gəncəli kimi bu arzulara qoşuluram.

 

 

 

Eldar Əzizli

Bakı-Gəncə-Bakı

Təzadlar.- 2014.- 25 sentyabr.- S.13.