Cavad Heyət məfkurəsi - vahid Azərbaycan!
Dünya türklərinin və vahid Azərbaycan hüdudlarında yaşayan türklərin dərin ehtiram bəslədiyi bəşəri türk alimi, ictimai xadimi, məslək və sənət dostum, ustadım Cavad Heyət də dünyasını dəyişərək əbədiyyətə qovuşdu. Göz yaşlarım içərisində azman türk oğluna Allahdan rəhmətlər diləyərək, nur içində nura can atan bu bənzərsiz ziyalımızın ömür salnaməsi olan könül xəzinəsini, xeyirxah əməllərini qısaca da olsa diqqətinizə çatdırım.
Cavad Mirzəli oğlu Heyət mənim doğma yurdum Gədəbəylə eyniyyət təşkil edən Azərbaycanımızın əzəli paytaxtı olan möhtəşəm Təbriz şəhərində 1925-ci ilin güllü-çiçəkli 24 may səhərində ziyalı ailəsində bu sirli-soraqlı dünyamıza göz açmışdı. Cavad Heyətin atası Azərbaycanın çox maarifpərvər, parlaq düşüncəli ziyalısı “İttigadı-İslam” cəmiyyətinin qurucusu idi. Elə bu cəhətdən də ahıl yaşlarında çoxşaxəli elmi və ictimai fəaliyyətini nəzərdən keçirən Cavad Heyət atası Mirzəli Heyəti özünün ustadı adlandırmışdır. Cavad Heyət 1941-ci ildə həkim olmaq istəyini atası Mirzəli Heyətə bildirəndə, atası bundan çox şad olmuş, bu nəcib sənətə sahib olması üçün oğluna xeyir-dua verərək uğurlar diləmişdir.
Cavad Heyət 1941-1946-cı illərdə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki Tibb Universitetində təhsil almış, oranı əla qiymətlərlə başa vurduqdan sonra üç il həmin universitetdə cərrahiyyə sahəsində elmi-tədqiqatlarla məşğul olmuşdur. Bu illərdə Cavad Heyətə aydın olmuşdur ki, onun cərrahiyə elminin sirlərinə dərindən bələd olması üçün Avropada tibbi təhsilini davam etdirməyə ehtiyacı var. Bu məqsədlə Cavad Heyət Fransanın Paris Universitetinin tibb fakültəsində dörd il tibb sahəsində öz təhsilini artıraraq yüksək dərəcəli cərrah ixtisasına yiyələnmişdir. 1952-ci ildə Tehrana qayıdan Cavad Heyət orada öz xüsusi cərrahlıq klinikasını yaratmışdır.
İndi də 50 ildən çox cərrahlıq fəaliyyəti göstərən akademik, professor, doktor Cavad Heyətin bir həkim kimi fəaliyyətini nəzərdən keçirim. Cavad Heyət ən əvvəl Tehran Azad İslam Universitetinin cərrahlıq üzrə professoru olub.
O, Tehrandakı öz şəxsi klinikasında ağır cərrahi əməliyyatlar aparmaqla yanaşı, Tehran və Paris Universitetlərində bir tibb alimi kimi fəaliyyət göstərib. Cavad Heyət 1954-cü ildən insanda açıq və qapalı ürək, habelə, böyrək, ürək köçürmə əməliyyatlarını uğurla aparan dünya şöhrətli cərrahdır. Cavad Heyətin bu uğurları İran İslam Respublikası və dünyanın tibb elmini qiymətləndirən bir çox dövlətləri tərəfindən yüksək qiymətləndirilmişdir. Cavad Heyət 1963-cü ildən Beynəlxalq Cərrahlar Cəmiyyətində İranın təmsilçisi olub. 1983-cü ildənsə tibb elmində göstərdiyi elmi-nəzəri və əməli uğurlarına görə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilib. Cavad Heyət uzun müddət Tehran Azad İslam Universitetində Cərrahiyyə kafedrasına rəhbərlik etmişdir. Eyni zamanda, universitet tələbələrinə və cərrahlara kömək məqsədilə Cavad Heyət fars dilində yazılmış üç cildlik cərrahlıq kitabının müəllifidir. Həmin kitablar bu gün də, gələcəkdə də elmi dəyərinə və yığcamlığına görə Tibb Universitetinin tələbələrinin ən sevimli kitablarıdır.
Ömrünün ən yetkin çağlarında da Cavad Heyət yorulmaq bilmədən düyanın bir çox ölkələrində - Azərbaycanda, ABŞ-da Fransada, Türkiyədə, bir çox Avropa və Şərq dövlətlərinin universitetlərində Azərbaycan, ingilis, fransız, fars, ərəb və s. dillərdə mühazirələr oxumuşdur. Bu, qüdrətli tibb alimi olan Cavad Heyətin həm də qüdrətli poliqlot (çox dil bilən) olmasının əyani sübutudur. Elə bilirəm ki, Cavad Heyəti xarici dili mənimsəmə qabiliyyətinə görə Azərbaycan Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə müqayisə etsək, səhv etmərik. Cavad Heyət azad, bütöv və qüdrətli Azərbaycan dövlətinin əbədi varlığı istəyinə görə də M.Ə.Rəsulzadəyə bənzəyirdi. Elə bu səbəbdən də Cavad Heyət Azərbaycanın ictimai-siyasi-elm xadimləri tərəfindən ehtiramla qarşılanmış və yüksək qiymətləndirilmişdir.
Bilirik ki, Cavad Heyət uzun və keşməkeşli ömrünü yalnız tibb elminə həsr etməklə kifayətlənməyib, o, ümumtürk dünyasına da böyük tarixi xidmətlər göstərmişdir.
Belə ki, Cavad Heyət ömrünün ən yetkin çağında - 1979-cu ildə İran İslam İnqilabından bəhrələnərək məhşur “Varlıq” dərgisinin nəşrinə başlamışdır. Bu dərgi İranda türk dilində olan ilk mətbu orqandır. İldə dörd dəfə iki min nüsxə ilə nəşr olunan, İrandan əlavə, Türkiyədə, ABŞ-da, Avropa ölkələrində yayımlanan, 30 ildən çoxdur ki, varlığını qoruyan “Varlıq” dərgisi haqqında çox mütərəqqi fikir söyləmək olar, hətta “Varlıq” dərgisini “Molla Nəsrəddin” dərgisi ilə də müqayisə etsək, yanılmarıq. Elə bilirəm ki, ustad Cavad Heyətin “Varlıq” dərgisi haqqında ən yüksək fikri ustad Şəhriyar demişdir. Buna görə də Şəhriyarın “Azadlıq quşu, varlıq” şeirini bütünlüklə diqqətinizə çatdırıram.
Hərçənd qurtulmaq hələ yox darlığımızdan,
Amma bir azadlıq doğulub varlığımızdan.
“Varlıq” nə bizim təkcə azadlıq quşumuzdur,
Bir müjdə də vermiş bizə həmkarlığımızdan.
Bəh-bəh, nə şirin dilli bu cənnət quşu tuti,
Qəndin alıb ilham ilə dindarlığımızdan.
Dil açmada, karlıq da gedər, korluğumuz da,
Cün lallığımız doğmuş idi karlığımızdan.
Düşmən bizi əlbir görə təslim olu naçar,
Təslim oluruq düşmənə naçarlığımızdan.
Hər inqilabın vur-yıxı son bənnalıq istər,
Düstur gərək almaq daha memarlığımızdan.
Huşyar olasız, düşməni məğlub edəcəksiz,
Düşmənlərimiz qorxur huşyarlığımızdan,
Birlik yaradım, söz bir olar biz kişilər də,
Yoxluqlarımız bitdirəcək varlığımızdan.
Hələ 1979-cu ildə ustad Şəhriyarın “Varlıq” dərgisinə verdiyi bu yüksək qiymət əbədi varlıq dərgisini və onun yaradıcısı Cavad Heyəti bizim ən istəklimiz edəcəkdir. Onu da deyim ki, Cavad Heyət ürəyi vahid Azərbaycan eşqiylə çırpınan hər bir imkansız Azərbaycan türkünün mənəvi və maddi dayağı olmuşdur. Cavad Heyətin xeyirxah əməllərini düşünəndə yenə əbədi iftixarımız olan şair Şəhriyar yada düşür.
Təpədən-dırnağa qədər şair doğulan, şair taleli ömür yaşayan Şəhriyarın da üzünə Cavad Heyət Tehranda yaşayarkən öz mənzilinin qapılarını açmışdır. Belə ki, Şəhriyar 16 il Tehranda yaşayarkən Cavad Heyətin evində yaşamış, ölməz sənət incilərini də bu mənzildə yaratmışdır. Ustad şairimiz Şəhriyarın ölməz “Azərbaycan” şeiri də vahid Azərbaycan eşqiylə fəaliyyət göstərən Cavad Heyətin xeyirxahlığının bəhrəsidir. Cavad Heyət xeyirxahlığının nə demək olduğunu anlamağınız üçün Şəhriyarın “Azərbaycan” qəzəlindən nümunələri diqqətinizə çatdırıram.
Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan,
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.
Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran, Azərbaycan!
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!
Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!
İgidlərin İran üçün şəhid olub əvəzində,
Dərd
almısan, qəm almısan sən İrandan, Azərbaycan!
Övladların nə vaxtadək tərki vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
Bəsdir
fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya
tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm,
sənə dərman,
Azərbaycan!
Unutmayaq
ki, Cavad Heyət Şəhriyardan
19 yaş kiçik olsa da, Şəhriyar
gəncliyindən ağsaqqal
ömrü yaşayan
Cavad Heyətə ustad deyə müraciət etmişdir.
Ümumiyyətlə, Cavad Heyətin “Varlıq” dərgisindəki
xidməti bir neçə elmi tədqiqat işinin mövzusudur. İnanıram ki, yaxın
gələcəkdə elmi
tədqiqatçılarımız bu işin öhdəsindən
şərəflə gələcəklər.
Cavad Heyət
tibb elmi ilə bahəm, ədəbiyyat, fəlsəfə
və tarix elminə dair də bir çox
kitabların müəllifidir. Belə
ki, onun “Azərbaycan ədəbiyyat
tarixinə bir baxış”, “Azərbaycan
şifahi xalq ədəbiyyatı”, “Türk
dili və ləhcələrinin tarixi”,
“İki dilin müqayisəsi”, “Qərb
fəlsəfəsi” və
s. kitabları Azərbaycan
ziyalılarının sevimli
kitablarıdır. Şübhəsiz ki, Cavad Heyəti
yalnız Azərbaycan
dili, ədəbiyyatı,
tarixi, fəlsəfəsi
ilə məşğul
olan tədqiqatçı
kimi anlamağımız
düzgün deyil.
O, bütün dünya
türklərinin tarixi,
dilləri və qədim ədəbiyyatına
nəzər yetirən,
bu sahədə çoxlu elmi məqalələr, kitablar
nəşr etdirən
tədqiqatçı alimdir.
Cavad Heyət bu sahədə
altıdan çox monoqrafiyanın və yüzdən çox elmi əsərlərin müəllifidir. Elə buna
görə də Cavad Heyət yalnız İranın, Türkiyənin, Azərbaycanın
deyil, dünyanın bütün inkişaf etmiş ölkələrinin
elm və mədəniyyət
mərkəzlərində də
tanınmış və
xalqımızın fəxr
etdiyi nadir tarixi şəxsiyyətidir. Bu səbəbdən
də Cavad Heyət Azərbaycan elm və mədəniyyətinin
inkişafında İran-Azərbaycan
ədəbi-mədəni, ictimai
əlaqələrin möhkəmlənməsində
böyük xidmətlərinə
görə Bakı Dövlət Universitetinin,
Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahlar Elmi Cəmiyyətinin fəxri üzvü olmuşdur. O həmçinin
Azərbaycan Yazıçılar
Birliyinin “M. F.Axundov adına mükafatına” və “Dədə Qorqud” Assosiasiyasının
təsis etdiyi “Məmməd Araz mükafatına” layiq görülmüşdür.
Onu da qeyd edim ki,
Cavad Heyət Şəhriyar və digər ziyalılara göstərdiyi maddi və mənəvi yardımı Şimali Azərbaycanda yaşadığı
ömrünün son illərində
də şərafətlə
davam etdirmişdir. Ümumiyyətlə, Cavad Heyətin Bakı şəhərindəki
Nizami küçəsində
yerləşən mənzilinin
qapısı Azərbaycan
ziyalılarının üzünə
daim açıq olmuşdur. O, mənim
də bir şair-həkim kimi hörmətimi saxlamış,
Təbrizdə müalicə
olmağım üçün
köməyini əsirgəməmişdir.
Cavad Heyət ilə ilk tanışlığım
Azərbaycanın məşhur
ziyalıları Xudu Məmmədov, Nurəddin
Rza, Bəxtiyar Vahabzadə və Dədə Süleyman (O Cavad Heyətin şəxsi həkimi idi) vasitəsilə olub. Allahdan Cavad Heyətə
və dörd ziyalımıza rəhmətlər
diləyərək, Cavad
Heyətlə dostluğumun
tarixini qısaca da olsa diqqətinizə
çatdırım. Mənim ustad
Şəhriyara həsr
etdiyim şeirlər
1981-82-ci illərdə “Ədəbiyyat
və İncəsənət”
qəzetində və
“Azərbaycan” poeziya almanaxtında dərc olmuşdu. Bu şeirlərimin birincisini
qəzəl formasında
yazmışdım. Həmin
“Şəhriyar” qəzəlimdə
deyirdim:
Bu gecə yuxuma girdi Şəhriyar,
Gördüm necə çəkir dərdi Şəhriyar.
Bel əlində yer əkirdi bağçada,
Ovçu qabar, alnı tərdi Şəhriyar.
Öz oğlu tək məni basdı bağrına,
Bağçadaca süfrə sərdi Şəhriyar.
Dedi, oğlum, uzaq yoldan gəlmisən,
Ah çəkibən, sinə
gərdi Şəhriyar.
Söylə, necə üzüb keçdin Arazı?
Sanki nərə çəkən
şirdi Şəhriyar.
Bu nərədən dik atıldı Fəzail,
Anladı möcüzə, sirdi Şəhriyar.
Bu şeirimə yazdığı
cavabda ustad Şəhriyar deyirdi:
Şair
balam, baldan şirin söhbətin,
Ürək yaxır dəyanətin,
hümmətin,
Yayılar aləmə sənin
şöhrətin,
Sadəsən, yox özgə
boyağın, oğlum,
Şəhriyar olubdur qonağın, oğlum.
...Qartalım dağların başın alarsan,
Ulduza çatmağa qanad çalarsan,
Mən olmasam, məni yada salarsan,
Axsın
ayna kimi bulağın, oğlum,
Şəhriyar olubdur qonağın,
oğlum
Şəhriyarın bu cavab şeirini
Cavad Heyət yaxın dostum Süleyman həkim vasitəsilə mənə
çatdırdı. Bu da mənim Cavad Heyətlə ömürlük
dost olmağıma səbəb
oldu.
(Davamı var)
Fəzail
İsmayıl Böyükkişi
Təzadlar.-
2014.- 25 sentyabr.- S.14.