ATA (poema-epos)
Söhrab
Tahir: “Bu poema-eposu
Azərbaycan Respublikasının Milli Ordusuna və
onun Ali Baş Komandanı Respublika Prezidenti İlham Heydər
oğlu Əliyev cənablarına ithaf edirəm
Söhrab
Tahirin iri həcmli “Ata” poema-eposu xalqımızın bizim
eradan əvvəl olan tarixini, adət-ənənəsini, məişətini
və s. özündə əks etdirir. Tarixi sənədlər,
Azərbaycanın və bir çox xarici ölkələrin
arxiv materiallları əsasında 14 ilə yazılib,
tamamlanmış bu poema-epos xalqımızın
varlığını dananlara, Azərbaycanın dövlətçilik
ənənəsinin olmadığını deyən
düşmənlərimizə çox tutarlı bir cavabdr.
Ona görə də “Təzadlar” olaraq xalq şairi,
“Şöhrət” ordenli Söhrab Tahirin “ “Ata”
poema-eposunu hissə-hissə dərc etmək qərarına gəldik.
İnanırıq ki, ürəyi həmişə
vətən eşqi ilə döyünən hər bir kəs
bu poema-eposu sevə-sevə oxuyacaq.
Amma, istəkli
oxucular, istərdik poema-eposun dərcindən əvvəl bu sayımızda
ünlü şairimiz Söhrab Tahir haqqında Ulu
Öndər Heydər Əliyevin, alimlərin,
tanınmış yazıçıların, şairlərin.
ayrı-ayrı sənət
adamlarının və yaxın dostlarının fikirləri
ilə sizləri tanış edək.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev: Şuşada
M.P.Vaqifin məqbərəsinin açılışı
münasibətilə dahi rəhbərimiz Heydər Əliyevi
müşayiət edirdik. Açılış
mərasimində S.Rüstəm, M.Dilbazi, B.Vahabzadə və mən
şeir oxuduq. Lopa-lopa ağır qar
yağırdı. Yığıncaqdakılar
H.Əliyevə, şairlərə əl çaldılar, mənə
əl çalmadılar. Açılışdan sonra Mərkəzi
Komitənin ideoloji katibi H.Həsənov mənə
yaxınlaşıb dedi: “Söhrab Tahir, H.Əliyev yoldaş mənə
dedi ki, Tahir Söhraba de ki, onun oxuduğu şeir mənim
çox xoşuma gəldi” (1978).
Vladimir
Qafarov: “Bir
çox məşhur şairlər Söhrab Tahirdən
poeziyada mübarizliyi, döyüşkənliyi öyrənib.
Mən isə ondan “əmi”liyi öyrənmişəm”
(1971).
Qabil: “Sənin
“Yaxşılıq” əsərini jurnalda verdim, getdi. Bu poeman
böyük şöhrət qazanacaq”.
Əbülfəz
Hüseyni: “Araz” kinoteatrı qarşısında durmuşduq.
Söhbət əsnasında Ə.Hüseyni İsmayıl Cəfərpura
çımxıraraq dedi: “Söhrab Tahir məndən də
yaxşı yazır, səndən də. Sən
kitab oxumursan, götür oxu, gör, düz deyirəm, ya yox”
(1965).
Məmməd
Araz: 1967-ci ildə Yazıçılar İttifaqında
Hüseyn Abbaszadənin otağında qələm
dostlarının içində dedi: “Söhrab Tahir, təkcə
bu iki misrana görə sənə heykəl düşür:
İki
bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha.”
Aqil Abbas:
Bir yas yerində üzünü oturanlara tutub dedi: “Biz
yetmişinci illərin Universitet tələbələri iki
şairi daha çox oxuyurduq. Onlardan biri Bəxtiyar
Vahabzadə idi, ikincisi Söhrab Tahir idi.”
Nəriman
Həsənzadə: 1975-ci ildə və sonralar bir neçə
dəfə qələm dostlarının içində dedi:
“Söhrab Tahir, sən dahisən, sən həm də Pişəvərinin
varisisən.”
Əliağa
Kürçaylı: O, mənimlə bulvarda üz-üzə
gəldi, gözlərimdən öpdü və kövrəlmiş
halda dedi: “Jurnalda “Göygöl” şeirini oxudum,
ağladım”, Kürçaylı sonra həmin şeirdən
bir neçə bəndi əzbər dedi:
Gözümdə
bir gilə yaş gətirmişəm
Urmiyə gölündən yadigar sənə”.
O, bir daha
mənim gözlərimdən öpdü.
Akademik Bəkir
Nəbiyev: AMEA Beynəlxalq İnstitutunun
Atatürk adına konfras salonunda məni kənara çəkib
dedi: “Söhrab, hər dəfə yazılarınla bizi niyə
ağladırsan, biz sənə neyləmişik? Rəhmətlik
Firuz Sadıxzadənin vəfatı ilə əlaqədar
“Ədəbiyyat qəzeti”ndə essevari yazını oxudum,
ağladım.”
Xalq
şairi Bəxtiyar Vahabzadə: 1962-ci ildə
Yazıçılar İttifaqında söhbət əsnasında
deyib: “Mən təzə bir şair tapmışam. Jurnalda şeirlərini oxudum, Arazı
gümüş telli saza bənzədib, onu çalır, dərdlərini
bəyan edir, adı Söhrab Tahirdir.”
Sabir
Rüstəmxanlı: Dəfələrlə söhbət və
yazılarında deyib: “Poeziyamızdakı döyüşkənlik,
mübarizlik və Təbriz qeyrəti Süleyman Rüstəmdən,
Söhrab Tahirdən, Balaş Azəroğludan, Mədinə
Gülgündən gəldi.”
Prof. Vaqif
Arzumanlı: Rəsmi çıxış və
yazılarında deyib: “Azərbaycanın ən böyük və
qüdrətli şairləri Söhrab Tahirdən təsirlənib
ən yaxşı və mübariz şeirlərini
yazıblar. Bunu mən onun haqqında
yazdığım monoqrafiyamda elmi cəhətdən sübut
etmişəm”.
Rəfiq
Zəka: “Söhrab Tahir, xəbərin var ki, Respublikada şəxsiyyətinə
və yaradıcılığına ən çox şeir, hətta
poemalar həsr olunmuş şair sənsən?”,
Rəfiq Zəka sonra əlavə etdi: “Sənin düşmənin
yoxdur, bu da mənə görə yaxşı deyil, şairin
düşməni olmalıdır.”
Famil
Mehdi: Məmməd Araz telefonda, danışıq əsnasında
dedi: “Əmi, Famil Mehdi sənin “Mənim yolum” kitabını
alıb, oxuyub. Mənə dedi ki, Söhrab Tahirə neçə
dəfə zəng vurdum, telefonu götürən olmadı,
onu görsən de ki, şeirlərini oxudum, dəhşətə
gəldim, mən onu belə bilməzdim. O, heç kəsə
bənzəməyən böyük şairdir.”
Anar: Yazıçılar Birliyində
2001-ci ildə Anar məni qonaq olan türk
yazıçılarına təqdim edərkən dedi:
“Tanış olun, Söhrab Tahirdir, o tay-bu tayın
tanınmış şairidir.”
Məmməd
Rahim: Moskvada İkiillik Ali Ədəbiyyat kurslarını
bitirib Bakıya dönmüşdüm. Azərbaycan
Yazıçılar İttifaqının Rəyasət Heyətinə
yaradıcılıq hesabatı verirdim. Mənə
ünvanlanan bir neçə xoş söz deyildi. Məmməd
Rahim dedi: “Bu Söhrab Tahir indiyə qədər hardaydı. Mən
onun şeirlərini mətbuatda görməmişəm, nə
radioda, nə televiziyada, bu birdən-birə üzə
çıxdı, lap da vaxtında.”
Əlfi
Qasımov: “Ulduz” jurnalına getmişdim, Əlfi Qasımov
qapını açıb dəhlizə çıxarkən məni
qapı dalında gördü, təəccüb etdi, adəti
üzrə ucadan dedi: “Söhrab Tahir, sənin redaksiya
qapısını təpiklə açan vaxtındır, niyə
burada sıxılıb qalıbsan?!”
Əli
Tudə: “Sən hamıdan axırda gəldin, ancaq az müddət
içində bizimlə bir
sırada durdun, hətta
Yazıçılar Cəmiyyətimizin sədri də
oldun” (1958)
Qılman
İlkin: Məni iş yerimdə İsmayıl Şəms
vasitəsilə “Azərnəşr”ə, Bədii Şuraya
çağırtdırdı. Məni görüb heyrətə
gəldi və gülüb, dedi: “Söhrab, şeirlərini
“Azadlıq yollarında” almanaxında oxuyub belə təsəvvür
etdim ki, sən yaşlı şairsən. Sənin
belə cavan olduğunu görüb həm sevindim, həm də
təəccüb etdim. Burda oturanlar Bədii
Şura üzvləridir. Burada sənə
deyirəm, sənin ilk kitabını çap etmək qərarına
gəlmişik. Sənə 1 həftə
vaxt verirəm, şeirlərini topla, gətir ver İsmayıl
Soltana.” (1955)
Cəfər
Xəndan: “Söhrab Tahir, sən yaxşı şairsən,
ancaq tənbəl tələbəsən, baxmayaraq ki, səni
məqaləmdə tərifləmişəm, ancaq imtahanda sənə
“3”dən artıq qiymət verməyəcəm”.
Nəbi Xəzri:
Rusiyada Azərbaycan ədəbiyyatı günlərində
İrkutsk, Anqarsk, Bratsk, Kazan, Ufa, S.Yulayev şəhərlərində
yığıncaqlarda məni təqdim edərkən deyirdi:
“A teper, slovo predostavlyayetsya natsionalnomu poetu, natsianalnomu qeroyu
Yujnomu Azerbaydjana Soxrabu Tairu” ( İndi də
söz verilir Cənubi Azərbaycanın milli şairi, milli qəhrəmanı
Söhrab Tahirə).
Mən tribunaya gələrkən hamı durub
alqışlayırdı. Yığıncaqdan
sonra verilən böyük banketlərdə hamı mənə
baxır, mən isə hamı kimi çörək yeyə
bilmirdim. Bir dəfə Baykalda banketdə Nəbi Xəzri mənə
baxıb dedi: “Söhrab, niyə yemirsən?”. Dedim:“Ta milli qəhrəman başqaları kimi
basıb yeməz ki.”
Məmməd
Araz: Famil Mehdilə söhbət zamanı Məmməd
demişdi: “Söhrab Tahir nadir şairdi. Onun
şeirləri dəhşətdi”.
Cabir
Novruz: “Söhrab Tahir təkcə bizim əmimiz deyil, o, həm
də Azərbaycan şeirinin əmisidir”.
Nəriman
Həsənzadə: “Söhrab, yazdığın “Ata”
poema-eposu ədəbiyyatımızda ədəbi hadisədir”.
Süleyman
Rüstəm: Tələbələr arasında Süleyman
Rüstəmə yazdığım “Bir ovuc torpaq” şeirim
yayılmışdı. Bundan xəbər tutub məni
çağırıb soruşdu: “O tayda AzərAzər
adlı şair tanıyırsan? Mənə
şeir yazıb. Xoşuma gəldi. Əgər AzərAzəri tanıyırsansa, mənim
dilimdən ona təşəkkür yaz”.Bir il sonra şeir mənim
“Döyüş lövhələri” kitabımda çap
olunanda, məni çağırıb, dedi: “AzərAzər sən
imişsən ki. Mən də sənin
şeirinə cavab yazacağam”. Süleyman
Rüstəm mənə bir qəzəl həsr etmişdi.
Xəlil
Rza Ulutürk: “Söhrab Tahir, “Vətənlə sevgi
arasında” kitabını birnəfəsə oxudum. Sən
şeirdə qələm dostlarının hamısını
ötübsən, igid” .
Həmid
Məmmədzadə: Bakıda N.Nərimanov heykəlinin
yanında Abbas Zamanova dedi: “Söhrab Tahir “Yaxşılıq”
və “Sağ ol, baba sağ olsun” poemaları ilə bu
tayın Şəhriyarıdır”.
Rəşid
Təhməzoğlu: Azərbaycan Dövlət Bədən Tərbiyəsi
İnstitutunun akt salonunda mənim 75 illik yubiley tədbirində
çıxış edib mənə həsr etdiyi şeirini
oxumazdan qabaq dedi: “Məmməd Araz, Söhrab Tahir şeir
qartalının iki qanadıdır”.
Əlibala
Hacızadə: AMEA Ədəbiyyat İnstitutunda akademik Bəkir
Nəbiyevin rəhbərliyilə mənim 80 illiyimə həsr
olunmuş elmi konfrasda dedi: “Söhrab Tahirlə iş
yoldaşıyıq. O, bir sıra cəhətlərilə,
xüsusilə nikbinliyi, xoş xasiyyəti, rəftar və
davranışı ilə, başlıcası isə
özünə məxsus şeir və nəsrilə
oxucuların gözündə, demək olar ki, əfsanələşib
və bir növ əsatirə çevrilib”.
Akademik Məmmədtağı
Cəfərov: Gəncə Kənd Təsərrüfatı
Akademiyasında 75 illik yubileyimə həsr olunmuş
böyük yığıncağı açarkən dedi:
Əziz alimlər və ziyalılar, Türk
Dünyasının böyük şairi, xalqımızın
o taylı-bu taylı xalq şairi Söhrab Tahir AzərAzərin
yubileyinə xoş gəlmisiniz.
Akademik
Vasim Məmmədəliyev: Divani-Hikmət Məclisində
dedi: Bu günkü məclisin mənası bir də ona
görə dərindir ki, burada xalq şairimiz, dahi şairimiz Söhrab
Tahir iştirak edir.
Elçin:
(Aztv 2011) dedi: Söhrab Tahir Azər Azərə Süleyman
Rüstəm də əmi deyirdi. Halbuki o,
Söhrab Tahirdən iyirmi neçə yaş böyük idi.
Söhrab Tahir biz
yazıçı və şairlərin əmisidir. O, şəxsiyyətdir.
“Ata” eposu böyük, dəyərli əsərdir.
Fikrət
Qoca: Ağdaşda və televiziyadakı
çıxışında dedi: Söhrab Tahir böyük
şairdir, biz dostuq, aramızdan nəinki Araz, hətta bir
qurtum su da
keçə bilməz.
Musa
Ələkbərli: Şair televiziyada çıxış edərkən
(ictimai 2011) dedi: Söhrab Tahirin “Əmanət” romanını
oxuyarkən belə qənaətə gəldim ki, bu əsər
dünya ədəbiyyatının ən yaxşı əsərləri
sırasında dayanmağa layiqdir.
Elçin
Məmmədli, “Təzadlar” qəzetinin baş redaktor
müavini: Mən 1992-ci ildə könüllü olaraq
Qarabağ döyüşlərinə getmişdim. Gedərkən
özümlə
Söhrab Tahirin 1976-cı ildə yazdığı və 1981-ci ildə
çap olunmuş “Döyüş lövhələri”
kitabını götürmüşdüm. Bu kitabdan
oxuduğum vətənpərvərlik şeirlərinin,
xüsusi ilə başdan-ayağa
odlu, alovlu misralarla dolu olan
“Azərbaycan” poemasının, Qubatlı, Zəngilan,
Laçın, Füzuli və Haramı düzündə
keçdiyimiz döyüş yollarında komandiri olduğum
topçu batareyasının əsgərlərinə vətənə məhəbbət,
düşmənə nifrət hissini
aşıladığının canlı şahidiyəm.
Tariximizin və xalqımızın qanli köynəyindən
sıyrılıb çıxan “Azərbaycan” poemasına bir də
ona görə minnətdaram ki, 1995-ci ildə bir tədbirdə
onu əzbər söyləməyim Söhrab Tahirlə ata-bala
kimi yaranan əbədi dostluğumuzun təməlini qoydu.
MÜƏLLİFDƏN
Azərbaycan
ədəbiyyatında ən iri həcmli poetik əsər hesab edilən “Ata” poema-eposunu 1991-ci ildən qələmə almağa
başlamışam. Azərbaycanın ən qədim şeir
forması-qoşma şəklində min il əvvəl Yaxın,
Orta, Uzaq Şərq genişliklərində yaşayan, yaradan,
dəyişib varlığını
və ləyaqətini
isbat edən türkdilli qəbilə, tayfa və
xalqların, xüsusilə Azərbaycan xalqının
eramızın əvvəllərinə qədərki həyat
və məişətinin bədii-tarixi lövhələrdə təsvirini
əhatə edir. “Ata” sadə
xalq danışıq dilində yazıldığı
üçün burada demək olar ki, fars
və ərəb sözləri işlənməmişdir.
Əsərdə Azərbaycan, Orta Asiya, Türkiyə, Rusiya,
İran, Ərəb ölkələri, İngiltərə,
Almaniya, və s. Avropa alimlərinin
tarixi sənədlərə, tarixi həqiqətlərə
uyğun fikirləri əsas
götürülmüşdür.
Çoxdandır
ki, xarici ölkələrdə yaşayan soydaşlarımız
xalqımızın varlığı, mənşəyi,
yaşadığı ərazi, qədim həyat tərzi, dili
və qəhrəmanlıqları ilə maraqlanır, bəziləri
isə mənə bu haqda, məktub yazır, bu sahədə ortalığa ciddi
suallar qoyurdular.
Son 20 ildə
Azərbaycan xalqının varlığı, etnogenezi ilə əlaqədar elmi
kitablarla yanaşı, şamanizm, zərdüştizm
haqqında kitablar, əsatir, əfsanə,
dastan, nağıl, deyim və söyləncələr
oxuyurdum. Xalqımın qədim varlığını,
adını, qəhrəmanlıqlarını göstərən
sənədləri, abidələri dağıdıb,
yandırıb məhv edən düşmənlərin qəddarlığının
qanlı izinə düşüb, yavaş-yavaş
dünyanın ən qədim, ən nəcib, ən dəyişkən, ən
ləyaqətli və şücaətli xalqları olan türkdilli ellərin, o cümlədən
xalqımızın ən qədim tarixinin monumental mənzərələrini
aydın şəkildə görməyə başladım.
Azərbaycanda
istiqlal hərəkatı başlarkən bu mövzuda
böyük bir əsər yazmaq imkanı reallaşdı: Bir
gün yas məclisin-də Moskvadan yenicə
qayıtmış elimizin ağsaqqalı, böyük rəhbər
Heydər Əliyev xalqımızın tarixinin müxtəlif dövrlərindən
söhbət açaraq üzünü mənə
tutub məclisdə oturan alim və
yazıçılara xitabən dedi:
“Bu xalqın tarixini siz
yazmasanız bəs kim yazacaq?!”.
Mən
xalqımızın böyük oğlu Heydər Əliyevin bu
haqlı tələbinin təsiri altında “Ata” poema-eposunu
yazmağa başladım...
Hazırladı və təqdim etdi:
Elçin MƏmmƏdli
Təzadlar.- 2014.-
25 sentyabr.- S.7.