İmişli inanılmaz dərəcədə dəyişib, inkişaf edib

 

 

Rayon RİH-in başçısı Vilyam Hacıyev prezidentin ona göstərdiyi etimadı rayonun sosial-iqtisadi inkişafı və əhalinin rifahının yüksəldilməsi yolunda göstərdiyi fədakar  işi ilə doğruldur

Hörmətli oxucularımıza məlum olduğu kimi ötən il qəzetimiz bir neçə layihə həyata keçirirdi. Onlardan biri də “2009-2013-cü illərdə Regionların Sosial-İqtisadi İnkişafı Haqqında Dövlət Proqramı” çərçivəsində rayonlarda gedən quruculuq, abadlıq işləri haqqında geniş yazılar hazırlamaq idi. Bu yazılarda dövlət proqramının regionlarda necə həyata keçirilməsi, rayonların inkişafı üçün ayrılan dövlət vəsaitlərinin təyinatı üzrə necə xərclənməsini, prezident İlham Əliyevin vətəndaşlara qayğı və diqqətlə yanaşılması barədə məmurlara ünvanlanmış göstərişlərinə necə əməl edilməsi və s. öz əksini tapırdı. Həyata keçirdiyimiz layihə çərçivəçində respublikamızın və Bakının bir neçə rayonları barədə ətraflı məlumat vermişdik. 

 

 

Belə rayonlardan biri də İmişli rayonu idi.

 

 

İmişli rayonu təsəvvür etdiyimizdən də yüksək səviyyədə inkişaf edib. Doğurdan da əvvəlki illərdə gördüyümüz qarmaqarışıq tikililərdən, əyri-üyrü, çala-çuxur yollardan əsər əlamət qalmayıb. Bu gün İmişli rayonu sözün əsl mənasında mərkəzi şəhər yerini xatırladır. Abadlaşmış geniş küçələr, yaraşıqlı parklar, bağlar, ən müasir görünüşdə tikililər sözün həqiqi mənasında göz oxşayır. Görülən bütün bu işlər əlbəttə ki, İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin öz işinə məsuliyyətlə yanaşmasının nəticəsidir. Elə ona görə də istədik İmişli rayonunun az müddətdə inanılmaz dərəcədə dəyişilib yenidən qurulmasının memarı V.Hacıyevlə görüşüb, bütün bu uğurlara necə nail olması barədə söhbət edək. Çox təəssüf ki, yeni il qabağı tədbirlərin çoxluğundan başçının özü ilə görüşə bilmədik. Necə deyərlər, igidin adını eşit, özünü görmə. Lakin İmişli rayon icra hakimiyyətinin başçısının köməkçisi Füzuli İsayev ilə görüşdük. F.İsayev təbii ki, gəlişimiz barədə V.Hacıyevə məlumat vermişdi. Füzuli müəllim qeyd etdi ki, “rayon haqqında tam dolğun məlumat əldə etmək üçün sizə hər cürə şəraitin yaradılması barədə V.Hacıyev göstəriş verib”. F.İsayevlə söhbətimiz zamanı aydın etdim ki, köməkçi kimi öz işinə çox ciddi yanaşır, işini sevəndir və rayonda baş verən bütün yeniliklərdən tam məlumatlıdır. Ancaq qeyd etdi ki, vaxt darlığından mənimlə birgə rayonda görülən işlərlə tanış olmaq imkanı yoxdur. Ona görə də üzrxahlıq edərək, bu barədə bizə yaxından bələdçi olmaq üçün İmişli RİH-in İnformasiya təminatı və təhlili sektorunun müdiri Elnur Tağıyevlə görüşdürdü.  E.Tağıyev atıq məsələdən məlumatlı imiş. Ona görə də bizimlə səmimi və olduqca dostyana görüşdü. İlk tanışlığa İmişlinin mərkəzində salınmış, göz oxşayan  istirahət parkından və Bayraq meydanından başladıq. Doğrudan da az müddətdə araya, ərsəyə gələn bu park imişlilərin istirahət yerinə çevrilib. Parkın bir tərəfində ən müasir üslubda tikilmiş Heydər Əliyev Mərkəzi diqqəti çəkir. Mərkəzdə iri planda hazırlanmış Heydər Əliyevin portreti olduqca orijinal üslubda işlənib. Şəxsən mən hələ Heydər Əliyevin belə bir portretini heç yerdə görməmişəm.

 

 

 

E.Tağıyevlə söhbətdən məlum oldu ki,  İmişli  şəhərində istifadəyə verilən “Gənclər Mərkəzi” ndə konfrans zalı, kinoklub, kitabxana, Şahmat dərnəyi, idman zalı, kafe, çayxana və digər xidmət obyektləri fəaliyyət göstərir.  Söhbətimiz zamanı onu da öyrəndik ki, İmişli RİH-in başçısı V.Hacıyevin təşəbbüsü və dəstəyi ilə uzunmüddətli fasilədən sonra yeni “Mil-Muğan” futbol komandası  yaradılmış və artıq uğurlu nəticələrə nail olmuşlar.

İmişlinin mərkəzi küçələrini gəzdikcə inanmaq olmur ki, əyalət şəhərindəsən. Hər tərəfdə bir abadlıq, səliqə-səhman hökm sürür. Şəhərin M.Əsədov, Həsənoğlu, A.Ələsgər, 20 Yanvar küçələrində, H.Əliyev prospektində, Bayraq və Mərkəzi Rayon Xəstəxanasının qarşısındakı meydanlarda abadlıq işləri aparılmış və bu işlərə 500,0 min manat vəsait xərclənmişdir. Şəhərin T.İsmayılov və S.Fətəliyev küçələrinə asfalt örtüyü qoyularaq abadlaşdırılmışdır.

İmişlinin mərkəzində olan tarix diyarşünaslıq muzeyi də diqqətimizi çəkdi. Məlum oldu ki,  Rayon Tarix-Diyarşünasliq muzeyində əsaslı təmir işləri görülərək muzeyin dam örtüyü dəyişdirilmiş, bina ağ layla üzlənmişdir. Sahəsi 200 kv.m, 2 zaldan ibarət olan muzeyin daxili tərtibatı yenidən qurulmuş, eksponatların sayı 4 min ədədə çatdırılmışdır. Rayon Mədəniyyət Sarayında, Mərkəzi muhasibatlıqda və Uşaq İncəsənət məktəbində də cari təmir işləri görülmüş, mədəniyyət müəssisələrinə invertar və digər  avadanlıqlar alınmışdır. Hazırda Rayon Mərkəzi kitabxanasında, təmir işləri başa çatmaq üzrədir və binanin fasad hissəsinin aqlay daşları ilə üzlənmişdir.

Artıq məlumatımız var idi ki, rayonda 28.10.2012-ci ildə prezident İlham Əliyevin açılışında iştirak etdiyi ən müasir tipli xəstəxana fəaliyyət göstərir. Ona görə bu xəstəxanaya da baş çəkmək qərarına gəldik. Məlumat üçün onu da qeyd edək ki, bu xəstəxana Azərbaycan Respublikası prezidentinin 30 mart 2010-cu il tarixli sərəncamı ilə prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına əsaslı təmir edilərək gözəl bir səhiyyə ocağına çevrilmişdir. Xəstəxana ən müasir avadınlıqlarla təmin olunmuş və bu səbəbdən imişlilərin hər hansı bir müayinə üçün Bakıya gəlmələrinə ehtiyac yoxdur.  Onu da öyrənirik ki, xəstəxanada 28 mart 2013-cü il tarixdən “Dializ” şöbəsi fəaliyyətə başlamış, hazırda şöbədə növbəli iş şəraitində hər gün 15 nəfər xəstə müalicə olunur. 2013-cü ilin 6 ayı ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən şəkərli diabetli xəstələrə 500 ədəd qlükometr (şəkər ölçən aparat) və 1300 qutu test çubuqları verilmişdir.20 sentyabr 2013-cü il tarixdə Axıcanlı həkim məntəqəsi üçün yeni bina inşa edilərək kənd sakinlərinin  istifadəsinə verilmişdir.

Maraqlıdır, görəsən, İmişli kimi isti bir rayonda su problemi necə həll olunur? Çünki əksər rayonlarda su problemi yaşanır ki, bu da əhalinin əkinçiliklə məşğul olmasına imkan vermir. Ancaq İmişlinin təsərrüfatı ilə yaxından tanışlıqdan sonra məlum olur ki, rayonda bu məsələ demək olar ki, tam həllini tapmaq üzrədir. Çünki  İmişli şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində tikinti işləri “T.T.Ş İnşaat” MMC tərəfindən davam etdirilir. E.Tağıyevdən öyrənirik ki, hal-hazıradək Beyləqan rayonunun Aşıqlılar kəndi ərazisində qazılması nəzərdə tutulmuş 5 ədəd artezian quyusu qazılıb istismara tam hazır vəziyyətdədir. 630 mm-lik polietilen boru ilə 29,5 km-lik Beyləqan-İmişli magistral su xəttinin tikintisi başa çatmış, magistral su xətti üzərində olan rayonun Şahverdili, Göbəktala, Məhəmmədli və Rəsullu kəndlərini içməli su ilə təmin etmək üçün 100 mm-lik borular vasitəsilə çıxışlar qoyulmuşdur. Magistral xətt üzərində nəzərdə tutulan müxtəlif təyinatlı bütün quyuların və suqəbuledici kameranın tikintisi başa çatdırılmışdır. Layihədə nəzərdə tutulmuş 1 ədəd 1500 kubmetrlik və 2 ədəd 2500 kubmetrlik su anbarının tikintisi başa çatdırılmış, müxtəlif diametrli polietilen borularla 7321 p/m kanalizasiya kollektor xətti çəkilmişdir. Şəhərdaxili 167 km içməli su xəttində tikinti işləri başa çatmış, su xətti çəkilərkən 741 ədəd yanğın hidrantı inşa olunmuş, 6100 abonentə “SMART kart” tipli sayğaclar quraşdırılmış, əhaliyə təmiz və dayanıqlı içməli suyun verilməsi təmin edilmişdir.

Bütün bu məlumatları eşitmək təbii ki, xoş idi. Çünki kənddə yaşayan əhalinin suya böyük ehtiyacı var. Ona görə yox ki, insanın yaşaması üçün su həyat mənbəyidir. Axı su təkcə insana yox, kənd təsərrüfatına ən yararlı və zəruri elementdir. Bu baxımdan   kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə rayonun Bəcirəvan, Mirili, Otuziki, Yuxarı Qaralar, Soltanmuradlı, Nurulu, Muradxanlı, Sarıxanlı, Əliqulular, Ağamalılar, Ağaməmmədli, Oruclu, Hacırüstəmli, Aranlı, Qızılkənd, Qaragüvəndikli, Xəlfəli, Telişli və Məmmədli kəndlərində modul tipli su təmizləyici qurğuların quraşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 14.03.2013-cü il tarixdə 299 saylı məktubla müraciət olunmuşdur. Azərbaycanda sudan istifadə edənlər birliklərinin inkişafına dəstək layihəsi çərçivəsində rayonun Muradxanlı və Ağaməmmədli kəndləri ərazisindəki suvarma və drenaj kanallarında təmir-bərpa işləri  başa çatmışdır.

Bunun üçün 2405 ha sahədə suvarma kanallarının, drenaj kanallarının lildən təmizlənməsi, çoxsaylı müxtəlif tipli yeni hidrotexniki qurğuların tikintisi, mövcud qurğuların təmiri və digər işlər həyata keçirilmişdir. Bütün bu işlər “Kristal İnşaat” MMC tərəfindən aparılmışdır. Bununla yanaşı, rayonun bir çox kəndlərində sudan istifadə edənlər birlikləri üçün yeni inzibati binalar tikilmiş, binaların mebel və avadanlıqlarla təchiz olunması da nəzərdə tutulmuşdur.

Bildiyimiz kimi, Kür daşqınları zamanı İmişlinin də bir çox kəndləri ciddi ziyan çəkmişdir. Bu ziyan hazırda bütünlüklə aradan qaldırılmış, evləri dağılan sakinlər yeni evlərlə təmin edilmişdir. Lakin gələcəkdə belə halların qarşısını almaq, Kür-Araz çaylarında mühafizə bəndlərini möhkəmləndirmək məqsədilə betonla sahilbərkitmə, çoxsaylı qayakəsmə və təmir işləri görülmüşdür. Həmçinin rayonun Qaradonlu kəndində Araz çayının sağ sahilindəki 1,8 km məsafədə yeni layihə üzrə aparılan mühafizə bəndlərinin möhkəmləndirilməsi və təmiri işləri başa çatmışdır.

E.Tağıyevlə söhbətimiz zamanı məlum oldu ki, rayonda heyvandarlıq və quşçuluq sahəsi də geniş inkişaf edib. O cümlədən taxılçılıq, pambıqçılıq, tərəvəzçilik sahəsi üzrə də uğurlu nəticələr əldə edilmişdir.

İmişli RİH-in başçısı V.Hacıyevin rayonda mövcud olan Qarabağ müharibəsi əlillərini, şəhid ailələri və veteranlarını daim diqqət mərkəzində saxladığı barədə də yerli sakinlərdən məlumat aldıq. Öyrəndik ki, V.Hacıyevin müraciəti əsasında bu kateqoriyadan olan insanların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisinə başlanılmışdır. Həmçinin, rayonda bu təbəqədən olan insanlar üçün növbəti, ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün 550 məcburi köçkün ailəsinə fərdi yaşayış evlərinin tikintisi üçün Bəhrəmtəpə qəsəbəsində 100 hektar torpaq sahəsi ayrılmış, hazırda 325 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evlərinin və 360 şagird yerlik 2 mərtəbəli yeni məktəb binasının tikintisi başa çatmışdır. 50 yerlik uşaq baxçası, inzibati bina, klub, feldşer-mama məntəqələrində də tikinti işləri başa çatmaq üzrədir.

E.Tağıyev elə yeri gəlmişkən məlumat verdi ki, son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülmüş, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq Quşçuluq” MMC istifadəyə verilmişdir. Bu da ki, yüzlərlə insan üçün yeni iş yerinin açılması deməkdir.

Bildiyimiz kimi rayon yerləridndə əhalinin ən böyük problemlərindən biri də işıq problemidir. Bu gün müasir texnologiyanın inkişaf etdiyi bir zamanda, istər rayonda, istərsə də şəhərdə təbii ki, işıqsız qalmaq mümkün deyil. İmişlini gəzdikcə yenilənmiş işıq dirəkləri istər istəməz gözə çarpır. Bu barədə sorğumuza isə E.Tağıyev belə cavvab verdi: “İmişli şəhərində 0,4 kv-luq elektrik veriliş xətlərinin SİP kabeli ilə əvəz olunması, qabaqcadan ödənişli 8500 ədəd SMART-kart tipli sayğacların və elektrik dirəklərinin quraşdırılması işləri başa çatmış, 2013-cü ilin sonuna qədər rayon ərazisində 2941 metr məsafəyə SİP kabeli, 20986 metr məsafəyə isə naqil xətləri çəkilmiş, 625 ədəd elektron tipli enerqomer sayğaclar quraşdırılmışdır. Rüb ərzində 52 ədəd müxtəlif gücdə olan transformatorlar təmir edilmiş, 49 ədəd istismara yarasız ağac dayaqlar yeniləri ilə əvəz olunmuş, 68 ədəd dəmir-beton dayaqlar basdırılmışdır. Həmçinin, 25 ədəd istismara yararsız dayaqlar, 38 ədəd metal dayaqlarla əvəz olunmuş, çürümüş ağac dayaqların dibinə 23 ədəd ağac dayaq, 17 ədəd dəmir beton kötüklər basdırılmışdır. Ona görə də açıq demək olar ki, İmişli rayonunda əhalinin işıq sarıdan heç bir problemi yoxdur”.

Yeri gəlmişkən, rayonun qazla təminatı da bizi maraqlandırdı. Bu barədə isə rayon qazistismar idarəsinin baş mühəndisi Yelmar Əliyev məlumat verdi: “Rayon Qaz İstismarı sahəsi tərəfindən 2013-cü il ərzində şəhərin qazlaşdırılması işi davam etdirilərək 796 abonentin evinə təbii qaz xətti çəkilmiş, bununla da 7616 abonentin təbii qazdan istifadəsi təmin edilmişdir. Həmçinin, qeyri-əhali sektoru üzrə 58 abonentin də təbii qazdan istifadəsi təmin edilmişdir. “Neft yolları tikinti” ASC tərəfindən şəhərin bir çox ərazilərində 4226 p/m polietilen, 14434 p/m polad boru xətləri çəkilmişdir. Rayonun Yalavac, Cəfərli, Ağaməmmədli və Muradxanlı kəndlərində daşıyıcı qaz xətlərinin çəkilişi başa çatdırılmış, Yalavac və  Cəfərli kəndlərində mənzillərə fərdi qaydada məişət qaz sayğacları quraşdırılaraq, qazın verilməsi təmin edilmişdir. Hazırda Bəhrəmtəpə qəsəbəsində “Təmir-Tikinti AZNY” QSC tərəfindən müxtəlif diamterlərdə 19713 p/m polad boru xətti çəkilmişdir. Hazırda bu sahədə  işlər davam etdirilir. “Aran” Yoldaşlıq şirkəti MMC tərəfindən Rəsullu kəndində kənddaxili yeraltı daşıyıcı polietilen boru xətti çəkilmiş, mənzillərə məişət qaz sayğacları quraşdırılmış və kəndə qazın verilməsi təmin edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir”.

 E.Tağıyevlə gəzintimizi davam etdiririk. Eyni zamanda müxtəlif suallar verməkdən də qalmıram. Ona görə də maraqlandım ki, rayonun özündə və kəndlərində informasi və texnologiya əsrində rabitə və internetin vəziyyəti necədir? E.Tağıyevin dedikləri: “Bu il ərzində rayon üzrə 205 abonentə telefon xətti çəkilmişdir. Rayonun Qızılkənd EATS-i 256 nömrə, Bəhrəmtəpə EATS-i 50 nömrə, Qaravəlli EATS-i  96 nömrə, Qaraqaşlı EATS-i 128 nömrə, Qaradonlu EATS-i 100 nömrə, Muradxanlı EATS-i 100 nömrə, Şəhər üzrə EATS-i 1000 nömrə olmaqla cəmi 1730 nömrə üçün xətt təsərrüfatının genişləndirilməsinə başlanılmışdır. Genişzolaqlı internet istifadəçilərinin sayı 2015-ə çatmışdır. Əhalinin  genişzolaqli internetə olan təlabatını ödəmək üçün DSLAM avadanlıqları olmayan EATS-də internet avadanlıqları quraşdırılması nəzərdə tutulmuşdur. Cari ildə rayonun Rəsullu, Əliqulular və Xəlfəli kənd poçt şöbələri üçün yeni binaların tikintisi də nəzərdə tutulmuşdur”.

 E.Tağıyevin hər tərəfli məlumata malik olduğunu görüb,  rayon təhsili barədə də bəzi məlumatlar almaq istədik. Öyrəndik ki, 2013-cü il ərzində dövlət büdcə vəsaiti hesabına inşa olunan 180 şagird yerlik Hacıbabalı kənd ümumi orta məktəbi üçün yeni bina inşa edilmiş, Xoşçobanlı kənd tam orta məktəbinin tədris binasında bərpa-gücləndirmə işləri aparılmış və 8 əlavə sinif otağı tikilmişdir. Rayonun Cavadxanlı, Buludlu, Cəfərli kənd 1 saylı tam orta məktəblərində əsaslı təmir işləri aparılmış, eyni zamanda 360 şagird yerlik Sarıxanlı kənd 1 saylı tam orta məktəbinin tədris binasında bərpa-gücləndirmə işləri  və əlavə sinif otaqlarının tikintisi, 960 şagird yerlik şəhər 5 saylı məktəb-liseyin əsaslı təmiri başa çatdırılaraq şagirdlərin və pedaqoji kollektivin istifadəsinə verilmişdir. Həmçinin 120 şagird yerlik Cəfərli kənd 2 saylı və 180 şagird yerlik Ölcələr kənd tam orta məktəblərinin, eləcə də 40 yerlik Məzrəli kənd Uşaq bağçasının tikintisinə başlanılmış, hazırda tikinti işləri davam etdirilir.

Bütün bunları eşidib görmək təbii ki, xoş idi. Bu, bir daha onu göstərir ki, prezident cənab İlham Əliyevin sərnəcəmları, göstərişləri rayonda uğurla həyata keçirilir. Deməli, V.Hacıyevin timsalında açıq söyləmək olar ki, prezident İlham Əliyev çox uğurlu kadr siyiasəti aparır. Elə ona görə də, İmişli barədə təəssərüatlarımıza prezident cənab İlham Əliyevin 28.10.2012-ci ildə İmişlidə xəstəxananın və şəhər su anbarları kompleksinin açılışında etdiyi çıxışla son qoyuruq: “Doğrudan da son bir neçə ay ərzində İmişli rayonunun inkişafı üçün çox böyük, tarixi işlər görülmüşdür. İmişlini tanımaq mümkün deyil. Buraya gələrkən çox təəccüb edirdim ki, mən indi İmişlidəyəm, yoxsa hansısa başqa şəhərdəyəm. Doğrudan da, tarixi dəyişikliklər baş vermişdir. Gözəllik, abadlıq, yeni meydan, Bayraq meydanı, yeni parklar, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzinin tikintisi, binaların bərpası, küçələrin salınması, yeni işıq dirəklərinin qurulması. Görülən bütün işləri sadalamaq üçün yəqin ki, çox vaxt lazım olacaq, ancaq bir sözlə, siz İmişli sakinləri bunu yaxşı bilirsiniz və bütün bu quruculuq, abadlıq işlərində fəal iştirak edirsiniz. Bu, sizin ümumi zəhmətinizin bəhrəsidir.

Bu dəyişikliklər əlbəttə ki, məni ürəkdən sevindirir. Əminəm ki, sizi də sevindirir. Ancaq eyni zamanda, bir vacib məsələni üzə çıxarır ki, istək, siyasi iradə və öz xalqına qayğı olan yerdə hər şey etmək mümkündür. Bir neçə ay bundan əvvəl İmişli rayonuna yeni icra başçısı təyin edilmişdir. O, təyin edilərkən mən ona çox önəmli tövsiyələr, göstərişlər verdim və dedim ki, İmişli rayonu geridə qalmamalıdır, əksinə ölkəmizin ən qabaqcıl rayonlarının birinə çevrilməlidir. Son bir neçə ayın təcrübəsi göstərir ki, siz bu yolda uğurla irəliləyirsiniz. Əminəm ki, gələn səfərdə yeni gözəl binaları, yeni açılan obyektləri görəcəyəm və beləliklə, İmişlinin uzunmüddətli inkişafı təmin ediləcəkdir”.

Biz də inanırıq ki, Prezident İlham Əliyevin inanıb, etibar etdiyi İmişli RİH-in başçısı Vilyam Hacıyev bundan sonra da rayonun inkişafı, əhalinin rifahının daha da yüksəldilməsi yolunda var gücü ilə çalışacaq və prezidentin ona göstərdiyi etimadı həmişə olduğu kimi, yenə də əməli işi ilə doğruldacaqdır.

 

 

 

Elçin MƏMMƏDLİ

Təzadlar.- 2014.- 9 yanvar.- S.12-13.