Mən Ağdamı çox sevirəm

 

(Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Sənan Rüstəmovun və minlərlə şəhidlərin xatirələrinə ithaf edirəm)

 

 

Bu gün Sənan Rüstəmovun doğum günüdür...  “Qaçqın” kəlməsini fikirləşib tapan insan əgər Azərbaycanlıdırsa, onda o, öz milli mənsubiyyətinin fərqinə varmayan, milli qürurunolduğunu dərk etməyən, çox qədim dövrlərə gedib çatan tariximizdən bixəbər və ya milli dəyərlərimizə biganə olan bir insandır. Ağdamın altı mindən artıq müharibə şəhidi, minlərlə müharibə əlili, bitməyən müharibədən sonra isə bundan bəlkə də on dəfə çox torpaq həsrətinə dözməyib öləni var... Bu o deməkdir ki, sonuncu Qarabağ müharibəsində Ağdam əhalisinin hər iyirmi səkkiz nəfərindən biri müharibədə şəhid, təxminən hər on nəfərindən biri isə əlil olub. Əgər qaçsaydıq bu qədər itgilərimiz olardımı???

Mən tam məsuliyyəti ilə deyirəm ki, “qaçqın” sözü maddifiziki cəhətdən təcavüzə məruz qalmış, yurd-yuvalarını və sağlamlıqlarını itirmiş insanların psixoloji cəhətdən də zədə almaları üçün düşünülmüş halda həyata keçirilən siyasi aksiyadır. Eyni zamanda bu sözün mayasındakı təhqiramiz məna çaları Azərbaycan əhalisinin təxminən doqquzdan birinin qürurunun məhv edilməsi istiqamətində atılmış iyrənc bir addımdır.

Ağdamı - İmarəti, Qarağacı qəbirstanlığını, Fərhadın meydanda külüng vuran heykəlini, Məşədi Abbasın 1935-ci ildə tikdirdiyi mədəniyyət evini, ətraf rayonların əhalisinin də ziyarətgahına çevrilmiş Ağdam məscidini, Çay evini, Ağdam bazarını, şahbulağı, Abdal-Gülablını, şelli dağlarını, Xıdırlı qaymağını, Qiyaslı gilasını və ... görən sonuncu Ağdamlı bu dünyanı tərk edib, Tanrı dərgahına köç edəndə Ağdamlı sözü mənasını itirəcək, Ağdam sözü isə əfsanəvi bir kəlməyə çevriləcək. Nə qədər ki, bu dünyada Ağdamlılar var, yığışıb, düşmən üstünə getmək, Ağdamı xilas etmək, ata-babalarımızın kafir caynağında əsir qalan ruhlarını əsarətdən qurtarmaq gərəkdir!!!

Mən Ağdamı çox sevirəm. Hərdən mənə elə gəlir ki, dünyada heç kim Ağdamı mən sevdiyim qədər sevə bilməz. Amma bir az dərindən fikirləşəndə görürəm ki, yox, elə deyil. Ağdamlıların elə hamısı Ağdamı nəhayətsiz bir məhəbbətlə sevirlər. Ağdam seviləsi bir məkan idi, uğrunda can veriləsi yurd yeri idi. Verildi də. Eldarlar, şirinlər, Fred Asiflər, Allahverdilər, Ala Yaqublar, Canpoladlar, Əkrəmlər, Xosrovlar, Sənanlar, Hidayətlər və adlarının sadalanması mümkün olmayan altı mindən artıq Ağdamlı canını doğma diyara qurban etdi. 6000 şəhid! Bu ən azı 6000 sevgi deməkdir! Həm də bu o deməkdir ki, bu gün əhalisinin sayı yüz yetmiş minə çatan Ağdam əhalisinin təxminən hər iyirmi səkkiz nəfərindən biri canını Vətənə qurban verib. Nəzərə alsaq ki, sonuncu Qarabağ müharibəsində (atəşkəs dövründə həlak olanlar da daxil olmaqla) Azərbaycan tərəfi 22500 şəhid verib və 6000-ini çıxıb, yerdə qalan rəqəmi respublikanın rayonlarına bölsək nisbətin müqayisə olunmayacaq qədər böyük olduğunun şahidi olarıq.

Mən Ağdamı çox sevirəm. Ancaq görünür həmin 6000 şəhid məndən də çox sevirmişlər Ağdamı. Çox sevirmişlər ki, doğma torpağa qarışıb, Ağdamda qaldılar, Vətənləşdilər. Birgörünür Allah da onları çox sevirmiş. Buna görə də şəhidlik kimi uca bir məqamı onların qismətinə yazdı. Qarabağ müharibəsində yüz minlərlə güllələr, top, tank mərmiləri, raketlər atıldı. O güllələr, toplar, raketlər hər bir kəsin həyatına bircə anda son qoya bilərdi. Amma şərəfli ölüm, ŞƏHİDLİK hər kəsə də qismət deyilmiş görünür.

Mən Ağdamı çox sevirəm. Ağdama getmək istəyirəm. Ağlım kəsəndən gördüyüm yerlərin ən müqəddəsi hesab etdiyim, atamın, anamın uyuduğu “Qarağacı” qəbirstanlığında torpağa qarışmaq istəyirəm. Özü də elə-belə, adi ölümlə yox, şəhid olub, qovuşmaq istəyirəm o müqəddəs torpağa. Mənə bir müharibə göndər, ya Rəbbim. Göndər o müharibəni, gedib, dara çəkilmiş narahat ruhları azad edim. Bir də şəhidlik qismət elə mənə, ey uca Allahım. şəhidlik qismət elə ki, Vətən qarşısındakı günahlarımı yuyub, borclarımı qaytara bilim doğma Ağdama. Mən Ağdamı çox sevirəm. Bütün Ağdamlılar kimi!

 

 

Sənan Rüstəmov kim idi?

 

 

1988-ci ilin əvvəllərində kəskin şəkildə başlayan Qarabağ müharibəsi dünənə qədər başqalarından heç nə ilə seçilməyən minlərlə gənclərimizin qəhrəmanlığına təkan verdi. Öz atalarının, böyük qardaşlarının silahdaşlarına çevrilən belə gənclərdən birion beş yaşı yenicə tamam olmuş Sənan idi. Hamının hörmətlə yanaşdığı atası Əkbər Rüstəmov xalq hərəkatının fəallarından biri idi. Qarabağda hamı onun fikirlərinə inamla yanaşır, ətrafına toplaşırdılar. Sənan da boş vaxtlarını atasının yanında keçirməyə çalışırdı.

Sənan Əkbər oğlu Rüstəmov 1973-cü ilin yanvar ayının 11-də Ağdam rayonunda doğulmuşdu. 1989-cu ildə 2 nömrəli orta məktəbi bitirmişdi. Məktəbi bitirənədək çox şeylərə nail olmuşdu. Atasının rəhbərlik etdiyi sərbəst güləş bölməsində idmanla məşğul olmağa başlamış, sonra güləşin “sambo” növünə keçmişaz bir zaman ərzində xeyli qələbə qazanmışdı. Yaşı düşməsə də 16 yaşında “sambo” üzrə kişilər arasında respublika birinciliyində iştirak etmiş, çempion olaraq, “SSRİ idman ustası” normasını yerinə yetirmişdi. Sənan yaxşı oxumaqidmanla məşğul olmaqla yanaşı, həm də musiqiyə böyük həvəs göstərirdi. Ağdamdakı 2 nömrəli uşaq musiqi məktəbində təhsil alan Sənan çox məharətlə tar çalırdı. O vaxtlar çox məşhur olan, Murad Rzayevin rəhbərlik etdiyiQarabağ bülbülləri” ansamblının üzvü idibu kollektivin tərkibində neçə-neçə konsertlərdə iştirak etmişdi. Hərbi xidmətə gedənə qədər Ağdam Uşaq-gənclər sambo məktəbində məşqçi-müəllim işləmişdi. Yaşının az olmasına baxmayaraq güclü iradəyə malik idi. Hərbi xidmətinin bir hissəsini Qusar rayonundakı SSRİ hərbi hissələrindən birində keçirən Sənan Rüstəmov Qarabağda vəziyyətin günbəgün gərginləşdiyini eşidəndə altmış nəfər əsgər yoldaşını götürüb, Bakıya gəlir və Qarabağa göndərilmələri üçün Müdafiə nazirliyinə müraciət edir. Nazirlikdən cavab çıxmadığını görən Sənan on yeddi nəfər əsgər yoldaşı ilə birgə icazəsiz-filansız Ağdama gəlir və Şirin Mirzəyevin (ölümündən sonra Azərbaycanın milli qəhrəmanı) yaratdığı, Azərbaycanın qeydiyyatdan keçmiş ilk milli batalyonu olan hərbi hissədə xidmətlərini davam etdirməyə başlayırlar. Gənc və qorxmaz Sənan həmişə döyüşün ən qaynar nöqtəsinə can atırdı. Onun bu cəsarətini görən Şirin Mirzəyev onu kəşfiyyat rotasının tərkibinə daxil edir. Sənan kəşfiyyata getdiyi heç bir əməliyyatdan əliboş qayıtmırdı. Dəfələrlə əməliyyat zamanı erməni-rus hərbi birləşmələrinin əsgərlərini məhv etmiş, qənimət olaraq silah, rabitə aparatı, videokameras. gətirmişdi. 1992-ci ilin aprel ayında isə döyüşçü dostları Əkbər Məmmədov, Əlabbas və Aydınla birlikdə Stepanakertə girərək 4 nömrəli orta məktəbdə yerləşən hərbi hissədən böyük əhəmiyyətə malik olan hərbi xəritəni gətirmişdilər. 1992-ci ilin yanvar ayının sonlarında mövqelərimizin müdafiəsi zamanı ayağından yaralanan Sənan müalicə olunmaq üçün hospitala göndərilir. Xocalı müsibətindən xəbər tutanda yarasının hələ sağalmamasına baxmayaraq hospitaldan qaçaraq cəbhəyə gəlir və düşmənlərə qarşı daha amansızlıqla vuruşmağa başlayır. Özü də cəsurluğu və qəhrəmanlığı ilə həmişə seçilən Şirin Mirzəyev Sənanı həmişə əsgərlərə nümunə göstərirdi. Təcrübəli komandir 1992-ci ilin aprel ayının 4-də 19 yaşlı Sənanı Əkbər Musa oğlu Məmmədovun rəhbərlik etdiyi üçüncü batalyonda İkinci rotanın komandiri təyin edir. 1992-ci ilin aprel-may aylarında Sənan Rüstəmov öz rotası ilə birlikdə ağlagəlməz igidliklər göstərdilər. Sənan təkbaşına Ulubab yüksəkliyinə qalxaraq düşmənin iki postunu dağıdır və düşmənlərə aman vermədən onların hamısını məhv edir. Mardakert (Ağdərə) rayonunun Qazançı, Sırxavənd, Kiçan, CanyataqGülyataq kəndləri uğrunda, Əsgəran rayonunun Pircamal, Ağbu-laq, Naxçvanik və Dəhraz kəndləri uğrunda gedən döyüşlərdə Sənan Rüstəmovun göstərdiyi şücaətlər onun döyüş yoladaşlarının xatirindən yəqin ki, ömrü boyu silinməyəcək.

Sənan Əkbəroğlu Rüstəmovun sonuncu döyüşü 1992-ci ilin may ayının 15-də oldu. Erməni-rus hərbi birləşmələri çox güclü həmlə edərək Ağdamın Abdal və Gülablı kəndlərini götürmüşdülər. Döyüş strategiyasını çox yaxşı bilən peşəkar hərbçi Şirin Mirzəyev başa düşürdü ki, bu kəndlərin getməsi Ağdamın işğalı üçün düşmənlərə əlverişli şərait yaradır. Buna görə də hayqıraraq döyüşçülərini Abdal-Gülablı kəndlərini azad etməyə çağırır. Gərgin döyüş başlayır. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq erməni-rus birləşmələri geri çəkilməyə məcbur olurlar. Lakin bu döyüşdə düşmənlər Azərbaycan tərəfdən vuruşan SU -25 vertolyotunu vurmağa müvəffəq olurlar. Paraşütlə tullanan üç pilot isə əsir düşür. Bunu eşidən Sənan Rüstəmov irəli atılır. Düşmənləri məhv edərək polkovnik-leytenant Şuvaryovu əsirlikdən azad edir. Sonra Şuvaryovun sənədlərinin ermənilərdə qaldığını bilən Sənan yenidən döyüş meydanına qayıdır və həmin sənədləri öldürdüyü erməninin cibindən götürərək geri qayıdır. Sənan iki Azərbaycanlı pilotu da ermənilərin əlindən almaq məqsədi ilə üçüncü dəfə qeyri-bərabər döyüşə girir. Lakin köksünə dəyən düşmən gülləsi onu ölümcül yaralayır. Son nəfəsdə komandiri Şirin Mirzəyevi başı üzərində görən Sənan ayağa qalxmaq istəyir, lakin ölümcül yara buna imkan vermir. Üzünü komandirinə tutub, deyir:

- Qəm yemə, komandir. Onsuz da düşmənlərdən hayıfımı almışam. Bir atama, anama de ki, ağlamasınlar, şəhidləri ağlamazlar...

Sənan Rüstəmov həlak olmasaydı iki həftədən sonrasamboüzrə Avropa çempionatına gedəcəkdi çox güman ki, qızıl medalla qayıdacaqdı. Lakin dəfələrlə təqdim olunmasına baxmayaraqAzərbaycanın milli qəhrəmanıfəxri adını ala bilməyən Sənan Rüstəmova Avropa çempionu adını qazanmaq da qismət olmadı. Ancaq onu tanıyanların hamısı bilir ki, 19 yaşında şəhidlik zirvəsinə yüksələn Sənan Əkbər oğlu Rüstəmovun həyatı da, qəhrəmanlığı da, idmançılığı da bu günkü gənclərə örnək olmaq üçün ən gözəl nümunədir. Aylar, illər keçəcək. Bir gün yəqin ki, ölüm-dirim savaşına atılıb, doğma yerləri azad edəcəyik. Bax onda illərdir yolumuzu gözləyən Qarabağda bizi Sənanın ruhu qarşılayacaq.

 

 

 

 

 

EHEY, VƏTƏN OĞLU!

 

 

(Vətən uğrunda qəhrəmanlıqla

canından keçıb, Şəhidlik zirvəsinə

ucalan Sənan Rüstəmovun dilindən)

 

 

 

Yad elləri səyyah kimi gəzən dost,

Vətənimin aranı var, dağı var.

Gül bülbülə, bülbül gülə naz satan

Xoş növraqlı, gül çiçəkli bağı var.

 

 

 

Qalaları dolaşasan, azasan,

Daş üstündə naxışları yozasan,

Araşdırıb, tarixini yazasan,

Candan keçə şəhidi var, sağı var.

 

 

Yuxum ərşə çəkilibdir, yatmıram,

Hey gedirəm, öz-özümə çatmıram,

Vətən dərdin ürəyimdən atmıram,

Günlərimin qarası var, ağı var.

 

 

 

Bilmirəm haraya aparır bu yol,

Vətən eşqi olub, ürəklərə dol,

Ehey, vətən oğlu, ayıq-sayıq ol,

Girəvə gözləyən namərd yağı var.

 

 

German, nərə çəksin danışan dilin,

Bülbülə həsrətdir çəməndə gülün,

Sönmüş ocaqlara yas tutan elin

Bir gün ocağına qayıtmağı var.

 

 

 

 

 

GERMAN

Təzadlar.- 2014.- 11 yanvar.- S.11.