Məmməd Arazlı günlərin kitabəsi: “Ömürdən yarpaqlar”

 

 

 

Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...

 “Təzadlar”ın ötən sayında xəbər verdiyimiz kimi, bu günlərdə ustad Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəliqızının şairin həyatı ilə bağlı xatirələrindən bəhs edən “Ömürdən yarpaqlar” kitabını nəşr etdirib. Gülxanım Fətəli qızının Məmməd Araz ömründən bəhs edən “Ömürdən yarpaqlar” kitabının dərsini davam etdiririk:

 

 

(Əvvəli ötən saylarda)

 

 

28 noyabr - Saat 5-də Avdi Qoşqar çəkilişə gəldi. Soruşdum ki, çəkiliş nə məqsədlə edilir?

- Bazar günü “Məqam” adlı verilişin bir qolu da Məmməd Arazdır, - dedilər.

 

 

Aqil evə gec gəldi:

 

- “Müsavat”ın yubiley iclasında idim. Sənin “Dilənçi qaçqın” şerini Ağalar oxudu. Əmi, o nə qiyamət şeirdir? Bütün zal ayağa qalxdı. Jurnalistlər Ağaların üstünə töküldülər ki, şeiri ver çap edək. Ağalar vermirdi, dedim ki, ver, əmiyə mən deyərəm.

 

 

Məmməd deyindi:

 

 

- Bir xalq ki, öz işığının məftillərini kəsib xaricə apara, özünü işıqsız qoya, əsgəri tüfəngini sata... Xəcalət çəkirəm, görən xalqım niyə bu günə düşdü?

6-18 dekabr - Səhər tezdən qara xəbər qanımızı qaraltdı. Naxçıvanda təyyarə qəzaya uğramışdı. İkinci bəd xəbər isə İsi Məlikzadənin rəhmətə getməsi oldu:

- İsi gözəl insan idi, gözəl qələmi var idi. Mən nəşriyyatda şöbə müdiri olanda ilk kitabını mən buraxmışam. “Ulduz” jurnalında bir yerdə işləmişik. Allah rəhmət eləsin, - dedi Məmməd.

Axşam Ağalar görüşdə oxunacaq şeirləri aparmağa gəlmişdi. Seçib yeni şeirləri verdik. “Əsgər oğul”, “Bizi Vətən çağırır”, “Düşmən qabağından qaçan kişilər”, “Sənə inanıram”, “Sözüm qurtarıb” və s.

- Şeirlər həm çağırış, həm də tərbiyəvi şeirlərdir, oxusan pis olmaz, - dedim.

- Saat 12-də “Qorqud” şirkəti mükafatların təqdim olunması mərasimini keçirirdi. Yığıncağı Eldar Salayev aparırdı.  İsa Həbibbəyli mükafatların niyə və nə üçün verildiyini söylədi. Nəriman çox səmimi çıxış etdi. Mükafat Zəlimxan Yaquba, Yaşar Qarayevə və Mailə Muradxanlıya verildi.

Sözarası Mailə xanım mənə məlumat verdi ki, “Məqam” verilişində uşaqlar tavanınızı göstərməyi istədilər, dedilər ki, xanım dönə-dönə xahiş edib, ancaq mən icazə vermədim. Dedim ki, görkəmli adamdır, olmaz.- Bizim yerimizə nədənsə həmişə başqası danışır, başım çıxmır, bəs o görkəmli adam şəraitsiz bir evdə yaşaya bilər, siz isə onu göstərə bilməzsiniz. Deyindim.

19-u axşam Zəlimxan Yaqub Məmmədə həsr elədiyi şeiri gətirdi. Şeirin axırında bu sözlər yazılmışdı:

“Məmməd Araz mükafatı aldığım gün mənim ən xoşbəxt günümdür. Allah Məmməd Araz əbədiyyətini bu xalqa çox görməsin”

 

19/XII-95.

 

 

25 dekabr - Axşam Abdulla Qurbani bizə özünün 1990-91-ci illərdəki faciələrə aid araşdırmalarını oxudu. Adama qəribə gəlir,  necə ola bilər ki, adam öz torpağını satsın, rəhbərlik öz xalqını tapdağa versin. Belə söhbətləri eşitdikcə Məmmədin gözləri dolurdu. Şəlalə sual verdi ki, nə vaxtdan mərkəzdə işləyirsən?

5-6 aydır,- cavab verdi Qurbani. Mərkəzdə sıxılıram. Vətən səngərdən görünür. Müdafiə Nazirliyində işləyən bəzi adamlarda vətən haqqında anlayış yoxdur. Mənim günüm səngərlərdə keçir. Yığdıqlarımın hamısı tarixi sənədlərdir. Gələcəkdə tarixin düzgün yazılmısında, bədii əsərlərin yaranmasında yığdığım materialların, cəbhə araşdırmalarımın əvəzi olmayacaq. Meşəli kəndi haqqında hələ düzgün məlumat verilməmişdir. Ermənilər kəndi yandıranda qışqırırmışlar “Bəs hanı sizin prezidentiniz, özünü Meşəli kəndindən sayırdı, bəs niyə kəndini müdafiə etmədi?..”

Abdulla Qurbani çox danışdı, hamısını qeyd etməyi lazım bilmədim. Sabah “Zabitlər evi”ndə görüş olacaq, deyib getdi.

26 dekabr - Saat 6-da Mikayıl Mirzə və Abdulla Qurbani ilə birlikdə “Zabitlər evi”nə getdik. Zaur Rzayev, Arif Məlikovun Məmmədin “Dağlar” şerinə bəstələdiyi musiqini təriflədi. Görüş başlandı. Zal dolu idi. Qabaq cərgədə “Dəniz məktəbi”nin kursantları oturmuşdu. Lap uşaq idilər. Sonra bizim sıra gəlirdi. Arxa isə müxtəlif bölmələrdən gəlmiş nisbətən yaşlı zabitlər idi. Görüşü Qurbani açdı:

- Məmməd müəllim, sən bu gün gəlmək istəmirdin. Dedin, Abdulla, özümü pis hiss edirəm, görüşü mənsiz keçirin. Allaha and olsun, Murovdan gələn bütün zabitlər hamısı yığışıb gələcəkdilər sizə. Axı sən fəxri döyüşçüsən. Komandir əmr verdi, mütləq əmri yerinə yetirməlisən. Yaxşı ki, əmri yerinə yetirdin, görüşə gəldin...

Sonra bədii hissə başlandı. Ağalar verdiyim şeirlərin birini də oxumadı. Görünür əzbərləməmişdi. Deyindim ki, əsgərlərə təzə çağırış şeirləri lazımdır, Ağalar niyə oxumadı görəsən? Məmməd sözümlə razılaşmadı:

 

 

- Onlar üçün bu şeirlər də təzədir...

Mikayıl çıxışına lətifə ilə başladı:

 

 

- Keçmişdə bir şah öz ölkəsinə səyahətə çıxıbmış. O, ölkəsinin müdafiə işləri ilə maraqlanır, əsgərləri ilə görüşür. Bir əsgərdən soruşur:

- Adın nədir?

- Həsən.

- Nə yaxşı, gözəl addır. Oğul, söylə görüm vətən sənin nəyindir?

- Vətən mənim anamdır.

- Çox gözəl, afərin bala, bax Vətəni belə sevmək lazımdır.

Sonra şah ayrı bir əsgərə yanaşır:

- Sənin adın nədir?

- Hüseyndir.

- Maşallah, söylə görüm bəs Vətən sənin nəyindir?

 

 

- Vətən mənim xalamdır.

Şah təəccüblə əsgərə baxır:

- Bəs, niyə elə, bala?

- Çünki Həsənlə xalaoğluyuq.

Mikayılın lətifəsinə bütün zal gülüşdü. Mikayıl davam etdi:

 

 

- 1990-cı il idi, Naxçıvana, oradan da Sədərək kəndinə getdik, Xəlil Rza da bizimlə idi. O vaxt əsgərliyə gələn kiçik uşaqlar ruslardan qalan böyük paltarları, 45 ölçülü ayaqqabları geyinmişdilər və paltarların içində itib batmışdlar. Dünən ana qucağından ayrılmış uşaqlardı. Tətiyi çəkməyi də yenicə öyrənirdilər. Bu uşaqlar o uşaqlardılar ki, vaxtı ilə məktəbdə əlini yalandan tüfəng kimi tutub, yoldaşına yönəldir və deyirdilər, tıp, vurdum səni, ayə öl də, axı səni vurib öldürmüşəm, cığallıq eləmə! Bax, həmin uşaqların addımları indiki ordunun himi idi.

Mikayılın belə şirin danışıqlarına qabaqda oturan kursantların pıqqıltısı da qarışmışdı.

Müdafiə nazirinin siyasi işlər üzrə müavini də çıxış etdi:

- Məmməd müəllim, siz Murova gələndə mən orada yox idim. Çox təəssüfləndim ki, sizinlə görüşə bilmədim. Siz gedəndən sonra  Murovdan Kəlbəcərə gedən yolun kənarındakı bulağa sizin adınız verildi. Bulağın yanındakı qara daşa xatirə lövhəsi vurulub, o daş tarixə düşdü, tarixə qovuşdu. Əsgərlər sizi hörmətlə yad edirlər. Gələndə nazirə dedim ki, cənab nazir, bizim bir tədbirimiz var, Məmməd Arazla görüş. O, sizə öz salamını yetirdi. Bu saatı da sizə əsgər və zabitlərin adından hədiyyə verirəm.

Məmməd təşəkkürünü bildirərək ancaq bu sözləri mikrofona deyə bildi:

- Mən döyüşdə iştirak edə bilməsəm də qələmimlə bir əsgərəm. Çalışacağam ki, Vətənə qələmlə daha çox xidmət edim.

“Məmməd Araz axşamıdır bu axşam” başlıqlı, Məmməd Araz parollu belə bir gecəni hazırlayan, Abdulla Qurbaniyə, eşq olsun, dedim.

30 dekabr - Saat 4-də Məmmədin görüşünə gələn Heydər Həsənoğlu, Yaşar Qarayev, İsa Həbibbəyli və Mikayıl Mirzə onun şeirlərinin müzakirəsinə başladılar. Mikayıl danışdı:

- Məmmədin şeirləri sirri-xudadır. Əgər bir sözünü şeirdən götürsən şeirin ahəngi pozular. Onun şeirlərində hər vergülün, hər nöqtənin də öz yeri, öz vəzifəsi var. Başa düşmək olmur, haradan gəlir bu sözlər, necə edir ki, heç bir sözü, heç bir fikri artıq görünmür. Təkrar edirəm onun şeirləri sirri-xudadır.

Mikayılın dərdi açılmışdı:

- İstedadlar yetişmir, şeiri oxuyanda nəfəsə yox, səssizliyə yox, şairin dərdinin, fikrinin açılmısına diqqət yetirmək lazımdır. Mən teatrın ölməsinə yox, dirilməsinə çalışırdım. Əlimdə imkan olsa idi bütün artıq ştatları ləğv edər, Moskvadan rejissor çağırar, cavanları hazırlardım. Keçmiş nəslin axırıncı nümayəndəsi Mehdi Məmmədov gedəndən sonra heç nə qalmayıb. Fikrim “Otello”nu yeni formada tamaşaya qoymaqdır.  Və sairə.

31 dekabr - 95-ci il nə ilə yadda qaldı? Məmmədin “İstiqlal”ordeni alması, Almaniyaya müalicəyə getməsi.

Yeni ilimizi üçümüz qarşıladıq.

1996

1 yanvar - Yeni ildə də yenə xəstəmiz xəstə, qayğılarımız da öz işində.

Almaniyadakı “Azərbaycan kultur” cəmiyyətinin nümayəndəsi Səbahəddinin danışığından hiss etdim ki, Azərbaycana iş dalınca gəlibmiş. Deyinirdi ki, əcnəbilər gəlib Azərbaycanda “iş açırlar” bizə isə imkan vermirlər.

Mənim suallarıma isə cavabı  bu oldu:

- Özünüz şahidi oldunuz ki, Almaniyadakı azərbaycanlılar arasında birlik yoxdur. Qəriblikdə də bir-birilə yola getmirlər. Ən çox da cənubluları günahlandırırlar, cənublular isə ticarətlə məşğul olan adamlardır, onlarda  vətən məfhumu bir o qədər də olmur. Əslində olur ey, amma qabartmağa qorxurlar.

Onu da əlavə etdi ki, dünən axşam yeni ili qarşılayanları müşahidə etmək məqsədilə “Gülüstan” sarayına getmişdim. Yeni ili qarşılayanların üzündə torpaqlarını itirən, müharibə dövrünü yaşayan bir ölkənin vətəndaşı olduğunu hiss etdirən bir əlamət görmədim...

Səbahəddin unutqanlığımızdan da çox gileyləndi...

2 yanvar - İşdən qayıtdıqda dedi:

- Deyirdin işə getmə, getməsəydim qəzetin baş məqaləsini verəcəkdilər. Məqalədə Komitənin sədrini tərifləyib göyün yeddi qatına qaldırmışdılar. Qəzet belə çıxsaydı hamı məni qınayardı. Getdim, bu işdən xəbərim oldu.

Axşamüstü Cəfər qardaş, Hümmət həkim və tanımadığım bir nəfər yeni ilimizi təbrikə gəldilər. Söhbət işsizlikdən düşdü. Dedim ki, Mikayıl da işsizdir. Hümmət həkimin sözü belə oldu:

- Mikayıl dahi adamdır, işi neyləyir? Getsin dahiliyi ilə məşğul olsun.

Bu söz məni yaman tutdu:

- Məgər dahilər çörək yemir, paltar geymirlər? Onlara pul lazım olmur, yoxsa ailələri yoxdur? Kim işsiz olan dahilərə çörək verir, çox qəribə psixologiyadır. Dahidir, deməli, hava ilə dolana bilərlər.

4-7 yanvar - Tofiq səni niyə axtarırdı?

- Nəriman Həsənəliyev haqqında xatirələr çap etmək istəyirlər. Məndən də xahiş etdi ki, kiçik bir yazı yazım. Hafiz Əli yanıma gəlmişdi, sən də onu tanıyırsan. Mənim çoxlu cavanlıq şəkillərimin onda olduğunu söylədi.

- Hanı bəs?

- Sonra gətirəcək, birini gətirmişdi cırıq olduğu üçün qaytardı, təzəsini gətirəcək.

 İradənin institut yoldaşı İlqar, Əmir Pəhləvan və adını bilmədiyim bir şəxs bizdə idilər. Söhbət zarafata keçdi. Əmir:

- İnsanlar hansı heyvanın ətini çox yeyirsə, həmin heyvana oxşayırlar. Biz də qoyun ətini çox sevirik, ona görə də qoyuna oxşayırıq. Məmurların da çoxu  öz ciblərini güdür, heç biri öz yerində deyildir. Görürsən, birini böyük bir ölkəyə səfir qoyublar, amma di gəl bu adam doğma Azərbaycan dilini bilmir. Dilini bilməyən bir adam ölkəsini necə təbliğ edə bilər? Bütün sahələrdə belə kadrlarımız işlədiyinə görə heç bir işimiz irəli getmir.

Sonra gəlişlərinin səbəbini açıqladılar. Əmirin çəkdiyi filmə Məmmədin rəyini öyrənmək istəyirdilər.

8 yanvar - Osman Sarıvəllinin 80 illiyinə həsr olunmuş filmin təkrarına baxırdıq. Məmmədin xatirələri çözələndi:

- Osman müəllim çox yaxşı adam idi. Əli Vəliyev kimi o da tələbələri tez - tez evinə dəvət edərdi, onlara yaxşı süfrə açardı. 53 - 56-cı illərdə arabir onun evinə gedərdim. Yaxşı ailəsi vardı. Adamı çox mehriban qəbul edərdilər. Osmanın çox səmimi şeriləri var:

 

 

Heç kimə könlümü aça bilmədim,

Cırıq paltarımdan eşqim utandı...

 

 

Gör necə səmimi deyilib, amma sonralar partiyanın ardınca getdi... Ayrı yolları da yox idi. Səməd Vurğuna çox hörməti vardı. Ömrünün çox hissəsini onun əsərlərinin toplanmasına, çapına həsr etdi, özü kölgədə qaldı. Səməd öləndən sonra da  təsirindən çıxa bilmədi. Bu sözlər mənim şəxsi fikrimdir, özü də bu haqda yazıb:

 

 

Qəbrinin üstünə gələcəyəm mən,

Ömürlük yanına gəlincə sənin...

 

 

O, bir adət olaraq cümə günləri həmişə Səmədin qəbri üstünə gedərdi. Yazıçılar İttifaqında partkom idi Osman. Qabil də çox vaxt partiyanın əleyhinə şeir yazardı, bununla belə partiyaya daxil olmaq üçün ərizə vermişdi.

Partkomlar bir qayda olaraq yeni qəbul olunmaq istəyənləri raykoma aparardılar. O cümlədən, Osman da Qabili raykoma aparmışdı. Osman orada çıxışında belə deyibmiş:

- Yoldaşlar, o, həmişə partiyanın əleyhinə yazıb, ondan partiyaçı çıxmaz, özünüz bilin...

Osmanın bu çıxışından sonra kim Qabili partiyaya qəbul edərdi ki?..

Sonralar Qabil Yardımlıya müəllim işləməyə getdi və orada partiyaya daxil oldu. Bakıda Osmanla görüşəndə belə demişdi:

- Osman qağa, soxuldum partiya sıralarına.

Osman bir dəfə Qazaxda çıxış edəndə demişdi:

- Yoldaşlar, Sovet höküməti bizə nə gətirdi? Bərabərlik gətirdi, məktəblər gətirdi, savad gətirdi. Nəyi aldı?  Mərifəti, qanacağı aldı, böyüyə hörməti aldı, böyük - kiçik məsələsini aradan qaldırdı.

Hə bax belə çıxışları da olardı Osmanın. Qabillə bağlı bir söhbət də yadıma düşdü:

Qabil Osmandan soruşur:

- Osman müəllim, adamı təyyarənin belinə bağlayalar, görəsən, Moskvaya salamat gedib  çıxarmı?

- Ay Qabil, o adam adam kimi niyə təyyarəyə minib getmir ki?..

Süleyman Rüstəm həmişə Osmana sataşardı:

- Bir kəndə gedin, təndirə baxın, çarıqlara baxın ki, rezindəndir, yoxsa dəridən.

Osman sərbəst şeiri çox xoşlamazdı. Sərbəst şeir yazanlarla həmişə mübahisələri düşərdi, amma özü də arada sərbəst şeir yazardı.

 

 

(Ardı var)

Təzadlar.- 2014.- 11 yanvar.- S.6.