Məmməd Arazlı günlərin kitabəsi: “Ömürdən yarpaqlar”

 

 

 

Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...

 

 

 

“Təzadlar”ın ötən sayında xəbər verdiyimiz kimi, bu günlərdə ustad Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəliqızının şairin həyatı ilə bağlı xatirələrindən bəhs edən “Ömürdən yarpaqlar” kitabını nəşr etdirib. Gülxanım Fətəli qızının Məmməd Araz ömründən bəhs edən “Ömürdən yarpaqlar” kitabının dərsini davam etdiririk:

 

 

 

(Əvvəli ötən saylarda)

 

 

 

10-12 yanvar - Mikayıl Mirzə Məmmədin “İbrət, nifrət muzeyi” şeirini götürdü. Dedi ki, bir aktyorun teatrını hazırlayıram. Sənin “Ya rəbbim, bu dünya sən quran deyil” şeirini qiyamət işləmişəm.

 

 

 

Yeni nə yazdığını soruşanda dedim:

- Almaniyada olanda bir misra sənə, bir misra mənə yazıb.

 

 

 

Mikayıl güldü:

 

 

 

 - Eybi yox - dedi, - mən də yaxşı bir məclisdə deyərəm ki, hərəmizə bir misra həsr edib, deyib ki, ancaq ona layiqsiniz.

Cəfər qardaş məni telefona çağırdı:

- Bacı, yaxşı bir cərrah var. Uzun müddət Moskvada işləyib, yerlidir. Semaşkoda bir palata ayırarıq, damarına iynə vurub yatırdarıq və əməliyyat apararıq.

 

 

 

- Bəlkə Türkiyəyə aparaq?

- Bacı, Türkiyədə Allah eləməsin, bir hadisə olsa, sonrası necə olacaq?

- Onda sizi gözləyirik.

 

 

13-18 yanvar - Axşam Aqil Məmmədə dedi:

- Əmi, üç gün əvvəlki “Millət” qəzetində sənə həsr olunmuş şeir çıxıb. Hələ sənin şeirinə nəzirə də çıxıb. “Parlament bizim, parlament sizin, parlament heç kimin.”.

 

Necə yaşayaq dünyada, gülüm...

                                         Xəyanət duz qatsa xəmirimizə

Məhəbbət urvası dad olsun bizə

 

 

- Məmməd, bu misralar yaxşı deyilmişdir. Niyə “Necə yaşayaq ki...”şeirinə daxil etməmisən?

 

- Nə bilim, görünür ondan yaxşısını tapmışam.

- Zəng edən Akif Mədətov idi:

 - Naxçıvandan təzə gəlmişik. Şölə ilə  sizə baş çəkmək istəyirik.

 

 

 

Akif, sizi səbirsizliklə gözləyirik.

 

- Zakir demiş, belə ki “ötür-ötür, apar-apardır”, hə, Məmməd, çətin ki, kitabı çap etdirə bildik. Akif və Şölə xanımla  danışıqlarımız ancaq şerdən, kitab çapının çətinliklərindən ibarət oldu...

 

 

 

 - Cəfər telefonla soruşdu:

- Bacı, Çərkəz həkim sizinlə danışdı?

 

 

 

- Yox.

 

- Bacı, həkim çox yaxşı həkimdir.

- Vallah operasiya məsələsinə qarışmıram, qorxuram, özü ilə danış.

21-22-23 yanvar - Xudayar babasını, Zəhra nənəsini tez-tez yada salardı:

 

 

 

- Biz uşaqlar həmişə evimizin yuxarısındakı düzənlikdə oynayardıq. Bir dəfə gördük ki, Xudayar baba ağlaya-ağlaya nə isə axtarır. Soruşduq ki, baba nə olub, nəyi axtarırsan?

O dedi ki, dişlərimi itirmişəm, onları axtarıram. Bu sözə pıqqıldaşdıq. Babam acıqlanıb bizi qovdu. Həmin hadisə indi də mənə ləzzət verir.

Axşam Mikayıl Məmmədə baş çəkməyə gəlmişdi. Söhbət Xəlildən düşdü. Məmməd dedi ki, Xəlilə ölümü Moskvada hazırlamışdılar. Dustaq vaxtı Xəlil infarkt olmuşdu.

 

Mikayıl:

 

 

 

- 1990-cı ildə bizi tutub Təhlükəsizlik Nazirliyinə aparmışdılar. Onda ara çox qarışmışdı.

 Bilirsinizmi, əgər ara-sıra verilişlər hazırlanmasa, təbliğ olunmasa Məmmədi də unudarlar.  Əgər sponsor tapsam, istəyirəm Məmməd haqqında bir veriliş hazırlayam. Fikrimdə filmə belə quruluş verməyi nəzərdə tutmuşam.  Dənizin ortasında adadır. Məmməd adada təkdir. Dalğalar dörd tərəfdən hücum edir. Məmməd də dalğaların ona necə hücum etdiyinə baxır. Yaxşı fikirlərim var... Ammasını özünüz bilirsiniz.

 

 

 Əlirza şeirin bir misrasını dəqiqləşdirmək üçün gəlmişdi. Soruşdu:

- “İlhamım” şeirində belə misra var.  “Yenə dağ döşündə dənərləndi qar  misrasında “dənərləndi” və ya “dənələndi”?

- Təbii ki, qar dənərlənər, dənələnməz, - dedi,  Məmməd.

27 yanvar - Nəbi Xəzri haqqında verilişi Mehriban Vəzirova aparırdı:

- Şairlər, nasirlər arasında axır vaxtlar bir növ dəb düşüb. Deyirlər ki, bizə ilahi bir qüvvə şeiri və ya nəsri pıçıldayır, biz də kağıza köçürürük, elədirmi?

 

 

Mehribanın sualına Nəbinin cavabı:

 

 

- Şairlər tərcümandır. Kənardan olan pıçıltıları kağıza köçürür. Mən heç vaxt şeir yazacağam deyib yazı masasına yaxınlaşmıram. Şeiri mənə diqtə edirlər, mən də köçürürəm...

- Məmməd, Nəbinin cavabını eşitdin? Sənə də kimsə pıçıldayır, sonra yazırsan?

 

 

 

Sualıma güldü Məmməd:

 

 

 

- Yox, elə deyil. Şeir adi bir baxışdan, qeyri-adi səsdən, mehriban bir sözdən, bir gözəlin görünüşündən və ya təbiətdən yaranan fikirlərdir. Şeir nədir sualına cavab verən anasından doğulmayıb hələ... Şeir bir qədər möcüzədi, müəmmadır. Zamana verilən sualdır şeir. Zamanın sualına sualla cavabdır şeir. İnsanı dərddən xilas eləyən, insanın dərd yüküdür şeir. Yurdun üfüqünə boylanmaq üçün bir-iki pillədir şeir.

 

 

Məmməd bir az  ara verdi, sonra sözünə davam etdi:

 

 

 

Poeziya insan yolunda yanan əbədi işıqdır. Həyatın nəfəsini duymaq, nəbzini tutmaq, onun ritmini poeziyaya gətirmək. Şeir nədir sualına elə-belə, bir sözlə, beş-on sözlə cavab vermək olmaz. Bu suala silsilə məqalələrlə də, qalın-qalın kitablarla da cavab vermək çətindir. Bəlkə heç bu sualın cavabı yoxdur?! Bəlkə  bu sualı vermək naşılıqdır?! O necə yazılıb, necə yazılır, necə yazılacaq - əsasnaməsimi var?!

Şeir oxunursa - içilir, içilirsə - demək yazılıb. Deyirlər ki, böyük istedad verilibsə, böyük təhlükədən özünü qoru. Qəfil badalaqlar hələ pusqudadır. Böyük yolların döngəsi də böyük olur. Cılızların pusqusunda dayanan olmur, amma cılızlar pusquda dayanırlar. Çox zaman da “boş qalan” yerləri tutmaq üçün.

Təkrar deyirəm: Nizamidə şeir dərsdir;- əxlaq dərsi, mərifət dərsi...

 

 

 

Nəsimidə - özünü tanımaq, özünü tanıtmaqdı. Nəsimi şeiri insan səviyyəsinə, insanı da şeir səviyyəsinə qaldırmaq gücündə olub...

Sabir qeyrət qılıncı ilə şeiri eyniyyətdə görürdü...

Min şairə min dəfə sual versəniz ki, şeir nədir, bir-birinə oxşamayan min cavab alacaqsınız. Şerin mövzusunu həyat, zaman pıçıldayır.

Hadisələr, haraylar, çağrışlar, mənzərələr, gedişatlar...

 

Bunlar bir ucu təbiətlə, cəmiyyətlə bağlı olduğu halda, digər ucu şair təfəkküründə canlanır. Şair olan bəndə bundan dəyirman daşı gücü alırsa və sözünü üyüdə bilirsə - şeir yaranır.

Şair yüksək mədəniyyət sahibi olmalıdır ki, cəmiyyəti elmi cəhətdən dərk eləsin. Yerli-yersiz oxucu tapmağa “onu öz səviyyənə” qaldırmağa çalışmayasan. Əgər oxucunu öz səviyyənə (bu səviyyə varsa) qaldırmaq istəyirsənsə, gərək onun dilini tapasan...

Mənim beynimdə çox vaxt şeirimin axırıncı misrası doğur. Həmin misraya əsasən sonrakı misralar, yəni əvvəlki yaranır. Baxır necə...

 

 

 

Şair nə gərəkdir oxucu yoxsa,

Beyinlər, ürəklər pas atıb, nədir?

Şerimiz öz fikir donunu yoxsa,

İndi “son modada” geyinməlidir?

 

 

 

 - Sənin bu şerin elə bil bu gün üçün yazılıb.  Bu həyatla ayaqlaşan şerdir...

Nəbi yaxşı dostdur, söhbətinə davam etdi Məmməd. Mən Moskvada oxuyanda Mehdi Hüseyn deputat idi. Vaxtaşırı Moskvaya gələrdi, gələn kimi də biz tələbələri yanına çağırardı. Söhrabla yanına gedərdik. Bizimlə gəzməyə çıxardı. Bir dəfə Mehdi Hüseyn məndən soruşdu:

 

 

 

- Məmməd, Nəbi necə şairdir?

- Nəbi çox yaxşı şairdir.

- Bəs deyirlər ki...

 

 

 

- Vallah, mən onu yaxşı adam kimi tanıyıram və zarafatla əlavə etdim,  özünüz onu katib qoymusunuz, arvadı qazaxlıdır deyə.

Mehdi şaqqanaq çəkib güldü və məni qucaqladı.

Mən ayrı söhbətə keçərək soruşdum:

- Məmməd, Qarabağ məsələsində Kazimirovun danışığından nə başa düşdün?

- Ermənilər Yeltsini gözləyirlər, prezident seçilməsə, hələ yenə də vaxt qazanacaqlar. Ayrısı seçilə, o fikrini bildirə, uzun çəkər. Ermənilər  ölsələr də, heç vaxt döyüşsüz  torpağı geri qaytarmazlar.

 

29 yanvar - Telefon səsləndi:

 

 

 

- Mən, Çərkəz Cəfərovam. Məmmədin operasiyasını mən edəcəyəm, gəlib baxmalıyam, ünvanı xahiş edirəm.

 

Həkim gəlib çıxdı və söhbətinə belə başladı:

 

 

 

- Semaşko təcili yardım xəstəxanasında lüks otaq hazırlamışıq. Xəstəxananın baş həkimi deyir ki, Məmməd müəllimin bizim xəstəxanada operasiya olunması fəxrimizdir. Yerli narkozla, sakitləşdirici dərmanlarla operasiya edəcəyik. Narahat olmayın allahın köməyilə hər şey yaxşı olacaq.

Həkim gedəndən sonra Məmmədin həyəcanlandığını gördüm, ancaq özümü o yerə qoymadım.

7 fevral - Saat 11- də gedib hazırlanmış otağa baxdıq. Təbii ki, Almaniyadakı şəraitlə bizim təcili yardım xəstəxanası arasında yerlə-göy qədər fərq var. Buna da şükür. Həkimlər əlindən gələni ediblər, çox sağ olsunlar. Analizlərdən keçdi, səhər qayıtmaq şərtilə evimizdə gecələdik.

 

 

 

Dostumuz İsa özünə məxsus hay-küylə  içəri keçdi:

- Neçə gündür zəng edirəm, evdə yox idiniz?

- Hə, Məmmədi operasiyaya hazırladıqlarına görə neçə gündür xəstəxanada oluruq.

 Bu arada Mikayıl da gəldi, mübahisə başlandı:

 

 

 

- Xalq çox pis yaşayır, əksəriyyəti dilənçi vəziyyətindədir. Bir qrup adamların pulu xarici banklardadır.

Söhbət uzanır, milli burjuaziyanın inkişaf etdirilməsindən, sahibkarlıq olarsa, rüşvətin azalmasından danışdılar.

Arif Mansurov xəbər vermişdi ki, Məmmədə “Həsən Əliyev” adına mükafat verilib, mükafat fevralın 9-da təqdim olunmalıdır. Mükafat sözünü eşidəndə Mikayıl dedi ki, bəzi şairlər,  Məmməd Araz var deyə biz ölməliyik? - deyə deyinirlər.

9-10-11 fevral - Saat 6-da Məmmədi əməliyyat otağına qaldırdılar. Əməliyyat gecikdiyinə görə hamımız narahat olmuşduq. Nəhayət ki, salamatçılıqla qurtardı. Gecə yanında Cəfər qardaşla bacısı oğlu Süleyman qaldı.

 

 

 

Məmməd mənə əməliyyatın gedişini danışdı:

 

 

 

- Məni əməliyyat stoluna uzatdılar. Hamısının üzündə maska var idi, ancaq gözləri görünürdü, hə tibb bacısının gözəl gözləri var,  fikirləşdim. Bəs Cəfər hanı? Ayıra bilmədim. Əllərində bıçaq və başqa alətlər olan maskalılar başıma toplaşmışdılar. Öz-özümə,  Məmməd Araz, sakit ol,  dedim,  ayrı çıxış yolun yoxdur. Onlar üzərimdə işlədikcə yadıma Puşkinin qəhrəmanı Çatski düşdü. Onun xəstə yanında özünü necə aparacağına aid söylədiyi misraları əzbərdən ürəyimdə dedim. Sonra öz yazılmamış şerimin iki misrasını mızıldadım:

 

 

 

Bu millətin dişləri daş gəvələyir,

Bu millətin barmağı tətiyə yatmır.

 

 

 

Bazar günü olduğuna görə həkimləri axırıncı kurs tələbələri əvəz edirdilər. Növbətçi həkimlər tez-tez Məmmədin yanına gəlir, halını xəbər alırdılar.

Bizimlə üzbəüz palatada bir xəstə yatırdı. Yanında qalan yox idi. Tələbənin yazığı gəlib yanında oturmuşdu. Dedilər ki, qızı və nəvəsi var, amma mən onların heç birini görmədim. “Öləndən sonra yəqin ki, hay qoparacaqlar ki, camaat “afərin” desin”.

Məmmədə Keçili kəndindən bir tələbə tanışlıq verdi, Məmməd onun atasını və babasını tanıdı.

 

 

Bir xəstə isə çox orijinal çıxış elədi:

 

 

 

- Məmməd müəllim, mənə qorxaq Salman deyirlər, qardaşlarım, babam, ata və əmilərim hamısı cəllad olublar. Onlar kimi olmadığıma görə mənə qorxaq adını veriblər. Demə ki, qorxaq gəlib mənə ürək-dirək verir, sağalacaqsan.

 

 

14 fevral - Məmməd, əməliyyat vaxtı Çatski niyə yadına düşmüşdü?

 

- Ona görə ki, yaşamağımın xeyri nədir, bununla nə qazanıram? Bir də yadıma Qasım Qasımzadənin maşın sürməyi düşdü. Qasım maşını yaxşı sürə bilmirdi, xəbərdarlıq edirdi ki, qabaqda çala var özünüzü möhkəm tutun. Əməliyyatda da Cəfər və başqa həkimlər mənə təsəlli verirdi,  möhkəm dur, qurtarırıq. Amma aralarında olan o qızın örtükdən kənarda qalmış son dərəcə gözəl qaş-gözü yadımdan çıxmır.

 

 

 

Televizorda yenə də “müstəqil Azərbaycan”, deyə qışqırırdılar.

 

 

 

- İran və Rusiya çalışacaqlar ki, müstəqil qalmayaq. İranla Rusiyanın mənafeləri üst-üstə düşür. Bu tərəfdən İran açıqca Ermənistana kömək edir, - əlavə etdi Məmməd.

16 fevral - İsa danışır, Məmməd sakit-sakit ona baxırdı. Sonra İsa mənə müraciətlə dedi:

- Gülxanım bacı, bir dəyirman sahibi evinizi təmir etdirməyə söz verib.

Sonra İsa həmin adama bizim yanımızdan zəng etdi:

- Məmməd müəllimgildən zəng edirəm, dediyin söz necə oldu?

Bildim ki, İsaya yalandan vəd veriblər.

- İsa, görürəm hələ də yalan danışanlara inanırsan.

- Yalançını evinəcən qovmaq lazımdır - deyib getdi İsa.

Qapı döyüldü, açdım, qapıda əlində diplomat, səliqəli geyinmiş  bir kişi dayanmışdı:

 

 

 

- Məmməd Arazın evidir?

- Bəli, buyurun içəri.

 

 

 

- Yox içəri keçmirəm. O, məni tanımır, əziyyət vermək istəmirəm. Mən böyük şairimizə bir şeir həsr etmişəm. Xahiş edirəm şeiri ulu şairimizə çatdırasan. Çatdır ki, bir millət kimi ölürük, məhv oluruq, qələmini bir az da itilətsin şairim. Mənim adım Faiq, familim Babayevdir.

 

 

 

Yerimdəcə donub qalmışdım. Danışdıqca kişinin gözlərinin dolduğunu, qəhərləndiyini görürdüm.

- Eh, saman çöpündən yapışan qardaşım, Məmməd kimdir ki! Qələmlə məgər bu dərdlərə çarə tapılarmı?

 

17-18 fevral - Əlirza özü ilə “Vaxt” qəzetini gətirdi. Birinci səhifəsində Məmmədin məqaləsi, Çingiz Əlioğlunun Məmmədə həsr etdiyi şeiri, İmamverdi Əbilovun Məmmədə aid məqaləsi.

Məmməd zarafatla: - Bütün qəzet mənə həsr olunub, - dedi.

“Müxalifət” qəzetində isə Mürşüd Məmmədovun “Niyə susursan, Bəxtiyar müəllim?!” məqaləsini Məmmədə oxudum və əlavə etdim:

-  Yəqin bunu sənə də aid edirlər, yoldaş Məmməd Araz.

 

 

 

- Mən canımla əlləşirəm, bunu hamı bilir. Danışmağa dilim də yoxdur ki, tribunalarda çıxış edim. Məgər susuram? “Bu millətin dərdi-səri”, “Bu millətə nə verdik ki?”, “Yol ayrıcında söhbət”, “Biz niyə bu günə düşdük ay dədə?” və sairə şeirlərim susmaqdırmı? Yazmışam “Əyilməkdir ağlamağın tərs üzü”; “Qadını ər doğmaz qorxaq millətin”; “Baş gödəndən aşağıda olan yerdə”...

 

 

 

Çərkəz həkim yarasına baxıb:

 - Üç gündən sonra sarğısını açmaq olar, - dedi.

 

 

 

 Məmmədin vəziyyətinin ağırlaşdığını görüb Mikayıla gileyləndim. Mikayıl  cavab olaraq məndən də çox gileyləndi:

- İnsanlar çox vəfasızdır. Gərək mənim başım qanunlara qarışmasın, gərək mən lirik, epik şeirlər oxuyam, bəzilərini səhnələşdirəm, yaradıcılıqla məşğul olam. Vaxtım isə ayrı işlərə gedir, yaradıcılığımı çörəyə qurban verirəm, heç kim əlini cibinə salmır. Belədir pullular, Gülxanım, sən də hey deyinirsən.

22-28 fevral - Məmməd Arif Mansurova mükafata görə təşəkkürünü bildirdi və bayramını təbrik etdi.

Arif cavabında bildirdi ki, Məmməd Arazın qeydinə qalmaq bütün Azərbaycan xalqının borcudur.

Məmməd Aslan Əzizə xanım Cəfərzadə haqqında veriliş aparırdı. Söhbət bəzi sözlərin açılışından, yəni mənasından gedirdi. Onlardan biri də “başmaq seyrinə çıxmaq” birləşməsi idi. Əzizə xanım həmin birləşməni belə yozdu:

- Yaxşı hazırlıqlı formada böyük gəzintiyə çıxmaq, yüngül gəzinti də sayıla bilər.

Məmməd isə belə açıqladı:

- Əvvəlki vaxtlarda qadınlar büsbütün örtülü çadrada gəzərdilər. Kişilər də gəzən arvadların başmaqlarına baxıb zövq alardılar. Süleyman Rəhimovdan da neçə dəfələrlə belə eşitmişəm. Əzizə xanım düz demir.

 Teleçıxışlara Məmmədin belə hirsləndiyini heç görməmişdim:

- Bu xalq nə qədər minnətdar olar? Qırılırlar - minnətdardılar, kökünü kəsirlər - minnətdardılar, qaçqındır -  minnətdardılar...

Ayrı kanala keçirtdim. Belorusiyanın prezidenti Lukaşenko çıxış edirdi. Jurnalist də yol ilə keçənləri dindirir, onlar da Rusiyaya birləşmək istədiklərini söyləyirdilər.    Məmməd dilləndi:

- Bunların hamısı yalandır. Hələ 60-70-ci illərdə belorusların 90% -nin rusları görməyə gözü yox idi.

 Ağalar Bayramov “Atamın kitabı” poemasını səhnələşdirdiyindən və bir neçə səhnənin quruluşundan söhbət açdı:

- Məmməd əmi, Allah köməyin olsun, qoluna qüvvət versin, bu sözləri ancaq siz yaza bilərsiniz.

Ağalarla gələn Hacı Əli gileyləndi ki, keçmiş deputatlardan birisi A. Bakıxanovu tənqid edib, deyir ki, o, ruslara xidmət edib, öz xalqına bir iş görməyib, Bakıxanovu tariximizdən silmək lazımdır. Ona dedim ki, ay qardaş, rus sənə desə idi ki,  50 vaqon ayırıb göndər, ağzın nə idi ki, göndərməyəsən. O da elə. Ruslar hakim idi, o da hamı kimi ruslara xidmət edirdi. Ta, tarixdən silmək nə üçün?

 

 

 

Ağalar:

- Rəsul Rzanı da ədəbiyyatımızdan silək ki, “Lenin” poemasını yazıb.

 

 

 

Mən:

 

 

 

- Qasımbəy Zakiri keçməyək ki, rus əsgərlərini yedirib-içirib.

Hacı bunu da bildirdi ki, “Qüds” fondu yaratmışıq. Bakıxanovun qəbrini tapıb, orada abidə qaldırmaq və məbəd tikmək istəyirik.

1-2  mart - Axşam Hüseynin “xəbərlərini” telefonla dinlədik:

- Ölümlə əlaqədar 12 nəfəri dindirmək üçün Lənkərana getmişdim. Əvvəlki Lənkərandan əsər-əlamət qalmayıb. Bütün ağacları qırıb yandırıblar. Soruşan, eləmə deyən yoxdur. Nə qaz var, nə də işıq, hər ikisini İran verməli idi, lakin vermir. Bir para adamlar Əlikram Hümmətovu özlərinin Babəki adlandırırlar. Üsyan əhval-ruhiyyəsi var. Vəziyyət çox ağırdır. Yalnız Heydər Əliyev qarşısını ala bilər. Balığı kefləri istədiyi kimi gürcülərə satırlar və s. və i.

 

 

 

Məmməd kədərlə cavab verdi:

- Yazıq halımıza...

 

 

 

- Arif Mansurovla jurnalın yubiley nömrəsini müzakirə edəcəksiniz, bir də ki, “Məmməd Araz” fondu yaratmaq istəyirlər, - bunları Vəli Xramçaylı xəbər verdi.

 

 

- Bunun bizə nə xeyri?

Məmməd acıqlandı:

 

 

- Mənə görə yaradırlar. Görürlər ki, xəstə adamam, qeydimə qalan yoxdur, Arif çox ciddi adamdır.

Arif, müavinləri Vilayət və Telmanla birlikdə televiziyadan çəkiliş də gəlmişdi.

Çəkiliş qurtardıqdan sonra komitənin gündəlik ehtiyacları belə ödəməyə pulu olmadığını vurğuladılar. Arif müəllimin ürəyi dolu idi:

- Göygöl qoruğunda ağacları vəhşicəsinə qırıb satırlar. Meşələr, meşə heyvanları talan olur. Qoruq gözətçilərinə aylarla maaş verilmirsə, onlardan nə tələb etmək olar? Ay Məmməd Araz, bunları yaz da, bəlkə onda ürəyimiz sakit olar.

- Yazırıq da, deyirik də... Nə olsun?  “Azərbaycan təbiəti” jurnalında bu məsələlərə geniş yer veririk, təbiətlə “zarafat” etməyin deyirik.

Bilmirəm, Nizami dövründə dilimizdə təbiət sözü vardı, yoxsa-yox?! Təbiət özü bütün zənginliklərilə yəqin ki, vardı. Yoxsa Nizami nəinki orta əsr, hətta XIX əsr təbii mənzərəsindən əsər-əlaməti qalmayan Bərdənin gözəlliyini neçə yüz əvvəl belə hərarətlə tərənnüm etməzdi.

Azərbaycan torpağının elə guşələri var ki, adam onları təkrar-təkrar görməkdən doymur. Hər dəfə görəndə sanki onlar yeni mənzərələrini, təzə rənglərini büruzə verir.

 

 

 

“Dərə” şerindən iki misra deyirəm;

“Bir uçrum dibində ceyran izləri

Son güman yerinə qısılı qalıb”.

 

 

 

Məmməd söhbətinə davam edir: Təbiət çox etibarlı dostdur. Ona yaxşılıq elə, əvəzini beş qat qaytaracaq. Eyni zamanda, təbiət intiqamçı, çox qəzəbli düşməndir. Ona qarşı yönələn hər-hansı hücumun qabağında istənilən  əyaləti, diyarı, hətta bütün planeti məhv edə bilər.

Təbii hadisələr sərhəd bilmir. Sənin haqqın yoxdur - hələ öz sərhəddində təkcə özünü yox, qonşunu da narahat edə biləcək bu və ya digər quruculuq işləri aparasan. Məsələn: bu tay Astarada o tay Astaranın razılığı olmadan meşə qırasan, təbiətə zərərli tullantı atasan və.s  Bu yaxınlarda çıxış edən  alimin bir sözü xoşuma gəldi:  “Yaddan çıxarmayın ki, biz təbiətlə şahmat oynayırıq”

 

Ağ fiqurlar həmişə təbiətin əlindədir. Bu illərdə Qərb yarım kürrəsində, xüsusilə  Latın Amerikası ölkələrində baş verən təbii fəlakətləri teleekranlarda hamımız görmüşük.

Kim zəmanət verə bilər ki, bu fəlakət sabah qəzəbini Bakıya, Gəncəyə - Azərbaycana yönəltməyəcək və ya qonşu ölkələri bir də qar basmayacaq...Fəlakətlərin “müəllifi” insandırsa, “təbiət” hansı məqamdasa onun boğazından yapışacaq və elədiyi bəd əməllər üçün “cavab ver” deyəcək - təbiət elə belə özü üçün yaşamır. Bəlkə də insanları yaşatmaq üçün yaşayır.  

 

 

 

Vilayət söhbətə qarışdı:

 

 

 

- Bu saatkı Milli Məclisin deputatlarından birini vaxtilə rüşvətxorluğuna, alverinə görə işdən qovmuşdum, indi Milli Məclisdə oturub.

3 mart - Məmmədi görməyə gələn İsa Həbibbəyli dilləndi:

- Mən gözləyirdim ki, Məmməd müəllim Təbrizdən qayıdandan sonra gözəl şeirlər yazacaq. Gözlədiyimizin əksinə oldu, heç nə yaranmadı. Niyə?

- Təbrizi özüm istədiyim kimi görmədim, görə bilmədim, məni tutan bir mövzu olmadı. Ona görə də heç nə yaza bilmədim... Bəzən böyük bir faciənin şahidi olursan, amma ilham uyuşmur, qələm yaman inadcıl olur. Tapdığın gözəl bir mözunu bəzən əbədi, bəzən də uzun müddət dəfn etməli olursan. Gözlərin qarşısında zəlzələ qopub dağ uçursa da, qələm cana gəlmir, seyirçidir. Bəzən isə adi bir quşa dəyən güllə ürəyindən keçir, gözəl bir əsər yaranır. Bax belə, əzizlərim...

 

 

 

İsa söhbətinə davam etdi:

 

 

 

- Yaxınlarda yazıçıların qurultayıdır. Hamı ittifaqın üstünə düşəcək. Yəqin yenə də Anar seçiləcək. Müşavirə çox maraqlı olacaq. Bəziləri yerli yersiz Anarı tənqid edirlər. Haqsızdırlar, ona görə ki, bəzilərindən qat-qat çox azərbaycan xalqına Anar xidmət edib. Anarın xidmətləri çoxdur

Məmməd onun sözlərini təsdiq etdi:

- Anar istedaddır, tutalım sədr olmadı,  itirəcək ki?..

6 mart - Məmməd, indidən deyirəm, Novruz bayramında anamın, atamın qəbrlərini ziyarətə gedəcəyəm, xəbərin olsun.

- Anam rəhmətə gedəndən sonra təkcə bircə dəfə onun qəbri üstünə getmişəm, atamın da həmçinin.

- Bilmirəm, Məmməd Araz... ancaq və ancaq şeir üçün yarandığına görə nə ata-anaya oğul, nə də bizə himayədar olmusan. Nə yaxşı ki, allah heç olmasa bu istedadı sənə verib.

 

 

 

Sözlərimə güldü Məmməd:

- Şeirdən də elə bir şey qazanmadım axı...

 

Axşam dost-tanışlarla “Atamın kitabı” monotamaşasına getdik. Məclis başlandı. Tamaşa davam etdikcə səhnələrlə bərabər Məmməd cavanlaşdı, hadisələr bir-birini əvəz etdi, məni kövrəltdi. Ağalar Bayramov ovsunu zalı tutmuşdu, zal da kövrəlmişdi.

17-22-31 mart - Neft kontraktlarına aid danışıqları eşidən Məmməd:

- Neft qayıdıb bizim düşmənimiz olacaq, hələ bilinmir nə qədər ehtiyat var, hamı daşınıb qurtarıb. Gürcülərə gəlincə, nə qədər ki, müəyyən mənada asılıdırlar onlar bizimlə dostdurlar, işləri düzələn kimi buynuzları çıxır. Hələ ki, iki respublika arasında başlanan müqavilə işləsə yaxşı olar.

Süleyman Rəhimov həmişə mənim şeirlərimi oxuyardı. Deyərdi ki, sənin şeirlərindən Şahbuz bulaqlarının ətri gəlir.

Köhnə nəsl həmişə bir-birilə didişərdi. Dünyanın işinə bax, indi onların heç biri bu dünyada qalmayıb, əsərləri qalıb

Almaniyadan tanıdığımız Məhəmmədin bacısı oğlu bizə qonaq gəldi. Camal Məhəmmədgildə çəkdirdiyimiz şəkli də gətirmişdi.

 

 

 O, söhbətə başladı:

 

 

-  Cənubda şərait çox yaxşıdır, ancaq azadlıq yoxdur, millətpərəst olduğum üçün Bakıdan ayrıla bilmirəm. Tehranda 12 milyon azərbaycanlı yaşayır. Təbrizdə isə yığma adamlardır, Təbriz dağılmaq üzrədir. Təbrizdə azərbaycanlıları sıxışdırmağa başlayıblar.

 

 

 

Səmimi söhbətlərdən sonra ayrıldı.

 

1 aprel - Kəlbəcərin işğalının 3 illiyinə həsr edilmiş veriliş gedirdi. Danışanlar  bir-birini təqsirləndirir, hamsını xain adlandırırdılar.

 

 

 

Məmməd belə bir lətifə söylədi:

 

 

 

- Bir gün oğru mollanın evini qarət edir. Qonşular mollaya təskinlik verir,  biri deyir qapını bərkitsə idin oğru girə bilməzdi, biri pəncərəyə görə mollanı günahlandırır. Hərənin bir söz söylədiyini görən molla acıqlanır: - Görünür, oğrunun heç bir günahı yoxmuş.  İndi bunlar da bar-bar bağırırlar ki, ermənilərin heç bir günahı yoxdur, bütün günahlar bizdədir.

- Həmişə deyirdin ki, Kəlbəcərin elə yerləri var ki, bir nəfərlə böyük qoşunun qarşısını almaq olar. Ordunun döyüşkən ruhunu qaldırmaq üçün təbliğatı gücləndirmək lazımdır. Rus şairlərinə fikir verin, onlar lazım gələndə həmişə ordunun içində olurlar.

6 aprel - Saraydan canlı yayımla mart hadisələrini verirdilər. Sabir Rüstəmxanlı danışırdı:

 

 

 

- Böyük şairimiz Məmməd Araz demişkən:

Bir ağılın budağından sallanıb

Neçə-neçə ağlı dayaz yaşayır...

Cənab prezident, ətrafınızdakı ağlı dayazları silkələyib tökmək lazımdır.

 

 

 

İradə danışdı ki, sonradan tikilmiş balkonların sökülməsi haqqında yığıncaq olub. Yazıçıların kooperativ evində yaşayan Rəfiq Zəka böyük bir balkon tikdirib. Sökməsinlər deyə deyibmiş ki, bu ev Məmməd Arazın evidir. Bu sözləri eşidən Ədalət Əzizov acıqlanıb deyib ki, Məmməd Arazın bir evi var, adamın başına tökülür. Sizə kim deyir ki, ora Məmməd Arazın evidir? Sizə yalan danışıblar.

Məmməd güldü:

- Deməli, yazıçı dostlarım da adımdan istifadə edirlər...

 

 

 

(Ardı var)

Təzadlar.- 2014.- 14 yanvar.- S.6-7.