Məmməd Arazlı günlərin kitabəsi: “Ömürdən yarpaqlar”

 

 

 

Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...

“Təzadlar”ın ötən sayında xəbər verdiyimiz kimi, bu günlərdə ustad Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəliqızının şairin həyatı ilə bağlı xatirələrindən bəhs edən “Ömürdən yarpaqlar” kitabını nəşr etdirib. Gülxanım Fətəli qızının Məmməd Araz ömründən bəhs edən “Ömürdən yarpaqlar” kitabının dərsini davam etdiririk:

(Əvvəli ötən saylarda)

 

12-17-18 aprel - Dəyanət adlı bir şair ittifaqa üzv olmaq üçün Məmməddən zəmanət istəyirdi. Fikrini belə açıqladı:

- Məmməd əminin kimliyindən asılı olmayaraq bütün xalq onu istəyir, çünki o, heç kimi tərifləmir, yaltaqlanmır, öz yerişini itirmir. Bəzi şairlər indidən ölüdür, onları şair sayan yoxdur. Məmməd əmi diri ikən əbədiləşib.

- Məmməd, bu qədər tərifdən sonra otur zəmanətini yaz, - dedim.

Məmməd televerilişlərə münasibətini bildirdi:

- Rusiyada çevriliş də olub, çevrilişə cəhdlər də olub. O boyda ölkəni dağıtdılar, lakin heç kimi asmırlar, kəsmirlər. Hamısı deputatdır, xalqın içindədir. Biz vəzifədən çıxanların hamısını günahkar hesab edirik. Sözümüzdən elə çıxır ki, özümüz erməniləri çağırıb torpaqlarımızı vermişik, onların heç bir günahı yoxdur. Öz içimizdə düşmən axrtarmaqla məşğuluq. Demirəm, Rəhimin günahı yoxdur, var, ancaq bütün hakimiyyəti günahlandırmaq olmaz. Vuruşmaq lazımdır, Deyəsən, bizdə ona da  həvəs qalmayıb.

Yazıçılar haqqında xatirələrindən danışanda Ənvər Əlibəylinin adını çox hörmətlə çəkərdi Məmməd:

- Mənim ilk şeirimi “Ədəbiyyat və incəsənət” qəzetində işləyəndə o çap edib. Televiziyada işləyəndə də mənim bir sözümə, bir misrama belə toxunmaz, olduğu kimi verərdi.

-Bu yadımdadır ki, sən televiziyada çıxış edəndə səni hamıdan axıra saxlar, sözünü və ya şeirini yarımçıq kəsərdilər.

- Elə deyil, sənin dediklərin ayrı adamın dövründə olurdu. Sənin dediyin adam həmişə mənim əleyhimə idi, bunu gizlətmirdi də. Ənvər Əlibəyli isə mənə həmişə hörmətlə yanaşıb.

19 aprel - Günorta iki qonağmız oldu. Geologiya-minerologiya institutunun şöbə müdiri İsrafil müəllim və Paşa müəllim.

İsrafil müəllim:

- Sizi çoxdan görmək, söhbət etmək arzusunda idik. İmkan tapıb gələ bilmirdik. Vəziyyət çox gərgindir. Daşkəsən dəmir filizi mədənlərini almanların köməyilə işə salmaq istəyirlər. Onlarla bir yerdə çalışıram.  Neft məhsulları hazırlayan alimlərin az qala gözləri kor olur, köpük qusurlar, pul isə bir qrup şarlatanın cibinə gedir. Dərdimiz çoxdur, Məmməd müəllim, gözümüz səndədir, sənin də sağlamlığın belə...

Paşa Məmmədə həsr elədiyi şeiri oxudu və əlavə etdi:

- Məmməd Arazın gərək 8 otağı ola. Belə bir dahini zaman min ildən bir yetirir. Dahinin yaşadığı evə bax. Bu minillikdə üç dahi yetişib: - Nizami, Hüseyn Cavid,           M. Araz. Biz vaxtında sənətkarlarımıza qiymət verməyi bacarmırıq. Ölümündən sonra qızıldan taxt-tac qururuq, onu da yalandan. Yüz il keçəcək, görəcəklər ki, Məmməd Araz kimi fəlsəfi söz deyən, şeir yazan yoxdur. Onda qədrini biləcəklər.

Təbii ki, Məmməd Araz onun dahiliklə bağlı fikirlərinə etiraz etdi.

23 aprel  - Dəyanət haqqında yazdığım yazını oxumusanmı?

- Kitabına yazılmış ön sözü deyirsən?

- Gör bu kiçik yazıda nələr söyləmişəm?

Vətən dərdi, vətəndaşlıq qayğısını daşımaq hissi heç kimə əmrlə, göstərişlə bu və ya digər fərmanla verilmir.

Bu, elə bir daxili tələbat və daxili çağırışdır ki,  yalnız şairin taleyinə yazılır.

Mənim fikrimcə, bütün “poeziyalar” vətəndən başlanır, vətən haqqında vətən cazibəsində  formalaşır, bərkiyir...

Vətənpərvər şairlər üçün yeri gəldi gəlmədi vətəni bayraq eləmək heç nəyi həll etmir.

Vətənin bayrağını uca tutmağı bacarmaq vətəndaşlıq vəzifəsidir.

Şairin arzuları hələ işin hamısı deyil. Sənətin sənət olması üçün ən başlıca cəhətlərdən biri odur ki, oxucu səni necə qəbul edəcək; əsl imtahan, sənət imtahanından necə çıxmış olursan. Burada qeyri yol yoxdur, bircə yol var - sənət yoluna sənət yükü ilə çıxırsan.

Bir də bu yazı resenziya idi. Kitaba ön söz kimi veriblər.

Hər şer toplusunu vərəqlədikcə şairin özünü görmədən onunla həmsöhbət olmağa gərək mövzu tapasan. Bu, vacib şərtdir. Müsahib varsa, deməli, söz var, söz varsa, deməli şer var...

Müqəvvalar kimi boyalı, “daranıb dayanan” poeziya ilə üz-üzə dayanıb söhbət etmək mümkün deyil; çünki dərd-qayğı dili, sevinc-kədər dili, məsləhət dili ona yaddır.

O baxır, - görmür, eşidir, - duymur. Yalnız və yalnız kağız üçün yaraşıqdır.

Axı bir də pəncərədən dünyaya baxan dibçək gülündən bahar  ətrini istəmək olmaz. Çünki onun özü  bahar möhtacı, təbiət möhtacıdır... 

- Axı belə yazılardan bir şey çıxmaz, şeir yazmaq lazımdır.

- Düzdür, ancaq şeir yaza bilməyəndə publisistikaya əl atıram. Onlarda da çox gözəl fikirlər deyirəm. Toplu halında çap etmək olar.

- Çoxlu yarımçıq şeirlərin var. Onları bitirmək lazımdır, Məmməd Araz. Deyəsən,  yazı stolundan küsmüsən, Yılmaz masanı zəbt edib.

- Nəvə də bir şeirdir...

3-11-12-15 may - Qardaşım oğlu Hikməti Yılmazın yanında qoyub içəri keçdim: Onunla danışan qadının nə dediyini soruşdum:

- Bir qoca arvad bizimlə maraqlandı, cavab verdim ki, Məmməd Arazın yoldaşı mənim bibimdir. Qoca arvad dedi ki, Məmməd Araz Azərbaycanın danışan dilidir.

Televerilişlərə baxan Məmməd münasibətini belə bildirdi:

- Tutalım, Heydər Əliyevin başqa xidmətləri heç, təkcə “Naxçıvanski” adına hərbi məktəbə görə o, tarixdə qalmalıdır. Əsl padşahdır. Padşahın bir əlində qılınc, bir əlində mərhəmət olmalıdır. Yoxsa idarə etmək çətindir, xüsusən bizim milləti. Mən onu alqışlayıram.

Söhbətarası Məmməd bir xatirə danışdı:

- Vəzirovun dövründə yanıma naxçıvanlı Benyamin gəlib dedi ki, Heydər Əliyevin  Naxçıvandakı büstünü götürməyə Vəzirovun xüsusi tapşırığı var.

Mən yanıma gələnlərə qəti tapşırdım:

- Gedin, gecə-gündüz qruplarla keşik çəkin, qoymayın götürsünlər.

İşdən gələndə zarafatla dedi:

- Beş gündür yanıma bir seyid gəlir, guya məni biotoklarla müalicə edir. Gəlib əlini o tərəfə, bu tərəfə yelləyir, gedir.

- Özün necə, bir şey hiss edirsən?

- Yox, nə edir, qoy etsin, niyə onun xətrinə dəyim, kefini çəksin. Ayrı bir həkim də gəlib deyir ki, səni otlarla sağaldacağam. Sənin bədəninə çoxlu duz yığılıb, duzları bədəndən qovmaq lazımdır. Sabah otların suyunu gətirəcək.

19 may - Keçmişi yada salanda Məmməd elə bil bir az dirçəlirdi:

- Jurnalımız hökümət evində yerləşəndə Yasamaldan işə qədər piyada gedirdim. Çox vaxt səhərlər Rəsul müəllim bir tərəfdən, Süleyman Rəhimov o biri tərəfdən dəniz kənarına gələrdilər. Məni görən kimi yanlarına çağırardılar.

Bu isə çoxdankı söhbətdir... Yazıçılar İttifaqında sədrin otağında Xəlil Rzanın “O sahildə, bu sahildə” əsərinin müzakirəsi keçirilirdi, hamı Xəlili tənqid edirdi. Ən çox bu misralar təkrarlanırdı:

Yox, onu görməyin Arpaçayından,

Deməyin Saranı sellər apardı.

Şahənşah taxtından, Qış sarayından

Yurduma uzanan əllər apardı...

Mən çıxış edib Xəlili müdafiə etdim:

- Qoy necə istəyir elə də yazsın,  dedim, - mənim də adım cənub şeirlərimə, cəsarətli şeirlərimə görə millətçi çıxıb, bəs dərdlərimizi yazmayaq?

Orada olanların əksəriyyətinin mənim sözlərimə acığı tutdu:

-Nə istəyirsiniz bizdən? Sən Təbrizə getmək istəyirsən, biz istəmirik. Bizim əvəzimizə danışmayın. Xəlillə sən nə düşmüsünüz ortalığa...

O vaxt Rəsul müəllim də cənubdan çox yazandan biri idi. Yadımdadır, Naxçıvana yazıçıların plenumuna getmişdik. Oradakı çıxışında Rəsul Rza demişdi:

- Araz çayı bu torpağı üstdən ayırır, altdan torpaq birdir.

Rəsul müəllim “Atamın kitabı” poemasını oxuyandan sonra mənə dedi:

- Oxudum, sevindim, səni oxumamışdım. Sən də sərbəst şeir yazırsan ki...

Rəsul Rzanın “Mənim fikrimcə” publisist kitabı çıxanda həmin kitaba aid “Fikir həqiqət axarında” adlı məqalə yazdım. Zəng edib mənə təşəkkürünü bildirdi.

1975-ci ildə mənim haqqımda “O, şairdir” adlı məqaləsini “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdi. Məni görəndə deyirdi:

- Borcunun bir hissəsini ödədim, hamısını yox. Sonra da soruşdu ki, atan həqiqətən tutulub?

- Bəli, Rəsul müəllim, iki dəfə, özü də haqsız.

21-26 may - Yılmaz ağlayırdı. Məmməd onu sakitləşdirə bilməyib məni çağırdı:

- Yılmaza çox təbliğat apardım, kirimədi, keç gör necə sakitləşdirirsən, görünür daha təbliğat keçmir.

  Axşamki televerilişdə 20 may bayramı ilə əlaqədar konsertdə Masallıdan bir şagird “Məndən ötdü qardaşıma dəydi” şeirini elə gözəl ifa etdi ki. Qızı möhkəm alqışladılar, prezident də ləzzətlə əl çalırdı.

1 iyun - Axşamlar həmişə heykəlin ətrafında gəzişərdik. Bu axşam qonşumuz  İlyas Tapdığın xanımı Münəvvər və qızı müğənni  Şəbnəm də bizə qoşuldu. Söhbət ensiklopediyadan düşdü. Münəvvər dedi ki, İlyasın bioqrafiyasını Azərbaycanın buraxdığı ensiklopediyaya salmaq istəmirdilər. Mən orada işləyəndə bəzi adamların öz adlarını ensiklopediyaya saldırmaqdan ötəri necə oyunlardan çıxdıqlarının şahidi olurdum. Bir gün Araz Dadaşzadəyə dedim ki, ay Araz, bu İlyas Tapdıq  bitki qədər də olmadı ki, onun haqqında məlumatı salasan ensiklopediyaya? Bu sözlərimdən sonra Araz məlumatı saldırdı, ancaq şəkilsiz getdi.

- Hə, -  dedim - Məmmədi də ensiklopediyaya saldıqlarına görə Padiqan adlı işçini işdən çıxarmışdılar. O da heç kimə şikayət etmədən demişdi:

- Fəxr edirəm ki, məni Məmməd Araza görə işdən çıxarırlar.

Məmməd də sözə qarışdı:

- İlyas çox gözəl uşaq şairidir, bunu görməmək olmaz.

10 iyun - Axşam saat beşin yarısında qapımız döyüldü. Qonağımız Vaqif Süleymanlı və onun tanışı idi.

Söhbətdən məlum oldu ki, Abil İsmayılov Yazıçılar Birliyinə üzv olmaq istəyir, üç nəfər zəmanət verməlidir. Arzusudur ki, onlardan biri Məmməd olsun. Özümün “lazımsız” suallarımı verməyə başladım:

- Abil, bala, neyləyirsən Yazıçılar Birliyinə üzv olmağı, özün görürsən ki, oranın heç bir xeyri yoxdur.

Cavabı:

- Bacı, bəlkə zəmanə dəyişdi, dövlət dəyişdi, ziyalıya qiymət qoyuldu. Gələcəkdə ev, maşın ala bildim. Indi yataqxanada qalıram.

Vaqif otaqlarımızın sayını soruşdu. Cavabım Vaqif Süleymanlını təəccübləndirdi:

- Zevin küçəsində böyük bir ərazisi olan otaqları Əzizə Mustafazadəyə veriblər, bu, çox yaxşı! Məmməd Araz da Məmməd Arazdır axı. Hələ deyirsiniz ki, bu iki qaranlıq, nəm otağı da sizə nazla veriblər...

Sonra Vaqifə Məmmədin “Ayağa dur, Azərbaycan!” şeirini verdim,  yaxşı marş olar,  dedim.

15 iyun - Köhnə adətimizi bərpa edərək yenə fəvvarənin ətrafında gəzməyə çıxdıq və Məmməd də keçmiş xatirələrdən danışmağa davam etdi:

- Tofiq Bayram Məmməd Rahimə həmişə dədə deyərdi. Rahim tez-tez bizi bağına qonaq aparardı. Bir dəfə Məmməd Rahimin silsilə şeirləri qəzetdə çıxmışdı. Adətimiz üzrə yenə də Yazıçılar İttifaqının qabağına yığışmışdıq. Süleyman Rüstəm  qəzet alıb gətirmişdi. Tofiq şeirləri oxuyub, rəzalət, rəzalət, deyə deyinirdi. Mən Tofiqi acıqlandırmaq üçün dedim ki, şeirləri Rahim dədənə tərifləyəcəyəm.

Tofiq acıqlandı:

- Ə, vicdanın olsun, elə iş görmə, - dedi.

- Niyə, özünü dost adlandırırsan, ona  dədə də deyirsən?

- Ə, vicdansız, nə edim, pulum yoxdur. Ona görə də dədə deyirəm, amma şeirlərini ki tərifləmirəm.

Bu arada Məmməd Rahim də gəldi, artıq fürsət idi, oxumadığım şeirlərini Rahim müəllimə tərifləməyə başladım. Elə sevindi ki!

 - Hə,   mənə də zəng edib tərifləyiblər.

Onun şeirlərini hər dəfə tərifləyəndən sonra yaxşı bir qonaqlıq alardıq.

1975- ci ildə mən xəstəxanada yatanda Məmməd Rahim də orada yatırdı. Gözləri tutulmuşdu. Mənim yanıma gəlib gedənlər çox olurdu. Məmməd Rahimin arvadı Mələk xanım da hamısını ona xəbər verirdi.

Yanına keçəndə mənə gileyləndi:

- Məmməd, sənin nəslin etibarlıdır, yanına gəlirlər, amma mənim nəslim etibarsız çıxdı, heç biri yanıma gəlmir. Onun xəstəxanada yazdığı şeirin axırıncı misrası yadımda qalıb:

Dünya yerində qaldı, gedirəm...

Başqa bir maraqlı əhvalat da söyləyim:

Hüseyn Arif, Tofiq Bayram və başqa bir neçə şair köməkləşib parodiya qoşmuşdular. Ondan iki bənd yadımdadır:

Qağamızdan məna sezmə,

Meyl elədi neçə “izmə”,

Yuxusunda qəmminizmə

Çatıb, oyanmaz-oyanmaz!

Oldu şairlərin xası,

Silinməz şeirinin pası...

Əməkdar xəngəl ustası

Yatıb oyanmaz-oyanmaz!

Ünvan sahibi inciməzdi. Cavanlarla həmişə zarafatlaşardı.

17 iyun - Bir dəfə Məmməd Rahim ittifaqda yeni şeirlərini oxuyurdu. Qabil yerindən dilləndi:

- Rahim müəllim, baxmayaraq sənə beş min manat borcluyam, ancaq şeirlərin bir şeir deyil.

Qabil həmişə Məmməd Rahimdən soruşardı:

- Rahim müəllim, maşının necədir?

Məmməd Rahim gülə-gülə cavab verərdi:

- Yaxşıdır, Qabil.

21 iyun - Axşam telefon səsləndi:

- Danışan kimdir?

- Sizə kim lazımdır?

-Məmməd müəllimin evidir?

- Bəli, sizə cavab verən yoldaşıdır.

- Mən Rəfail müəllimin köməkçisi Miriyəm. Aqili axtarırıq ki, sizə gələk.

Ünvanı  dedim. 15 dəqiqədən sonra  gəldilər. Evin şəraitinə baxdıqdan sonra onların diqqətini Məmmədin arxivinə yönəltdim:

- Rəfail müəllim, bizim sağlamlığımız heç, axı bu arxiv xalqa qalmalıdır. Nəm onların axırına çıxır, əlyazmaları yavaş-yavaş saralır. Bir şeir və ya məqalə lazım olur, tapa bilmirəm. Nə isə... Biz o xalqıq ki, Vaqifin şeirlərini erməni toplayıb çap etdirib. Yəqin nə demək istədiyimi bilirsiniz?

Rəfail Allahverdiyevin cavabı:

- Bu saat hökümətdə ev tikilmir, siz də dəniz görünən yerdən istəyirsiniz. Evlərin hamısı tutulub

- Yox, mütləq deyil ki, dəniz görünsün, rahat ev olsun. Bəlkə qonşu qadına iki otaq verib onun mənzilini bizə verəsiniz. Orada küçəyə pəncərə var, mənzildə hava olar, nəm çəkilər, mən də nə qədər sağam arxivi qaydaya salaram.

Müavini dilləndi:

- Bu binada bir arvad evini özəlləşdirib satmaq istəyir, bəlkə elə onu alaq, bura da qalsın arxiv kimi.

- Bilirsinizmi, indi bizim yaşımızın elə vaxtıdır ki, bir də ev istəmək, mənzil gözləmək imkanımız olmayacaq, eyni zamanda blokdan-bloka gəzmək bizə çətin olacaq.

- Onda məsləhət görürəm, türklərin tikdiyi binanı gözləyəsiniz, gözəl evlərdir, noyabr, dekabrda hazır olacaq. Hazır olanda sizi ora köçürərik.

- Gözləməyib nə edəcəyik ki? Ancaq o vaxta bizi salamat görsəniz?

- Vəziyyətinizi gördüm, ürəyim ağrıdı. Məmməd Araz belə evdə yaşamalı deyil. Çalışaram iki həftəyə məsələni həll edim. Başçımız bu saat Türkiyəyə gedib. O, gələndən sonra bir mənzilin pulunu almamaq şərtilə bəlkə məsələni həll etdim.

 Qonşular təmir üçün gətirdikləri qumu pəncərəmizin altına tökürdü. Külək də qumu evimizin içinə “süpürürdü”. Məmməd məni çağırdı:

- Gülxanım, qum gətirənlər bir az mədəniləşiblər.

Təəccüblə ona baxdım.

- Görmürsən, indi qumu pəncərəmizin altına yox, bağa töküblər.

7-8 iyul - Kəndə getdik. Kəndin özünəməxsus hay-küylü, xoruzbanlı səhərlərindən biri. Məmməd zarafatlarından qalmır:

- Şəlalə kənd itlərini görsəydi, şəhər itlərinə tərifnamə yazardı.

Səhər yenicə açılıb, Məmməd eyvandan uzaqdan görünən dağları seyr edir.

- Sabahın xeyir, Məmməd Araz, necə yatdın?

- Yaxşı, gözəl havadır.

- Sənsə gəlmək istəmirdin, bekarçılıqdır. Keçmişi yada sal görək.

- Süleyman Rəhimovun Heydər Əliyev haqqında sözünü demişəm də sənə?

- Yox, nə deyib ki?

- Bir adət olaraq Süleyman Rəhimov dənizin içinə uzanan körpünün yanında oturardı. Çalışardım ki, gözünə görünməyim, işə gecikməyim, ancaq görərdi və yanına çağırardı.  Məmməd, bura gəl, Heydər Əliyev haqqında fikriniz nədir? Sonra da əlavə edərdi. O, siyasi istedaddır, bunu bilin və siz cavanlar onu qoruyun. Bu sözlər hər görüşdə təkrarlanardı.

Bu, olmuş hadisədir. Bir dəfə yığıncaqdakı çıxışında Osman Sarıvəlli deyir:

- Sovet höküməti gələnə qədər babalarımızın yaxasında barmaq qalınlığında kir olardı.

Süleyman Rəhimov özünü saxlaya bilməyib yerindən replika atdı:

- Ay Osman, Nikolayın günahı nə idi ki, Kürün sahilində yaşayan baban bir vedrə su götürüb yuyunmayıb.

9 iyul - Məmməd, Adil Əfəndiyevə nə olmuşdu ki, Qılman onun yerinə gəldi.

- Adili mətbuat komitəsinə apardılar. Şıxəli Qurbanov Qılmanı Adilin yerinə təyin etmək istəyəndə nəşriyyatda işçilər hay-küy qopartdılar, lakin Şıxəli Qurbanov gecə ikən Vəli Axundovla məsələni həll etmişdi. Səhər artıq əmri verilmişdi. İşçilər Adil müəllimi çox istəyirdilər. Adil müəllim sonralar Marksizm - Leninizm institutunda tərcümə şöbəsində işlədi. Çox mədəni bir adam idi, heç bir işə qarışmazdı. Adil müəllimin yaxşı kəlamları vardı. Deyərdi:

- Məmməd, müəllif lap Marks olsa belə, ona inanma, çünki müəlliflər əlyazmalarına çox məsulliyyətsiz yanaşır.

Deyəsən, 1964-cü il idi. Mən Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərini plana saldım. Sən demə gürcülər Şotanın yubileyinə hazırlaşırmışlar. Küy qopdu ki, əsər plana salınmalıdır. Dedim, - əsəri plana salmışam.

İsrafil Nəzərov (o vaxt mətbuat komitəsinin sədri idi) təəccübləndi:

- Nə yaxşı, bu hardan ağlına gəldi?

“Pələng dərisi geymiş pəhləvan” əsərini Əhməd Cavad da tərcümə etmişdi. Adil müəllimə müraciət etdim ki, gəl Əhməd Cavadın tərcüməsini salaq.

Adil müəllim soruşdu:

- Məmməd, zınqrovu kim asacaq?

- Mən! - cavabını verdim.

Sonra həmin məsələni şöbədə müzakirəyə qoydum. Səhərisi Məmməd Rahim, onun ardınca Süleyman Rüstəm gəldi. Qoymadılar Əhməd Cavadın tərcüməsi getsin. Öz tərcümələrini saldırdılar. Adil müəllim mənə dedi:

 - Sənə deməmişdim ki, qoymazlar?

Mənim “Qanadlı qayalar” kitabımı baş redaktor çapa getməyə qoymurdu, bütün şeirlərin qarşısına sual qoymuşdu. Onda Əjdər Xanbabayev nəşriyyatın direktoru idi. Baş redaktoru (adını yazmadım) yanına çağırıb ona dedi:

- Filankəs, kitab çap olunmalıdır, sən qol çəkməsən də mən qol çəkəcəyəm...

Kitabım ondan sonra çapa getdi. Əjdər rəhmətlik kimi bizdə nəşriyyat işini bilən yox idi.

10 iyul - Məmməd, “Ulduz”da işlədiyin vaxt Cəlal Bərgüşad da radioda işləyirdi, hə?

- Cəlal radioda redaktor işləyirdi. Publisist yazılarımın radioda oxunması üçün hərdən Cəlala zəng vurardım. Əvəzində tez deyərdi:

- Ə, qağa, mənim kiçik bir hekayəm var, bəlkə...

- Ay Cəlal, axı birinci mən sənə zəng etmişəm, tez hekayənin çapına əvəz istəyirsən...

Cəlal kürd deyildi, ancaq özünü kürd adlandırırdı. Soruşdum ki, Cəlal, kürd deyilsən, niyə özünü kürd adlandırırsan?

- Ona görə ki, kəndimiz Kürdmahmud adlanır.

- Atan, baban kürdcə danışırdı, görüb eşitmisən?

- Yox, görməmişəm.

- Bəs onda nə deyirsən?

11 iyul - Gecə itlərin konsertinə qulaq asdınmı? - soruşdu Məmməd.

- Yox, yorğun idim, yatdım.

- Hayıf, çox şey itirdin.

Kənddə evimiz çiy kərpicdən olduğu üçün yayda sərin olur, eyvanımız isə əksinə. Soruşdum:

- Məmməd, otaq sərindir?

- Əgər eyvandan keçə bilsən otaq sərindir.

Təzədən suallarımı yağdırmağa başladım:

- Təkcə şeirdə yox, nəsrdə də yeni sözlər, ifadələr işlədirsən, hardandır onlar?

- Hansıdır o?

- Məsələn:  “Taleyin yoluna qəfil zəlzələ çıxana qədər”,  ifadəsi...

Sonra da əlimə düşən yarımçıq misralarını oxudum:

Düşünməyə macalım yox,

Gecə-gündüz mən işdəyəm.

Od içində, su içində,

Buz içində yürüşdəyəm.

Misraları təzədən mənə oxutdu, bir də təkrarlatdı:

 - Mənim ola bilməz - dedi.

14-15 iyul -  Eyvandan yenə həsrətlə dağlara baxıram. Məmməd də nə isə qaralamağa başlayıb, yəqin işləmək istəyir. Həmişə ayın 14-15-i ay bədirlənər, çinarların arasından balkonumuza boylanardı. Ay görünmədi.

Yenə də “solaxay” suallarıma başladım:

- Həmişə bu vaxtlar ay çıxardı, indi niyə yoxa çıxıb görəsən?

- Qocalmışıq deyə, ay da bizdən küsüb.

- Kişi dünyaya görəsən bir də gəlmək məsələsi düzdür?

- Çox “ağıllı” suallar verirsən, təklənmə, arvad!

- Gözəl cavabına təşəkkürlər. Niyə təklənmə dedin?

- Nə bilim, bir anlığa təsəvvürümə tənhalığını gətirdim, ürəyim sıxıldı. Çünki tənhalara hücumların sayı çox olur.

1989-cu ildə “Ədəbiyyat və İncəsənət” qəzetində çap olunmuş məqalədə belə bir birləşmə yazmışdı:

- “Hər yerdə səsi eşidilənlər birliyi” - yaratmaq.

Məqalədə söhbət İranda asılmış azərbaycanlılardan gedirdi. Sözarası mənə çatdırdı:

- Axırıncı dəfə Məhəmmədin bacısı oğlu bizi yoluxmağa gəlmişdi, ha. Burada “Savakın” adamları çoxdur. Gəlib gördü ki, xəstəyəm, həm də o söhbətlərə meyl etmədim, çıxıb getdilər.

Arada xatirələrimi ona göstərdim:

- Bax, nə yazmışam, yaxşı əsər alınacaq, dahiyəm, ha.

- Arvadlardan heç vaxt dahi olmur, çünki dahi olmağa onları mətbəx qoymur.

 

 

 

(Ardı var)

Təzadlar.- 2014.- 16 yanvar.- S.6-7.