Tanınmış kimyaçı alim, dəyərli insan...

 

 

Yaxud, əl tutmaq Əlidən qalıb

 

 

 

Bir vaxtlar imam Əli (ə.s.) barəsində deyilən bu xoş sözlər illərin və zamanın sınağından keçərək neçə-neçə yüzilliklərdən sonra bizə gəlib çatmışdır. Kənddə, eldə-obada xeyirxah adamlara, imkansıza hayan, yıxılana dayaq olan, hər sözü daşdan keçən, bir kəlməsi ilə qan-qadanı yatırdan, dostdan, qonaq-qaradan heç nəyi əsirgəməyənlər barədə deyilər bu sözlər: “Əl tutmaq Əlidən qalıb”.

Mən də bu səpkidə olan yazımda Azərbaycan Memarlıq və İnşaat Universitetində hamının tanıdığı və hörmət etdiyi - kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor Əli Binnət oğlu barədə söz açmaq istəyirəm.

Bioloji fikri dəstəkləsək, biz də təsdiq edirik ki, insan öz yaşadığı, doğulub dünyaya göz açdığı torpağın məhsuludur, yəni hər kəs öz yurd-yuvasının torpağından yaranıb. Bu ciddi və elmi məntiqə arxalanaraq deyə bilərik ki, Əli müəllim də dünyaya Qarabağın mərkəzi olan Ağdamda, ərazisi Ağdam şəhərinə qatılmış Ətyeməzli kəndində 1940-cı ildə anadan olmuşdur.

Qarabağ torpağı həmişə məhsuldar olub, çölləri bol taxıl, pambıq, üzüm yetirib, bağ-bağçaları barlı-bəhərli, qarabağlıların qapısı dost üzünə açıq, süfrələri qonaqlı qaralı.

Bir halda ki, torpağa bioloji nəzər yetiririk, o zaman onu da deyim: Qarabağ torpağı, çölləri bol taxıl, üzüm yetirən, dünyada keyfiyyətinə görə misli-bərabəri olmayan mal-qara, onların tutya kimi əldən-ələ, dildən-dilə gəzən ləzzətli pendiri, əti olan qoyun-quzu yetirir, barlı-bəhərli meyvələr yetirir. Bax, qarabağlılar da bu torpaqdan yaranıb  deyə, onların mərdliyi, aşıb-daşan süfrələrinin qonaqlı-qaralı, sözü bir, dosta-qohuma sədaqətli, dizibərk olması təsadüf deyil. Çünki qarabağlılar da Qarabağ torpağının məhsuludur. Odur ki, bu gün çox ağır və məşəqqətli həyat sürən qarabağlılar  o topaqlara qayıtmaq ümidi ilə yaşayırlar.

Torpaq çox qiymətli sərvətdir, onu heç bir var-dövlətlə bərabər tutmayıb müdrik ata-babalarımız. Torpaq uğrunda müharibələr əsrlər boyu olduğu kimi, bu gün də davam edir. Silahlar, pal-paltar, nəqliyyat forması dəyişsə də, məzmun olduğu kimi qalıb - güclü dövlətlər zəif dövlətləri yer üzündən silir, ərazilərini genişləndirir.

Lap yaxın keçmişdə Çingiz xan, Batı xan, Əmir Teymur, İldirim Bayazid, Napoleon, Suvorov,  Jukov, Stalin vardı. İndi isə fərdləşdirmə seyrəkdir, indi super dövlətlər var, onların insanın ağlına gəlməyən silahları var, istədikdə diktatoru devirir, diktatorun daxili və xarici siyasətinə min bir don geyindirib öz xalqını, hətta qohum-əqrəbasını da ona qarşı çevirir. Məgər Azərbaycanda biz bunları görmədik, çox yaxşı gördük, gərək buna da inanaq, sonrakı hakimiyyətin qətiyyətinə də.

Haşiyə: Əli Əliyev Ağdam şəhər 1¹-li orta məktəbində oxuyanda riyaziyyata çox böyük həvəs göstərirdi. Onun oxuduğu siniflə yanaşı, beş paralel sinif vardı, 130 şagird arasında riyaziyyat fənni üzrə fərqlənənlərdən biri də Əli idi. Tanınmış riyaziyyat müəllimi Fikrət Hacıyev onu sevimli şagirdlərindən biri hesab edirdi. Müəllimin şagirdə qarşı mehribanlığı Əlini daha da oxumağa həvəsləndirdi. Ətyeməzli kəndi məktəbdən xeyli aralı olsa da, Əli bir gün də olsun dərsə gecikməzdi. O, ictimai işlərdə də fəal iştirak edirdi.

Ancaq necə olsa da, Əli axı kənddə yaşayırdı, kəndin öz həyat tərzi, qayda-qanunları vardı. Həyətyanı sahəni əkib-becərmək, mal-qaraya ot toplamaq, qış üçün odun tədarükü etmək və s.

 

Bir gün o, uzunqulağı arabaya qoşub Uzundərəyə tərəf düşür (“Uzundərə” havası da məhz bu dərənin şərəfinə yazılıb). 1950-ci illərin sonları idi. Hələ də adamlar arasında əsgər şineli, əsgər kiteli geyinənlər vardı. Taxıl bolluğu yaransa da, tədarük artmışdı. Adamlar hər şeyə qənaət etməyə çalışırdı, Kolxozun tələbləri bitib-tükənmirdi. Əli arabanı yaxın qohumları Xanın briqadasının taxıl zəmisinin kənarında saxlayır. Mayın üçüncü ongünlüyü idi. O dövrdə qılçıqsız buğda növü yox idi. Qaraqılçıq və sarı buğda Qarabağ növləri idi. Taxıl sünbülləmişdi. Həzin külək əsirdi. Sünbüllər bir-birinə toxunub dəniz kimi ləpələnirdi. Orda-burda qanqal, türpəng baş qaldırmışdı. Bu alaq otları taxılın məhsuldarlığını aşağı salırdı, azaldırdı. Adamlar bu alaq otları ilə bellə, oraqla mübarizə aparsalar da, çox vaxt taxılı əzir, zərəri ikiqat artırırdılar. Yenə də türpəng, qanqal, digər alaq otları zəmini basırdı. Əli uzunqulağın ayağına ip bağlayıb hörükləyir. Elə bu vaxt briqadirin həzin, ona tanış olan bir oxumağını eşidir:

 

 

 

 

 

Az qalıb ömrün, ay türpəng,

Təyyarə gələr artar qəmin,

Yıxılıb ayaqaltı olarsan,

Siçan, mişovula qismət olarsan.

 

 

Sabiranə deyilmiş bu sözlər Əlini tutur. Briqadirlə salamlaşanda:

 

 

- Ə, a bala, birdən ulağı buraxarsan ha...

- Yox, yox, əmi, ayağına ip bağlamışam.

 

 

- Amandı, bu saat taxılın qan-qan deyən vədəsidir, özün də zəminin içinə girmə, qıraq-bucaqdan əlinə keçəni biç tök arabaya, heyvan gözünə təpəcək. Amma bu da bugünlük, sabahlıqdı. Təyyarəni gözləyirəm. Elə ki, təyyarə gəldi, dalay qanqal, dalay türpəng.

O zaman Əli təyyarənin əkin sahələrinə, taxıl zəmisinə, bağ-bağata dərman səpdiyini eşitsə də, gözləri ilə görməmişdi. Ona görə də bu səhnə ona nağıl kimi gəlmişdi. O, bir gün ot biçməyə getmədi, sən demə, həmin gün səhər-səhər təyyarə havaya qalxıb taxılı dərmanlayıb. Sonrakı gün Əli sahəyə gedəndə görür ki, o boyda taxıl zəmisinin içində gözə dəyəsi nə qanqal var, nə də türpəng. Əli arabadan düşəndə baxır ki, alaq otları büzüşüb başını əyib aşağı, amma bir sünbülün də başı ağrımayıb. Əlinin heyrətə gəldiyini görən briqadir deyir:

- Görürsən, ay oğul, alim belə olar, min adamın işini bir saatda görər, özü də əla. Oxuyanda da belə sənət sahibi olasan. Elin-obanın əlindən tutub, kənd-kəsəyə bolluq gətirəsən. Uşaqlar zəhmət çəkib oxuyurlar. Elə mən də ikillik müəllimlik sənətini bitirmişəm. Ədəbiyyat müəllimi idim. Baxdım ki, bununla mən elimə-obama xeyir verə bilmirəm. Ona görə də briqadir oldum.

Bilmirəm, briqadir haqlıymış, ya yox. Ancaq onu bilirəm ki, insan elinə-obasına, xalqına fayda verirsə, bu, yaxşı peşədir. Əli bu sözləri eşidirdi. Sonralar bir dəfə də iki qonşunun çardaq üzümündəki fərqi görmüşdü. Baxmışdı ki, tənəyin yarpağını tez-tez əhəng və göydaşla dərmanlayan traktorçunun çardağında nə qədər üzüm var, hamısı sağlam idi. Çoban Alının çardağındakı üzüm salxımlarının hamısı qoturlayıb yarı çürümüş, yarı qurumuşdu. Bu barədə o, xeyli düşünür. Onda kimya elminə, konkret təbiət elminə ciddi maraq oyanır. Amma bir tərəfdən də riyaziyyatçı olmaq istəyirdi. Bir dəfə də Əliş müəllim (Əliş Abdullayev Ağdamda tanınmış kimya müəllimlərindən biri, adlı-sanlı məktəb direktoru, məktəbşünas, tanınmış pedaqoq idi) Əli gilə gəlir.

Stulda oturub çay içməmişdən əvvəl narahat təbiətli Əliş müəllim bağ qayçısını götürüb üzüm çardağında yaşıl budama aparır. Bir az da acıqlanır:

- Neçə yüz kiloqram üzümü itirmisiniz, hər şeyin öz vaxtı var, bir həftə 10 faizli əhənglə göydaş vurun. Əgər dərmandan sonra yağış yağsa, yağış kəsən kimi bir də dərmanlayın, gecə yağış düşsə, səhər bir də dərmanlayın. Sonra da kükürd tozu, kükürdü cunaya bağlayın ağacın ucuna düyün, özünüz də ağzınıza maska tutub tənəklərin arasında torlama aparın, hər həftə, hər yağışdan sonra, ta avqustun 20-nə qədər.

Bu, təkcə müəllim yox, həm də peşəkar bir mütəxəssis tövsiyəsi idi. Əli bu sözləri qulaqlarında sırğa edir. Kolxozun üzümlüyünün kənarındakı çardağın altında, əhəng quyusunun yanında hazırlanan dərmanlara baxıb, bir torba da göy daş götürüb evə gəlir. Başqa bir qabda əhəng hazırlayıb daim suda saxlayır. Hər yağış kəsəndən sonra Əliş müəllimin dediyi kimi edir, sonra da keçir kükürd dərmanına. Beləliklə, həmin ilin payızında çardaqdakı üzümü yığıb-yığışdırmaq olmur. Ata-ana, qonşular builki üzümün məhsuldarlığını Əlidən görürlər. Əli isə əsas səbəbkarın Əliş müəllim olduğunu söyləyir. Bütün bu olanlar Əlidə kimya fənninə ciddi maraq oyadır. Bu sahədə yenə də Əliş müəllim onun peşə seçmində əsas istiqamətverici olur. Bir dəfə bu barədə söhbət düşəndə qocaman pedaqoq soruşur:

- Əli, məktəbi başa vurmağına cəmi-cümlətanı iki ilin qalıb, hansı peşəni sevirsən?

 

 

- Əliş əmi, müəllimliyi.

- Onda hansı ixtisası seçmisən?

 

 

Əli bir qədər duruxur. İki yolun ayrıcında qalmışdı, nəyi desin, bəlkə də o səhv edə bilərdi, odur ki, tutqun bir səslə deyir:

- Riyaziyyatı, bu fənni çox sevirəm!

- Çox yaxşı, Əli, çox yaxşı, elə mən də orta məktəbdə oxuyanda riyaziyyatı çox sevirdim. Məni başa saldılar ki, sən riyaziyyatı yaxşı bildiyinə görə səndən çox yaxşı kimya müəllimi olar və xalqımıza xeyrin çox olar. Bu ağıllı söz ağlıma batdı və mən kimyanı seçdim, indi də kimyaçıyam, peşəmlə fəxr edirəm. Haraya getsəm, harada olsam iş tapıram. Nə qədər ki insan var, nə qədər ki təbiət var, əkin-biçin var - elə böyük kimya da var. Baxıram ki, sən də bu gün mənim dediyim məqamları yaşayırsan, - gəlsənə kimyanı seçəsən, elinə-obana, xalqına əl tutasan, kömək edəsən - riyaziyyat səni kimyanın zirvəsinə ucalda bilər!..

Beləliklə, illər dolanır, Əli 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə daxil olur. Kimya dərslərində Əlinin qabağına bir nəfər də olsun, tələbə çıxa bilmir, hər yerdə riyaziyyat onun dayağı olur. Müəllimi onu daha çox qiymətləndirir. Bu isə Əliyə daha çox mənəvi dayaq olur. Tələbələr Əlini bir an da olsun diqqətdən kənarda qoymur, bilmədiklərini onda soruşurlar. Əli məsələlərin həllində qrup yoldaşlarına köməyini əsirgəmir. O, hətta digər kurslarda oxuyanların arasında da seçilir. Kurs işlərinin tez və düzgün yerinə yetirilməsində də, yaxud keçirilən müsabiqələrdə də Əli seçilirdi.

Demək olar ki, Əli Əliyevin ali məktəb həyatı orta məktəb həyatı kimi uğurlu olur. O, universitetinin kimya fakültəsini 1964-cü ildə qırmızı diplomla bitirir. Hələ universitetin sonuncu kursunda oxuyarkən müəllimi akademik Ə.M.Quliyevin tövsiyəsi ilə Azərbaycan SSR Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda laborant vəzifəsinə göndərilir. Burada da o, öz işlərini bacarıqla yerinə yetirir, tədqiqatlar aparır, elmi axtarışlarla məşğul olur. O, bu müddətdə təhsil aldığı universitetin alimləri ilə də yaxından əlaqə saxlayır.

1965-ci ildə Əli Əliyev öz arzusunun çox ciddi bir mərhələsinə qədəm qoyur, universitetin Elmi Şurasının qərarı ilə “Üzvi kimya” ixtisası üzrə aspiranturaya qəbul edilir.

Bu, Əlini olduqca sevindirir və o, bu sevinci valideynləri, qohum-əqrəbası, xüsusilə, Əliş müəllimlə bölüşmək üçün Ağdama, Ətyeməzli kəndinə gəlir. Elə bilir ki, behiştə düşüb. Sanki bu yerləri ilk dəfədir görür. Barlı-bəhərli bağ-bağça, allı-güllü almaların, şaftalıların barlı budaqları bir-birinə dayaq olub. Bağlardan çəpərlərin arasından boylanan qızılgüllərin ətri, bostanlardan gələn yemişin iyi adamı məst edir. Üzüm çardaqlarından sallanan üzüm salxımları göz oxşayır. Kimsə lap uzaqda, qalın bağların arasında “Qarabağ şikəstəsi” oxuyur. Yaxınlıqdakı həyətdən gələn isti təndir çörəyinin ətri adamı iştahlandırır...

Yolda qarşısına çıxan hər kəs dərhal Əlini tanıyır. Yayın istisi Əlini bir qədər sıxsa da, o, səmimiyyətlə hamı ilə görüşür.

Həmin gün sadə müəllim həyətində bir canlanma vardı. Əlinin beş bacısı vardı, üçü dünyasını tez dəyişmişdi, ikisi qalmışdı. Ailənin ən kiçiyi Əli idi. Odur ki, Əlinin gəlişi bir bayrama çevrilmişdi. Sadə bir müəllim həyəti olsa da, Binnət müəllimin geniş həyətyanı torpaq sahəsi on sotdan çox idi. Üzüm çardağı hər il bol məhsul verirdi. Evin xanımı həyətdə toyuq-cücə saxlamaq üçün xüsusi yer də tikdirmişdi, hər il çoxlu cücə saxlayır, yarısını satıb pulunu Əliyə göndərir, qalanını da evə xərcləyirdi. Bu gün isə ana oğlunun ayaqları altında qurban kəsəcəyini arzulamışdı. Odur ki, dərhal toğlu kəsildi, 7 evə qurban əti paylandı. Xiyar mövsümünün son həftələri idi, pomidor isə təzə-təzə qızarırdı. Yemiş saralmış, qarpız yetişmiş, üzüm şirinləşmişdi. Üzüm çardağının altında süfrə açıldı. Əli müəllimin bacıları da, anası da gözəl-göyçək bəzənmişdilər.

Çox adam gəlmişdi, onlardan biri də Əliş müəllim idi, Əliş Abdullayev - Əliyə çox ciddi tövsiyələr verən kimyaçı Əliş müəllim. Süfrənin başında Əliş müəllim oturdu. Onun ilk sözü belə oldu:

- Gəlin, içək Əlinin, onun anasının sağlığına.  Kaş, Əlinin atası Binnət müəllim sağ olaydı. Mən daha çox sevinirəm ki, Əli məni eşitdi, o, riyaziyyatçı da ola bilərdi. Ancaq indi riyaziyyatla mayalanan kimyaçının qarşısını heç nə kəsə bilməz...

Məclis başa çatandan sonra Əlinin anası və Əliş müəllim bağçaya keçdilər. Əlinin anası Əliş müəllimə nə dedisə, Əliş müəllim arif adam idi, tez arvadı bir qədər kənara çəkdi:

- Nə danışırsan, az, istəyirsən ki, odla-pambıq bir yerə düşsün, bu sözü bir dəfə dedin, bir də dilinə gətirmə. Əlinin müdafiəsindən sonra nə desən, o da Əliş müəllimin boynuna. Sonra da Əliş müəllim böyük Nizaminin bir kəlamını xatırlatdı. Həm də əlavə etdi ki, bax ha, bunları yadında saxla, sənin bu sözlərin oğlunu yuxuya verər, amandır:

 

 

 

 

 

Çox iti beyinlər yatan oldular,

Axırda saxsı qab satan oldular.

 

 

(Davamı var)

Xanış Məmmədov,

Sumqayıt şəhəri

Təzadlar.- 2014.- 18 yanvar.- S.13.