Tanınmış kimyaçı alim, dəyərli
insan...
Yaxud, əl tutmaq Əlidən qalıb
(Əvvəli ötən sayda)
Nəhayət, 1969-cu ildə
BDU-nin ixtisaslaşmış elm şurasında “2,5 -
Dialkilbenzil merkaptanların və onların s - əvəzli
törəmələrinin sintezi və tətbiqi” mövzusunda
namizədlik dissertasiyası müdafiə edərək, kimya
elmləri namizədi elmi dərəcəsini
almışdır. O zaman kimyanın bu təmayüllü
ixtisaslı kadrlara böyük ehtiyac olduğundan Əli
Əliyev iş üçün çox gözləmədi.
1968-ci ildə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili
Nazirliyinin əmiri ilə Azərbaycan Politexnik İnstitutuna
(indiki Azərbaycan Texniki Universiteti) göndərilmişdi. Əvvəlcə Əli
müəllim kimya kafedrasında laborant, sonra
assistent, baş müəllim və dosent olmuşdur. 1978-ci ildən hal-hazıradək Əli Əliyev Azərbaycan
Memarlıq və İnşaat Universitetində işləyir.
1988-ci ildən kimya kafedrasının
müdiridir. 1992-ci ildə “Funksionaləvəzli 1,3-diheterotsikloalkanların və onların sələflərinin
sintezi və müxtəlif materialların əlavə kimi tədqiqi”
mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1985-ci ildə
institutun rektoru pofessor Bunyad Sərdarovun göstərişi ilə
Polşada istehsal olunmuş üç dəst laboratoriya
avadanlığı (hər birinin dəyəri 110 min manat)
alınmış, laboratoriya və elmi-tədqiqat
otaqlarında həmin avadanlıqlar
quraşdırılmışdır. Kafedranın maddi-texniki təminatı,
laboratoriyaların yenidən, həm də ali
təhsilin müasir dünya səviyyəsində qurulması
yüksək ixtisaslı kadr hazırlığında ilkin mərhələdir.
Bunlardan istifadə olunması istiqamətində
axtarışlar aparılmalıdır.
Əli Əliyev kimya elmləri doktorudur. 1990-cı ildən
professordur. Professor Ə.Əliyevin əsas elmi işi tərkibində
oksigen, kükürd və azot saxlayan üzvi birləşmələrin,
üçüzvlü heterotsiklilərin-oksiran, tiranların
beşüzvlü 1,3 -
diheterotsikloalkanların sintezi və onların sürtgü
yağlarına və yanacaqlara aşqar, korreziyaya qarşı
inhibitor xassələrinin öyrənilməsinə həsr
edilmişdir. O, 1,3 - oksazolidinlər, 1,3 - tiozolidinlər, 2,5 -
dialkilbenzilmerkaptanların sintez üsullarının işləyib
hazırlamış, onların nukleofil və elektrofil reagentlərlə
qarşılıqlı reaksiyalarını sistemli şəkildə
tədqiq etmiş və alınmış birləşmələrin
quruluşu ilə onların yeyilmə, siyrilmə, antioksidləşdirici
və bioloji fəallığı arasında olan
qanunauyğunluqları öyrənmişdir.
Professor
Əli Əliyev “Ümumi və qeyri-üzvi kimya” (1987),
“Ümumi kimya praktikumu” (1988), “Ümumi və qeyri-üzvi kimya
praktikumu” (1989), “Ümumi kimya” (2005), “Qeyri-üzvi kimya” (2007),
“Kimya praktikumu” (2009), “Üzvi və polimerlər kimyası”
(2010) və “Kimya” (2013) dərsliklərinin
müəllifidir.
Professor Ə.Əliyevin elmi-pedaqoji fəaliyyəti 180
elmi əsərdə, 13 müəlliflik şəhadətnaməsində
və 3 patentdə öz əksini tapmışdır. Kimyanın 7
bölməsi üzrə fənn proqramlarının müəllifidir.
Onun rəhbərliyi ilə 6 elmlər namizədi
hazırlanmışdır. Təhsil
Nazirliyinin fəxri fərmanlarına layiq
görülmüş, 2006-cı ildə Azərbaycan
Respublikasının “Tərəqqi medalı” ilə təltif
edilmiş və 2011-ci ildə Azərbaycan
Respublikasının “Qabaqcıl təhsil işçisi”
adını almışdır.
Professor
Ə.Əliyev 1985-ci və 1989-cü illərdə Rusiya
Federasiyasının Kazan şəhərində - texniki ali məktəblərin kimya kafedrası
müdirlərinin seminar müşavirəsinin
iştirakçısı olmuş, bir sıra beynəlxalq
konfranslarda məruzələrlə çıxış
etmişdir.
Bu da professor Əli Əliyevin həyatında və fəaliyyətində
mühüm rol oynamışdır. Əli müəllim mərd-mərdanə,
sözü üzə deyən, arxada kiminsə haqqında
danışmayan köhnə kişilərin xarakterini
özündə saxlayan kişilərdəndir. Xeyirxahdır, ömrü boyu onun
düşündürən məhz mərhəmətli olmaq,
kiməsə dar günündə arxa olmaq, əl tutmaqdır.
Uzaq yerlərdən gətirdiyi laboratoriya
avadanlığını və kimyaya dair elmi kitabları tələbələrin,
aspirantların istifadəsinə vermişdir. İndi
Əli Əliyev Azərbaycan Memarlıq və İnşaat
Universitetində kimya kafedrasının müdiridir, əsas
ağırlıq yenə də onun çiynindədir. Açıq dərslər keçirmək, dərs
müşahidələrini elmi-metodik cəhətdən təhlil
edib, düzgün qiymətləndirmək, gənc alimlərə
pedaqoji işi - tələbələrlə rəftarı
öyrətmək daim onun diqqət mərkəzindədir.
Deyərdim ki, Əli Binnət oğlu Allah
adamıdır. Kimsənin paxıllığını
çəkməz, böyüklə böyük, kiçiklə
kiçikdir, heç zaman özünə rəva bilmədiyini
başqalarına rəva bilməyib.
Haşiyə:
Deyirlər, Makedoniyalı İsgəndərə xəbər
verirlər ki, bəs yeraltı dünyada “Dirilik suyu” deyilən bir bulaq var, əgər o
sudan bir dolça içə bilsən, ölümsüz bir
həyat yaşayacaqsan. Makendoniyalı İsgəndər
dünyanı dolaşır ancaq “Dirilik suyu” deyilən
bulağı tapa bilmir. Bir dəfə
qoşunu düşərgə qurub dincəlir, İsgəndər
isə öz çadırında düşünür ki, bəlkə
onun saysız-hesabsız qoşunundan qorxurlar, ona görə o
şəfalı suyun qapılarını üzünə
bağlayırlar? O zaman İsgəndər özü ilə
silah götürmədən gözətçinin diqqətindən
yayınıb təkbaşına aradan çıxır. Yolda qarşısına bir mağara
çıxır, İsgəndər çox sevinir.
Fikirləşir ki, yəqin bu yol onu “Dirilik suyu”na
çatdıracaq. Odur ki, inamla irəliləyir.
Ancaq mağara çox qaranlıq olduğundan
heç nə görmək mümkün deyildi. Birdən nə isə İsgəndərin
ayağına ilişir. O, həmin şeyi
götürüb baxır ki, bir dolçadır, özü də
qızıldan düzəldilib. Dolçanı
atmır və yenə irəliləyir. Qarşıda
bir işıq görür və su səsi eşidir.
Baxır ki, bu, qayanın ortasından gurhagurla axan ağ köpüklü bir bulaqdır.
Bulağın yaxınlığında isə
cır-cındırın içində qoca bir kişi
vardı. İsgəndər dolçanı su ilə
doldurub içmək istəyəndə fikirləşir ki, bəlkə
bu dolçanı düşmənləri zəhərləyib
yola atıblar ki, onu zəhərləsinlər. Ona görə də dolçanı su ilə doldurub
əvvəlcə qoca kişiyə verir ki, əgər o
ölməsə, sonra özü içər. Qoca su ilə dolu dolçanı başına çəkəndə
əynindəki cır-cındır paltarlar yerə
tökülür, ətə-cana gəlir, cəngavər
görkəmli bir cavana çevrilir. Bu mənzərəni
görən İsgəndər dolçanı onun əlindən
alıb suya yaxınlaşanda bulaq qəflətən quruyur.
Bir damcı da olsun ətrafda su qalmır. İsgəndər başına vurub oturur, səhvini
başa düşür. Uca göylərdən bir səda
gəlir ki: “İsgəndər, özünə rəva bilmədiyini
başqasına rəva bilmə”.
Həmişə
gözü-könlü tox olan Əli Binnət oğlu da
yoldaşlarına qarşı həssasdır,
iş yerini o həmişə “ocaq” hesab edib, ən gərgin məqamlarda
da heç kimin könlünü qırmayıb.
Əli
Binnət oğlu təmtəraqlı həyat yaşamayıb,
ipək yorğan-döşəkdə yatmayıb, bəzi
iş yoldaşları kimi həftədə kostyum dəyişməyib.
Amma bu kişi Allahın xoş
günündə yarandığı üçün xoşbəxt
olub. Onun xoşbəxtliyinin açarı isə
halal zəhmətidir. Hər nə əldə
edibsə, bir tərəfdən Allahın köməyi olubsa,
digər tərəf də öz əməyinin nəticəsində
olub. Necə ki, səndən hərəkət,
mədən bərəkət deyiblər.
Mən
demirəm Əli Binnət oğlunun var-dövləti belədir,
elədir, amma onu da bilirəm ki, bu böyük insanda tükənməyən
həyat eşqi var, yorulmaq bilmədiyi məqsədyönlü
işi var. Nə qədər ki, canı sağdı, bu zəhmət
bitib-tükənməyən var-dövlətini ondan əsirgəməyəcək…
Əli Əliyev valideynlərinin razılığı
Əliş müəllimin qızıilə ailə qurub. O Əliş müəllim
ki, vaxtilə onun peşə seçimi istiqamətini
riyaziyyatdan kimyaya yönəldən, xeyirdə, şərdə
məclislərin başında əyləşən
Əliş müəllimin. Ruhu şad olsun belə
xeyirxah kişilərin.
Qeyd etdiyim kimi, Əli Əliyev elmlər doktoru, professor,
kafedra müdiridir. Azərbaycanda tanınan kimyaçı
alimlərdən biridir. İki oğlu, bir qızı və
səkkiz nəvəsi var. Qızı İradə xanım ali təhsilli rus dili müəllimidir, filologiya
elmləri namizədidir, ailəsi ilə birgə Almaniyada
yaşayır, rus dilindən xarici dil kimi dərs keçir.
Əli Əliyev bu gün ömrünün ən mənalı,
məhsuldar və müdrik dövrünə qədəm
qoyub.
Əli
müəllim ömür-gün yoldaşı Həqiqət
xanımı bir neçə il öncə
itirib. Bu itki, sadəcə, dünyaya övlad gətirib
böyüdən bir ana itkisi deyildi. Həqiqət
xanım Əli müəllimin sözün əsl mənasında
arxa-dayağı idi. O, bir dəfə də olsun Əli
müəllimi çətin vəziyyətdə
qoymamış, namuslu, dəyanətli, sədaqətli və
dözümlü bir alimin ömür-gün yoldaşı
olması ilə fəxr edirdi. Bu gün Əli
müəllim itirdikdlərini nəvələrində
tapır, onlarla gəzməyə çıxır, birini
uşaq bağçasına, birini məktəbə
aparır, digərinə isə baba məktubu yazır.
Övladları Faiq, Namiq və İradə atalarına əsl
övlad qayğısı göstərir, onu darıxmağa
qoymurlar.
Əli müəllim harada olubsa dədə-babadan qalma
xeyirxahlığını əsirgəməyib, arxasıza
havadar çıxmağı, imkansızlara, qaçqın və
məcburi köçkün düşmüş tələbələrə,
aspirantlara yardım etməyi, onlara kömək əlini
uzatmağı unutmayıb.
Bu məqamda yadıma imam Əli (ə.s) ilə
bağlı çox bir söhbət düşdü. Deyirlər, ərəb
ölkələrindən birində bir ərəb öz ailəsini
dolandırmaq alverlə məşğul olmağa
başlayır. O, hər ay bir nəfərdən 300
tümən alıb, gələn ayın bugünkü
günü qaytaracağına söz verir. Bu yolla düz on il ailəsini dolandırır. Ancaq
bir gün baxır ki, aldığı borcu verdiyi vəddə
qaytara bilməyəcək. Neçə
adama ağız açırsa, daha ona pul verən olmur. Ona deyirlər ki, getsin xəlifə Əlinin (ə.s)
yanına, düşdüyü vəziyyəti bildirsin, bəlkə
o kömək edə. Əlacsız qalan ərəb
xəlifənin qəbuluna gedir. Onu xəlifənin
yanına aparırlar. O, vəziyyəti olduğu kimi xəlifəyə
danışır. Xəlifə isə deyir:
- Sənin
işin məni heyran etdi, zarafat deyil - 10 il
belə alış-verişlə məşğul olasan.
Özün də bir dəfə də olsun səhvə yol
verməyəsən! Mən sənə borc pul verərəm,
ancaq şərtim var!
- Buyurun,
nə şərtiniz var?
- Sənə
üç sual verəcəyəm, baxıram ki, çox bilikli,
düşüncəli ərəbsən, bu sualların hər
biri 100 tüməndir, cavab versən, pulunu alacaqsan.
- Nə
danışırsan, qibleyi aləm, mən kiməm ki,
imamın suallarına cavab verim?
- Yox-yox,
mən inanıram ki, cavab verəcəkıən və
hallalıqla pul alacaqsan!
- Daha bir
sözüm yoxdur, qibleyi aləm, buyurun, Allah köməyiniz
olsun!
- Birinci
sualım belədir - de görüm, bu dünyada ən
yaxşı şey nədir?
Ərəb
bir ora baxır, bir bura baxır, ehmalca dillənir:
- Qibleyi
aləm, məncə, ən yaxşı şey var-dövlətdir.
-
Düzdür, ərəb, düzdür, var-dövlət nəyi
ilə yaxşıdır?
- Qibleyi
aləm var-dövlət səxavəti ilə
yaxşıdır.
-
Düzdür, ərəbim, düzdür - bax bu da sənin
yüz tümənin, - deyə Əli (ə.s) 100 tümən
də döşəyin altından çıxarıb
yastığın altına qoyur.
- İndi isə ikinci sualıma cavab ver - de,
görüm, bu dünyada ən qiymətli şey nədir?
- Qibleyi
aləm, mən az oxumuş adamam, amma mənim
fikrimcə, bu dünyada ən qiymətli şey elmdir.
- Bəs
elm nəyi ilə qiymətlidir?
- Elm fəhmi,
ustalığı ilə qiymətlidir.
- Afərin,
afərin, mənim ərəbim, bu da sənin ikinci yüz
tümənin. İndi də axırıncı
sualımı verirəm - de, görüm, bu dünyada ən
rahat həyat haradadır?
- Qibleyi
aləm, mənim ağlımca, ən rahat həyat bu
dünyada yalnız kasıblıqdadır.
- Bəs
bu rahatlıq nəyi ilə qiymətlidir?
- Qibleyi
aləm, kasıblıqla rahatlıq səbrlə qiymətlidir.
- Bəh-bəh,
daha bundan yaxşı nə ola bilər, bu
da sənin cavabının 100 tüməni. Bəs
deyirdin cavab verə bilməyəcəksən? - deyə imam Əli (ə.s) ayağa qalxıb ərəbi
yanına çağırır. Yastığın
altından 300 tüməni götürüb ona verir:
- Al bu 300
tüməni ver borcuna, yavaş-yavaş qazanıb atarsan xəzinəyə,
çünki xəzinənin puludur, 4 ay müddətində
verirsən.
Sonra isə
imam Əli (ə.s) öz bağlamasından 300 tümən
sayıb verir ərəbə:
- Bax, bu
300 tümənsə mənim öz pulumdur, xoşuma gəldin,
bunu sənə hədiyyə edirəm ki, borcdan-xərcdən
qurtarasan.
Ərəb bir addım da irəli gəli xəlifənin əlindən öpür və hönkürür. Kənardakılar ərəbi qınayır:
- Daha ağlamaq nə üçün, sən ki dediyindən də artıq pul aldın. Bəs niyə ağlayırsan?
Ərəb hönkürə-hönkürə cavab verir:
- Ulu Tanrı İmama yüz il ömür versin ki, mənim kimi insanlar gələndə əli boş qayıtmasınlar.
Əl tutmaq Əlidən qalıb kəlamı indi də yaşayır.
Qoy, Ulu Tanrı Əli müəllimə neçə-neçə onillik ömür payı versin ki, darda olanlara indiki kimi əl tuta bilsin.
Xanış Məmmədov
Təzadlar.-2014.-
23 yanvar.- S.13.