Ağalar Bayramov 60?

 

 

 

Təəccüblənməyin, doğurdan da respublikanın əməkdar artisti, bədii qiraət ustası Ağalar Bayramovun bu günlərdə 60 yaşı tamam oldu

 

 

Altmışını verib yelə,

Ruhdan düşməyibdir hələ,

Altdan-altdan bir gözələ...

 

Yox, göz vurmadı, şeir dedi Ağalar bəy. Təkcə gözələ məhəbbət şeirləri demədi,  həm də  Vətənə həsr olunmuş vətənpərvərlik şeirləri ilə xalqımıza bir təsəlli oldu Ağalar Bayramov. 20 ilə yaxındır ki, tanıyıram, dostluq edirəm. Ancaq 20 il bundan əvvəl necə görmüşəmsə, eləcə də qalıb. İnanmaq olmur ki, bu ecazkar səsin sahibi, milyonlarla insanı sehirli səsi ilə ovsunlayıb özünə bənd edən Ağalar Bayramovun 60 yaşı tamam olur. Respublikanın əməkdar artisti, əvəzsiz bədii qiraət ustası, söylədiyi vətənpərvər şeirləri kimi xalqına, dövlətinə, vətəninə qanı, canı ilə bağlı olan Ağalar Bayramov 60 yaşında da gəncdir, enerjilidir. Bundan sonra hələ ən azı bir 40 il də səni  beləcə gənc, enerjili görmək, xalqın içindən gələn ağrı-acıları əks etdirən şeirləri söyləməyini istəyirik, Ağalar bəy!

Ucar rayonunda düynaya gəlsə də, artıq nəin ki ucarlıların, bütün regionların, hətta o taylı, bu taylı bütöv  Azərbaycanın sevimlisinə çevrilmiş A.Bayramov Azərbaycanın elə bir tanınmış şairi yoxdur ki, onun şeirlərini özünəməxsus şəkildə ifa eləməsin. Bu günlərdə anadan olmasının 80 illiyini qeyd etdiyimiz böyük söz ustadı, xalq şairi Məmməd Arazın şeirləri isə A.Bayramovun ifasında tamam başqa tərzdə ifa olunaraq, adamın qəlbinə hakim kəsilir. Şairin şeirlərini Ağalar bəy elə ifa edir ki, sanki o şeirləri Məmməd Araz yox, elə Ağalar Bayramov özü yazıb və xalqın ağrı-acılarını öz dünyasının problemləri, dərdləri kimi söyləyir. Çünki xalqını, torpağını, vətənini dəli bir məhəbbətlə sevən Ağalar bəy söylədiyi şeirin hər sətri ilə birgə yaşayır. Şairin ovqatından asılı olaraq, hansı sətirdə, hansı bənddə nə söyləmək və hansı tonda demək istədiyi mənanı, çaları, fikri özünün səs tembirinə uyğunlaşdıraraq, gah zildən, gah bəmdən, gah da pıçıltı ilə söyləyə bilir. Ya da ki, bəzən şairin həzin duyğularını Ağalar bəy  özünün titrəyişli, yanıqlı səsi ilə tamaşaçılara elə incəliklə çatdırır ki, insan özünü o anda tamam unudub həmin səsin, həmin şeirin sehrinə düşürözünü qeyri-adi bir aləmdə hiss edir.  Elə bu istedad və bacarıq Ağalar Bayramovu çoxmilyonlu tamaşaçı auditoriyasına sevdirə bilib. Mən inanıram ki, Ağalar Bayramov Allahın ona bəxş etdyi ömrü elə indi gördüyümüz görkəmdə, indiki tempdə, indiki şuxluqda tamamlayacaq. Nəyə görə belə düşünürəm?

Təxminən 10 il bundan əvvəl Azərbaycanın xalq şairi, hamımızın “əmi” dediyimiz  Söhrab Tahirlə keçirilən bir görüşdə A.Bayramovla birgə iştirak edirdik. Həmin tədbirdə Söhrab Tahirə belə bir sual verdilər: “Yaşınızdan xeyli cavan görünməyinizin sirri nədir?” Söhrab müəlim belə cavab verdi: “Mən heç vaxt paxıl olmamışam. Paxıllıq insanı içəridən didib, dağıdır”. Bu fikirləri heç tərəddüd etmədən Ağalar Bayramova da şamil edirik.  Ona görə də paxıl olmadığından, yəni  heç kəsə heç vaxt heç nəyi əsirgəmədən etdiyi yaxşılıqlar onu həmişə belə cavan saxlayacaq. Bu sənətkar üçün iqtidar, müxalifət anlayışı yoxdur. Kim dəvət eləsə, onun xeyir işində böyük məmnuniyyətlə iştirak edir və söylədiyi həm məhəbbət, həm də vətənpərvərlik şeirləri ilə məclis iştirakçılarının qəlbini ovsunlayır. Bu, bir daha göstərir ki, Ağalar Bayramov üçün bölünmüş yox, bütöv Azərbaycan var.

Heç təsadüfü deyil ki, ustad şairimiz Məmməd Arazın ömür gün yoldaşı Gülxanım Fətəliqızı yazdığı  “Ömürdən yarpaqlar” kitabında Ağalar Bayramovun Məmməd Arazla birliyinə, onun vətənpərvərlik şeirlərinin ustalıqla söyləməsinə geniş yer verib. Hamımıza bəllidir ki, Məmməd Arazın çoxsaylı şeirlərinin ilk ifaçısı məhz Ağalar Bayramov olub. O cümlədən Söhrab Tahirin, Nəriman Həsənzadənin, Musa Yaqubun, Ramiz Rövşənin, uşaq şeirlərinin müəllifi, gözəl şairimiz Simax Şeydanın və digər şairlərimizin şeirləri məhz Ağalar Bayramovun ifasında həyata vəsiqə alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə danışığı” kafedrasının dosenti, 29 ildir bu kafedrada müəllim işləyən Ağalar Bayramov yuxarıda qeyd etdiyimiz kimi, paxıl olmadığından yeni-yeni gənc nəslin bu sənətə gəlməsində böyüyk rol oynayıb. Gənclər arasında bədii qiraətə maraq oyadaraq, bu sənəti onlara sevdirməklə Azərbaycan teatr və ədəbiyyatına böyük töfhələr verir. İnanırıq ki, bu istedadlı səsin sahibi, respublikanın əməkdar artisti, bədii qiraət ustası Ağalar Bayramov tezliklə daha böyük adlara, mükafatlara layiq görüləcək.

60 yaşın mübarək, ey gözəl sənətkar! Biz səni həmişə beləcə şux səsli, şux qamətli və vətənpərvər, insanı içindən oynadan şeirlərinlə öz aramızda görmək istəyirik. Allah bu istedadı sənə çox görməsin, Ağalar bəy!

 

 

 

Elçin MƏMMƏDLİ

Təzadlar.- 2014.- 23 yanvar.- S.11.