Məmməd Arazlı günlərin kitabəsi: “Ömürdən yarpaqlar”

 

Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...

 “Təzadlar”ın ötən sayında xəbər verdiyimiz kimi, bu günlərdə ustad Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəliqızının şairin həyatı ilə bağlı xatirələrindən bəhs edən “Ömürdən yarpaqlar” kitabını nəşr etdirib. Gülxanım Fətəli qızının Məmməd Araz ömründən bəhs edən “Ömürdən yarpaqlar” kitabının dərsini davam etdiririk:

(Əvvəli ötən saylarda)

3 sentaybr - Məmməd Araz, işdə yanına gəlib gedən olubmu?

- Bəli, bir ağbaş kişi idi, adını bilmədim. Salamdan sonra aşağıdakı sözləri döşədi qabırğama ki, mən də şeir yazırdım, gördüm ki, xalqıma xəyanət edirəm, daha qələmimi sındırdım, şeir yazmadım. Siz niyə Əliğa Kürçaylını unutmusunuz Məmməd müəllim? Əliğa Kürçaylı sizi böyük şair adlandırmışdı, “Narbənd ağacı” şeirində. Sizin böyük şair olduğunuzu xalq da təsdiq edib. Səməd Vurğun haqqında poema yazmışdım. Apardım Yusif Səmədoğlunun yanına. Soruşdum ki, Səmədin oğlusan, yoxsa Yusif Səmədoğlusan?

- Hər ikisiyəm, - dedi.

- Sənə poemamı oxumaq istəyirəm, xahiş edirəm qulaq as.  Səni dinləməyə vaxtım yoxdur,  cavabını verdi mənə, cənublu qardaşına.

 Kişi bu sözləri deyib çıxıb getdi.

Məmməd Əli Vəliyev haqqında danışmağa başladı:

- Əli müəllim məndən bir neçə dəfə küsmüşdü, bilirsən. Süleyman Rüstəm “Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru idi. Xəlil mənə dedi ki, gedək Süleymana şeirlərimizi oxuyaq. Getdik, yerində olmadığına görə Süleymanı gözlədik. Süleyman gəlib katibin otağına keçdi. Xəlillə içəri girdik. İçəridə Əli Vəliyev və Zeynal Xəlil də vardı. Xəlil Süleymana dedi ki, şeir oxumağa gəlmişik. Mən “Manilus Qlezus” şeirimi oxudum. Zeynal Xəlil dedi:

- Məmməd, bu fəlsəfən səni Bəxtiyarın yoluna aparır. Başqa bir neçə söz də söylədi.

Süleyman isə şeirin çapına söz verdi.

Səhər İttifaqa getdim, mən yuxarı qalxanda Əli müəllim aşağı düşürdü. Salam verdim:

- Sənin salamın mənə lazım deyil, - dedi, - Məşədi İbrahimin nəslindən xəbərçi çıxmayıb, sən o nəsildən deyilsən, get, bir də ittifaqa gəlmə.

Mən bu sözlərdən pərt oldum:

- Nə olub, Əli müəllim, mənim günahım nədir? Cavab vermədi.

Mehdi Hüseyn də yuxarı qalxırdı. Mənim yaman pərt olduğumu görüb Əli Vəliyevə dedi:

- Əli müəllim, hər şey cəhənnəmə, Məmməd yaxşı şairdir, xətrinə dəyməyin. Sonra məni öz otağına apardı. Mehdi o vaxt məsul katib idi. Sonra məsələnin böyüdüyünü görən Xəlil demişdi ki, Zeynal Xəlilin dediyi sözləri Bəxtiyara o çatdırıb. Bir neçə gün keçəndən sonra Əli müəllimlə yenə rastlaşdım. Mən salam verməmiş soruşdu:

- Nə təhərsən, bağışla, bilirdim ki, Məşədi İbrahim törəməsi xəbərçi olmaz.

Bir də yadındamı Məsud Əlioğlu bizi qonaq çağırmışdı. Orada Mirzə İbrahimov, Əli Vəliyev, Mehdi Hüseyn, Kamal Talıbzadə, İsmayıl Şıxlı vardı. Yadımdadır, Kamal Talıbzadə badə qaldırıb dedi:

- Bilirsiniz, ağsaqqallar, siz özünüzdən sonra gözəl bir nəsil qoyub gedirsiniz. İçək başda İsmayıl Şıxlı olmaqla yeni nəslin sağlığına!

 

 

Mehdi onda yerindən qalxdı, acıqlandı:

- Hara gedirik, ə? - dedi.

 

Məclisdə bir az qan qaralığı oldu.  Kamal Talıbzadə məsələni bir az yumşaltmaq məqsədilə əlavə etdi,  yəni deyirəm, insan gedərgidir.

O biri həftənin üçüncü günü İsrafil Nəzərov mətbuat komitəsinin kollegiyasını keçirirdi. Hökümət telefonu səsləndi, İsrafil dəstəyi götürdü, bir neçə saniyə pauzadan sonra dilləndi:

- Başınız sağ olsun, Mehdi Hüseyn keçindi. Bu, Məsud Əlioğlunun evində olan söhbətdən dörd gün sonra oldu.

5 sentyabr - Məmməd, axı Əli Vəliyev səndən bir neçə dəfə küsmüşdü?

- Rusların Çexoslavakiyanı işğal edib əhalisini qırmaqlarını biz cavanlar müzakirə edir və rusların bu hərəkətini pisləyirdik. Bu danışıqlarımız bizim qoca kommunistlərə xoş gəlmirdi. Əli müəllim məni görəndə dedi:

 

- Eşitmişəm qəhrəman olmaq istəyirsən, rusları pisləyirsən?

- Düz pisləyirik, rusların orada nə işi var?

Əli Vəliyev heç nə deməyib, çıxıb getdi. Sonralar Əli müəllimdən soruşdum:

 

- Əli müəllim, deyəsən, kommunizmdən bir şey çıxmadı?

- Düz deyirsən, bir şey çıxmadı - cavabını verdi Əli müəllim.

7 sentyabr - Ermənilərin  baş qaldırdığı vaxt idi. Sabir Rüstəmxanlı ilə Nüsrət Kəsəmənli dost idilər. Harda erməni var Sabirlə Nüsrət dava salıb onları döyürdülər. Bir dəfə də,  vaxtı dəqiq yadımda deyil,  Sabir mənə dedi:

- Əmi, gedək dəniz vağzalının yanındakı restoranda çörək yeyək. Sabir bilirdi ki, orada ermənilər işləyir, çalğıçılar da ermənidir. Mən, Söhrab, Nüsrət və Sabir getdik ora. Çörək yeyib hesablaşandan sonra uşaqlar qəsdən dava saldılar. Ermənilər dedilər ki, çıxaq çölə vuruşaq.

Mənə  göstəriş verdilər ki, əmi, sən kənar  dur, qarışma. Söhrab da onlara qoşuldu. Ermənilər qaçdılar, çörək yeyən ermənilər də öz hesablarını götürdü, yavaşca hamı əkildi. Biz də ermənilərdən öz “hayıfımızı” belə çıxırdıq. Xalq yavaş-yavaş qəflət yuxusundan ayılırdı. 1989-cu ilin soyuq günlərindən biri idi. Deyəsən, noyabr ayı idi. Nemət Pənahov zəng etdi ki, səninlə görüşüb söhbət etmək istəyirəm. Görüşü növbəti həftəyə təyin etdik. Evimizin aşağısında, Tofiq Bayramın evi olan yerdə görüşdük. Bir az söhbət etdikdən sonra məni Səttərxan adına zavoda görüşə çağırdı.

Görüş başlanana qədər Nemət təzədən məni söhbətə tutdu:

- Xalq cəbhəsi təşkil etmək istəyirik, siz də xalq cəbhəsinin sədri olun. Onda bir cavab vermədim. Sonra məni kabinetə apardılar. İçəridə Xəlil Rza, Ağamalı Sadiq, Əbülfəz Elçibəy bir də zavodun direktoru Əyyam müəllim vardı. Söhbət başlanana kimi yenə də məndən xalq hərəkatına başçılıq etməyi xahiş etdilər. Elçibəyi göstərib dedim ki, xalq hərəkatına bu kişi rəhbərlik etsə yaxşıdır. Nemət də Əbülfəz də bir ağızdan dedilər ki, biz sənin şeirlərini oxuyandan sonra meydana atılmışıq, azadlığın yolunu şeirlərinlə bizə göstərmisən, sən də rəhbər olmalısan.

Cavab verdim:

- Vallah, fiziki cəhətdən mənim qüvvəm çatmaz, görürsünüz, necə xəstəyəm, amma mənəvi kömək etməyə hazıram.

Görüş başlandı. Ağamalı da, Xəlil də, Nemət də, Əbülfəz də haqqımda danışdılar özü də çox yaxşı danışdılar. Beləliklə, başçılıq məsələsində məndən əl çəkdilər.

Sənə deyim ki, xalq hərəkatı çoxdan başlamışdı. Bir dəfə naxçıvanlı Benyamin yanıma gəlmişdi. 80-cı illər idi. Söylədi ki, təşkilat yaratmışıq, əhalini dövlətdən narazı salmaq məqsədi ilə təxribatla məşğuluq. Sən də bizim təşkilata üzv ol.

- Mən belə işlərə qoşula bilmərəm - cavabını verdim.8-10 sentyabr - Azad Nəbiyevlə kafenin qarşısında təsadüfən görüşdüm. O, universitetdə folklor şöbəsinə rəhbərlik edir. Azad gileyləndi ki, Məmməd müəllim, “Məmməd Araz və folklor” mövzusunda dissertasiya verməyə savadlı bir adam tapa bilmirəm.

- Bir dəfə Tofiq Bayramla Şahbuza gedəndə bizi şərab zavoduna apardılar. O vaxt  zavodun direktoru Əsəd Quliyev idi. Kabinetə girdik. Başının üstündən Leninin böyüdülmüş şəklini asmışdı. Tofiq deyindi:

- Bu nə şəkildi, ə, vurmusan başının üstünə. Heç olmazsa bir möhkəm vuranın şəklini asaydın ordan.

... Çoxdankı söhbətdi, - dedi, - Məmməd:

- Yanımda oturub Azərbaycanı idarə edən adamları müzakirə edirdilər. Yerazdı, yoxsa yeraz motorlu naxçıvanlıdı. Belə söhbətdən acığım gəldi, axı xalqı nə qədər bölmək olar? Dedim ki, mən kanadalıyam, babalarım 5 min il əvvəl Azərbaycana köçüblər, heç azərbaycanlı olmaq da istəmirəm. Bu söhbət nə qədər olar? Bəsdirin...

Haralısan sualını nə vaxta kimi eşidəcəyik? Bu sual, bu əyri addım xalqın taleyində çox bəd rol oynayıb.

“Haralısan” sualını verənlər, heç şübhəsiz “öz məhəlləsindən” olan kütləri, savadsız iş bilməzləri, “başqa məhəllədən” olan istedadların yerində oturtmağa çalışıblar və məqsədlərinə nail də olublar.

“Məndən ötdü, qardaşıma dəydi” şeirimi bu məqsədlə yazmışam.

Çünki sənətin və sənətkarın boynuna burada çox yük düşür. Vətənə münasibətdə, vətəndaş borcunu yerinə yetirməkdə sənət və sənətkar insana yaxın qüvvə olur.

 

 

Bununlamı  neçə dəfə

Ata-oğul, qardaş hissi haçalandı,

Bir şəhərin

Beş qardaşın xanlığına parçalandı?!

O zamanmı bitdi bizim dilimizin

“Haralısan” damarı da...

 

 

 

11 sentyabr - Tehran televiziyası üçün Məmmədi çəkmək istədiklərini bildirdilər və gəldilər. Afaq, Əliəkbər Şərdust, operator Hikmət. Fasilədə Məmməd Şəhriyardan söhbət saldı. Və çəkilişə görə söhbət yarımçıq qaldı.

Axşam mənə dedi ki, sənə etdiyim bu söhbəti Əli müəllimin özü mənə danışıb. O, “Kommunist” qəzetinin redaktoru olanda başına belə bir əhvalat gəlibmiş.

- Mirzə İbrahimovun qudası Həsən Həsənov MK-da işləyirdi. O, mənə deyirdi ki, Ağdamın bölgə müxbirini işdən çıxar. Mən isə onun sözünə baxmırdım. Onda Həsən  Həsənov əlimdən  Bağırova şikayət etdi. Bağırov məni yanına çağırdı, getdim. Həsən  Həsənov da yanında idi. Bağırov soruşdu:

- Bizim MK-nın bu gözəl işçiləri səndən nə istəyir, Muzduroğlu?

- Nə bilim, deyir müxbiri çıxar, mənim qohumumu ora işə götür, mən də sözünə baxmıram.

Bağırov H. Həsənova sən dur get, - dedi. Sonra mənimlə söhbət etdi. Söhbətarası mənə çatdırdı ki, o müxbir eşitdiyimə görə rüşvət alır, bir-iki ay keçəndən sonra işdən çıxart.

M. İbrahimov da mənə belə bir maraqlı əhvalat danışmışdı:

- Vəli Axundovla Moskvaya plenuma getmişdik. Vəli plenumda çıxış etdi və çıxışında Xruşşovu bərk təriflədi. Aşağı düşəndə məndən soruşdu:

- Çıxışım xoşuna gəldimi?

Dedim, Vəli, dövlət rəhbərlərini tərifləyəndə gərək bir az ehtiyatlı olasan. Dediyim sözdən Vəlinin xoşu gəlmədi. Bir az vaxtdan sonra Xruşşovu işdən çıxartdılar. Hiss edirdim ki, Vəli məni görəndə xəcalət çəkir.

12 sentyabr - Mənim bu günki sözlərim sənin efirinə gedəcəkmi? Zarafatla soruşdu Məmməd:

- Nöqtəsinə, vergülünə qədər.

- Mən nəşriyyatda şöbə müdiri işləyəndə Beqdeli Şəhriyara həsr olunmuş nəzirələri çapa gətirdi. Mən etiraz etdim. Bir də gördüm ki, məni İsrafil Nəzərov çağırdı. Beqdeli məni görən kimi, bu cənab məni çap olunmağa qoymur,  dedi.

 

 

 

İsrafil məndən soruşdu:

- Nə olub?

Cavab verdim:

 

- Hə, mən cənab deyirəm ki, əvvəl Şəhriyarı çap edək, sonra ona həsr olunmuş şeirləri.

- Düz sözdür, - təsdiqlədi  İsrafil müəllim.

Sonra Beqdeli ilə məsləhətləşib Şəhriyarın farscadan tərcümə olunmuş “Ayın əfsanəsi” kitabını çap etdik. Sonralar Beqdeli məndən üzr istədi ki, düz iş tutmadım. Beqdeli “Heydər babaya salam” poemasını da gətirdi, onu da çap etdik. İrana getməmişdən əvvəl mənimlə görüşmək üçün evimizə gəldi, mənə İrandakı ünvanını və telefonunu verdi. Mənim “Şəhriyar gəlmədi” şeirimi İranda çap etdirdi. Halbuki o burada hələ çap olunmamışdı. Bilirsən ki, Şəhriyar Vaqifin yubileyinə dəvət edilmiş, lakin gəlib çıxmamışdı. Bütün varlığı ilə Azərbaycana bağlı olan Şərqin böyük sənətkarı ustad Şəhriyarın gəlişini illərdən bəri gözləyirdik.

Vaqifin 250 illiyini qeyd etdiyimiz 1967-ci ilin son təntənə günündə “Şəhriyar gəlmədi” şeirim yazılıb:

Baxışlar asıldı təyyarələrdən,

Ümidlər yollara sərili qaldı,

Bu ağır xəbərdən, bu nəs xəbərdən

Güllər, güllüklər dərili qaldı.

Şəhriyar gəlmədi.

Hətta həmin şeiri kitabımdan da çıxartmışdılar.

- Hansı kitabından?

- Yadımda deyil, “Ömür karvanı”, yoxsa “İllərdən biri”. Beqdeli ilə belə dostlaşmışdıq. 

Üz-üzə görüşməsək də qəlbimin hərarəti, ürək döyüntülərim - şerlərim Şəhriyarla məndən tez görüşüb.

Biz bu vaxtacan həm tariximizi, həm də ədəbiyyatımızı bir tərəfli öyrənmişik. Azərbaycan xalqı tanımalıdır, bilməlidir  ki, Şəhriyar da bu torpağın oğludur, özü də nəğməkar oğlu. Şəhriyarın buna haqqı var.

Şəhriyar sağlığında Azərbaycan ədəbiyyatı dərsliklərinə düşmədi. Bu, biz nəslin günahıdır. Üz-üzə görüşməsək də qəlbimin hərarəti, ürək döyüntülərim - şerlərim Şəhriyarla məndən tez görüşüb.  Heç olmasa ölümündən sonra qədrini bilək.

Bir az dərindən fikir versək, iki əsrə qədər imperiya cəlladları quş da keçə bilməyən sərhədlərlə nə qazandılar? Burada uduzan xalq, onun tarixi, mədəniyyəti oldu...

Axşam Afaq telefonla bildirdi: -  Gülxanım müəllimə, çəkilişimiz elə gözəl alınıb ki, müdirimiz mənə çox sağ ol dedi, xüsusən duet gözəl alınıb.

Çox təəssüf ki, indi həmin lent itib.

 

 

 

(Ardı var)

Təzadlar.- 2014.- 23 yanvar.- S.7.