Məmməd Arazlı günlərin kitabəsi:
“Ömürdən yarpaqlar”
Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...
“Təzadlar”ın ötən sayında xəbər verdiyimiz kimi, bu günlərdə ustad Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəliqızının şairin həyatı ilə bağlı xatirələrindən bəhs edən “Ömürdən yarpaqlar” kitabını nəşr etdirib. Gülxanım Fətəli qızının Məmməd Araz ömründən bəhs edən “Ömürdən yarpaqlar” kitabının dərsini davam etdiririk:
(Əvvəli ötən saylarda)
13 sentyabr - Bu gün Məmməd mənə vaxtilə çap olunmamış, ancaq şeirləri şifahi olaraq xalq arasında yayılmış şairlərdən bir neçəsinin adını çəkdi. Onlardan biri Qəmkeşdir. Yadında qalmış misralarından söylədi:
Burda dövran susub, zaman yatıbdı,
Şahdan yuxarıda çoban yatıbdı.
Bu iki misrada qəbiristanlığın təsvirini gör necə verib, torpaq üçün fərqi yoxdur, şah kimdir, çoban kim. Sağlığında şahdan yuxarıda otura bilməyən çoban o biri dünyada şahdan yuxarıda yer tutubdur. Hayıf ki, şeirləri yadımda deyil.
Teymur Bisavad adlı şairdən təkcə bir misra misal çəkdi:
Bu oğraşdan o oğraşa nə deyim?
İzahata ehtiyac yoxdur...
Məzahir Daşqın haqqında az da olsa məlumat verdi:
- Deyildiyinə görə almanlara əsir düşüb, əsirlikdən qaça bilib. Müsəlmanlarla birlikdə qəzet çıxarıbmış. Qəzet guya Sovet hökümətinin əleyhinə imiş. Ona görə də ona xalq düşməni damğasını vurublar. Azərbaycanın bütün aşıqları, xüsusən Gəncə, Qazax, Şəmkir, Göyçə aşıqları onun şeirlərindən oxumasalar, naşı aşıq sayılırdılar.
Tüstüsü göylərə çəkilən mənəm,
Yurdunda bostanlar əkilən mənəm.
- onun misralarıdır.
Məhəmməd
Biriyadan da iki misra yada saldı:
Ya rəb, məni xar edəni, görüm xar olsun,
Sevdiyi, sevdiciyi özgələrə yar olsun...
Sonra əlavə etdi ki, Əli vardı, ha, kəlbəcərli şair Əli, yadına düşdümü? Bu gün onu gördüm, fikirli olduğuma görə onunla çox rəsmi görüşdüm. İndi xəcalət çəkirəm ki, niyə elə etdim.
15 sentyabr - Məmməd Süleyman Rüstəm haqqında həmişə yaxşı danışır:
- Çox səxavətli kişi olub. Yazıçılar İttifaqına daxil olmaq üçün mənə birinci Süleyman Rüstəm, ikinci Əhməd Cəmil zəmanət veriblər. İttifaqa 1958-ci ildə qəbul olunmuşam. Mənə “Uğurlu yol”u Süleyman Rüstəm yazıb. Xətrimi çox istərdi. Dəfələrlə bağına qonaq aparıb. Süleyman Əhməd Cəmil haqqında zarafatla deyərdi:
- Əhməd Cəmil cibində iki ərizə gəzdirir; biri işə girmək, biri isə işdən çıxmaq üçün.
Mən nəşriyyatda şöbə müdiri işləyəndə Əhməd Cəmil də baş redaktor idi. Çox az işlədi. Fəridə Vəzirova M. S. Ordubadinin cildlərini toplayıb nəşriyyata təqdim etmişdi. Səkkiz cildlik idi. Mən şöbə müdiri kimi imza atmaya bilərdim, amma baş redaktor mütləq imza atmalı idi. Birinci cildi aparıb Əhməd Cəmilin qabağına qoydum. Soruşdu:
- Məmməd, bu nədir?
- Ordubadinin şeirləri toplanıb, Fəridə Vəzirova tərtib edib.
- Məmməd, bura o vaxt yaşayan şairlərin şeirləri də düşə bilər və ya şeirlər tam ola bilməz.
- Nə olar Əhməd müəllim, çap edərik, bizi tənqid edərlər, səhvimizi düzəldərik
Əhməd müəllim əlyazmalarını oxumaq üçün evə apardı. Evdə də oxuya bilməyib geri qaytardı ki, gələn-gedən çox olub. Beləliklə, çapa imza etmədi, az müddət keçəndən sonra işdən çıxdı, məsuliyyət altına girmək istəmədi.
Səməd Vurğun Yazıçılar İttifaqının sədri olanda Əhməd Cəmil məsul katib olub. Deyərdi ki, Səməd məsuliyyət nə olduğunu bilməzdi, həftələrlə ovda olardı. Onun yerinə məni danlardılar, ona görə işdən çıxdım.
17 sentyabr - İsgəndər Coşqunla əlaqədar məzəli bir əhvalat danışdı:
- Moskvada oxuduğu vaxtlarda İsgəndər bir qıza vurulur. Dostları - Rüfət Zəbioğluna, Salam Qədirzadəyə və İbrahim Kəbirliyə əhvalatı bildirir. Deyir ki, bir ağsaqqal tapıb qıza elçi gedin. İbrahim Kəbirli cavab verir ki, ağsaqqal mən özüməm, hər işi həll edəcəyəm. Üçü də elçi gedir və özləri ilə bərabər bir yeşik araq da aparırlar. İsgəndər isə küçədə gözləyir. Qızın atası araq yeşiyini görüb bunları çox yaxşı qarşılayır. Yeyib-içirlər, hamı keflənir. Gələnlər nə üçün gəldiklərini yaddan çıxarırlar. Qızın atası görür ki, bunlar heç bir söz demirlər, onları qovur və dallarınca da bir söyüş fırladır.
İntizarla küçədə gözləyən İsgəndər soruşur ki, nə dedilər? Yoldaşları cavab verir:
- Sabah yenə gedərik...
İbrahim Kəbirli pul xərcləməyi sevməzdi, tələbələrin də heç vaxt pulları olmazdı. Ancaq İsgəndər İbrahimdən pul qopara bilərdi. İsgəndər İbrahimə dədə deyərdi. Uşaqlar pulları qurtaranda onu İbrahimin yanına göndərər, o da gedib özünü guya ağlayırmış kimi göstərər və deyərdi:
- Dədə, üç gündür acam, çörək yeməmişəm, pulum yoxdur.
Pul qoparıb uşaqların yanına qayıdarmış.
İsgəndər eşidir ki, bir qız ona ürəkdən vurulub. Həmin qızla da evlənir.
İsgəndər oxuyub qurtardıqdan sonra Bakıda ona yarımzirzəmi bir ev verirlər. İbrahim Kəbirlini evinə aparır. Qapıdan içəri keçməmiş İbrahim başlayır ağlamsınmağa ki, ilahi, İsgəndərin də evi olarmış.
18 sentyabr
- Axşam dostumuz
İsa dedi:
- Məmməd
müəllim, yaxşı bir gecə keçirəcəm,
artıq hər şeyi fikrimdə qurmuşam. 150
nəfər ən yaxşı ziyalını
çağıracağam, şeir oxuya bilən
uşaqları da özüm təşkil edəcəyəm,
çox gözəl bir gecə olacaq. Oktyabrın
12-də keçiriləcək, sənin
razılığını almağa gəldim.
Məmməd
bizə belə bir maraqlı əhvalat danışdı:
- Bu
olmuşları bizə Mirzə İbrahimov danışıb.
Özbəkistandan Azərbaycana görkəmli bir
kompozitor gəlir. Üzeyir yaman zarafatcıl bir adam
imiş. Bülbülə deyir ki, gələn qonaq bir az ağır eşidir, onunla hündürdən
danış. Eyni sözləri Bülbül
haqqında qonağa deyir. Görüş
zamanı Bülbül qonaqla hündürdən
danışır, qonaq da Bülbülə hündürdən
cavab verir. Söhbət zamanı hər ikisi az qala qışqıra-qışqıra
danışırmış. Sonra Bülbül məsələni
başa düşür və bilir ki, bu, Üzeyirin işidir.
Bu məzəli
əhvalatı da bizə Mirzə İbrahimov
danışıb:
Bir
gün komitənin sədri Üzeyirə zəng edir:
-
Üzeyir, burada, -
yanımda iki kompozitor dalaşır, onları sakitləşdirə
bilmirəm
- Nə
üstündə dalaşırlar?
-
Heç nə, biri o birisinə eşşək deyir.
- Əgər iki eşşəyin arpasını bölə
bilmirsənsə, o kresloda niyə oturmusan?
20 sentyabr
- Moskvada yaşayan Nəsib Nəbioğlu yoldaşı və
uşaqları ilə qonağımız oldu:
-
Bakıya gəlib ağsaqqalı görməsəydim
olmazdı, Nikolay Qoroxov da məni danlardı. Yoldaşım
Dürdanə xanım dedi ki, məni Məmməd müəllimin
yanına apar. Ustad,
gəldik sizin görüşünüzə. Nikolay həmişə sizdən danışır.
O, indi “Soyuz sovremennıx pisateley” nəşriyyatında
işləyir. Görək, gələcəkdə işimiz
yaxşı olsa, nəsə edə bilərik.-
Moskvada bizim ziyalılara dəymirlər ki? - soruşdum.
- Yox,
ancaq alver məqsədilə gələn azərbaycanlıları
döyürlər. Allah qoysa, bütün
işlər yaxşı olacaq, ruslar Qafqazdan
çıxacaqlar. Çeçenlər onlara od qoyub. Onların dediyi kimi iki min yox beş min əsgər ölüb. Lebed ağıllı hərəkət edir. Onlar Orta Asiyadan da çıxacaqlar.
Deməli, belə çıxır ki, bizim işimiz
allaha qalıb.
Bizdə də varlıların uşaqları vuruşmur,
kasıblar ölür, torpaqlar gedir...
-
Varlıların vətəni olmur, bacım, - dedi, - Nəsib. Onların pulu var, hər yerdə yaşaya bilər,
aradan çıxarlar. Torpağı
kasıblar qorumalıdır, çünki onlar qaça bilməzlər,
burada yaşamalıdırlar. Ermənilər
bu saat Braziliyaya da üz tutublar.
22 sentyabr
- İsa
günorta bizi xəngələ
qonaq apardı. Eyni zamanda 12 oktyabrda keçiriləcək
görüşün ssenarisini də danışdı.
Məmməd: “İnnən belə o gözlərə
baxmaram”, “Dağlar” mahnılarını da tapsan pis olmaz.
İsa
dedi ki, əgər bu gecə alınsa, fikrim var belə gecələri
Gəncədə, Lənkəranda, Mingəçevirdə də
keçirək. İsi Məlikzadənin ad
gününə yaxşı bir gecə
hazırlayırıq, qəbrini ziyarətə gedəcəyik.
Allah qoysa fikirlərim çoxdur, Məmməd
müəllim.
Axşam
Məmməddən soruşdum:
- Sizləri,
bir çox görkəmli adamları bəziləri kürd
adlandırırlar,
xəbərin var?
- Hə,
bir dəfə Əli Vəliyevdən soruşdum ki, Əli
müəllim, sizi kürd kimi müzakirə edirlər, necə
baxırsan?
- Kim, yəqin
Şamil olar, peyğəmbəri kürd edib, az
qala Allahı da kürd saya. Mən kürd deyiləm.
- Məni
də kürd hesab edirlər.
- Sən Məşədi İbrahimin nəvəsisən,
sən hardan kürd oldun?
25 sentyabr - Moskvadan Şostakoviç haqda veriliş
gedirdi.
- Məmməd,
Qara Qarayevi harada basdırıblar, Bakıda, yoxsa Moskvada?
-
Bakıda, Fəxri xiyabanda.
- O ki Azərbaycanda
yaşamırdı.
- Niyə
elə danışırsan, əsərləri hansı ölkədə
səslənibsə, Azərbaycan adından səslənib. Nə yazıbsa, bu xalqın malıdır, azərbaycanlı
oğludur, razısan mənimlə?
Susdum...
26-27 sentyabr - Xətai rayonunun 257 saylı məktəbində
Məmmədlə görüş keçirildi. Televiziya da dəvət
edilmişdi. Aparıcı xanəndə Səxavətin
oğlu Bəxtiyar adlı bir uşaq idi (müğənni Səxavətin
oğlu). Görüşdə çox adam
vardı.
Polad atası Bülbülə aid veriliş aparırdı. Məmməd əlavə
etdi ki, Bülbülün arvadı Ada xanım çox
qoçaq qadındır, mən nəşriyyatda işləyəndə
Ada xanım Bülbül haqqında xatirələrini çap
etdirdi.
Məmməd
yenə keçmişə qayıtdı:
-Süleyman Rüstəmin yaxşı məzəli
söhbətləri olardı. Ordubadi bərk xəstə imiş. Ordubadinin
qonşusu olan Bülbül xəstənin yanına keçir,
hal-əhval tutur:
- Mirzə,
ölüm-itim dünyasıdır, vəsiyyətin varsa elə
- deyir.
- Yoxdur.
- Onda de
görüm, Mirzə, kommunizmə inanırsanmı?
- Gədə,
ölüm ayağında belə qlauznı suallar vermə.
Süleyman
Rüstəm Ordubadinin deputat seçilməsini də lətifəyə
çevirmişdi:
- Ordubadi
mənə danışmışdı ki, gecə saat ikidə
qapının zəngi çalındı, qapını
açdım, gördüm çekist:
- Geyin,
gedirik...
- 15 dəqiqə
gözləyə bilərsinizmi, - soruşub səssizcə
geri döndüm.
Paltarımı geyindim, yüngül yorğan, alt
paltarımı götürüb vurdum qoltuğuma. Arvada
tapşırdım ki, gəlməsəm yemək gətirərsən.
Düşdüm çekistin ardınca,
maşın dəniz qırağına döndü. Fikirləşdim, aparırlar podvala.
Maşın Aznefti keçəndə ürəyimdə dedim, yəqin
Bayıla aparacaqlar. Maşın oradan da
keçdi, çatdı MK-nın binasına, liftlə
qaldırdılar, ötürdülər bir otağa. Fikrimə gəldi ki, burada başımı kəsəcəklər,
heç kimin xəbəri olmayacaq. Fikirli-fikirli ətrafa
baxanda gördüm Mircəfər Bağırov oturub, məni
oturmağa dəvət etdi:
- Otur,
Mirzə.
-
Yoldaş Bağırov, xeyir ola?
- Səni
təbrik edirik, Mirzə
-
Yoldaş Bağırov, nəyi təbrik edirsən,
ölümümü?
- Yox, Mirzə
səni deputat seçirik.
- Evin
tikilsin, mən öldüm ki, belə deputat seçmək
olar?
Yaşlı
yazıçılarımız bizə
danışırdılar ki, yığıncaqlarda M.
Bağırov bir naziri, MK-nın işçisini tənqid edəndə,
cəzalandırmaq istəyəndə Ordubadi yerindən deyərmiş:
- Güllələnsin,
güllələnsin...
Soruşurduq niyə elə deyirsən, yazıq deyil?
Cavab
verirmiş:
- Mən
Mircəfərin xasiyyətini yaxşı bilirəm, o, həmişə
tərsinə iş görər.
28 sentyabr - “Ədəbiyyat və incəsənət” qəzetində
işlədiyim vaxt idi. Sabir adlı bir oğlan yanıma gəldi
ki, əmi, mədəmdə yara var, evdə xörək
bişirənim yoxdur, evlənmək istəyirəm.
Süleyman Rüstəmi, Məmməd Rahimi götürüb
elçi gedin. Dedim ki, Məmməd Rahimi götürüb gedərəm.
Məsələni Rahimə danışdım,
razılaşdı, getdik. Yaşlı bir
arvad bizi qarşıladı, məsələni açdıq.
Arvad deyindi ki, bəs oğlanın qohumları
hanı? Məmməd Rahim dedi:
-
Bacı, mən xalq şairiyəm, hamını əvəz
edirəm, hər şeyə cavabdehəm.
Razılaşdıq, oğlan evləndi. Heç iki ay keçməmiş ayrıldılar. Sabirə dedim ki, mən daha sənin işinə qarışan deyiləm. Amma Rahim müəllimi də muştuluqladım:
- Rahim müəllim, elçiliyimiz düşmədi, ayrıldılar.
- Mən daha barışığa gedən deyiləm, - cavab verdi Rahim.
(Ardı var)
Təzadlar.- 2014.-
25 yanvar.- S.6.