Məmməd Arazlı günlərin kitabəsi:
“Ömürdən yarpaqlar”
Ustad Məmməd Arazın
ömür-gün yoldaşı Gülxanım Fətəliqızının
bu kitabı çox gizli mətləblərin
açarıdır, bizim kim olduğumuzun
güzgüsüdür...
“Təzadlar”ın ötən sayında xəbər verdiyimiz kimi, bu günlərdə ustad Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəliqızının şairin həyatı ilə bağlı xatirələrindən bəhs edən “Ömürdən yarpaqlar” kitabını nəşr etdirib. Gülxanım Fətəli qızının Məmməd Araz ömründən bəhs edən “Ömürdən yarpaqlar” kitabının dərsini davam etdiririk:
(Əvvəli
ötən saylarda)
29-30 sentyabr - Axşam televizorda “İnam” verilişi
gedirdi. Dəqiq elmlər üzrə üç professor - Məmməd,
Faiq, Tofiq “İnam”ın qonağı idilər. Suallardan
biri belə idi:
-
Hansı şairləri oxuyursunuz?
- Klassikləri,
həm xarici, həm də özümüzünküləri.
Müasir şairlərdən Məmməd Arazı, Musa
Yaqubu...
Faiqin
cavabı isə belə oldu:
-
Puşkini oxuyuram, müasir şairlərdən Məmməd
Arazı, ancaq və ancaq Məmməd Arazı.
Anarın
Milli Məclisdəki çıxışına qulaq
asırdım:
- Mingəçevir
SES-in vəziyyəti təşviş doğurur, əgər bənd
dağılarsa, 18 rayon su altında qalacaq...
Məmməd məzəli bir əhvalat
danışdı:
- Bir dəfə
İsi Məlikzadə ssenari yazıb kinostudiyanın direktoruna
təqdim edir. Direktor da ümumi bir qayda olaraq
üstünü yazıb oxumaq üçün verir baş
redaktor olan Yusf Səmədoğluna. Bir müddət
keçəndən sonra İsi Yusifdən soruşur:
- Yusif, əsərimi
oxudun?
Hər dəfə soruşanda Yusif, “yox” deyib bir bəhanə
gətirir.
Bir neçə ay keçir, yenə də İsinin
sualına Yusifin cavabı belə olur:
- Ay
İsi, onsuz da İkar gəlir, dünya dağılacaq,
neynirsən onu? İndi
sənə də deyim, Mingəçevir gəlir, neyləyirsən
gündəliyi?
2-4 oktyabr
- Mahnı oxuyurlar... “Günəş sönər mən
sönmərəm”
Ağ
mübaliğədir, - dedim. Məmməd əlavə etdi:
-
İbrahim Kəbirli yazmışdı:
- “Lenin
günəşdi, günəş sönər, Lenin sönməz”
Əli Vəliyev
oxuyub deyir:
- Yalan
deyirsən, İbrahim, Lenin sönər, günəş qalar.
Birinci dəfə idi ki, Əli müəllimdən Lenin haqqında
elə söz eşitmişdik.
Xeyir ola görəsən yenə nə olub, belə
küy qalxıb küçədə?
- Yəqin
İlyas Əfəndiyevin dəfni ilə əlaqədardır.
- Səmədin
dəfnini lentə almışdlar. Neçə
dəfə şagirdlərimə nümayiş etdirmişəm.
Amma...
Səməd çox əvəzsiz istedad olub. Başdan
ayağa şeir idi Səməd. Ancaq ruslar
qabağımızı kəsmişdi. Dünyaya,
dünya ədəbiyyatına birbaşa çıxa bilmirdik.
Rus şairləri -
Tvardovski, İsakovski, Pasternak - bunların heç biri
şüara getmədilər, şüar yazmadılar. Buna baxmayaraq Tvardovski ən gözəl Sovet şairi
sayılırdı.
Şeirdə daşı tərifləyib mərmər də
etmək olar, onu o qədər bəzəmək olar ki... sonra
ayılıb görürlər ki, bu, daşdır. İndi
xalqı aldatmaq mümkün deyildir, təbliğatla şairi
sevdirmək olmur, ziyalılar ayıqdırlar, daşı mərmərdən
seçirlər.
Şeirin nəfəsi böyükdür. Qədimdə
İran orduları döyüşə hazırlaşarkən
onlara Firdovsinin “Şahnamə”sindən parçalar
oxunarmış. Bu yüksək poeziyanın ləngərindən
vəcdə gələn hisslər sanki bütün ətraf
mühiti, daşı-qayanı, suyu-torpağı əyninə
geyib öz yurdunun müdafiəsinə qalxan əsgərin
özünü qılınc kimi ovxarlarmış...
Bolşeviklər
bunu bilirdi və
şablon şeirlərə diqqəti artırırdı.
R.Rzanın ən yaxşı şeirləri
Xruşşov dövründə yazıldı, nisbətən
azad nəfəs verildi qələm sahiblərinə.
S.Vurğun “Şair, nə tez qocaldın” kimi əvəzsiz
şeirini Stalin öləndən sonra yazdı.
Bizim nəslimizin nisbətən bəxti gətirdi,
sözü açıq demək mümkün olan dövrə
düşdü. Bayaq dediyim kimi Xruşşov rus şairlərinə
nisbətən azadlıq vermişdi. Bu
dövrdə Rusiyada Yevtuşenko, Bela Axmedulina, Andrey Voznesenki və
bir sıra şairlər yetişdi.
Şerdən
ucalıq umma dünyada,
Çünki
Nizamiylə qurtardı o da...
Və ya
Məndə
sığar iki cahan,
Mən bu
cahana sığmazam...
Ya da
Bənzərəm
bir qocaman dağa ki,
Dəryada
durar...
Və s.
bu kimi “şüarlarını” ədəbiyyatın
üfüqündən asan nəhənglər mühitinə
yeni söz gətirmək çətindir.
Nə yaxşı ki, çətindir. Bu çətinlik
asanlığa gedən yollara ən yaxşı manedir.
Müasir
ədəbiyyata dost-qohum, vəzifə, çəki məyarı
ilə yanaşanda Nizamilər, Sabirlər də uduzur...
Doğulduğun
torpağın üfüqlərindən boylanmaq,
doğulduğun yerin qüruruna söykənib,
doğulmadığın yerlərdə də bu
torpağın şöhrətini
ucaltmaq ancaq böyük
istedadlara məxsusdur...
5 oktyabr - Axşamüstü dostumuz İsa və Rüstəm
Behrudi Məmmədin görüşünə gəldilər. Söhbət əsnasında İsa üzünü
Rüstəmə çevirdi:
- Rüstəm,
bilirik yaxşı şairsən, həm də
böyüklüyün ondadır ki, sən həmişə
özünü Məmməd Arazın şagirdi, onu isə
ustadım adlandırırsan. Cavan olsan da tanınırsan,
şeir aləmində öz yerin var. 41 yaşıma qədər
mən Bakı adlanan bir məkana qeydiyyata götürülməmişəm,
ancaq mən fikirləşmişəm ki, bir Məmməd Araz
dünyası var və həmin dünyada mənim xüsusi
yerim, qeydiyyatım var.
Behrudi
sözə qoşuldu və dahiləri üç qrupa
ayırdı:
Rəzil olublar, sonsuz olublar, kasıb olublar. Məmməd əmi
kasıblar qrupuna daxil olan dahilərdəndir. Nə yaxşı ki, Məmməd Araz var. O, Azərbaycan
şeirində mizan tərəzidir. Məmməd Araz olan
yerdə heç kim deyə bilməz ki, mən
böyük şairəm. Məmmədin
böyüklüyü bir də ondadır ki,
sağlığında Məmməd Araz məktəbi
yaranıb, Məmməd Araz məktəbi var. Məmməd əmi
haqqında “Şeir Allaha oxunan duadır” başlığı
ilə məqalə yazmışam. “Azərbaycan”
qəzetinə verəcəyəm. Mən də
kiçik adam deyiləm...
İsa
dilləndi:
- Bir daha əlavə
edirəm ki, yaxşı şairsən, ancaq Məmməd
Arazın şagirdi olduğun üçün yaxşı
şairsən, Məmməd Araz məktəbinin
davamçısısan.
- Bəli,
mən fəxr edirəm ki, Məmməd Araz məktəbinin şagirdiyəm.
6 oktyabr -
Məmməd, Rüstəm Behrudi Sevaka millətçi deyil, dedi. Axı sən ayrı cür demişdin.
- Sevak o
vaxtın Zori Balayanı idi. Elmi məqalələrlə
çıxış edirdi. Rüstəm
onu tanımadığı üçün elə deyir.
Gör şeirində Sevak nə deyir:
Biz
kiçiyik
Güllənin
ucundakı qurğuşun kimi
kiçiyik.
Biz
kiçiyik,
Palıd
toxumu kimi kiçiyik...
Və
sairə müqayisədən sonra gör necə deyir:
Biz
kiçiyik,
Ətrafımızı yeyib böyüməliyik.
İzahata ehtiyac varmı? Millətçidi,
yoxsa-yox?
Sevak erməni şairlərinin çoxunu bəyənməzdi. Varped, yəni
ustad dedikləri Avateki də bəyənməzdi. Deyirdi, oxumamışam, eşitmişəm ki, sizdə
də “ustadlaşmış” şairlər var. Tərcümə
olunmaq istəmirdi, tərcümədən xoşu gəlmirdi.
Deyirdi:
- Tərcümə
olunanda elə bil məni soyundurublar, çılpaq
qalmışam. Sağlığında şeirləri az çıxmışdı, ya da heç
çıxmamışdı.
7 oktyabr - Mənim Əliağa Vahid haqqında
yaxşı xatirələrim var, qismət olsa yazacağam.
- Bir
yarımçıq yazın əlimə keçib.
Yazmısan: “Mən Əlağa Vahidi görmüşdüm”.
Onu gündəliyimə
köçürmüşəm.
“Bu gün qürurla deyə bilərəm ki, mən
Əlağa Vahidi görmüşdüm, həm də
tanış olmuşdum.
1963-cü
ildə məni Azərbaycan Dövlət nəşriyyatının bədii ədəbiyyat
redaksiyasına müdir təyin etdilər. İşə
girdiyim günün sabahısı şöbənin
sifarişlər qovluğunu götürüb vərəqlərkən Vahidin şikayət ərizəsinə
rast gəldim. Ərizə o zaman Az. MK-nın
birinci katibi işləyən Vəli Axundova
yazılmışdı. Ərizənin məzmunu təxminən
yadımdadı; hətta
bəzi detallarına qədər.
Vahid yazırdı:
“Hörmətli Vəli Axundov yoldaş, mənim
kitablarım anbarlar küncündə qalıb siçanlara
yem olmur. Ancaq məni çap eləmirlər. Bir kitabın çapından ötrü illərlə
nəşriyyatlara ayaq döyürəm. Hamısı
yalan danışır, vəd verir. Kitabın
çıxması haqda göstəriş vermənizi xahiş edirəm”.
Bu məqamda mərhum yazıçı Salam Qədirzadə
redaksiyaya gəldi. Vahidin məktubunu ona oxudum. Məktub
yazılan ünvana çatmamış, adi şikayət ərizəsi
kimi müvafiq şöbədə qeydə alınıb baxılmaq
üçün Mətbuat Komitəsinə göndərilmiş, İskəndərov yoldaş da
baxmaq üçün Azərnəşrə, Azərnəşrin
direktoru da “müəllifə” cavab vermək üçün
dərkənarla şöbəyə göndərmiş və
burada mürgüləmişdi.”
- Yazı
tam deyil, nə üçünsə davam edə bilməmişəm.
Əliağa Vahid Səməd Vurğundan başqa
heç bir şairi qəbul etməzdi. Bir dəfə özü mənə
danışıb:
- Səməd
Vurğunun yanına gedib qəzəlimi oxudum,
axırıncı misranı belə bitirdim:
Vahidəm, xalqımın qəzəl şairi.
Səməd
Vurğun tez əlavə etdi:
Məhəbbət şairi, gözəl şairi.
Sonra
Litfondun müdirini çağırıb göstəriş verdi:
- Vahidə
iki min manat pul ver.
Onda Səməd Vurğun Yazıçılar
İttifaqının sədri idi. Vahid ona maddi yardım
edəni unutmazdı.
Şöbədə
olan işçilərə göstəriş verdim ki, Vahidi
yanıma çağırsınlar. Salam Qədirzadə
də orada idi.
Söz verdi ki, mən
çağıraram, gələr.
İki
gün keçəndən sonra 12 yaşlı oğlu ilə
gəldi:
- Burda Məmməd İbrahim kimdir?
- Mənəm,
Vahid əmi, nə qədər əlyazmaların varsa gətir.
15 çap vərəqi həcmində bir
kitabını çap edək.
- Vallah,
inanmıram.
-
İnan, Vahid əmi, inan, - dedim.
Üç-dörd gün keçəndən sonra Seyfəddin
Dağlı da gəldi. Əliağa ilə qohum idilər. Seyfəddindən xahiş etdim ki, Vahidə kömək
etsin kitabını çap edək. Adil
müəllimlə də razılaşmışdım,
yaxşı olar demişdi. Beləliklə,
64-cü ildə kitabını çap etdik, çox
razılıq etdi.
Mənə həmişə
Mamet deyərdi. Qaqraya istirahətə getməyə
hazırlaşdığım vaxtlar idi. Arada
çıxıb bağdakı kafedə ayaqüstü yemək
yeyərdim. Gördüm ki, Vahid ayaq
üstə dura bilmir. Bufetçidən soruşdum ki,
Vahid nə yeyib pulunu verim:
- 100 qram
konyak - cavabını verdi.
Pulunu verib Vahidə
yaxınlaşdım:
- Vahid əmi,
nə yeyirsən?
- Mamet,
aşağa düşək, hərəmiz bir piti yeyək.
Getdik, nə
içirsən, Vahid əmi - soruşdum.
- Hərəmiz
200 vuraq, - cavabını verdi.
Gətirdilər,
elə bu vaxt uzun əlləri olan bir kişi
bizə yaxınlaşdı. Vahidlə
görüşdülər.
- Bu kişini tanıyırsanmı?
- soruşdu.
- Yox,
cavabını verdim.
- Bu kişi Seyid Şuşinskidir.
İçmək təklif etdim, Seyid içmədi. Söylədim
ki, mən işə qayıtmalıyam, gəl sizi hara
lazımsa aparım.
- Mamet, sən
get, biz Seyidlə burda dəmlənəcəyik.
Mən işə
qayıtdım.
Bir dəfə mən tələbə vaxtı iclas
olmuşdu, belə yerlərdə tələbələr
maraqla iştirak edərdilər. Səməd Vurğunun sağ
vaxtı idi. Zeynal Xəlil iclasda çıxış etdi:
-
Yoldaşlar, Vahid bizim qabağımızı kəsib, bizi
oxumurlar, kitablarımızı almırlar, baxmayaraq ki,
sosializmi təbliğ edən bizik.
S. Vurğun yerindən dilləndi:
- Zeynal, gərək Vahiddən yaxşı yazasan ki, səni oxusunlar.
Zeynal dinmədən tribunadan düşdü.
Mənim də kitablarım çıxmış, Vahid oxumuşdu. Mənə deyərdi:
- Mamet, əşarın yaxşıdır, lap Səməd kimi yazırsan.
Həmişə zarafatla deyərdi, ə, oğraş, deyən gərək, iki arvad almaq sənin harana yaraşır. Taksi şoferləri hara desə idi onu pulsuz aparardılar.
Məmməd, mənim fikrimcə, Süleymanın qəzəlləri Vahidin qəzəllərindən yaxşıdır axı.
- Yox, Vahidin qəzəlləri xanəndələrin oxuduğu musiqiyə yatır. Elə Süleymanın qəzəlləri də yaxşıdır.
(Ardı var)
Təzadlar.- 2014.- 28 yanvar.- S.6.